“Təbəssümünü gizlətmə”
Azərbaycan
teatr tarixinin önəmli hadisələrdən biri haqqında qeydlərimi sizinlə bölüşmək
istəyirəm. Söhbət vaxtilə 25-26 yaşlarında bir gəncin Moskvada hazırladığı "Təbəssümünü
gizlətmə” tamaşası haqqında olacaq.
1969-cu
ildə SSRİ-nin ən nüfuzlu teatrlarından
biri Moskva Operetta Teatrında görkəmli Azərbaycan bəstəkarı Rauf Hacıyevin "Təbəssümünü
gizlətmə” (əvvəlki adı "Qafqazlı qardaşqızı”) adlı musiqili komediyası
hazırlanır. Bir məqamı da qeyd edim ki, bundan öncə R.Hacıyevin həmin teatrda
iki başqa əsəri - "Romeo mənim qonşumdur” və "Kuba, məhəbbətim mənim”
operettaları uğurla tamaşaya qoyulmuşdu. Bu dəfə isə belə razılığa gəlinir ki,
yeni tamaşanı teatrın aparıcı aktyorları ilə Azərbaycandan dəvət olunmuş yaradıcı
qrup hazırlasın. Söhbət quruluşçu rejissor Fikrət Sultanov, rəssam Adil
Quliyev, baletmeyesterlər Rəfiqə Axundova və Maqsud Məmmədov, habelə artıq bu
teatrda işləyən drijor Elmar Abusəlimovdən ibarət yaradıcı qrupdan gedir.
Tamaşanı
hazırlamaq üçün əvvəlcə tanınmış kinorejissor Tofiq Tağızadə dəvət edilmiş, o
da razılıq vermişdi. Elə həmin ərəfədə T.Tağızadənin quruluş verdiyi "Arşın mal
alan” filmi yenicə ekranlara çıxmışdı və əsərin müəllifi də T.Tağızadənin
musiqili komediya janrında əsər hazırlamaq bacarığının olduğunu nəzərə almışdı.
Lakin sonradan T.Tağızadə bu işdən imtina etmişdi. Yəqin nəzərə almışdı ki,
kinofilm çəkmək və teatr səhnəsində tamaşa hazırlamaq fərqli işlərdir, özü də
Moskva kimi güclü teatr şəhərində, yüksək professional səviyyəli aktyor heyəti
ilə... Nə də olsa, teatr canlı sənətdir. Kinoda isə montaj var.
O
illərdə R.Hacıyev Azərbaycanın Mədəniyyət naziri idi, hansı rejissoru istəsəydi,
bu işə cəlb edə bilərdi. Lakin R.Hacıyev öz seçimini gənc rejissor Fikrət
Sultanovdan yana etmişdi. F.Sultanov Moskva şəhərində assistent-stajor işləyirdi.
Eyni zamanda, gənc rejissorun Azərbaycan Dövlət Akademik Dram Teatrında iki
uğurlu tamaşası olmuşdu - bolqar dramaturqu S.Kostovun "Falçı” və Sabit Rəhmanın
"Xoşbəxtlər” pyesləri əsasında hazırlanmış tamaşalar. "Falçı” tamaşasına görə gənc
rejissor hətta SSRİ-də keçirilən Bolqar dramaturgiyası festivalında SSRİ Mədəniyyət
Nazirliyinin və Ümumittifaq Teatr Xadimləri İttifaqının diplomu ilə təltif
edilmişdi.
Tamaşa
üzərində iş 1969-cu ilin yazında başlamış və həmin ilin iyulunda başa çatmışdı.
Tamaşada teatrın aparıcı aktyorları T.Volodina, S.Varquzova, Y.Savelyev,
A.Kotova, K.Kuzmina, A.Paneviç, V.Bateyko, E.Orlevetskiy, L.Boborıkina,
Rusiyanın tanınmış estrada müğənnisi L.Leşşenko və başqaları çıxış edirdilər. Hər
rolun iki, üç, hətta, sonradan altı ifaçısı var idi. "Təbəssümünü gizlətmə” 10
ildən artıq repertuarda qalmış, qastrol səfərlərində də nümayiş etdirilmişdir.
