• şənbə, 15 Avqust, 05:50
  • Baku Bakı 26°C

Hər ikisi etimadı doğrultdu

15.08.26 02:22 28
Hər ikisi etimadı doğrultdu

“Sabah” artıq avrokubokların əsas mərhələsində iştirak hüququnu əldə edib. “Qarabağ” isə liqa mərhələsinin bir addımlığındadır.

Azərbaycan avrokubokların əsas mərhələsində iki klubla təmsil olunmağa yaxındır. “Sabah” artıq buna nail olub. “Qarabağ” isə liqa mərhələsinin bir addımlığındadır. Hər iki klubumuz 3-cü təsnifatın ilk oyununda məğlub olsa da, cavab qarşılaşmasında onlara bəslənən ümidləri doğruldaraq geridönüş etməyi bacardı.

“Sabah”dan möhtəşəm performans

Son Azərbaycan çempionu “Sabah” ən azı Avropa Liqasının əsas mərhələsini özü üçün təmin edib. Komanda buna Çempionlar Liqasında pley-offa yüksəlməklə nail oldu. Danimarka “Orxus”u üzərində Bakıda qazanılan möhtəşəm qələbə qitənin bir nömrəli klub turnirinin məşhur himninin yenidən paytaxtımızda səslənməsi anlamına gəlir.

İlk iki mərhələdə müvafiq olaraq Uelsin TNS və Finlandiyanın “KuPS” klublarını asanlıqla mübarizədən kənarlaşdıran Azərbaycan çempionu 3-cü raundda daha dişli rəqiblə üz-üzə idi. Danimarkalılar buraya Polşa təmsilçisi, güclü “Lex”i səfərdə böyük hesabla yenməklə gəlmişdilər. İlk oyunda da rəqib üstün tərəf olmuşdu. Lakin 1:2 hesablı yenilgiyə baxmayaraq, “Sabah” göstərdiyi oyunla bu komandanı mübarizədən kənarlaşdırmağın mümkünlüyü siqnallarını vermişdi. Cavab qarşılaşmasında hər şey planlaşdırılan kimi oldu.

“Sabah” Bakıda “Orxus”u darmadağın etdi. Özü də söhbət təkcə hesabın 4:0 olmasından getmir. Komandamız bütün komponentlərdə rəqibini bir baş üstələməyi bacardı. Oyuna çox sürətli başlayan Valdas Dambrauskasın yetirmələri hələ ilk hissədə bir neçə dəfə fərqlənə bilərdilər. Bəzi epizodlarda bir qədər qeydi-dəqiqlik, bəzilərində bəxtsizlik fasiləyə qədər hesabın dəyişməsinə imkan vermədi. İkinci hissədə meydanda yalnız bir komanda var idi. Vurulan 4 qol, yaradılan saysız-hesabsız təhlükəli epizodlar “Sabah”ın rəqibindən nə qədər güclü olduğunu əyani göstərdi. Velyko Simiçin açılışı etdiyi qarşılaşmada Stiv Solvet, Coy-Lens Mikels və Ksander Severina da adlarını tabloya yazdırmağı bacardılar. İki oyunun cəmində rəqibini 5:2 üstələyən “Sabah” ilk dəfə yarışdığı Çempionlar Liqasında əsas mərhələnin bir addımlığındadır.

Son əngəl “Hapoel”dir

“Sabah” pley-offda İsrail çempionu ilə oynayacaq. Əslində püşkdən sonra təmsilçimizin Serbiyanın məşhur “Srvena Zvezda” klubu ilə qarşılaşmaq ehtimalı daha yüksək qiymətləndirilirdi. Lakin Beer-Şeva “Hapoel”i gözləntiləri alt-üst edərək sürprizə imza atdı. Onlar hər iki qarşılaşmada güclü rəqibini məğlub etməyi bacardılar.

