• şənbə, 03 Oktyabr, 03:11
  • Baku Bakı 16°C

Cüdo ulduzları Bakıya gəlir

03.10.26 01:48 22
Cüdo ulduzları Bakıya gəlir

Azərbaycan cüdoçularının medal uğrunda mübarizəsi asan olmayacaq. Çünki dünya çempionatında bütün qitələrin ən güclü cüdoçuları iştirak edəcək.

Dünya cüdosu ən böyük yarışlarından birinin astanasındadır. Yapon döyüş sənətinin ustaları bu dəfə Bakıda bir araya gəlir. Oktyabrın 4-dən 11-dək Azərbaycan paytaxtında cüdo üzrə dünya çempionatı keçiriləcək. Daha əvvəl 2018-ci ildə mundiala ev sahibliyi etmiş Bakı yenidən ən güclü tatami ustalarını qarşılayır. Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında 96 ölkədən 637 cüdoçu iştirak edəcək. Onların 343-ü kişi, 294-ü qadındır. Kişilər və qadınlar yeddi çəki dərəcəsində mübarizə aparacaqlar. İlk yeddi gün fərdi yarışlara, oktyabrın 11-də isə qarışıq komanda yarışına həsr olunacaq.
Azərbaycan dünya çempionatında 23 cüdoçu ilə təmsil olunacaq. Onlardan 17-si kişi, altısı qadındır. Bu rəqəmin digər ölkələrlə müqayisədə nisbətən yüksək olmasının səbəbi ev sahibi ölkəyə Beynəlxalq Cüdo Federasiyası tərəfindən əlavə kvotaların verilməsidir. Beləliklə, Azərbaycan 12 çəki dərəcəsində tatamiyə çıxacaq.

İki Olimpiya çempionu

Hidayət Heydərov və Zəlim Kotsoyev Azərbaycanın son Olimpiya Oyunlarında qazandığı iki qızıl medalın müəllifləridir. İndi onlar dünya çempionatında doğma tribunaların qarşısına çıxacaqlar. 2024-cü ildə dünya çempionu adını qazanan idmançılarımız analoji uğuru təkrarlamaq niyyətindədirlər.

Hidayət Heydərov bu il Avropa çempionatında gümüş medal qazanıb. Mövsüm ərzində çəkisi ilə bağlı müəyyən problemlər yaşaması onun hazırlıq prosesinə təsirsiz ötüşməyib. Dünya çempionatına qədər bu məsələnin həll olunması və Heydərovun özünün optimal fiziki vəziyyətinə çatması Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki 73 kq-da tatamiyə çıxan Olimpiya çempionundan medal gözləntisinin olması təbiidir.

Bu çəkidə onunla birlikdə Rəşid Məmmədəliyev də mübarizə aparacaq. Məmmədəliyev Bakıdakı dünya çempionatından əvvəl keçirilən son yarışda – Macarıstanda təşkil olunan Böyük Dəbilqədə qızıl medal qazanıb. Yəni Rəşid də mundiala yüksək əhval-ruhiyyə ilə gəlir. 

Zəlim Kotsoyevlə bağlı vəziyyət fərqlidir. Parisdə Olimpiya çempionu olan idmançımızın yarışa az müddət qalmış zədə problemi yaşaması onun hazırlığı ilə bağlı müəyyən çətinlik yaradıb. Belə bir turnirdə cüdoçunun fiziki vəziyyəti həlledici amillərdəndir. 

Balabəyin liderlik məsuliyyəti

Medal ümidlərimiz yalnız Olimpiya çempionları ilə məhdudlaşmır.

60 kq-da Balabəy Ağayev dünya reytinqinin lideridir. Bu fakt özü Azərbaycan komandasının həmin çəkidəki böyük gözləntisini göstərir. Ağayevlə eyni çəkidə Əhməd Yusifov da çıxış edəcək. O, son iki Avropa çempionatında bürünc medal qazanıb. Hazırda Azərbaycanın 60 kq-da yalnız bir deyil, iki real medal namizədi var.

