Teatr mövsümün ən yaxşı mətbuat katibləri kimlərdir?
Bir mövsümün də sonuna
yaxınlaşırıq. Gələn ay teatrlarımız mövsümün son tamaşalarını oynayıb,
pərdələrini 2 aylıq bağlayacaqlar. Mövsüm ərzində teatrlarımızdan xəbər tutmaq,
ən son hadisələri həmkarlarımızdan daha tez işıqlandırmaq üçün mətbuat
xidmətləri ilə əlaqə saxladıq. Onlarla
il ərzində davamlı olaraq çalışdıq.
Bu yazımız da teatrların
mətbuat xidmətləri barəsindədir. Müxtəlif mətbuat orqanlarında çalışan
mədəniyyət yazarları ilə söhbət edib, onlardan bu il media qurumları arasında
əlaqə yaradan, ən yaxşı münasibət quran, sualları zamanında cavablandıran,
teatrda baş verən hadisələrə həmin an reaksiya verən mətbuat katibi kimliyini
xəbər aldıq. Cavabımız isə çox
gecikmədi.
"Mədəniyyət”
qəzetinin müxbiri Gülcahan Mirməmməd uzun müddətdir ki, teatr camesində
güzgü rolunu oynayır, baş verənləri canlı təsvir edərək bizləri yaradıcı
proseslərdən xəbərdar edir. O, deyir ki,
artıq neçə ildir, Opera və Balet Teatrının mətbuat katibi Şükufə
Ağamirzəyevanın iş strukturunu birinci yerdə görür: "Teatrların mətbuat
nümayəndələrində indiyədək heç bir sorğum ləngiməyib və cavabsız qalmayıb...
Tənqidə görə umu-küsü eşitməmişəm. İkinci yerdə Akademik Milli Dram Teatrı,
Kukla Teatrı və Rus Dram Teatrı durur. Gənc Tamaşaçılar Teatrının da sorğulara
obyektiv və operativ münasibəti göz qabağındadır. Əslində bu 4 teatrı
bir-birindən ayırmaq mənim üçün çətindir. Bu ilin əvvəlindən Musiqili Teatrın
mətbuat xidmətinin işində əsl canlanma yaranıb. Tamaşalarını, dəst-xəttini çox
sevdiyim 2 teatr – "Yuğ” və Pantomima teatrlarının hər hansı uğurundan,
yeniliyindən isə yalnız şəxsi münasibət vasitəsilə xəbər tuta bildiyim üçün
təəssüf edirəm. Qəzetimizin teatr haqqında yazılarını ardıcıl oxuyanlar bu
boşluğu aydın hiss edirlər”.
Bölgə teatrlarına gəlincə
isə Gülcahan xanım deyir ki, onların ayrıca mətbuat xidməti yoxdur: "Bununla
belə, sorğunu cavablandırmağa vəkil edilmiş əməkdaşlar var. Onların arasında da
operativlik Şəki teatrına məxsusdur. Yəqin ki, bəzi kollektivlər üçün hətta
onların nəzdində olduqları Mədəniyyət Nazirliyinin rəsmi orqanının sorğusuna
cavab verməkdənsə, yenilikləri "saman gəldi - Zaman öldü” prinsipi ilə işləyən
sarımtıl mətbuata ötürmək, bir neçə saat da olsa, gündəmdə qalmaq daha
önəmlidir. Necə deyərlər, özləri bilərlər, könülə zor yoxdur. Amma elə bilməyin
ki, bu, təkcə bizdə belədir. Təsəvvür edin, Yakutiya-Saxa teatrına göndərdiyim
sorğuya bir günə, Şimali Osetiya teatrına yolladığım dəqiqləşdirmə sorğusuna
isə bir həftədən sonra, həm də gecikmiş və əhəmiyyətini itirmiş cavab aldığım
da olub”.
APA
xəbər agentliyinin mədəniyyət müxbiri Cavid Zeynallı bizimlə
söhbətində bildirdi ki, teatrlardakı yeniliklərlə bağlı mətbuat xidmətləri
məlumatları vaxtaşırı mediaya ötürürlər. Bu baxımdan APA-da Heydər Əliyev
Sarayı, Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr,
Akademik Opera və Balet Teatrı, Dövlət Kukla Teatrı ilə bağlı yenilikləri
mütəmadi işıqlandırırlar: "İşdə tamaşalara baxmaq istəyən dostlarımız bilet
üçün mənə müraciət edirlər. Mətbuat xidmətlərinə bilet xahişi edəndə, hər zaman
sözümüzü eşidiblər. Fürsətdən istifadə edib, hər birinə təşəkkür edirəm.
Ümumən, teatrların mətbuat katibləri və mədəniyyət yazarları arasında hər hansı
narahatlıq yaradacaq hal müşahidə etməmişəm. Bu, belə də olmalıdır. İnanıram
ki, bu şəkildə də davam edəcək. Çünki müasir dövrdə mədəniyyət sahəsinin,
xüsusən teatr sahəsinin mətbuatın dəstəyinə çox böyük ehtiyacı var”.
