Tərlan Rəsulov “Bundan sonra da biz onların yanında olacağıq”

İnsanlar səs, görkəm, fikir
və düşüncələrinə görə bir-birindən seçilirlər.Kimisi həyatın bütün gözəlliklərindən
zövq alaraq sağlam bir həyat sürür, kimisi isə əksinə ya anadangəlmə, ya da
hansısa bir səbəbdən fiziki qüsurlu olur. Belə insanlar da bizdəndir. Onların
da bizim kimi yaşamaq, əylənmək, yeri gələndə çalışmaq hüququ var. Bir sıra
inkişaf etmiş ölkələrdə belə fiziki qüsurlu insanların özlərinə məxsus
teatrları, toplaşaraq tamaşa, səhnəcik hazırlamaq üçün məkanları var. İndi isə
deyə bilərik ki, ölkəmizdə də fiziki qüsurlu insanların özlərini realizə
etmələri üçün "İcma Teatrı” yaradılıb.
Belə ki, ötən həftə Abdulla
Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Əlil Qadınlar Cəmiyyətinin
nəzdində fəaliyyət göstərən "İcma Teatrı”nın təqdimatı oldu. Əslində belə bir layihənin
başlayacağını eşidəndə çox sevinmişdik. Çünki həmin insanlar da səhnəyə çıxıb,
bir neçə saat olsa belə dərdlərini unudub, özləri ilə fəxr etmək imkanı əldə
etmiş oldular.
Layihənin təşkilatçısı isə
teatr camesindən yaxşı tanıdığımız Yuğ Dövlət Teatrının direktoru Tərlan
Rəsulov idi. Sözügedən teatr "Məndən də yaxşı et” layihəsi çərçivəsində
yaradılıb. Layihənin məqsədi əlilliyi olan insanlara peşəkar teatr vərdişlərini
aşılamaqdan ibarətdir. Bu işdə onlara peşəkar aktyorlar, rejissorlar və
psixoloqlar yardımçı olub.
Biz də imkan tapıb Tərlan müəllimlə həmsöhbət
olduq. Onunla "İcma Teatrı” haqqında danışdıq.
- Tərlan müəllim, bu layihə necə ərsəyə gəldi? Layihənin meydana gəlməsi hansı zərurətdən
yarandı?
- Layihənin məqsədi
əlilliyi olan insanlara bizim cəmiyyətə dəstək olmaq, onları cəmiyyətin bərabər
hüquqlu üzvləri kimi təqdim etmək, onlarda buna inam və güvən yaratmaqdan
ibarət idi.
Layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq
Təşkilatının dəstəyi ilə "Culture and Menegement Lab” təşkilatı tərəfindən
həyata keçirilib. Həmin təşkilatın "Cənubi Qafqazda regional mədəniyyət və
incəsənət” layihəsi çərçivəsində reallaşıb. Layihəni onlara təqdim etmişdim,və
onlar bu layihəni təsdiq etmişdilər. Yeni
yaradılan teatr yaşından asılı olmayaraq əlilliyi olan və bu sahədə istedadlı
insanlar üçün nəzərdə tutulub. Təqdim etdiyimiz ilk səhnə əsəri ailə-məişət
mövzusunda idi. Əlilliyi olan uşaqlar tərəfindən nümayiş olunan tamaşa
səhnəcikləri üç ay sürən treninq və məşqlər zamanı ərsəyə gəlmişdi.Uşaqlardakı həvəsi gördükdə biz özümüz də
həvəsləndik. Bu tamaşanı biz iki həftəlik mütəmadi məşqlərlə ərsəyə gətirdik. Belə
qısa zaman ərzində gözəl tamaşa alınmasına özümüz də təəccüb etdik. Bu "İcma
Teatrı”nın ilk çıxışı idi. Ümid edirəm ki, bundan sonra teatr davamlı fəaliyyət
göstərəcək.
-
Hazırlanan tamaşa gözlədiyiniz nəticəni verdimi?
