Teatr 147-ci mövsümdə tamaşaçılarını salamladı

Teatr 147-ci mövsümdə tamaşaçılarını salamladı

19 Sentyabr 2019, 12:37 223
Teatrlarımız yeni mövsümə başladı. Artıq bir neçə ildir ki, ölkədə teatr mövsümünün başlanğıcı teatr ictimaiyyəti tərəfindən sentyabrda, ayrıca bir gündə və hər dəfə də fərqli məkanda xüsusi mərasimlə qeyd edilir. Bu dəfəki mərasimin ünvanı Şuşa Dövlət Musiqili Dram Teatrı oldu. Burada Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü rəsmi şəkildə açıq elan edildi.
Mövsümün məhz Şuşa Teatrının səhnəsində başlanması heç də təsadüfi deyildi. Xatirinizdədirsə, ötən mövsümdə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 6 ünvanında yerləşən keçmiş "Savalan” kinoteatrının binası Şuşa teatrının ixtiyarına verilmişdi. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə aparılmış tikinti və yenidənqurma işlərindən sonra ötən il dekabrın 24-də teatrın binasının açılışı keçirilmişdi. Burada kollektivin yaradıcı fəaliyyəti üçün şərait – 110 nəfərlik tamaşa salonu, müasir səhnə, rahat məşq və qrim otaqlarının olduğunu qeyd etmişdik.
1992-ci ildən "məcburi köçkün” həyatı yaşayan, şəraitsizlik üzündən nizamlı yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilməyən Azərbaycanın ən qocaman teatr kollektivlərindən biri - Şuşa teatrı üçün bu binanın da müvəqqəti bir məkan olduğunu vurğulamışdıq. Çünki teatrın kollektivi bütün şuşalılar kimi öz doğma şəhərinə qayıdacağı günün həsrətindədir. Yeni teatr mövsümünün burada açılması isə bir icmarıc idi. Beləliklə, Şuşa Dövlət Musiqili Dram Teatrı yeni binasının qapılarını milli teatr mövsümünün açılışına təşrif buyuranların üzünə taybatay açdı.
Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və digər rəsmi şəxslər, teatr direktorları, Mədəniyyət nazirliyinin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.
Yeni teatr mövsümünün açılış mərasimində çıxış edən Əbülfəz Qarayev ilk növbədə kiçik auditoriyada tamaşaçıları salamladı. Qeyd etdi ki, mövsümün  Şuşa Dövlət Musiqili  Dram Teatrında açılışının xüsusi mənası var: "Azərbaycan xalqının heç vaxt sağalmayan yarası var və bu yara hər bir vətəndaşın ürəyinə ağrı verməkdə davam edir. Lakin Azərbaycan xalqının tarixi və onun gerçəkliyi bu gün də bizə imkan verir ki, gələcəyə nikbin baxaq. Bu mövsümdə digər teatrları məhz Şuşa Teatrından salamlamağımız o deməkdir ki, torpaqlarımız işğal altında olsa da, o torpaqlarda böyüyən yaradıcı insanlar öz istedadlarını nümayiş etdirməyə imkan tapırlar və yaradıcı axtarışlardan geri qalmırlar. Ümid edirik ki, növbəti mövsümü onlarla bərabər işğal olunmuş torpaqlarda fəaliyyət göstərən teatr binalarımızda açaq və sevinək ki, yenə də Şuşa teatrı öz torpaqlarındadır. Bu gün cənab prezidentin siyasəti nəticəsində yeni məkanlar, geniş şəhərciklər salınır, vətəndən ayrı düşmüş soydaşlarımız üçün hər bir şərait yaradılır. İnsanlar öz yaradıcılıq fəaliyyəti ilə məşğul olurlar. Bu binanın Şuşa teatrının sərəncamına verilməsi dövlət tərəfindən onlara göstərilən qayğının, diqqətin əsas göstəricisidir. Qaçqınlıq dövrünü yaşayan Şuşa Teatrı bu gün də fəaliyyətini davam etdirir və yeni yaradıcılıq imkanları əldə edir”.