Tamaşa o qədər uğur qazanmış və bəyənilmişdir ki, təkcə birinci mövsümdə 100 dəfə
göstərilmişdir. Rejissor vətənə qayıtdıqdan uzun illər sonra da tamaşa
repertuardan düşməmişdir. 1975-ci ildə isə SSRİ-nin aparıcı televiziya kanalı
olan Mərkəzi Televiziya səhnə əsərini tam şəkildə çəkərək, bütün ölkəyə göstərmişdir.
Tamaşa haqqında Ümumittifaq və Azərbaycan mətbuatında çox sayda resenziyalar dərc
edilmişdir.
Əsərin
müəllifi bəstəkar R.Hacıyev tamaşanın məşq prosesinə qatılmış və prosesi
yaxından izləmişdir. Hətta bir gün rejissor 9-10 yaşlarında olan qızı Nana ilə
proqona gələrək birlikdə tamaşaya baxmışdı. F.Sultanov həmin günləri belə
xatırlayır: "Tamaşanın birbaşa (proqon) məşqlərinin birində teatrın işçiləri ilə
birlikdə müəllif R.Hacıyev 9-10 yaşlı kiçik qızı Nana ilə tamaşanı seyr edirdi.
Teatr mütəxəssisləri proqon zamanı öz münasibətlərini, emosiyalarını, təbii
ki, qabarıq nümayiş etdirmirdilər.
Onlardan fərqli olaraq, Nana bütün tamaşa boyu heç bir kompleks keçirmədən
reaksiyalarını, hisslərini qabarıq şəkildə göstərir, ucadan gülür, şən əhval
yaşayırdı.
Proqon
bitəndən sonra R.Hacıyev tamaşa haqqında öz münasibətini bu sözlərlə bildirdi:
- "Uşağın reaksiyaları tamaşanın uğurunun göstəricisidir!”
R.Hacıyevin
sözlərinin və əsas da, uşağın reaksiyalarının həqiqət olduğu sonralar,
tamaşanın nümayişləri zamanı tam şəkildə öz sübutunu tapdı.
Rejissor
yeni tamaşa hazırlayarkən həmişə ustadının fikirlərinə önəm verir. Xüsusən də,
bu, gənc bir rejissordursa. Fikrət müəllim də o vaxt "Təbəssümünü gizlətmə”
tamaşasını hazırlayarkən ustadı Tofiq Kazımovun fikirlərinə ehtiyac duyur,
R.Hacıyevdən Tofiq müəllimin məşqlərə baxması üçün icazə alır: "Tamaşa üzərində
işin tamamlanma zamanı idi... Mənim öz müəllimim, ustadım T.Kazımova inamım,
hörmətim, son dərəcə yüksək idi. Ona görə də tamaşanı qurarkən mən hər an
düşünürdüm: görəsən, Tofiq müəllim mənim bu işimi, bu rejissor yanaşmamı, səhnə
həllini bəyənərdimi?
Ona
görə də mən R.Hacıyevə müraciət edərək ustadımın gördüyüm işə baxıb qiymətləndirməsini
arzuladığımı bildirdim. R.Hacıyev mənim bu arzuma müsbət yanaşdı və bir neçə
gündən sonra müəllimim Moskvaya gəldi, gördüyüm işi tam şəkildə izlədi. Məşqdən
sonra Tofiq müəllim öz fikirlərini və qeydlərini bildirdi ki, bu da məni daha
inamlı addımlar atmağa və tezliklə tamaşanı uğurla
tamamlamağa sövq etdi...