66 kq-da isə gənc nəslin nümayəndələri diqqət çəkirlər. Turan Bayramov son Avropa çempionatının bürünc medalçısıdır. Ruslan Paşayev də həmin çəkidə Azərbaycanı təmsil edəcək. Onların hər ikisi dünya reytinqində ilk onluqda yer alır. Eyni çəkidə Nizami İmranov da mübarizə aparacaq.

81 kq-da isə son dünya çempionatının bürünc medalçısı Zəlim Tçkayev ön plana çıxır. O, son iki Avropa çempionatında da bürünc medal qazanıb. Onunla yanaşı, Ömər Rəcəbli və Vüsal Qələndərzadə də tatamiyə çıxacaqlar.

90 kq-da üç cüdoçu ilə mübarizə aparacağıq. Murad Fətiyev, Elcan Hacıyev və Süleyman Şükürov milli komandanın heyətindədir. Bu çəkidə son dünya çempionatının bürünc medalçısı Elcan Hacıyev xüsusi diqqət çəkir. 

100 kq-dan artıq çəkidə Azərbaycanı Uşanqi Kokauri, Kənan Nəsibov və Camal Qamzatxanov təmsil edəcək. 
Qadınlarda isə vəziyyət bir qədər fərqlidir. 48 kq-da Şəfəq Həmidova və Könül Əliyeva, 52 kiloqramda Gültac Məmmədəliyeva, 57 kiloqramda Xədicə Qədəşova, 70 kiloqramda Südabə Ağayeva, +78 kiloqramda isə Madina Kaisinova Azərbaycanı təmsil edəcək. Qadınlardan ibarət komandadan medal gözləntisi kişilərlə müqayisədə yüksək deyil. 

Yeni Olimpiya yolu

Bakı mundialını əhəmiyyətli edən məqamlardan biri də onun Olimpiya tsiklinə daxil olmasıdır. Ötən il Budapeştdə keçirilən dünya çempionatı olimpiada reytinqinə xal vermirdi. Yeni tsikl məhz 2026-cı ildə start götürüb. Ulan-Bator Böyük Dəbilqəsindən etibarən cüdoçular Los-Anceles-2028 Olimpiya Oyunlarına vəsiqə uğrunda reytinq xalları toplamağa başlayıblar.

Burada tətbiq olunan sistemə əsasən, 2026-cı ildə idmançıların qazandığı dünya reytinq xallarının 50 faizi Olimpiya reytinqinə əlavə edilir. 2027 və 2028-ci illərdə keçiriləcək yarışlarda isə qazanılan xalların 100 faizi nəzərə alınacaq. Deməli, Bakıdakı mundial yalnız dünya çempionu olmaq üçün mübarizə deyil. Bu yarış Los-Ancelesə gedən yolun əsas dayanacaqlarından biridir.

Dünya cüdosunun elitası

Medal uğrunda mübarizə asan olmayacaq. Dünya çempionatında qitələrin ən güclü cüdoçuları iştirak edəcək.
Yaponiya yenə əsas favoritlərdən biridir. Onların mundialdakı hegemonluğu uzun illərdir davam edir. Fransa, Gürcüstan, Braziliya və Rusiya da müxtəlif çəkilərdə güclü heyətlə Bakıya gəlirlər. Asiya ölkələrindən Cənubi Koreya, Qazaxıstan və Özbəkistan cüdoçuları da medal mübarizəsində ciddi söz sahibi ola bilərlər.

Ölkəmizin dünya çempionatlarında ən yaxşı nəticəsi 2024-cü ildə Abu-Dabidə qeydə alınıb. Azərbaycan həmin mundialı iki qızıl medalla komanda hesabında dördüncü pillədə başa vurub. 2018-ci ildə isə Bakıda keçirilən dünya çempionatında bir gümüş və bir bürünc medal qazanmışdıq. Sonuncu dünya çempionatı isə ötən il Budapeştdə keçirilib. Azərbaycan həmin yarışda üç bürünc medal qazanıb. 

 

banner

Oxşar Xəbərlər