Azərbaycan
Dövlət İnformasiya Agentliyinin(Azərtac) müxbiri Ceyhun Alışlı deyir ki, mütəmadi olaraq teatrlarla əlaqə qurub və
onların işlərindən də razı qalıb: "Teatrların mətbuat katibləri içərisində ən
operativi, verilən suala vaxtında cavab və edilən müraciətə zamanında operativ
reaksiya verən Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı, ikinci yerdə
Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova, üçüncü yerdə isə Opera və
Balet Teatrının mətbuat katibi Şükufə xanımdır. Bu, mənim qənaətimdir. Ola
bilər ki, digər həmkarlarıma görə vəziyyət tam başqadır”.
"525-ci
qəzet”-nin mədəniyyət yazarı, yazıçı, Şəhanə Müşfiq deyir ki, il
ərzində mütəmadi şəkildə teatrlarla əlaqədə olub və premyeralarda fəal iştirak etməyə çalışıb: "Bir mədəniyyət
yazarı kimi təəssüflə deyə bilərəm ki, teatrlarımızın mətbuat xidmətləri
kifayət qədər aktiv fəaliyyətdə deyillər. Bir neçə teatrlardan başqa, digər
mətbuat katiblərini nəinki biz müxbirlər, heç öz teatrlarının əməkdaşları da
tanımırlar. Ancaq onların arasında kifayət qədər aktiv, hadisələrə adekvat
münasibət bildirən, hər zaman rahatlıqla əlaqə saxlaya bildiyimiz, öz
premyeralarında, tədbirlərində və ya təmsil etdiyi qurumla bağlı baş verən
hadisələrdə həmkarlarını öncədən məlumatlandıran əməkdaşlar da var. Məsələn, bu
mənada ilk yadıma düşən Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid
Zeynallıdır. Cavid bəy həm jurnalistikanı, həm də teatrı, incəsənəti gözəl
bilən və işini tam məsuliyyəti ilə icra edən həmkarımızdır. Bu il İrəvan Dövlət
Dram Teatrına yeni mətbuat katibi təyin olundu - Teymur Bayramov. Onun gəlişi
ilə sözügedən teatrın mətbuatla sıx əlaqəsi başladı, sanki bir canlanma
yarandı. Düşünürəm ki, bu ən uğurlu təyinatlardan biri idi. Təəssüf edirəm ki,
bu siyahını uzada bilmirəm. Digər teatrların mətbuat katibləri bu mövsümdə də
çox passiv oldular. Tamaşalara biz yazarları, jurnalistləri mətbuat katibləri
deyil, aktyorlar dəvət edirdilər. Halbuki, əksinə olmalıdır. Həmçinin,
keçirilən tədbirlər, premyeralarla bağlı da KİV-in məlumatlandırılması çox zəif
aparıldı. Ümid edirəm ki, adlarını çəkdiyim dostlarımız digər mətbuat
katiblərimiz üçün yaxşı nümunə olacaqlar!”.
"Bakı
xəbər” qəzetinin mədəniyyət yazarı İradə Sarıyeva qeyd edir
ki, elə teatrlar var ki, mətbuat xidməti jurnalistlərdən qaçır: "Bu ya onların
təmsil etdikləri sahədən xəbərsiz olması, bu işə təsadüf nəticəsində gəlməsi,
ya da ki, mediaya mənfi münasibəti ilə bağlıdır. Mən teatr sahəsindən yazan
jurnalist kimi iki mətbuat xidmətinin fəaliyyətindən tam razıyam. Opera və
Balet Teatrının mətbuat katibi Şükufə Ağamirzəyeva və Akademik Milli Dram
Teatrının mətbuat katibi Cavid Zeynallının fəaliyyətindən, sorğulara operativ
və ətraflı cavab vermələrindən çox razıyam. Onlar mənə heç bir problem
yaşatmayıb. Amma mətbuat xidmətləri var ki, onların "qəbul”una düşmək çox
çətindir”.
Azərbaycan
Dövlət Televiziyasının "Mədəniyyət xəbərləri” redaksiyasının müxbiri, yazıçı-publisist Ülviyyə Heydərova isə
teatrların mətbuat xidmətində çalışan həmkarlarımızı qəhrəman adlandırdı: "Son bir neçə ayda "Teatro.az” saytı açıldı və çox gözəl də fəaliyyət göstərir. Mütləq şəkildə qeyd etməliyəm ki, bu sayt
sanballı, nüfuzunu qoruyan və qısa bir zamanda öz imicini yaradan bir sayt
oldu. Necə deyərlər reytinq xətrinə deyil, sənət naminə yaradılan saytdır. O ki,
qaldı teatrlarımızın mətbuat xidmətlərinə bu baxımdan Akademik Milli Dram
Teatrının mətbuat katibi Cavid Zeynallı və Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Lalə Azəri bu mövsüm daha fəal
idi. Bir də Opera və Balet Teatrının mətbuat xidməti bizi daim yeniliklər
haqqında məlumatlandırır. Onu da qeyd edim ki, teatrda çalışanları qəhrəman
adlandırıram”.
