Teatr təhsilimiz haqqında bəzi mülahizələr
Milli teatr mədəniyyəti
sahəsində nəsillərin biri-birini əvəz etməsi prosesi nə qədər ağrılı olsa da
labüddür. İstedadların tirajlanmadığını, yalnız ayrı-ayrı fərdlər kimi təzahür
etdiyini bilsək də, bu gun fitri bacarığın cilalanmasının məhz teatr təhsili
sayəsində mümkün olduğu həqiqəti hər kəsə bəllidir.
Biz bir zamanlar sovet
dövrünün qanadlı ifadəsi sayılan "kadrlar hər şeyi əvəz edir” cumləsinin
doqmatizminə bir o qədər əhəmiyyət verməsək də, burada bəzi həqiqət
işartılarının olduğunu da nəzərdən qaçırmaq olmaz. Sözün qısası, səhnə sənəti
üçün mühüm olan kadr təminatı, milli teatrımızın sabahı üçün fövqəladə
əhəmiyyətli bu sahədə, yəni teatr
təhsili sahəsində mövcud olan problemlərin həlli bu gün böyük həssaslıq tələb
edir.
Bəlli olduğu kimi, incəsənət sahəsi üçün
mütəxəssis kadrların hazırlanması milli mədəniyyətimizin prioritet məsələsi
olmaqla digər sahələrdən fərqlənən tədris xüsusiyyətlərinə malikdir.
Bəzən təhsil sahəsi üzrə
mütəxəssislər, ayrı-ayrı ekspertlər humanitar sahə təsnifatında, məsələn,
ədəbiyyatşünaslarla teatrşünasları az
qala eyniləşdirirlər. Halbuki musiqi təhsilində nəfəs alətləri ilə simli
alətlərin tədrisində, yaxud aktyorluğun və rejissorluğun tədrisində
spesifik sənət fərqləri mövcuddur. Və onların tədris prosesi təbii
olaraq, müxtəlif metodoloji əsaslara dayaqlanır. İndiki halda hədəfimiz teatr
sənəti üçün kadr hazırlığı məsələsi olduğu üçün bu sahədə təhsilin praktik
teatr həyatı ilə bağlılığının vacibliyi, sahələr üzrə fərqlərin təhsil
prosesindəki əhəmiyyəti üzərində düşünməli oluruq.
Müstəqil dövlət
quruculuğu dövrünün bir sıra islahatları içərisində təhsil sahəsində aparılan
islahatlar istər pedaqoji kollektivlərdə, istər çoxsaylı valideyn toplumunda
birmənalı qəbul edilmir. Belə ki, əsas iradlar Boloniya təhsil sisteminin
tətbiqi ilə bağlıdır. Onun tətbiqinin hansı elmi, ictimai ehtiyacdan irəli
gəldiyini söyləyə bilməsək də, həmin təhsil sisteminin on illərlə sınaqdan
çıxan əvvəlkindən üstünlüyü təxmini görünür. Belə ki, əvvəlki təhsil sisteminin
konkret olaraq üstünlüklərini və real uğurlarını bildiyimiz halda, Boloniya
təhsil sisteminin üstünlükləri və nikbin nəticələri müşahidə edilmir. Doğrudur,
təhsilin liberallaşması, tələbələrin demokratik seçim imkanlarının artması,
pedaqoji fəaliyyətin tələbə auditoriyası
ilə iş prosesində fərdlərə və kollektivə differensial yanaşma metodu fayda və
səmərə baxımdan perspektivli görünsə də, ümumilikdə təhsilin səviyyəsi, tələbələr arasında elmi
biliklərin mənimsənilməsi, pedaqoji heyətdə müəllimin nüfuzunun qorunması
baxımdan müşahidə edilən keyfiyyət itkiləri açıq-aşkardır. Bu zaman tədris
prosesində diqqətçəkən sənədləşdirmə formalizmi, pedaqoq və tələbə
münasibətlərində laqeydlik, fəaliyyətin imitasiyası faktları diqqət çəkir. Odur
ki, Boloniya təhsil sistemini mütərəqqi hesab edənlər onun ölkəmizin gələcəyi
üçün nə dərəcədə əhəmiyyətli olması barədə ciddi düşünməli, bu sahənin təcrübəli
mütəxəssisləri prinsipial mövqe
bildirməlidirlər.