- Mən bunu uğurlu hesab
edirəm. Faktiki olaraq biz həmin uşaqlarla tamaşa hazırlamağı nəzərdə
tutmamışdıq. Burada heç bir tamaşa iddiası da yox idi. Biz sadəcə olaraq "İcma
Teatrı”nı insanlara təqdim etdik. Çalışdıq ki, fiziki qüsurlu insanları bir
araya toplayıb, onların əldə etdikləri bacarıqları, qabiliyyətləri cəmiyyətə
göstərə bilək. Tamaşada gördüyünüz hər şeyi həmin uşaqlar özləri ediblər. Belə
ki, ssenarisini özləri yazıb, quruluşu özləri veriblər. Musiqisindən tutmuş
işığına qədər həmin uşaqların özləri təşkil etmişdilər. Nəticəsi isə heç də pis
olmadı. Biz sadəcə olaraq onlara istiqamət
vermişik. Tamaşa zamanı da uşaqlar ssenaridən çox kənara çıxıb, improvizələr
etdilər. Bu teatrın yaranması onlar üçün böyük stimul oldu.
-
Bəs, fiziki qüsurlu insanlarla peşəkar tamaşa necə hazırlamaq istəyiniz varmı?
- Bizim heç bir peşəkarlıq
iddiamız yoxdur. Biz sadəcə onların cəmiyyət üçün nə dərəcə önəmli insan
olduqlarını göstərmək istəyirik. Cəmiyyətlə teatr vasitəsilə ünsiyyət qurmalarına
şərait yaratmağa çalışırıq. Bu cür həyat eşqi hər kəsə nəsib olmur. Onlardakı
bu həyat eşqi bizi heyrətləndirdi, həvəsləndirdi. Bunu onlar öz çıxışlarında da
ifadə etdilər. İlk vaxtlarda özləri də belə uğurlu bir tamaşa alınacağına
inanmırdılar. Proses bizə göstərdi ki, sadəcə zaman lazımdır. Bu zaman ərzində
onlarda aktyorluğa, poeziyaya, sənətə böyük həvəs yarandı.
-
Bu layihədə iştirak etmək üçün yaş məhdudiyyəti neçə yaşa qədər idi?
- Layihədə iştirak etmək
üçün heç bir yaş məhdudiyyət qoyulmamışdı. Nəinki yaş, hətta irq, din, dil,
cins məhdudiyyəti belə yox idi. Əsas məqsəd layihədə iştirak etmək istəyi idi.
Müxtəlif insanlar müraciət etdilər, bundan əlavə biz əlillər cəmiyyətinə
müraciət etdik. Onların köməkliyi ilə iştirakçılarla əlaqə saxladıq. Nəticədə
gözəl bir layihə gerçəkləşdi.
-
Hazırda bu layihə davam edirmi?
- Layihənin özü davam
etmir. Layihənin əsas məqsədi belə bir teatrın yaradılması idi. 3 ay ərzində
iştirakçılarımıza teatrda işləmək, tamaşalar hazırlamaq bacarıqlarını aşılamağa
çalışdıq. Əsas məqsəd "İcma teatrı”nın yaradılması və daha sonra onun müstəqil
fəaliyyət göstərməsi idi. Təqdimat tamaşası onların ilk müstəqil işləri oldu.
Heç bir müdaxilə olunmadan hər şeyi özləri yaratdılar, hazırladılar və özləri
də oynadılar.
-
Bir rejissor kimi onlarla işləyərkən çətinliklərlə üzləşdinizmi?
- İstənilən insanla
işləyəndə çətinliklərlə üzləşirsən. Əgər kiminsə teatr haqqında anlayışı
yoxdursa, o insanla işləmək hər zaman çətinlik törədir. Normal olan insanın belə öz psixoloji
problemi olur. Deməzdim ki, böyük çətinliklə üzləşdim, xeyr. Onlarda başqa
şəxslərdə olmayan həvəsi müşahidə etdik və bu da bizə böyük stimul verdi. Bu
onlarda həm mənəvi, həm də intellektual baxımdan həvəs yaratdı ki, biz də
uğurla layihəni başa çatdırdıq. Biz indi də onlarla əlaqə saxlayırıq. Onlar
yenidən toplaşmaq və layihədən kənar tamaşa hazırlamaq istəyirlər. Bundan sonra
da biz onların yanında olacağıq.
Xəyalə Rəis