 
Nazir mövsümün açılışının Şuşa Teatrında keçirilməsinə aydınlıq gətirdikdən sonra yeni mövsümdə nəzərə tutulan planlardan da danışdı. Bildirdi ki, bu mövsüm  İrəvan Dövlət Dram Teatrının binası ilə bağlı məsələ nəzarətə götürüləcək: "İrəvan xanlığının adını daşıyan və bizi tariximizi unutmamağa sövq edən İrəvan Dövlət Dram Teatrının  mövcudluğu tariximizi sübut edən bir faktdır. Biz buna da laqeyd olmamalıyıq. İnanıram ki, növbəti mövsümdə bu teatrın da qapılarını tamaşaçıların üzünə açacağıq. Digər mələsə isə Tiflis teatrı ilə bağlıdır. Bu il Gürcüstan dövləti ilə danışıqların məntiqi nəticəsi olaraq, nəhayət ki, hazırda Tiflisdədə öz fəaliyyətini davam etdirən Tiflis Teatrı yeni məkanda ilk addımlarını atmalıdır. Daha sonra Dərbənddə Azərbaycan teatr məkanını genişləndirmək niyyətindəyik. Bizim teatrın tarixi Bakıda başlamayıb. Teatrımız öz tarixini Şuşada, İrəvanda, Tiflisdə, Lənkəranda və digər şəhərlərdə başlayıb. Görkəmli ziyalılarımız, ədiblərimiz, dramaturqlarımız evlərində, Natəvanın qızının evində ilk tamaşaları təqdim edəndə teatrın gələcəyi haqqında düşünürdülər. Bugünkü gün onu göstərir ki, o yol hədər getmədi. 147 yaşlı Azərbaycan teatrı yaşayır, inkişaf edir, həyatını uğurla davam edirir”.
Ə.Qarayev bu mövsüm bir neçə teatrların yubileyinin qeyd olunacağını vurğuladı və yubileylərin önəmindən bəhs etdi: "Bu mövsüm Akademik Milli Dövlət Dram Teatrının dövlət statusu səviyyəsində işləməsinin 100 illiyi tamam olur. Bu 100 illik yubiley bütün teatr ictimaiyyətində böyük maraq doğuracaq. Bu il, həmçinin,  Azərbaycan Dövlət YUĞ teatrının yubileyi qeyd olunacaq. Onunla bağlı bir neçə silsilə tədbirlər keçirməyi düşünürük. YUĞ teatrını gözəl günlər gözləyir. Yaradıcı kollektivin şəraiti haqqında daha ciddi düşünəcəyik və bu məsələnin həlli üçün bir yol tapacağıq. Paralel olaraq, artıq Azərbaycan Dövlət Pantomima teatrının binası ilə bağlı işlər başlayıb. Gəncədə isə Heydər Əliyev Fondu tərəfindən Gəncə teatrının bərpası işləri aparılır. Çox maraqlı və gözəl bina olacaq və Gəncədə bizim yeni bir teatrımız fəaliyyət göstərəcək. Bunlar çox dəyərli və lazımlı addımlardır. Teatr canlı sənət növüdür, buna baxmayaraq, onun da axsayan, ağrıyan, çətin məqamları olur. Ancaq bütövlükdə teatrın fəaliyyətinə baxsaq, çox sağlam, bacarıqlı, iradəli, möhkəm bir bədən, canlı görmüş olarıq. Sevinirəm ki, Azərbaycan teatrı artıq tək ölkəmizin daxilində deyil, beynəlxalq səviyyədə də ləyaqətlə təmsil olunur. Onu demək kifayətdir ki, ötən mövsüm teatrlarımız 10-dan çox ölkədə beynəlxalq festivallarda iştirak ediblər və uğur qazanıblar”.
