Teatr da mənim övladımdır
Asif Şirinov: "Füzuli Teatrında 17 yaşından 70
yaşına qədər həvəskar aktyorlar var”
Bütün
həyatını, ömrünün ən gözəl illərini teatra həsr edən insanlar əsl fədaidirlər.
Onlardan biri də müsahibim Füzuli Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar
artist Asif Şirinovdur. Avqustda 60 yaşını qeyd edən rejissor ömrünün 40 ilini
Füzuli teatrına həsr edib. Deyir ki, teatrda 60 yaşı təntənəli şəkildə qeyd
olunub. Dəyərləndirilmək, diqqət mərkəzində olmaq yaradıcı insan üçün əsl
stimuldur.
-
Bir sənətkar üçün 60 yaş nə deməkdir?
- Ömrümün 60 ilinin 40 ilini
teatra həsr etmişəm. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
məzunuyam. Ali təhsil aldıqdan sonra nazirin əmri ilə, təyinatla Füzuli teatrına
göndərilmişəm. O gün bu gündür ki, bu teatrın bir əsgəriyəm. Bu illər ərzində teatrımız
ağrılı günlər yaşayıb. Xalqımızın başına gətirilən hadisələrin canlı şahidinə
çevrilmişik. Qaçqınlıq günləri yaşadıq və təbii ki, yaşanan hadisələr
mədəniyyət ocağı olaraq, Füzuli Teatrına təsirsiz ötüşməyib. Həmin illərdə bir müddət
teatrımız Sumqayıt Dövlət Dram Teatrının nəzdində fəaliyyət göstərdi. 10 ildən çox
sözügedən teatra sığındıq. Bütün bunların timsalında Füzuli Teatrının qapıları bağlanmadı.
2003-cü ilin noyabr ayından teatr
Mədəniyyət Nazirliyinin və Füzuli rayon İcra Hakimiyyətinin razılığı ilə
Horadiz qəsəbəsi mədəniyyət evinə köçürüldü. Biz burada A.P.Çexovun "Ayı”,
L.Rəşidzadənin "Toya bir gün qalmış”, yeni quruluşda S.Axundovun
"Bəndalı bəndə düşüb”, A.Şaiqin "Bir saat xəlifəlik”, R.Tomanın
"Tələ”, C.Məmmədquluzadənin "Kamança”, T.Məmmədovun "Ana abidəsi”,
C.Məmmədov və F.Məhərrəmovun "Sevməyə vətən yaxşı”, S.M.Qənizadənin "Nəbəkar
qonşu”, İ.Məlikzadənin "Subaylarınızdan görəsiniz”, A.Səfərlinin
"Qarabağım qan ağlar” və s. əsələrini tamaşaya qoyduq. İndi çox şükür, hər
şey öz qaydasındadır.
-
Asif bəy, istərdik aktyorluğu bitirib, rejissorluğa gedən o keşməkeşli yola
bizimlə birlikdə nəzər salasınız.
- 1980-ci illərdə Füzulidə xalq
teatrı fəaliyyət göstərirdi. Texnikumu bitirdikdən sonra teatrda həm səhnə fəhləsi,
həm də aktyor kimi çalışmağa başladım. 1989-cu il avqust ayının 4-də Füzuli Dövlət Dram Teatrı yarandı.
Azərbaycan SSR Mədəniyyət Nazirinin əmri ilə əvvəllər Füzuli rayon Mədəniyyət
evinin direktoru işləmiş Vəliyev Vaqif Zülfü oğlu teatrın direktoru təyin
edildi. Həmin ildə teatrda aktyor olaraq fəaliyyətə başladım. 100-dən çox
tamaşada aktyor kimi çıxış etdim. 2005-ci ildə quruluşçu rejissor, 2007-ci ildə
isə baş rejissor vəzifəsinə təyin edildim. Bu günə qədər 40-a yaxın tamaşa
hazırlamışam. Füzuli Teatrında həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərmişəm.
Bilirsiniz ki, 1995-97-ci illər teatrda məvacib
çox az idi. Həmin illər üç şirvan maaş alırdıq. İndi isə vəziyyətimiz çox yaxşıdır.
