• şənbə, 20 Aprel, 17:24
  • Baku Bakı 23°C

Tadasi Sudzuki: Yaponlar uğurlu insanları sevmir

09.01.20 11:15 3758
Tadasi Sudzuki: Yaponlar uğurlu insanları sevmir
Teatrdan sakit gedən tamaşaçılardan qorxuram
"Kaspi” qəzetinin "Teatr” əlavəsi yapon rejissor Tadasi Sudzukinin Rusiyanın "Mədəniyyət” qəzetinə müsahibəsini təqdim edir.
Qısa arayış:
Tadasi Sudzuki işləri dünya teatrına çox böyük təsir edən, dünyaca məşhur rejissor, pedaqoq, filosof və teatr nəzəriyyəçisi, SCOT-un qurucusu və rəhbəri, Yaponiyada birinci Beynəlxalq Teatr Festivalının təşkilatçısı (Toqa festivalı), yeni aktyor sənəti metodunun yaradıcısıdır.
Rejissorun "Dionis”, "Kral Lir”, "Sirano de Berjerak”, "Madam de Sad” kimi tamaşaları məşhurdur.
T.Sudzuki bir sıra beynəlxalq layihələrdə iştirak edib. Bunlara misal olaraq, ABŞ-ın 4 region teatrı ilə birlikdə hazırladığı "Lirin hekayəsi” layihəsini, Çexov adına Moskva Bədaye Teatrında "Kral Lir” tamaşasını, Mədəniyyət Olimpiadası və Düsseldorf Shcauspiel Haus təşkilatı ilə birgə həyata keçirilən "Şah Edip” layihəsini, Ansan Arts Center/Arco Arts Theatre (Koreya) və Taqanka Teatrının "Elektra” tamaşasını misal çəkmək olar.
X Beynəlxalq Aleksandrinski Festivalında Tadasi Sudzukinin Evripidin mətnləri əsasında hazırladığı "Troya qadınları”ı tamaşası nümayiş olunub.
Bu il Teatr Olimpiadası həm Rusiyada, həm də Yaponiyada keçirilir. İki istiqamətin yaranması nə dərəcədə özünü doğruldur?
- Fikrimcə, bu olimpiadanın həyatında önəmli mərhələdir. Kino ilə müqayisə edin. Film, konkret bir ölkədə çəkilir, onu xaricə çıxarmaq və geniş prokat şəbəkəsinə buraxmaq olar, qısa müddətdə ona milyonlarla insan baxa bilər, hər kəs kinorejissor üçün aktual olan şeyə baxacaq. Söhbət teatrdan gedəndə isə bu məntiq mümkünsüzdür. Olimpiada hərəkatımızın ideyası tamaşaçını eyni vaxtda planetin müxtəlif bölgələrindən olan dünya teatrları ilə tanış etməkdir. Qastrollar çox zəhmət tələb edəb aparan prosesdir. Əgər tamaşa hazırlanıbsa və populyardısa, onu başqa ölkəyə aparmaq ancaq 2 ildən sonra mümkün olur, bu isə o deməkdir ki, tamaşa köhnəlir. Belə olduqda isə, tamaşa öz aktuallığını itirir. Biz olimpiadaçılar çalışırıq bu zaman məsafəsini qısaldaq, indi məşhur olan tamaşaları eyni vaxtda həm Rusiyada, həm də Yaponiyada görmək mümkün olsun.
Necə fikirləşirsiniz olimpiadanın tamaşaçıları akkulturasiya problemi ilə üzləşirlərmi? Aydın məsələdir ki, rus və yapon xalqlarının mədəni kodları fərqlidir.
- Sizinlə razı deyiləm. Yaponların müharibədən sonrakı nəsilləri Rusiya mədəniyyəti ilə, o cümlədən rus teatrı ilə tərbiyə olunublar. Biz Çexov və Dostoyevskinin əsərlərini çox gözəl bilirik. Mədəniyyətiniz bizim üçün yad deyil. O ki qaldı, Rusiyaya, məndə elə təəssürat yarandı ki, ruslar teatrı və onun bütün təzahürlərini sevir, sizin tamaşaçılar səmimidir və onlar həmişə tamaşanı bəyənib-bəyənmədiklərini etiraf edə bilirlər.