Tamaşanı
izləyənlər arasında müxtəlif səbəblərdən Moskvaya gəlmiş Azərbaycanlı ziyalılar
da olub. Bir dəfə bu ziyalılar arasında görkəmli bəstəkar Qara Qarayev
tamaşadan sonra gənc rejissorla tanış olub, söhbət etmək istəyib. O gözəl
anları rejissor belə xatırlayır: "Bir dəfə tamaşa bitdikdən sonra səhnə
arxasına gəlib bildirdilər ki, Q.Qarayev məni görmək istəyir. Teatrın foyesində
görkəmli sənətkarımızın məni gözlədiyini gördüm. Biz görüşdük, o məni uğurlu
tamaşa münasibəti ilə təbrik etdi, xoş münasibətini bildirdi. Korifey sənətkarımızın
xoş sözləri, səmimi təbriki məni cəsarətləndirdi və mən ona fikrimi və arzumu
bildirdim: "Qara müəllim, biz sizi böyük bəstəkarımız kimi sevirik və yüksək
qiymətləndiririk. Sizin bəstələriniz arasında balet, opera, simfoniya,
instrumental musiqi, teatr və kino musiqiləri var. Lakin bu siyahıda operetta,
musiqili komediya yoxdur. Arzu edərdik ki, siz bu janra da öz diqqətinizi yönəldəsiniz
və milli musiqimizi bu sahədə də zənginləşdirəsiniz. Qara müəllim gülümsədi və
dedi ki, bu barədə düşünər. Biz mehribanlıqla ayrıldıq. Bu görüşümüzdən bir neçə
il sonra görkəmli bəstəkarımız Q.Qarayev Fransız dramaturqu E.Rostanın "Sirano
de Berjerak” pyesi əsasında maraqlı muzikl yazmış və bu əsəri bizim
görüşdüyümüz Moskva Operetta Teatrına təqdim etmişdi. Əsəri teatrın bədii rəhbəri
Q.Ansimov səhnəyə qoymuşdu.
Tamaşanın
hər nümayişindən sonra gənc azərbaycanlı rejissorun adını eşidən tanınmış şəxslər
onunla tanış olur, təbriklərini çatdırırdılar. Belə görüşlərdən biri də
Yekaterina Alekseyevna ilə olmuşdu: "Yenə növbəti tamaşalardan biri bitəndən
sonra məni səhnə arxasında canfəşanlıqla tapıb söylədilər ki, Yekaterina
Alekseyevna mənimlə görüşmək istəyir. Teatrın foyesinə gəldikdə gördüm, SSRİ Mədəniyyə
Naziri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun
üzvi Yekaterina Alekseyevna Furtseva onu müşayət edən insanların əhatəsində
dayanıb və məni gözləyir. Biz görüşdük, xanım nazir məni uğurlu tamaşa ilə
bağlı təbrik etdi, öz müsbət təəssüratlarını bildirdi, kollektivə yeni
yaradıcılıq uğurları arzuladı.
Lakin
çox təəssüflər olsun ki, bütün maraqlı
görüşlərlə bağlı bircə dənə də olsun xatirə fotoşəkli çəkilməyib, olanlar sadəcə
rejissorun yaddaşımda xoş, şirin xatirə kimi qalmaqdadır.
Beləliklə,
yarım əsr bundan əvvəl teatr tariximizdə əlamətdar hadisə-Azərbaycanlı
rejissorun və yaradıcı heyətin Moskva kimi tanınmış teatral şəhərdə ilk və çox
uğurlu yaradıcılıq işi baş tutmuşdur.
Bu
gün həmin rejissor Fikrət Sultanov pedaqoq kimi neçə-neçə gənc nəsillər
yetişdirərək sənətin sirlərini onlara öyrədir və hər zaman səhnə sənətinin
böyük reformatoru K.Stanislavskinin bir fikrini təkrar edərək ona sadiq qalır -
ÖZÜNÜ SƏNƏTDƏ DEYİL, SƏNƏTİ ÖZÜNDƏ SEVMƏK LAZIMDIR...
Nigar Pirimova
Teatrşünas