• şənbə, 25 Iyul, 03:23
  • Baku Bakı 30°C

Böyük uğurların əsas memarı

25.07.26 02:22 18
Böyük uğurların əsas memarı

Futbol tarixində belə ardıcıl inkişaf yolu keçən başqa məşqçi xatırlamaq çətindir. Luis de la Fuenteni sadəcə dünya çempionu məşqçi adlandırmaq azdır. O, İspaniya futbolunun son onillikdə qazandığı bütün böyük uğurların əsas memarıdır.

David Raya hazırda dünya futbolunun ən yaxşı qapıçılarından biridir. “Arsenal”ın qolkiperi ötən mövsüm “topçular”ın uzun müddət davam edən çempionluq həsrətinə son qoymasında əsas pay sahiblərindən biri idi. O, komandasının həm İngiltərə Premyer Liqasında zirvəyə yüksəlməsində, həm də UEFA Çempionlar Liqasında finala qədər irəliləməsində həlledici fiqurlardan sayılırdı. İndi Raya həm də dünya çempionudur. Lakin bu titulun qəribə bir tərəfi var. O, dünya çempionatının bütün oyunlarını ehtiyat oyunçular skamyasında keçirərək qızıl medal qazanıb. Hazırda planetin ən yaxşı qapıçılarından biri hesab olunan futbolçu İspaniya millisində yalnız “2 nömrə”dir.

İlk baxışdan bu qərar məntiqsiz görünür. Karyerasının ən yaxşı dövrünü yaşayan, Avropanın elit klublarından birinin əsas qapıçısı olan futbolçu niyə əsas heyətdə yer almır? Bu sualın cavabı statistikadan çox, baş məşqçi Luis de la Fuentenin futbol fəlsəfəsindədir. Çünki İspaniya millisinin çalışdırıcısı üçün rəqəmlərdən əvvəl etimad anlayışı gəlir. Elə buna görə də David Raya ehtiyatda qalır, Unay Simon isə illərdir, əsas heyətin dəyişməz simalarından biridir. Bu yanaşmanın kökü on ildən artıq müddətə gedib çıxır.

Dünya çempionu komanda bir gündə yaranmayıb

David Raya məsələsi Luis de la Fuentenin məşqçilik fəlsəfəsini anlamaq üçün ən yaxşı nümunələrdən biridir. Çünki o, bu komandanı hazır vəziyyətdə qəbul etməyib. Dünya çempionu olan kollektivin böyük hissəsini illərlə özü formalaşdırıb. Bu gün əsas heyətdə yer alan futbolçuların bir çoxu yeniyetmə yaşlarından onun rəhbərliyi altında çıxış edib.

Məhz buna görə İspaniyanın dünya çempionluğunu təhlil edərkən diqqəti təkcə finala və ya taktiki gedişlərə yönəltmək qüsurlu olardı. Bu uğurun əsasında federasiyanın illərlə qoruduğu sistem dayanır. De la Fuentenin komandası dünyanın ən mütəşəkkil kollektividir. Bu komanda isə illərlə eyni sistem daxilində formalaşıb və həmin sistemin mərkəzində Luis de la Fuente dayanıb.

U-19-dan Dünya Kubokuna uzanan yol

Müasir futbolda milli komanda məşqçilərinin əksəriyyəti hazır nəsli qəbul edir. Onların işi müxtəlif klublarda yetişmiş futbolçuları bir araya gətirib qısa müddətdə nəticə əldə etməkdir. Luis de la Fuentenin yolu isə tamamilə fərqlidir. O, 2013-cü ildən etibarən İspaniya Futbol Federasiyasının aşağı yaş qruplarında işləməyə başlayıb və pillə-pillə yüksəlib.
Mütəxəssis əvvəlcə U-19 millisini çalışdırdı və 2015-ci ildə bu komanda ilə Avropa çempionu oldu. Daha sonra o, U-21 yığmasına rəhbərlik etdi və 2019-cu ildə burada Avropanın ən güclüsü oldu. De la Fuente 2021-ci ildə Tokio Olimpiadasında İspaniyanı finala çıxararaq gümüş medal əldə etdi. Artıq o, əsas yığmaya tam hazır idi...

