• şənbə, 12 Sentyabr, 03:22
  • Baku Bakı 21°C

Şahmat elitası Səmərqənddə toplaşır 

12.09.26 01:38 21
Şahmat elitası Səmərqənddə toplaşır 

Azərbaycanın böyük şahmat ənənəsi var və bu ənənə yeni nəsillə davam edir. Şəhriyarın təcrübəsi, Teymurun kapitan kimi iştirakı, gənc şahmatçıların yüksəlişi və qadın komandamızın formalaşmış heyəti nikbinlik üçün kifayət qədər əsas verir.

Dünya şahmatının ən güclü simaları növbəti böyük sınağa hazırlaşır. “Ağıl oyunu”nun ustaları bu dəfə Özbəkistanın qədim Səmərqənd şəhərində bir araya gələcəklər. Bura 46-cı Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Sentyabrın 15-də start götürəcək və ayın 27-dək davam edəcək Olimpiadada dünyanın müxtəlif ölkələrindən şahmatçılar mübarizə aparacaqlar. Azərbaycan “iti zəka sahibləri” də taxta arxasında ağıl və strategiyalarını nümayiş etdirəcəklər.

Heyətimiz bəllidir

Ölkəmizi təmsil edəcək şahmatçıların siyahısı hələ iyul ayında bəlli olub. Kişilərdən ibarət milli komandaya Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Rauf Məmmədov və Eltac Səfərli dəvət olunublar. Komandanın kapitanı isə Teymur Rəcəbov olacaq. İki il əvvəl Budapeştdə keçirilən Olimpiada ilə müqayisədə bu dəfə heyətdə bir dəyişiklik var. Nicat Abasovu bu dəfə onu Eltac Səfərli əvəzləyib.

Qadınlardan ibarət komandanın heyətində Budapeşt Olimpiadası ilə müqayisədə dəyişiklik yoxdur. Səmərqənddə də iki il əvvəl olduğu kimi, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Günay Məmmədzadə və Gülnar Məmmədova mübarizə aparacaqlar. Komandanın kapitanı ötən Olimpiadada kişilər arasında çıxış etmiş Nicat Abasov olacaq. O, bu vəzifədə Mixail Şereşevskini əvəzləyib. Tanınmış şahmatçı Qədir Hüseynov isə məşqçi kimi komandaya dəstək göstərəcək.
Şahmatçılarımızın lövhələr üzrə mövqeləri isə hələlik açıqlanmayıb.

Favorit hesab olunmasaq da...

Azərbaycan böyük şahmat ənənələrinə malik ölkələrdən biri olsa da, qarşıdakı Olimpiadada əsas favoritlər sırasında göstərilmir. Etiraf etmək lazımdır ki, komandalarımızın daha güclü heyətlə mübarizə apardığı illər də olub. Buna baxmayaraq, hər iki milli komandamızın qarşıdakı yarışda iddialı mübarizə aparmaq üçün kifayət qədər potensialı var.

Reytinq göstəricilərinə əsasən, kişi komandamız hazırda 7-ci pillədə qərarlaşıb. Millimizin orta reytinqi 2667-dir. Bu baxımdan yarışın əsas favoriti ABŞ komandasıdır. Tamamilə elit şahmatçılardan formalaşan Amerika yığmasının orta reytinqi 2753-dür. Şahmatın yaradıcıları olan Hindistan bu siyahıda ikinci pillədədir. İlk üçlüyü “ağıl oyunu”nun son illərdə ən böyük inkişaf yolu keçdiyi ölkələrdən biri olan ev sahibi Özbəkistan tamamlayır. Çin, Almaniya və Niderland da orta reytinq göstəricisinə görə Azərbaycan millisindən öndədir.

Qadınlardan ibarət komandamızın orta reytinqi isə 2375-dir. Bu göstəriciyə əsasən Azərbaycan Hindistan, Gürcüstan, Qazaxıstan, Çin, ABŞ və Ukraynadan sonra gəlir.

Statistika komandalarımızı əsas favoritlər sırasında göstərməsə də, Olimpiadanın gedişində vəziyyət dəyişə bilər. Axı şahmatda rəqəmlər yalnız başlanğıc nöqtəsidir. Əsas söz lövhə arxasında deyilir.

Potensial daha böyükdür

Yığmalarımızın Olimpiada perspektivini dəyərləndirərkən, həm oyunçuların fərdi keyfiyyətlərinə, həm də komanda şəklində uyğunluğuna baxmaq lazımdır. Kişi komandamızda ilk növbədə Şəhriyar Məmmədyarovun təcrübəsini qeyd etməliyik. İllərdir, dünya şahmatının aparıcı simaları arasında yer alan qrossmeyster üçün belə turnirlər artıq tanışdır. Bu dəfə lövhə arxasında Teymur Rəcəbovu görməyəcəyik. O, komandaya kapitan kimi rəhbərlik edəcək. 

Heyətin digər diqqətçəkən cəhəti isə gənc şahmatçıların çoxluğudur. Aydın Süleymanlı və Məhəmməd Muradlı son illərdə özlərini böyük turnirlərdə göstərməyi bacarıblar. Onların qarşısında indi daha bir ciddi sınaq dayanır. Rauf Məmmədovun təcrübəsi, Eltac Səfərlinin heyətə qayıtması ilə birlikdə komandada həm sabitlik, həm də seçim imkanları formalaşır.
Qadınlardan ibarət millimizdə də oxşar mənzərə var. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Günay Məmmədzadə və Gülnar Məmmədova artıq beynəlxalq səviyyədə kifayət qədər təcrübə toplayıblar. Bu heyətin əsas üstünlüklərindən biri birlikdə oynamaq baxımından böyük dəyişiklik yaşamamasıdır. 

Həmin yarışda kişi komandamız 8-ci, qadın komandamız isə 15-ci yeri tutmuşdu. Xüsusilə qadın komandasının daha yüksək nəticə göstərməsi gözlənilirdi. Səmərqənd bu baxımdan həm nəticələri yaxşılaşdırmaq üçün yeni imkan yaradır.
Azərbaycanın Olimpiada tarixində daha yüksək nəticələri də var. Kişilərdən ibarət komandamız 2008-ci ildə 6-cı, 2014-cü ildə isə 5-ci yeri tutub. Sonuncu göstərici millimizin yarış tarixində ən yüksək nəticəsidir. Deməli, Azərbaycan artıq bir neçə dəfə dünya şahmatının ən güclü komandaları arasında yer almağın mümkün olduğunu nümayiş etdirib.

Qadınlardan ibarət komandamızın da Olimpiadalarda yaxşı nəticələri olub. Azərbaycan 1992-ci ildə Manilada keçirilən Olimpiadada 7-ci yeri tutub. Eyni nəticə 2010-cu ildə Xantı-Mansiyskdə də təkrarlanıb. 

Daha yaxşı nəticənin vaxtıdır

Reytinq cədvəli bizi yeddinci pillədə göstərir, amma Olimpiada kimi uzun turnirdə sabitlik, komanda ruhu, kritik görüşlərdə düzgün qərarlar və ən əsası, imkanlardan maksimum istifadə həlledici olur.

Azərbaycanın böyük şahmat ənənəsi var və bu ənənə yeni nəsillə davam edir. Şəhriyarın təcrübəsi, Teymurun kapitan kimi iştirakı, gənc şahmatçıların yüksəlişi və qadın komandamızın formalaşmış heyəti nikbinlik üçün kifayət qədər əsas verir.
Səmərqənddə Azərbaycan şahmatı üçün Budapeştdən daha yaxşı nəticənin vaxtıdır. 

banner

Oxşar Xəbərlər