İki ulduzun fərqli vidası
Messi və Ronaldonun milli komanda karyeraları bir-birindən kəskin fərqlənir. Kriştiano komandasına Portuqaliyanın tarixində əvvəllər olmayan iki böyük titulu qazandırdı. Messi isə böhran vəziyyətində olan Argentina millisini yenidən futbolun zirvəsinə qaytardı.
Messi və Ronaldo artıq milli komandalarında yoxdurlar. Lionel barədə bunu konkret söyləyə bilərik. 7 oktyabrda Beninə qarşı yoldaşlıq oyunu onun üçün Argentina formasında sonuncu idi. Messi 21 il davam edən yığma karyerasını qol və iki məhsuldar ötürmə ilə başa vurdu.
Kriştiano Ronaldo ilə bağlı mənzərə fərqlidir. Ulduz oyunçunun yığma karyerasını bitirməsi ilə bağlı rəsmi açıqlama verilməyib. Bu isə spekulyasiyalara yol açır. Yenidən qayıdacağı ilə bağlı xəbərlər də var, bir daha milli formanı geyinməyəcəyini deyənlər də. Reallıq “körpülərin yandığını” göstərir. Ronaldo Millətlər Liqasında Norveçlə görüşdən sonra yığmanın düşərgəsini tərk edib, illərdir kürəyində daşıdığı 7 nömrə isə Rafael Leaoya verilib.
İlklərə imza atan adam
Ronaldo 2003-cü ildə Portuqaliya millisində debüt edərkən cəmi 18 yaşı var idi. Cəmi bir il sonra isə o, yığmada ilk böyük turnirini keçirdi. Öz ölkəsində təşkil olunan Avropa çempionatında Ronaldo gələcəyin böyük ulduzu olacağının siqnalını vermişdi. Komandası isə finala qədər irəliləsə də, həlledici görüşdə turnirin sürprizi Yunanıstanla bacarmadı.
İlk Avropa çempionatında hələ yeniyetmə görünüşünü tam itirməmiş Ronaldo bundan 12 il sonra komandasını ilk dəfə “köhnə qitə”nin ən güclüsü edəcəkdi. 2016-cı ildə Fransa ilə final oyununa çıxan Portuqaliyanın lideri məhz Kriştiano idi. O, həlledici qarşılaşmanın əvvəlində zədələnərək meydanı tərk etsə də, komandanı kənardan dəstəklədi və Portuqaliya tarixində ilk böyük milli komanda titulunu qazanmasında əsas pay sahiblərindən biri oldu.
Üç il sonra Portuqaliya yeni yaradılmış Millətlər Liqasının ilk qalibi kimi tarixə düşdü. Altı il sonra Ronaldo yenidən həmin kuboku başının üzərinə qaldırdı.
Kriştiano dünya futbolunda milli komandalar üzrə ən çox oyun keçirən və ən çox qol vuran futbolçudur. Millidə 234 görüşdə meydana çıxan forvard 146 dəfə fərqlənməyi bacarıb. Bu, beynəlxalq futbol tarixində mütləq rekorddur və bundan sonra kiminsə ona çatması olduqca çətin görünür. O, həmçinin, altı Avropa çempionatında və altı dünya çempionatında iştirak edən ilk futbolçu kimi tarixə düşüb.
Messinin enişli-yoxuşlu yolu
Messinin Argentina millisində hekayəsi Ronaldo ilə müqayisədə daha dramatikdir. Onun yığmadakı ilk oyunu 2005-ci ildə Macarıstana qarşı baş tutub. Debüt cəmi bir neçə saniyə davam edib. Gənc oyunçu meydana çıxdıqdan az sonra qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Kim deyərdi ki, bu qısa və uğursuz başlanğıc dünyanın ən böyük milli komanda karyeralarından birinin ilk pərdəsidir...
