Tbilisi Loves You
Tbilisinin mərkəzi küçələrində şifrəsiz internet şəbəkəsinin
(WI-FI) adı belədir. Hər küçəsindən, hər daşından sevgi yağan Tbilisidə olmaq həmişə
bayramdır. Xüsusən də, əgər bu şəhərə teatr festivalında iştirak etmək üçün gəlmisənsə.
Bu il atrıq 10-cu dəfə keçirilən Tbilisi Beynəlxalq
Teatr Festivalı və onun çərçivəsində Georgian showcase (Gürcüstan şoukeysi) baş
tutdu. Mən də gündəlik rutin işlərdən qopub festivalda iştirak etdim və özüm
üçün kiçicik bir nəfəslik açdım. O nəfəslikdən aldığım tər-təmiz teatr havasını
təkcə öz ciyərimə çəkməmək üçün düşündüm ki, mütləq festival haqqında bir yazı
yazmalıyam. Təbii, festival çərçivəsində nümayiş olunan bütün tamaşalardan
yazmaq real görünmür, əslinə qalsa, şəxsən özümdən ötrü maraqlı da deyil.
Ki, şoukeysin ilk günündə cəmi 4 tamaşa nümayiş
olundu. "Çexovun gülüşü” (Teatr Globe Rustaveli 19), "Birə və qarışqa”
(N.Dumbadze adına Peşəkar Dövlət Gənclər Teatrı), "Kuraj ana və uşaqları”
(Tumanişvili Kino Aktyorları Teatr Studiyası) və "Marat/Sad” (İlia Çavçavadze
adına Dövlət Universitetinin "İlianu” teatrı).
"Kalbatono Kuraj”
Yəni, "Kuraj ana və uşaqları” (Tumanişvili Kino
Aktyorları Teatr Studiyası). B.Brextin dünyaca ünlü pyesi əsasında rejissor
Gerogi Sixarulidzenin quruluş verdiyi tamaşa festivalın ən yaxşılarından idi.
Brextin pyesini 55 dəqiqəyə "sığdıran” rejissor mətn
üzərində ciddi əməliyyat aparıb, ixtisarlar və əlavələr edərək mətni çağdaş
dövr üçün son dərəcə aktual ədəbi əsasa çevirib.
G.Sixarulidzenin tamaşası müharibə haqqındadır. Hər
hansı müharibə haqqında yox, ümumiyyətlə müharibə haqqında. Müharibənin bəşəriyyəti
necə məhvə sürükləməsi, insanların düşüncəsini, hisslərini necə dəyişməsi, mənəvi
deqradasiyaya səbəb olması haqqında. Rejissorun səhnə interpretasiyasında
müharibə sözü şər anlayışı ilə qafiyələnir. Tamaşa müharibə haqqında soyuq
mühakimə yürütmür. Əksinə, gündəmə gətirdiyi problemi emosional (hətta bəzən
ifrat emosional) şəkildə şərh edir. Oyunçular ifa etdikləri obrazlardan
yadlaşdıqları qədər onlara yaxınlaşır, hətta müəyyən məqamda identikləşirlər.
Doğrudur, Gürcüstan reallığına o qədər də yaxından bələd deyiləm, ancaq mənə elə
gəldi ki, gürcülərin "Kuraj”ı ən çox elə gürcülərin özləri haqqındadır, öz
müharibələri, öz tarixləri, siyasi hadisələri haqqında. Hər halda, tamaşada
Gürcüstan gerçəkliyinə göndərmələr kifayət qədərdir.
Canlı muzey
eksponatları
Tamaşa üçün düşünülmüş səhnə modulu (rəssam Teo
Kuxianidze) orijinaldır, olduqca maraqlıdır, çox qısa zaman ərzində
transformasiya oluna bilir və bununla da xırda detal dəyişikliyi ilə müxtəlif məkanları
simvollaşdırır. Tamaşa başlayan kimi səhnədə rəngarəng ekzpoziyası olan müasir
hərbi muzey görürük. Səhnənin kənarlarında içində muzeyin müxtəlif döyüş geyimləri
asılmış şüşə otaqları yerləşdirilib. Bu tərtibat gözəgəlimli olduğu kimi, həm də
olduqca funksionaldır. Tamaşanın müəllifləri bu moduldan istifadə edərək, əsas
ideyanı vurğulayırlar. Bircə dəqiqə öncə tarixin qalığı kimi qavradığımız donmuş
muzey eksponatları qarşımızda canlanır və günümüzün insanlarına çevrilirlər.
Bununla rejissor, bəlkə də, "Kuraj ana və uşaqları” pyesinə müraciət etməsinin əsas
səbəbi olan ideyanı həm də vizual şəkildə tamaşaçıların beyninə yeridir:
müharibə heç vaxt köhnəlmir, heç vaxt tarix olmur. Müharibə hər an canlana,
yenidən təkrarlana və bizim rəvan həyatımızı alt-üst edə bilər. Eynən Anna
Firlinqin ailəsinin həyatı kimi.
Arabasız Anna Firlinq
Tamaşada "Kuraj ana və uşaqları” əsərinin səhə təcəssümləri
üçün ənənəvi hal sayılan arabaya da rast gəlmirik, o arabanın üstünə taxılan
"ingilis bayraq”larına da.
Səhnənin arxa hissəsində asılan ekran isə muzeyin
videobələdçisi kimi "oxunur”. Ekranda müxtəlif müharibələrdən kadrlar nümayiş
etdirilir, müharibənin dəhşəti daha açıq və vizual şəkildə tamaşaçılara
çatdırılır.
