• şənbə, 01 Avqust, 13:38
  • Baku Bakı 29°C

Transfer bazarında isti yay

01.08.26 02:31 94
Transfer bazarında isti yay

2026/27 mövsümünün yay transfer pəncərəsinin bağlanmasına kifayət qədər vaxt qalsa da, artıq bir sıra böyük keçidlər reallaşıb, bəzi klublar rekord məbləğlər xərcləyib. Bazarda yenə də əsas söz sahibi İngiltərə Premyer Liqası klublarıdır. 

Qollar vurulmur, xallar hesablanmır, turnir cədvəlləri dəyişmir, kuboklar uğrunda mübarizə getmir. Amma futbol dünyasında elə bir dövr var ki, bəzən mövsüm ərzində meydanda baş verənlərdən daha çox müzakirə olunur. Söhbət yay transfer pəncərəsindən gedir. Bu müddətdə hər gün yeni xəbərlər yayılır, milyonlarla avroluq müqavilələr imzalanır.

2026/27 mövsümünün yay transfer dönəmi də bu baxımdan istisna deyil. Hələ pəncərənin bağlanmasına kifayət qədər vaxt qalsa da, artıq bir sıra böyük keçidlər reallaşıb, bəzi klublar rekord məbləğlər xərcləyib.

Şərtləri ingilislər diktə edir

İndiyədək baş tutan keçidlərin statistikası göstərir ki, yay transfer bazarında son illərin ümumi mənzərəsi dəyişməyib. Yenə əsas söz sahibi İngiltərə Premyer Liqası klublarıdır. Dünyanın ən bahalı futbolçuları uğrunda mübarizədə ingilislər həm maliyyə imkanları, həm də cəlbedici çempionat amili ilə rəqiblərini geridə qoymağa davam edirlər.

Hazırda yayın ən bahalı transferi Morqan Rocersdir. “Çelsi” 23 yaşlı hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq üçün “Aston Villa”ya 138 milyon avro ödəyərək yayın rekorduna imza atıb. Bu, ümumiyyətlə, bir ingilis futbolçu üçün ödənilən ən böyük transfer məbləği kimi tarixə düşüb. İkinci pillədə “Mançester Siti”nin “Nottinqem Forest”dən 135 milyon avroya transfer etdiyi Elliot Anderson qərarlaşıb. İlk üçlüyü isə “Tottenhem”in “Nyukasl”dan 108 milyon avroya heyətinə qatdığı Sandro Tonali tamamlayır. Maraqlıdır ki, keçən mövsümü uğursuz keçirən London təmsilçisi ilk “10-luq”da daha iki transferlə də təmsil olunur. Klub Portuqaliya futbolunun istedadlarından sayılan Mateuş Fernandeş üçün “Vest Hem”ə 99 milyon avro ödəyib, Yan Pol van Hekkenin “Brayton”dan transferi isə onlara 60 milyon avroya başa gəlib. “Liverpul” isə 20 yaşlı fransalı müdafiəçi Jeremi Jake üçün 63 milyondan artıq vəsait xərcləyib.

Transfer bazarında ingilislərə rəqabət təklif edən klubların sayı isə cəmi üçdür. “Barselona” "Nyukasl"dan Entoni Qordonu 80 milyon avroya transfer etməklə La Liqanı ilk “10-luq”da təmsil edən yeganə klubdur. İtaliyadan yalnız “Milan” PSJ-dən Qonsalu Ramuşu 74 milyon avroya heyətinə qataraq siyahıya düşə bilib. Avropa xaricində ilk “10-luq”da yer alan yeganə klub isə Niderland millisinin üzvü Krisensio Sammervili “Fulhem”dən 64,5 milyon avroya transfer edən Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasıdır.

İlk onluğu “Aston Villa”nın 20 yaşlı isveçrəli yarımmüdafiəçi Yohan Manzambi üçün ödədiyi 60 milyon avroluq keçid tamamlayır. Beləliklə, ən bahalı on transferdən yeddisində alıcı tərəf məhz Premyer Liqa klublarıdır. Maraqlıdır ki, digər 3 keçidin 2-də isə “Dumanlı Albion” təmsilçiləri satışdan yaxşı məbləğ əldə ediblər.