Ümumiyyətlə, Messinin milli karyerası uzun illər yalnız təəssüf dolu anlarla assosiasiya olunur. 2007-ci ildə Amerika Kubokunun finalında onun komandası Braziliyaya uduzdu. 2014-cü il Dünya çempionatının həlledici qarşılaşmasında Messinin qarşısını Almaniya kəsdi. Ardınca Argentina iki dəfə Amerika Kubokunun finalında Çiliyə uduzdu. Səbir kasası daşan Messi 2016-cı ildə milli komandadan getmək qərarını açıqladı. Amma bu ayrılıq uzun çəkmədi və qayıdışından sonra hər şey tam fərqli olmağa başladı.
2021-ci ildə Messi yığmada ilk böyük titulunu qazandı. Əfsanəvi “Marakana” stadionunda keçirilən final oyununda Argentina Braziliyanı məğlub edərək Amerika Kubokunu əldə etdi. Bir il sonra “gümüşülər” İtaliyaya qarşı “Finalissima”da qələbə qazandı.
Messi milli komanda karyerasının zirvəsinə isə Qətərdə yüksəldi. 2022-ci il Dünya çempionatının finalında Argentina Fransanı penaltilər seriyasında məğlub etdi. Messi isə iki qol vurmaqla çempionluqda əvəzsiz pay sahibi oldu. Bu, həm də Argentinanın 36 illik həsrətinin başa çatması idi.
2024-cü ildə Argentina ikinci dəfə Amerika Kubokunu qazandı. Bu il Dünya çempionatında “Leo” Argentina ilə yenidən finala çıxsa da, burada İspaniyanı yenmək mümkün olmadı. Ümumilikdə, Messi dünya çempionatlarını 34 oyun və 21 qolla başa vurub. O, mundiallarda ən çox oyun keçirən və iki dəfə turnirin ən yaxşı oyunçusu seçilən futbolçudur. Messi yığma karyerasını 208 oyunda vurduğu 126 qolla başa çatdırdı.
Fərqli vidalar
Messi və Ronaldonun milli komanda karyeraları bir-birindən kəskin fərqlənir. Kriştiano komandasına Portuqaliyanın tarixində əvvəllər olmayan iki böyük titulu qazandırdı. Messi isə böhran vəziyyətində olan Argentina millisini yenidən futbolun zirvəsinə qaytardı.
İllərlə dünya futbolunun ən böyük rəqabətinin əsas iştirakçıları olsalar da, onlar milli komandalar səviyyəsində cəmi bir dəfə üz-üzə gəliblər. 2011-ci ilin fevralında İsveçrədə Argentina ilə Portuqaliya yoldaşlıq oyunu keçirib. Cənubi amerikalıların 2:1 hesabı ilə qalib gəldiyi görüşdə hər ikisi fərqlənib. Ronaldo komandasının bərabərlik qolunu vurubsa, Messi son dəqiqələrdə penaltini dəqiq yerinə yetirərək argentinalılara qələbə qazandırıb.
İkili dünya çempionatlarında isə heç vaxt üz-üzə gəlməsələr də, həmişə mundiallarda da onların müqayisəsi aparılıb.
DÇ-2026 onların hər ikisinin son böyük səhnəsi oldu. Messi Argentina ilə finala qədər gəldisə, Ronaldo ciddi problemlərin müşahidə olunduğu Portuqaliya millisi ilə gözlənilənləri bacarmadı.
Nəhayət, onların hər ikisi milli komanda ilə vidalaşıblar. Messi getdiyini özü elan etdi, vida oyununa çıxdı, qol vurdu, assist etdi. Azarkeşlər onu layiq olduğu alqışlarla yola saldılar.
Karyerası daha emosional, daha çılğın keçən Ronaldonun vidası da buna müvafiqdir. Milli qapılarının onun üçün tamamilə bağlandığına dair rəsmi heç nə olmasa da, geyindiyi 7 nömrəli forma artıq başqa futbolçunun əynindədir. Yığması üçün çox böyük işlər görən bir oyunçunun bu formada gedişini azarkeşlər birmənalı qarşılamırlar. Ancaq hər necə olmasından asılı olmayaraq, geridə qalan böyük bir tarix, qırılan çoxlu rekordlar və unudulmaz bir milli komanda karyerası var.