Bu yerdə bir qədər ayaq
verib, bəzi obyektiv sayılacaq məqamlara diqqət yetirməyimiz lazım gəlir. Yəni
ölkəmizin müstəqillik qazanması ilə dünya birliyinə, o cümlədən Avropa məkanına
daxil olması, Avropa Şurasına üzvlüyə qəbulu bilavasitə onun bir sıra
beynəlxalq proseslərdə iştirakını labüdləşdirmişdir. Odur ki, ölkəmizin Avropa
məkanında gerçəkləşdirilən ali təhsilin struktur islahatları prosesinə
qoşulması təbii idi. Başqa sözlə desək, hələ 1999-cu ilin 19 iyun tarixində
Boloniyada iyirmi doqquz ölkənin təhsil nazirləri tərəfindən imzalanıb ali
təhsil sisteminin təkmilləşdirilməsini nəzərdə tutan, "Boloniya deklarasiyası”
adı alan sənədə əsasən ümumi tələblərə, meyarlara və milli ali təhsil
sistemləri müəyyən edilməklə vahid Avropa elm və təhsil məkanının yaradılması
qərara alındı. Sonralar "Boloniya prosesi” adlanan xəttə Avropa Şurasına daxil
olan digər ölkələr o cümlədən, Azərbaycan (2005-ci il) da qoşuldu. Sonrakı
illərdə, yəni 2003-cü ilin 18-19 sentyabr tarixlərində Berlin şəhərində
keçirilən sammitdə qəbul edilən bəyannaməyə əsasən ümumi Avropa tələblərinə və
standartlarına müvafiqlik "bakalavr”, "magistr” olmaqla iki pilləli təhsilə,
həmçinin "fəlsəfə doktorluğu” elmi dərəcəsi verilməsi işinə də şamil edildi. Və
elə həmin sammitdə yeganə doktorluq dərəcəsinin yalnız "fəlsəfə doktoru” dərəcəsi
olması barədə qəti qərar verildi. Əgər ali təhsil prosesinin, nəticəsi olaraq
ilk pillədə "bakalavr” sonrakı pillədə magistr təhsilinin sonunda "magistr”
dərəcələri müəyyən edilirsə, elmi tədqiqatın yekunu olaraq uğurlu dissertasiya
müdafiəsindən sonra konkret şəxsə konkret sahə üzrə "fəlsəfə doktoru” elmi
dərəcəsi verilirsə, elə olan halda hələ də
fəaliyyətdə olan yuxarıda qeyd etdiyimiz Boloniya elm və təhsil
sistemində nəzərdə tutulmayan elmlər doktoru alimlik dərəcəsi məsələsi,
həmçinin bu gün dissertasiya müdafiələrinin nəticələrini təsdiq edən dövlət
təşkilatı olan Ali Attestasiya Komissiyaları öz funksional əhəmiyyətini itirmiş
olur.
Bu olduqca geniş və çoxcəhətli mövzudur, amma onun
mahiyyəti anlaşılandır. Burada əsas niyyət ümumavropa elm və təhsil sistemi
yaratmaqla təhsil-təkmilləşmə səviyyələrinin, təhsilin modul sisteminin müəyyən
edilməsi, diplomların tanınması, mütəxəssislərin dünyanın müxtəlif bölgələrində transmilli təhsilin
aspektləri, Avropa məkanındakı əmək bazarına daxil olması və s. nəzərdə
tutulur. Başqa sözlə desək, Boloniya prosesi adı alan proses Avropa ölkələrinin
milli ali təhsil sisteminin struktur islahatlarını təmin edir. Həmin proses
yuxarıda qeyd etdiyimiz kimi başlıca məqsəd olaraq, məzunların Avropa əmək
bazarında yer tapmasına təhsil və elmi dərəcələrinin, diplomlarının
tanınmasına, ali təhsilin ikipilləli mərhələlərinin təsbit edilməsinə xidmət
edir.
Əgər nəzərə alsaq ki, Boloniya prosesi müəyyən
mənada hamar yox, ziddiyyətlidir, bəzi məqamlarda isə açıq-aşkar anlaşılmazlıq
doğurur, onda onun nöqsanlardan xali olmadığı üzə çıxır. Başqa sözlə desək,
onun üstünlükləri kimi zəif cəhətləri də mövcuddur. Məsələn, yaradıcılıq
sahələri, o cümlədən aktyor ixtisası üzrə kadr hazırlığı işində magistr
pilləsinin səmərəsi nədən ibarətdir? Yaxud təsviri sənət sahələri üçün
mütəxəssis hazırlığı üçün bəlkə də məqbul sayılacaq "Boloniya təhsil
sistemi”nin aktyor kadrlarının hazırlığına fayda verəcəyinə inanmaq çətindir.
Ən azı ona görə ki, milli aktyor kadrlarına heç MDB-də yer tapılmadığı halda
onların nə zamansa, Avropa bazarına
çıxması barədə düşünmək belə ciddi görünmür.
Nəzərə alsaq ki, məşhur Hollivud artistlərinin
əksəriyyətinin heç ali savadı yoxdur, ABŞ, Yaponiya və Çin kimi bir sıra
qabaqcıl ölkələr Boloniya sisteminə qoşulmayıbsa bu fakt, həmin ölkələrdə
təhsilin geri qalması anlamına gəlmir, həmin ölkələrin məzunlarının
diplomlarının Avropa məkanında tanınması, həmçinin Avropa əmək bazarında yer
alması mühüm hesab edilmir. Halbuki nəinki həmin ölkələrin, hətta qonşu Gürcüstanın
sovet dövründə təhsil görmüş sənət adamları Avropa mədəni məkanında çalışmaq
üçün dəvət alanda onların diplomu ilə kimsə maraqlanmır.