Elə buna görə də Luis Enrikenin gedişindən sonra federasiya məşhur mütəxəssis axtarmadı. Çünki bu nəsli hamıdan yaxşı tanıyan insan elə uzun illər “qırmızılar”ın sisteminin içində olan de la Fuente idi. O, 2023-cü ildə əsas millinin başına gətirildi. Bu, İspaniya futbolunun növbəti hegemonluğunun başlaması ilə nəticələndi. Qısa müddət sonra “qırmızı furiya” UEFA Millətlər Liqasını qazandı. 2024-cü ildə komanda Avropa çempionu oldu. İndi isə İspaniya bir milli komandanın əldə edə biləcəyi ən böyük uğuru qazanaraq dünya çempionu adına yiyələndi.

Bu, təsadüfi ardıcıllıq deyil. Heç bir təhlil olmadan belə aydındır ki, uğurların hər biri əvvəlkinin məntiqi davamıdır.

Dünya çempionlarını özü yetişdirib

İspaniyanın dünya çempionu olan heyətinə baxanda maraqlı mənzərə görünür. Unay Simon, Mikel Merino, Mikel Oyarzabal, Dani Olmo, Martin Zubimendi, Fabian Ruis, Rodri, Robin le Normand və daha bir sıra futbolçular müxtəlif dövrlərdə Luis de la Fuentenin rəhbərliyi altında aşağı yaş millilərində çıxış ediblər. Bəziləri U-19-da, bəziləri U-21-də, bəziləri isə Olimpiya komandasında onunla birlikdə çalışıblar. Unay Simon və dünya çempionatında de la Fuentenin “coker”i olan Mikel Merino isə yuxarıda sadalanan bütün uğurlarda onun rəhbərliyi altında top qovublar.

Bu futbolçular üçün de la Fuente yeni məşqçi deyil. Çalışdırıcı onların futbolçu kimi formalaşdığı illərin ayrılmaz hissəsidir. İlk beynəlxalq turnirləri, ilk böyük qələbələri, ilk uğursuzluqları, milli formanı daşımağın məsuliyyəti... Bütün bunlar onun rəhbərliyi altında yaşanıb. Buna görə də İspaniya millisindəki münasibətlər adi məşqçi-futbolçu əlaqəsindən daha dərindir.
“Niyə Raya yox, Simon?” sualının cavabını burada daha konkret vermək olar. Ola bilsin ki, “Arsenal”ın qolkiperi fərdi keyfiyyətlərinə görə daha üstündür, lakin de la Fuente üçün qapıçı müdafiənin lideridir, ilk ötürməni edən futbolçudur, komandanın ritmini müəyyənləşdirən fiqurdur. Ən əsası isə məşqçinin oyun modelini hamıdan yaxşı anlayan oyunçulardan biridir. Unay Simon illərdir bu sistemin içindədir və məşqçi onun hansı vəziyyətdə necə qərar verəcəyini bilir. Qapıçı isə baş məşqçisinin nə istədiyini əlavə izaha ehtiyac olmadan anlayır.

Məşqçi kimi karyerasının zirvəsi dünya çempionluğudur

Təbii ki, Luis de la Fuentenin məşqçi kimi karyerasının zirvəsi dünya çempionluğudur. Lakin bu uğuru xüsusiləşdirən əsas məqam bütün bir nəsli məhz özünün yetişdirməsidir. Dünya çempionatı oyunlarını təhlil etsək, İspaniyanın pressinqi, mövqe oyunu və topa nəzarətindən geniş şəkildə bəhs etmək olar və bütün bunlar dünya çempionluğunun vacib elementləridir. Ancaq həmin taktiki modelin bu qədər qüsursuz işləməsinin səbəbi futbolçuların onu illərlə eyni prinsiplərlə mənimsəməsidir.

Baş məşqçi eyni nəsil oyunçularla əvvəl U-19-da, sonra U-21-də, ardınca Olimpiya Oyunlarında uğur qazandı, daha sonra həmin futbolçuların böyük hissəsini əsas milliyə gətirərək UEFA Millətlər Liqasını, Avropa çempionatını və nəhayət, Dünya Kubokunu qazandı. Futbol tarixində belə ardıcıl inkişaf yolu keçən başqa məşqçi xatırlamaq çətindir. Elə buna görə də Luis de la Fuenteni sadəcə dünya çempionu məşqçi adlandırmaq azdır. O, İspaniya futbolunun son onillikdə qazandığı bütün böyük uğurların əsas memarıdır.

banner

Oxşar Xəbərlər