-
40 ildir ki, bölgə teatrında çalışırsınız. Sizi teatra bağlayan sevgi hardan
qaynaqlanır?
- Uşaq vaxtı kəndimizdə tamaşa
göstəriləndə həvəslə izləyirdim. Hətta gəlib ön sırada otursam da, məni o
yerdən qaldırırdılar. Anamdan hər dəfə xahiş edirdim ki, məni teatra gətirsin. O
zaman anam mənim təkidlərimi gördü və xalq teatrının direktoru Mələksimə Həsənovanın
yanına gətirdi. Dərsdən çıxıb, xalq teatrına gedirdim. Elə bir dönəmə gəlib
çatmışdım ki, teatrdan ayrıla bilmirdim.
-
Həyat yoldaşınız İntizar xanım da Füzuli Teatrında çalışır. Bir ailədə rejissor
və aktrisa necə yola gedir?
- Olur ki, məşq zamanı İntizara hansısa göstərişləri verir və
işimdən irəli gələrək səsimi yüksəldirəm. Belə olduğu halda evdə mənə "Niyə kollektivin
içində mənimlə sərt danışdın?” deyir. Onda izah edirəm ki, bu mənim vəzifəmdir və
mən heç kəsə güzəşt edə bilmərəm. Füzuli teatrında 25-ə yaxın aktrisa var və onların
hər biri mənim üçün eynidir. Onların hamısı mənim övladım, dostumdur. Bizim teatrda
17 yaşından 70 yaşına qədər həvəskar aktyorlar var.
-
Bu gün bölgə teatrlarında ixtisaslı kadr çatışmazlığı var, bəs Füzuli teatrında
vəziyyət necədir?
- Teatrda ona yaxın
ixtisaslı kadrımız var. Onlarla maraqlı tamaşalar hazırlayırıq. Teatrın nəzdində
istedadlı gənclərin də müraciət etdiyi studiyamız fəaliyyət göstərir. Ən çox da
qadınlar teatrda çalışmaq istəyir. Studiyada həftədə iki dəfə dərslərimiz olur.
Bizə daha çox müəllimlər və fərqli peşə sahibləri müraciət edir.
-
Bir rejissor olaraq həvəskar aktyorlarla çalışmaqda çətinlik çəkmirsinizmi?
- İlkin mərhələdə çox çətinliklərimiz
olur. Amma onlara səhnə plastikasını, aktyor sənətini öyrətdikdən sonra nizama düşürlər.
4-5 aylıq məşq prosesindən sonra artıq görürsən ki, o insandan istədiyin nəticəni
ala bilirsən. Füzuli torpağı istedadlı insanlar yetişdirir.
-
Füzuli Teatrı qastrol səfərlərinə gedirmi?
- Əlbəttə. Misal üçün
Noyabrın 18-də Şəki Dövlət Dram Teatrında qastrolda idik. Noyabrın 21-də Lənkərana,
23-də Gəncəyə qastrol səfərinə getdik.
-
Hazırda teatrda hansı tamaşalar hazırlanır?
- 2018-ci ildə Elçinin "Qatil”
tamaşasını təhvil verdik. Uşaq tamaşalarından "Ələddinin sehirli çırağı”, Əhməd
Orucun "Nənəmin kələyi” tamaşasını hazırladıq. 2019-cu ildə "Sadığın toy gecəsi”,
Əli Səmədlinin "Əhmədin vəfalı xoruzu”, hazırda isə Abdulla Şaiqin "Bir saatlıq
xəlifə” tamaşasının son məşqləri gedir. Cəlil Məmmədquluzadənin yubileyi ilə əlaqədar
növbəti mövsüm "Kişmiş oyunu”nu səhnələşdirmək istəyirik. Bu zamana qədər isə
biri-birindən maraqlı əsərlərə səhnə həlli vermişəm. Belə ki, "Qarabağım qan
ağlar” (A.Səfərli), "Yağışdan çıxdıq yağmura düşdük”, "Daldan atılan daş topuğa
dəyər”, "Adı var, dadı yox”, "Müsibəti-Fəxrəddin” (N.Vəzirov), "Bəndalı bəndə
düşüb” (S.Axundov), "Tamahkar”, "Şahsənəm və Gülpəri”, "Eşq və intiqam”
(S.S.Axundov), "Vicdanın hökmü”, "Xəcalət” (H.Mirələmov), "Unuda bilmirəm”
(İ.Əfəndiyev), "Kamança” (C.Məmmədquluzadə), "Hacı Qara” (M.F.Axundzadə),
"Varlı qadın” (Ə.Əmirli), "5 manatlıq gəlin” (M.S.Ordubadi), "Ana abidəsi”
(T.Məmmədov), "Çimnaz xanım yuxuda” (S.Rüstəm), "Subaylarınızdan görəsiniz”
(İ.Məlikzadə), "Olmadı elə, oldu belə”, "Özümüz bilərik” (Ş.Qurbanov), "Qatil”
(Elçin) tamaşalarını misal göstərə bilərəm.