Milli rejissor və ya teatrşünas kadrların Avropa
bazarına daxil olmasına gəlincə, burada viza və mükəmməl xarici dilə malik olma
kimi ciddi maneələrin olması da unudulmamalıdır.
Maraqlı budur ki, "Boloniya prosesi”nin nəzərdə
tutduğu təhsil sistemi baza təhsilini, ya hər hansı alternativ təhsil
konsepsiyasını məqbul saymır. Və guya həmin elm və təhsil islahatlarına əsaslanan
təhsil sistemi daha mükəmməl olduğu üçün nəticələri heyrətamizdir. Halbuki
təcrübə və konkret örnəklər həmin sistem əsasında təhsil alan məzunların
dünyagörüşü səviyyəsinin yumşaq desək arzu edilən səviyyədə olmadığını sübut
edir. Həmin təhsil sisteminin yetirmələri arasında ixtisas dünyagörüşü ilə
bağlı Avropa paytaxtlarının birində aparılan sorğuların nəticələri heç də
qənaətbəxş deyil. Məzunların bir qismi dahi bəstəkar V.L.Bethoveni Almaniyanın
Bayer komandasının oyunçusu, başqa bir qismi isə Böyük Britaniyanın baş
nazirinin itinin adı olduğunu hesab edirlər.
Artıq on ildən artıqdır ki, ölkəmizdə bədii
yaradıcılıq sahəsi üçün kadr hazırlığı "Boloniya təhsil sistemi”nin başlıca
prinsiplərinə müvafiq işlənmiş tədris planları əsasında aparılır. Ötən dövrün
nəticələrinə ötəri nəzər yetirməli olsaq, hər hansı ciddi keyfiyyət
göstəricilərinin müşahidə edilmədiyini, həmin illərin məzunları içərisində
sənət uğurları ilə seçilən nə rejissor, nə teatrşünas, nə də aktyor
fərdiyyətlərinin gözə dəymədiyini, əksinə total savadsızlıq faktlarını qeyd edə bilərik.
Avropa ali təhsilində uzun illər ərzində, elə
indinin özündə də teatr sənəti üzrə kadr hazırlığında başlıca olaraq bir neçə
özünü təsdiq etmiş nəzəri təlimlərə (K.S.Stanislavskinin, V.Meyerholdun, J.Viların, M.Çexovun, Y.Qrotovskinin sənət
təcrübələrini ehtiva edən nəzəri və praktik təlimlərə) istinad edilir. Bu zaman
elmi-nəzəri, eləcə də praktik dərslər və məşğələlər, həmin sınanmış metodlar
əsasında həyata keçirilir.
Bu gün "Boloniya təhsil sistemi” nə müvafiq olaraq
təhsil prinsipləri, tədris planları əsaslı şəkildə dəyişdirilməklə, başlıca
hədəfin əsas etibarilə istedadlı şəxsiyyətin formalaşdırılması olduğu az qala
unudulur.
Bu gün aktyor, rejissor, teatrşünas kadrların
hazırlanmasını nəzərdə tutan tədris planlarına imtahanların yazılı formada
daxil edilməsinin hansı səmərəsi olduğunu, internet mənbələrindən köçürülmüş
yazıların tələbələrə hansı biliklər verdiyini
kim bilir?
Milli ideya carçılarından Avropaya çoxlarından daha
yaxşı bələd olan Ə.Hüseynzadə xəbərdarlıq edirdi ki, biz Avropanın
yaratdıqlarından istifadə etməliyik, amma özümüz onun mədəsində həzm
olmamalıyıq.
Bizə belə gəlir ki yuxarıda qeyd etdiyimiz
məsələlər qloballaşmanın məkrli sürprizlərinə bənzəyir və təhsil məsələlərinin
Avropada mərkəzləşdirilib, ayrı-ayrı xalqların gələcək cəmiyyət həyatının bir
mərkəzdən yönəldilməsi cəhdi ilə bağlıdır.
Əlbəttə, ölkəmiz Avropa Şurasının üzvüdür və həmin təşkilat qarşısında götürdüyü
müəyyən öhdəlikləri yerinə yetirməlidir. Amma burası da var ki, təhsil
məsələləri xalqımızın gələcək varlığı, mentalitet məsələsi olduğu üçün
ehtiyatlı və tədbirli qərar verilməsini tələb edir. Bu məqamda Ulu Öndər Heydər
Əliyevin çıxışlarının birində dediyi kimi "umümtəhsil məsələsi xalqın
mentalitetidir” və bu fəaliyyətdə "əsas
məsələ təhsilin səviyyəsidir, nəticəsidir”.
Odur ki, bu gün, 2017-ci
ildə sözü gedən təhsil sisteminin futurist perspektivdə ölkəmizin yeni
nəsillərinə nə verəcəyi barədə ciddi düşünmək vacibdir.
İsrafil
İsrafilov
əməkdar incəsənət xadimi,
filologiya üzrə fəlsəfə doktoru,
sənətşünaslıq üzrə
elmlər doktoru,
professor