“Real Madrid” “qolları çırmalayıb”

Premyer Liqa klubları transfer bazarında ümumi mənzərəyə hökm edirlərsə, İspaniyada diqqətlər “Real Madrid”ə yönəlib. Ötən mövsüm kuboksuz qalan, ardıcıl ikinci dəfə La Liqa çempionluğunu əzəli rəqibi “Barselona”ya uduzan və Çempionlar Liqasında gözlənilən uğuru qazana bilməyən “Kral klubu” yay fasiləsini sakit keçirmək fikrindən uzaqdır. Klub rəhbəri Florentino Peres vəziyyətdən nəticə çıxarıb, komandanın sükanı arxasına yenidən Joze Mourinyonu gətirib və bunun ardınca transfer bazarında əsl hücuma keçib.

Artıq Madrid təmsilçisi bir neçə səs-küylü keçidi rəsmiləşdirib. Müdafiənin cinahları Denzel Dumfris və Mark Kukureya, mərkəzi İbrahima Konate ilə gücləndirilib, yarımmüdafiəyə isə azad agent kimi Bernardu Silva gətirilib. Ancaq görünən odur ki, “ağlar” bununla kifayətlənmək niyyətində deyil. Dünya mətbuatında son günlərin ən çox müzakirə olunan mövzularından biri Maykl Olisenin “Bavariya”dan Madridə keçididir. 

Bu fəallığın fonunda “Barselona” yay bazarında daha çətin proses yaşayır. Kataloniya təmsilçisi komandanın əsas qol silahı Robert Levandovski ilə yollarını ayırıb və hələlik onun yerini doldura biləcək hücumçu tapmayıb. Mikel Oyarzabalın adı namizədlər arasında hallansa da, “Real Sosyedad”ın kapitanı bu keçidə razılıq verməyib. 

“Fənərbağça” çempion heyət qurur?

Türkiyə kubları da transfer bazarında kifayət qədər fəaldırlar. Xüsusilə ötən mövsüm gözləntiləri tam qarşılamayan İstanbul nəhəngləri – “Fənərbağça” və “Beşiktaş” yeni mövsüm öncəsi aktivlik göstərirlər.

Ən bahalı keçid “Fənər”ə məxsusdur. İstanbul təmsilçisi Meyson Qrinvudu 39 milyon avroya heyətinə qatmaqla Türkiyədə yayın ən səs-küylü keçidinə imza atıb. Klub bununla kifayətlənməyərək hücuma Vedat Muriqini transfer edib, müdafiə xəttini isə Natan Ake ilə gücləndirib. 

“Beşiktaş” da transfer yarışında geri qalmamağa çalışır. “Qara qartallar” keçən mövsüm “Arsenal”ın əsas simalarından olan Leandro Trossardı heyətinə qatmaqla iddiasını ortaya qoyub. Klub eyni zamanda Kassum Uattara, Aleksander Nübel kimi tanınmış futbolçuları transfer edib. 

Türkiyə çempionu “Qalatasaray” isə daha təmkinli davranır. “Sarı-qırmızılılar”ın ən diqqətçəkən transferi Lesli Uqoçukvunun icarəyə götürülməsidir. “Trabzonspor” Aral Şimşir, Noah Saviolo və Ruslan Malinovski kimi futbolçuları heyətinə qataraq diqqət çəksə də, transfer bazarındakı ümumi mənzərə göstərir ki, bu yay Super Liqada əsas rəqabət yenə “Fənərbağça” ilə “Beşiktaş” arasında yaşanır. Hər iki klub ötən mövsümün uğursuzluğunu unutdurmaq və “Qalatasaray”ın hegemonluğuna son qoymaq üçün ciddi pul xərcləməkdən çəkinmir.

banner

Oxşar Xəbərlər