Ümumiyyətlə, elə hesab edirəm ki, əgər tamaşa maraqlıdırsa, tamaşaçı heyranlıqla baxırsa, tamaşanın yarandığı ölkənin uzaqlığı, əcnəbi dildə olması önəmli deyil. Amma indi mənim və aktyorlarımın anlaşılmamaq ehtimalı yoxdur, çünki "Sirano de Berjerak”ı gətirmişəm. Hətta tamaşada səslənən musiqi - Cüzeppe Verdinin bəstəsi ümumavropa mədəniyyətinin koduna uyğun gəlir.
Bu fransız mətnin Yaponiyada çox məşhur olduğunu demisiniz. Siz Edmon Rostanın uğurunun sirrini açmağı bacardınız?
- Yaponlar üçün əsas olan insandır, bu yazıçı da ola bilər, döyüşçü də. Razılaşın, maraqlı vəhdətdir. Biz uyumsuz məşğuliyyətləri, keyfiyyətləri və cəhdləri özündə birləşdirə bilən qəhrəmanları qiymətləndiririk. Bununla belə, bu cür şəxslərə xas olan istedad və bəxtə baxmayaraq, son nəticədə uğurun olması o qədər də labüd deyil. Biz uğurlu olanları sevmirik. Bizim üçün hansısa qəribəlikləri olan və ya cəmiyyətin rədd etdiyi şəxsləri, ümumiyyətlə hər hansı bir çatışmazlığı olan insanlar önəmlidir. Amma istənilən halda, onlar ağıllı olmalıdırlar.
Bunların hamısı sənət çərçivəsindədir?
- Təkcə bu deyil. Bilirsiz, bax, məsələn, amerikalılar uğur əldə etmək üçün çalışırlar, həyatda və sənətdə bu onların əsas yoludur, yaponlar, təkrar edirəm, əsas olan insandır, onlar uğur əldə etmək üçün mübarizə aparırlar, ancaq əldə edə bilmirlər, bu vəziyyət isə onlara daha cazibəli gəlir. Yeri gəlmişkən, yaponlar da yəqin ki, mənim haqqımda belə düşünürlər: uğur əldə edə bilməyib və buna görə də Toqada dağlarda gizlənib.
Bəs, əsil səbəb nədir?
- Mən teatra münasibətin qiymətləndirmə şkalasını dəyişməyə çalışıram. Səhnə əsərinin təkcə böyük şəhərlərdə deyil, balaca yerdə də var ola biləcəyini və dünya səviyyəsində maraqlı ola biləcəyini göstərmək istəyirəm.
Uğur qazanmayan qəhrəmanlara qayıdaq, belə çıxır ki, yapon tamaşaçısını, ilk növbədə, bu proses və mübarizə maraqlandırır?
- Fikrimcə, bu təkcə yaponlara aid deyil. Əgər dünya ədəbiyyatına baxsaq, pyes və romanlarda ya dəli, ya uğursuz insanlar, ya bədbəxt sevgililər ya da qatillər haqqında danışırlar. "Şah Edip” və "Kral Lir” arasında onlarca əsr var, lakin onları əsərdə rahat həyatın olmaması birləşdirir. Nəyə görə tamaşalar ən çox qədim yunan faciələrindən yaradılıb? Ona görə ki, onlar keçmişdə olduğu kimi indi də ortaya aktual olan problemi - güclü insanların ədalətsiz dünyaya qarşı çıxmasını qoyur.
Sizin tamaşanıza baxan tamaşaçı hansı cavablarla tamaşaçı salonunu tərk etməlidir?
- Düzünü deyəcəm, cavab tapmış, teatrdan sakit gedən tamaşaçılardan qorxuram. Sənət adamları həmişə pessimistliyə köklənir: Biz ətrafda nə qədər anlaşılmazlıq olduğunu, zamanın çıxılmaz yollar hazırladığını kəskin şəkildə hiss edirik. Bu bizim alın yazımızdır, ancaq rus incəsənəti də bundan kənar deyil. "Nə etməli?” sualını məhz siz soruşmusunuz. Tamaşaçı teatra gələndə isə rejissorun və aktyorun indiki, gələcək və bugünkü dünya üçün keçirdiyi narahatlıqlar ona ötürülür. Ona görə narahat şəkildə getmək daha düzgündür. Kimlərsə düşünür ki, guya teatr dünyanı dəyişə bilər. Məncə, bu belə deyil, ancaq o hər bir insanın düşüncəsin dəyişə bilər, bizi daha empatik və düşüncəli edə bilər.