"Yeni
Müsavat” qəzetinin mədəniyyət yazarı Xalidə Gəraybu mövsüm
mütəmadi olaraq teatrlarla çalışdığını bildirdi: "Mən daha çox mədəniyyət
sahəsi üzrə yazılar yazıram və mütəmadi
olaraq teatrların mətbuat xidmətləri ilə əməkdaşlıq etməli oluram. Bunun üçün
də öz adımdan deyə bilərəm ki, təkcə bu mövsümdə deyil, daim teatrlarla media
qurumları arasında sıx əlaqə yaradan, ən son məlumatları mediaya ötürən,
suallarımıza doğru və dolğun cavab verməyə çalışan Kukla Teatrı, Musiqili
Teatr, Akademik Milli Dram teatrının mətbuat xidmətinin rəhbərlərini - Həmidə
Rüstəmova, Fəridə Aslanova, Cavid Zeynallının adlarını qeyd etmək istərdim.
Jurnalist kimi onların işindən razıyam. Lakin Opera və Balet Teatrının mətbuat
xidməti bu mövsümdə çox zəif göründü. Ümumiyyətlə, adı çəkilən teatrın gördüyü
yaradıcılıq işlərinə, teatrla bağlı ən son məlumatlara nadir hallarda rast
gəlirik”.
AzNews.az
informasiya portalının müxbiri Bahar Rüstəmli isə qeyd edir ki, teatr mövsümü boyunca
mütəmadi olaraq Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, İrəvan Dövlət
Azərbaycan Dram Teatrı, Rus Dram Teatrı, Opera və Balet Teatrı, Musiqili Teatr,
Bakı Uşaq Teatrı, Sumqayıt Dövlət Musiqi Dram Teatrı və Mingəçevir Dövlət Dram
Teatrı ilə mütəmadi iş birlikləri olub: "Məqsədimiz teatrların yaradıcılığını,
quruluş verilən tamaşalarla yanaşı eyni zamanda aktyorların qarşılaşdığı
haqsızlıqları, teatrda baş verən qalmaqalları da cəmiyyətə çatdırmaqdır.
Yuxarıda adı gedən teatrların bəzilərinin mətbuat xidmətləri fəaliyyət
göstərir. Onlar teatrda quruluş verilən tamaşalar, eləcə də tədbirlər haqqında
məlumat verirlər. Bu məsələnin müsbət tərəfidir. Amma həmin tamaşalara baxmaq
məsələsinə gələndə isə işimiz bir az çətinləşir. İl boyu İrəvan Dövlət
Azərbaycan Dram Teatrı, Bakı Uşaq Teatrı, Sumqayıt Dövlət Musiqili Teatrlarından
başqa heç bir teatrın mətbuat xidmətindən tamaşalara baxmaq üçün dəvət
almamışam. Əslində isə onlar teatrda quruluş verilən bütün tamaşaların
təqdimatlarına bizlərə dəvət göndərməlidir. Hər hansı bir teatrın tamaşasına
baxmaq istəyəndə onların bəzilərinə müraciət etsəmdə "yoxdur” cavabı almışam.
Belə olan halda məni bir sual düşündürür. Necə olur ki, biz sizin teatrın
yaradıcılığını mətbuatda işıqlandırırıq, amma siz bizə lazım olan vaxtlarda
bilet tapa bilmirsiniz? Bu səbəbdən də bir çox teatrların yaradıcılığını
işıqlandırmamaq qərarına gəldim”.
"Bizim
yol” qəzetinin mədəniyyət müxbiri İlhamə Rəsulova deyir ki,
teatr jurnalistikası ayrı bir aləmdir: "Mövsüm ərzində Musiqili Teatra yeni
təyin edilən Fəridə xanımdan çox məmnunam. Fəridə xanım gecə-gündüz işləyir.
Dram teatrın mətbuat katibi Cavid Zeynallı da onun kimi. Onlar mütəmadi olaraq
press-reliz göndərməklə bizi teatrda baş verən yaradıcı proseslərdən xəbərdar
edirlər. Amma arzu edərdim ki, press reliz göndərməklə məhdudlaşmasınlar, müxtəlif
tədbirlərə dəvət etsinlər. Bunu görməmişəm mənə qarşı. Hansısa tamaşalara,
premyeralara dəvət etsinlər. Teatrdan yazan jurnalistlər və teatr tənqidçiləri
elə aktyorların iştirakı ilə tamaşa barədə müzakirə aparsınlar, yaxşını pisi
desinlər. Bu, irəliləyiş və yenilik olardı məncə”.
Təbii ki, qeyd etdiklərim
həmkarlarımın bir qisminin fikirləri idi. Onların rəyinə əsasən, ilin ən yaxşı
mətbuat katiblərinin siyahısını tərtib etsək, ilk yerləri Opera və Balet
Teatrı, Akademik Milli Dram Teatrı, Musiqili Teatr, Gənc Tamaşaçılar Teatrı,
Kukla Teatrı və Rus Dram Teatrı tutur. Mövsümün ən az çalışan və mətbuat nümayəndələrinin
suallarını zəif cavablandırmayan mətbuat xidmətləri isə Pantomima və "Yuğ”
teatrıdır.
Xəyalə
Rəis