-
Füzuli Teatrı düşmənlə sərhəddə fəaliyyət göstərir. Yəqin ki, belə bir şəraitdə
çalışmaq sizin işinizə də öz təsirini göstərir?
- Hər axşam səngərdə atışmalar
olur və biz o səsləri eşidirik. Ancaq bu torpağın insanları çox mərddirlər. Elini,
obasını, yurdunu tərk etmirlər. Əksinə, iki əlli torpağa sarılırlar. Biz də çalışırıq,
fəaliyyət göstəririk. Axı, bura bizim evimizdir. Bu kənddə 80 faiz yaşayış var.
Kənd camaatı əkin-biçin, heyvandarlıqla məşğuldurlar, biz heç nədən qorxmuruq.
-
Belə bir bölgədə teatrı yaşatmaq və yaradıcı prosesi davam etdirmək üçün, həqiqətən,
böyük ürək sahibi olmaq lazımdır. Yəqin ki, bu bölgədə fəaliyyət göstərməyiniz sizin
repertuarınıza da böyük təsir göstərir. Bu istiqamətdə siz baş rejissor olaraq hansı
işlər görürsünüz?
- Rejissorun işi tamaşa hazırlamaqdır.
Mən də bu yöndə tarixi əsərlərə müraciət edirəm və bizim repertuarımızda buna hesablanmış
bir çox tamaşalarımız var. Biz daha çox məktəblərlə işləyirik. Çünki məktəbliləri,
yetişməkdə olan gəncləri, ilk növbədə, teatrla tanış edir və onun vasitəsi ilə tarixdən
bəhs edir, düşmənlərimizin kimliyini izah etməyə çalışırıq. Qoy, bu gənclər bizim
keçmişimizi unutmasınlar. Onlar da torpağına, vətəninə, millətinə sahib çıxsınlar.
Biz məktəblərdə tamaşa göstərməklə yanaşı, eyni zamanda şagirdlərlə bu istiqamətdə
diskussiyalar edirik. Məktəblərdə şagirdlərin özlərinin iştirakı ilə maraqlı tamaşalar
hazırlayırıq. Belə olduqda həmin yeniyetmələr həm praktiki üsulla, həm də özlərinin
gördüyü şəkildə hər şeyi qəbul edirlər. Onların beyni ağ kağız kimidir. Həqiqətləri
onlara bu şəkildə təqdim etsək, gələcəkdə daha vətənpərvər övladlar yetişdirə bilərik.
Bu baxımdan, üzərimizə böyük yük düşür.Teatrımızın repertuarına
nəzər salsanız, orada vətənpərvərlik ruhunda hazırlanan tamaşaların üstünlük
təşkil etdiyinin şahidi olarsınız.
-
Ömrünüzün 40 ilini teatra həsr etmisiniz. Həyatınızın müəyyən dönəmlərində
peşmançılıq hissi keçirirsinizmi?
- Həyatın müəyyən
dönəmlərində bu barədə çox düşünmüşəm. Olub ki, iş prosesində hansısa problemlər
yaşayıram və o zaman ağlımdan "bəlkə də” keçir. Ancaq mənim xəmirim teatrda
yoğurulub. Teatrı çox sevirəm və bura mənim ikinci evimdir. Özümü başqa bir
yerdə görmürəm. Hərdən nəvələrim şikayət edir ki, onları görməyə getmirəm. Axı,
teatr da mənim övladımdır.
Xəyalə
Rəis
Teatrşünas