Nazir tədbir iştirakçılarına ötən mövsümdə görülən işlərdən bəhs etdi. Bildirdi ki, Azərbaycan teatrının inkişaf proqramının 2019-cu ildə bitməsinə baxmayaraq, cənab prezident İlham Əliyevin teatra xüsusi diqqət və qayğısını hiss etməkdə davam edirik: "Cənab prezident 2019-cu ildə teatrın inkişafına o qədər böyük dəstək verdi ki, sanki yeni bir proqram başlandı və əminik ki, bu proqramın davamı olacaq. 1 Mart tarixində cənab prezident və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ziyalılarla görüş keçirildi.  Görüşdə teatr xadimlərinin də təqdim etdiyi layihələr və problemlərin müzakirəsi baş tutdu, teatrlarımızın maddi-texniki bazası yaxşılaşdı, fəxri adlar və mükafatlar verildi. Bu proses yenə də davam edəcək. Ölkəmizin rəhbərliyi teatr sənətinin inkişafına hər zaman olduğu kimi, böyük həssaslıqla yanaşaraq, bunu daim diqqətdə saxlayacaq. Bizim də işimiz odur ki, bu problemlərin üzərində işləyək, çətinlikləri dəf edək. Azərbaycan teatrı daxilində olan mühiti möhkəmləşdirək, salğamlaşdıraq. Fürsətdən istifadə edib ötən mövsüm teatrlarımızda çalışan yaradıcı kollektivlərə təşəkkürümü bildirmək istəyirəm. Sizin əməyiniz hər zaman xalq tərəfindən dəyərləndirilir. Əminəm ki, növbəti mövsüm də bizim üçün çox maraqlı və dəyərli olacaq”.
Nazir bu mövsüm yubileyi olan dahi sənətkarlarımızı və dramaturqlarımızı da unutmadı. Bildirdi ki, bu il Azərbaycanın böyük ədibi Cəfər Cabbarlının 120 illiyi ilə bağlı tamaşaların gerçəkləşməsi prosesi başlanacaq: "Bütün teatrlarda onun əsərləri əsasında yeni tamaşalar hazırlanacaq. Biz onun Xızıdakı Ev muzeyi ilə maraqlanırıq. Bakıda yerləşən muzeyi ilə bağlı lazımi işlər aparılır. Əminəm ki, bu məsələ də tezliklə öz həllini tapacaq. Eyni zamanda, Cəlil Məmmədquluzadənin yubileyi ilə bağlı silsilə şəklində maraqlı layihələrimiz olacaq. Bu silsilə proqramlar Azərbaycan teatrında yeni düşüncəyə, yanaşma tərzinə, yeni yaradıcılıq tapıntılarına yol açaraq, tamaşaçıların qarşısına keyfiyyətli məhsulla çıxmağa imkan verəcək. Baxmayaraq ki, bizim klassik əsərlər səhnələşdiriləcək, bu əsərləri müasir tərzdə, müasir təqdimatda bu günün tamaşaçılarına təqdim etmək olduqca vacibdir. Teatr Xadimlər İttifaqı tərəfindən gerçəkləşən layihələr, müsabiqələr - bunlar hamısı gənc nəslin teatra doğru gəlməsinə böyük bir təkan verir və mən əminəm ki, bu proses davam edəcək. Teatr daim Azərbaycan xalqının ürəyində yaşayan sənət növüdür. Hesab edirəm ki, müasir texnologiyalar dövründə yaşamağımıza baxmayaraq, canlı teatrın yerini heç nə əvəz edə bilməz. Azərbaycan teatrı yaşayır, yaşayacaq, bu teatrın yaşamasında görkəmli teatr xadimlərinin, fədailərin əməyi əvəzsizdir. Halal edin, növbəti illərdə Azərbaycan xalqına daha maraqlı, daha gözəl teatr hadisələri bəxş edin. Bayramınız mübarək!”.
Açılış mərasimi bitdikdən sonra ev sahibi olan kollektiv bu mövsümün ilk premyerasını təqdim etdi. "Kitabi-Dədə Qorqud” dastanının boyları əsasında yazıçı-dramaturq Altay Məmmədovun qələmə aldığı "Dəli Domrul” pyesi oynanıldı.
 
Xəyalə Rəis
Teatrşünas