Hənuz. Ən dəhşətlisi bu deyil. Heç XVII əsrdə baş
vermiş otuz illik müharibələrdə, yaxud Cahan savaşlarında milyonlarla insanın
ölümü də ən dəhşətlisi deyil. Ən dəhşətlisi odur ki, müharibədə üç uşağını itirmiş
bir qadın – Kuraj ləqəbli Anna Firlinq müharibə istəyir. Çünki müharibə ona
lazımdır. Kurajın bu sözləri tamaşanın leytmotivi kimi çıxış edir. Müharibə
lazımdır. Hamı müharibənin dəhşətlərini duyur, görür, anlayır. Amma buna rəğmən,
müharibənin olmasını istəyir. Dünyada müharibənin dəhşətləri haqqında minlərlə əsər
var, teatr tamaşası, film var. Lakin bəlkə də bu bədii əsərlərin heç biri
Kurajın "Mənə müharibə lazımdır” – sözləri qədər dəhşətli səslənmir. Hərdən
adama elə gəlir ki, Kuraj elə Almaniyanın özüdür – müharibə istəyir, müharibəni
biznesə çevirir – ancaq müharibədən ən çox əziyyət çəkən də elə özü olur.
Giorgi Xotsitaşvilinin musiqisi, sadəcə, tamaşanın
ideyasının açılmasına xidmət etmir, müəyyən məqamlarda hadisələr xətti məhz bu
musiqinin üzərində qurulur. Xüsusən, Brextin "zonq”larının ifası zamanı musiqi
öz apogeyinə çatır və müharibəyə qarşı üsyan nidalarına çevrilir. Zonqlar
tamaşanı Brextin epik teatrına daha da yaxınlaşdırır və yabançılaşma effektinin
əldə olunmasına şərait yaradır.
Nineli Chankvetadzenin intellektual empatisi
"Kuraj ana və uşaqları”
tamaşasının uğurlu alınması üçün, ilk nöbvədə, Kuraj rolunun ifaçısı
tapılmalıdır. Tumanişvili adına teatrda beləsi var – Nineli Chankvetadze.
Açığı, bu aktrisanı birinci dəfədir ki, səhnədə görürdüm. Heç əvvəllər də
haqqında heç nə eşitməmişdim. Ancaq əminəm ki, Nineli intellektual aktyor tipinə
mənsubdur. Çünki Brextin bədii və elmi yaradıcılığına bələd olmadan, onun teatr
fəlsəfəsinin mahiyyətini dərk etmədən belə Kuraj oynamaq müşküldür. Aktrisa
Anna Firlinqin faciəsini "yaşamağa” çalışmır, buz kimi soyuq, təmkinli ifası ilə
səhnədə baş verənlərin və baş verəcəklərin dəhşətini rampanın bu biri tərəfinə
ötürür. Emosional ifadə vasitələrindən son dərəcə xəsisliklə istifadə edən
aktrisa tamaşaçı zalını passiv müşahidəçi mövqeyindən çıxararaq, hadisələrin
iştirakçısına, tənqidçisinə, hətta bəzən hakiminə çevirməyi bacarır. Maraqlıdır
ki, bunun üçün heç bir "açıq sistemə”, "bayağı interaktivliyə”, zalla bilavasitə
dialoq qurmağa ehtiyac qalmır. İfaçının tamaşaçı zalı ilə ünsiyyəti intellektual
empatiyə söykənir. O, seyrçini duyğulandırmaq, onu riqqətə gətirmək, ağlatmaq
yox, onu səhnədə baş verənlərlə, deyilənlərlə virtual mühakiməyə cəlb etmək istəyir.
Səhnədə aktyorlardan "obraza girmək, ağlamaq, sızlamaq, çığır-bağır salıb
emosional partlayış yaratmaq” gözləməyən rejissorun yozumuna söykənən aktyor
epik teatrın təhkiyə üslubunu qəbul edib də, "oyun şərtlərinə” uyğun olaraq,
hadisələrə rasional yanaşır, təhlil edir, qənaətlər çıxarır və seyrçini də bu əməliyyata
cəlb edir.
Nəfəs almaq mümkün deyil
Tumanişvili teatrının
tamaşasında peşəkar aktyorlarla yanaşı, Şota Rustaveli adına Gürcüstan Dövlət
Teatr və Kino Universitetinin tələbələri də çıxış edir. Əyinlərində kostyum bir
dəstə gənc zaman-zaman səhnəyə çıxıb var-gəl edir, yenidən gözdən itirlər.
Onların səhnəyə hər gəlişi fərqli "oxunur” və tamaşanın mənalar müstəvisinə
yeni çalarlar gətirir. Tələbələr gah muzey ziyarətçilərini, gah müharibə
iştirakçılarını, gah şahidləri simvollaşdırır. Səhnəyə növbəti gəlişlərində
onların əleyhqaz geyindiklərini görürük. Demək, artıq Almaniyanı, bəlkə də
Gürcüstanı, lap elə bütün dünyanı müharibə meydanına, ölüm zonasına çeviriblər.
Müharibə hər yanı viran qoyub. Dünyada artıq yaşanılası bir şey qalmayıb. Nəfəs
almaq mümkün deyil. Nəfəs almağın mümkünsüzlüyü sanki tamaşanın bütün hüsnünü,
tempini, ritmini təyin edir.
(ardı var)
Elçin Cəfərov
Teatrşünas