Avrokuboklarda daha böyük təcrübəyə malik “Srvena Zvezda”dansa “Hapoel” ilə qarşılaşmaq təmsilçimizin şanslarını artırır. Düzdür, İsrail çempionu bura qədər göstərdiyi performansla möhkəm kollektiv olduğunu sübut edib. Xüsusilə serblərlə duellərdə komandanın müdafiədə necə səliqəli və etibarlı olduğu müşahidə olundu. Lakin unutmamaq lazımdır ki, ilk raundda İslandiya “Vikinqur”u bu komandanı məğlub etməyi bacarmışdı. İstənilən halda, pley-offda “Sabah”ı çox çətin iki duel gözləyir. Rəqib güclüdür, ancaq keçilməz deyil. Əsas şərt israillilərə qarşı səhvsiz oynamaqdır. Çünki bu komanda cüzi şansdan da istifadə etməyi bacarır. “Sabah” isə “Srvena Zvezda” ilə müqayisədə daha yaradıcı və sürətli futbol göstərir. Bu baxımdan “Hapoel”i cəzalandırmaq ehtimalları heç də az deyil. Bəli, “Sabah” ən azı Avropa Liqasının əsas mərhələsini təmin edib, lakin əsas məqsəd uyğun rəqibi sıradan çıxarıb Çempionlar Liqasında daha irəli getməkdir.

Tərəflər arasında ilk oyun avqustun 19-da Macarıstanda baş tutacaq. Cavab qarşılaşması isə 25 avqustda Bakıda olacaq.

Özünə bənzəməyə başlayan “Qarabağ”

“Qarabağ” hər zaman avrokubokların ilk oyunlarında çətinliklə üzləşsə də, getdikcə futbolçuların formaya düşməsi sayəsində performansını artırması ilə diqqət çəkib. Bu mövsüm heyətdə baş verən çoxlu yeniliklər səbəbindən proses daha uzun çəkdi. Elə bu səbəbdən də Qurban Qurbanovun komandası hazırda mübarizəni çıxışa başladığı Avropa Liqasında deyil, Konfrans Liqasında davam etdirir.

Kiyev “Dinamo”suna qarşı ikinci təsnifat mərhələsinin ilk oyununda “atlılar” məğlub olmaqla yanaşı, zəif performans göstərmişdilər. Bakıdakı cavab qarşılaşmasında Ağdam təmsilçisi ağırlığını ortaya qoymağı bacardı. Adlı-sanlı rəqibdən çəkinməyən ən uğurlu avrokubok komandamız oyuna tam nəzarət etməyi bacardı, ağıllı və səbirli oyunla lazım olan qolları vurdu. 12-ci dəqiqədə yeni transfer Jali Muaddib fərqləndi. Ümumi hesabdakı geriliyin erkən aradan qaldırılması oyunun gedişatına müsbət təsir etdi. “Qarabağ” bundan sonra oyunun ipini əlində saxladı. Futbolçuların təzyiq altında olmaması daha yaxşı performans göstərmələrinə şərait yaratdı. 69-cu dəqiqədə Aleksey Kaşuk həmyerlilərini cəzalandıraraq “Qarabağ”ın pley-offa vəsiqə qazanmasını rəsmiləşdirdi.

Yenə “Tvente”

“Qarabağ” 3-cü dəfə avrokuboklarda Niderland təmsilçisi “Tvente” ilə üz-üzə gələcək. Bu komanda “atlılar” üçün uğurlu hesab olunur. Düzdür, “Qarabağ” heç vaxt “Tvente”yə qalib gələ bilməyib, lakin ilk dəfə Avropa Liqasının qrup mərhələsinə düşərkən pley-offda məhz Ensxede klubunu mübarizədən kənarlaşdırmışdı. 2014-cü ildə hər iki oyunda heç-heçə qeydə alınsa da, o zamankı qaydalara əsasən, səfərdə vurduğu qola görə Azərbaycan təmsilçisi mərhələ adlamışdı. Digər iki oyunun da biri sülhlə bitib, digərində rəqib qələbə qazanıb.

“Tvente” pley-offa vəsiqəni Slovakiyanın “Dunayska Streda” klubunu asanlıqla mübarizədən kənarlaşdırmaqla əldə edib. Niderland təmsilçisi, şübhəsiz, “Qarabağ”ın bu mövsüm Avropada üzləşdiyi ən güclü komandadır. Lakin “atlılar” indiyə qədər qitəmiqyaslı turnirlərdə dəfələrlə daha güclü kollektivləri sıradan çıxarmağı bacarıblar. Bu baxımdan yenə “Qarabağ”dan uğurlu nəticə gözləyən azarkeşlərin çox olması anlaşılandır.

“Qarabağ” da “Sabah” kimi pley-offun ilk oyununu səfərdə keçirəcək. Niderlanddakı qarşılaşma avqustun 20-də baş tutacaq. Cavab oyunu isə bundan bir həftə sonra doğma meydanda olacaq.

banner

Oxşar Xəbərlər