Belə bir təəssürat yaranır ki, sizin quruluşda pyesin mətni əsas deyil. Mən görürəm ki, rus tamaşaçısı titlərə az fikir verir. Bəs, onda siz nəyin köməyilə tamaşaçı zalı ilə kontakt qurursunuz?
- Aktyorun enerjisi ilə. İfaçə enerji axınını tamaşaçıya verə bilməlidir, onda onlar səhnədə nə baş verdiyini anlamağa başlayacaqlar. Əgər enerji yoxdursa, istənilən ideya yox olacaq, itəcək.
Buna sizin aktyor treninqləriniz kömək edir? Yeri gəlmişkən onun mahiyyəti nədir?
- Təbiət insanı beş duyğu ilə mükafatlandırıb: görmək, eşitmək, hiss etmək, iy bilmək və dad bilmək. Aktyorların heyvan kimi konsentrasiya yarada bilməsi çox vacibdir, bu, onlara duyğularını azad şəkildə istifadə etməyə icazə verir. Müasir insana baxın: o az gəzir, maşınlar onu aparır, canlı ünsiyyət telefonla əvəzlənir. Bir tərəfdən də əgər biz internetdəyiksə, həm də görürük, maşının pəncərəsindən səslənən musiqini də eşidə bilirik. Ancaq hərəkətə gəldikdə isə biz çox vaxt incə deyilik. Görünür bizim təbii hisslərimiz zəifləməyə başlayıb. Amma heyvanlarda hər şey əvvəlki kimidir, onlar müasir dünyaya öz bədənləri ilə əlaqəsini, hisslərini itirmədən gəldilər. Onlar hər hansı bir təhlükədə yüksəklikdən tullanıb öz pəncələri üstə düşə bilər, daha güclünü hiss edərsə, qaça bilər. Onların beş hissi eyni dərəcədə reaksiya verir - bu onların bütün gücü ilə yaşadıqlarını göstərir. İnsanın isə bu balansı pozulub.
Belə çıxır ki, sizin treninqinizdən sonra aktyor "tam hüquqlu heyvan” olur?
- Mənim sistem daxilində hətta belə bir terminim var. Mən aktyora "heyvan enerjisini” əldə etməyi öyrətməyə çalışıram. Mənim metodumla çalışan aktyor bütün hisslərin konsentrasiyasına malik olmalıdır ki, istənilən vəziyyətdə rejissorun tələb etdiyini yerinə yetirə bilsin. Canlı enerji vacibdir, aktyorun vəzifəsi tamaşaçını onunla yoluxdurmaqdır.
Yəqin ki buna nail olmaq çox çətindir. Təlim zamanı siz truppa ilə diktator kimi davranırsınız?
- Diktator deyiləm. Bu ki sistemdir, mən əmrlər vermirəm, öyrədirəm. Bununla belə hiss edirəm ki, biz eyni məqsəd üçün çalışırıq. Məsələn, klassik baletdəki kimi tələbələr və müəllimlər arasında ünsiyyət olur.
Dediniz teatrın vəzifəsi insanın düşüncəsini dəyişdirməkdir, bəs mədəniyyətlərin toqquşması necə?
-"Körpülər yaradaraq” - bu olimpiadamızın şüarıdır. Əlbəttə, fikrimcə teatr mədəni mübadiləni yaradır, bir-biri ilə bənzərliyi və fərqləri duymaq imkanı toqquşmaları anlaşmaya çevirir. Nəinki, milli mədəniyyətə görə narahat olmaq, həm də bəşəriyyətin mədəniyyətini qorumaq mənim üçün çox vacibdir, bu daha çox qlobaldır. Yeri gəlmişkən indi səhnədə Roksana rolundakı istedadlı Nana Tatişvilini gördünüz, mənim quruluşumdakı tamaşada iştirak edən Rusiyalı aktrisadır. Bunu ona görə deyirəm ki, sənət üçün ümumi bir açar yaranırsa, ünsiyyət qurmaq və birlikdə dünyanı yenidən yaratmaq olar.
Tərcümə edən:
Razimə İsmayılova
Teatrşünas
banner

Oxşar Xəbərlər