Sevgi varsa, dünya var...
Allah birinci Adəmi, sonra da Həvvanı onun
qabırğasından yaradıb. Belə çıxır ki, birinci kişilər yaradılıb. Qadın - Həvva
ona görə qabırğadan yaranıb ki, kişi - Adəm ona hər zaman qol-qanad olub
qorusun. Qadın zərif məxluqdur, eyni zamanda qadın böyük qüvvədir, qadın
anadır, dünyaya yeni bir insan gətirən varlıqdır. Təbiətdə hər şey bərabər
yaranıb. Elə bir canlı yoxdur ki, Allah onun tayını yaratmasın. Heyvanlardan
bitkilərə, quşlardan insanlara ta əzəldən iki cinsə bölünüb.
27 may Dövlət Pantomim Teatrında "Kişilər və
qadınlar” tamaşasını izlədim. Qaranlıq zalda kiçicik işıq selinin altında dəyişən
həzin musiqi sədaları fonunda kişilərin və qadınların həyat, sevgi, yaşam,
savaş, barış mücadiləsi sərgiləndi. Sükutla bir saat davam edən (bütün tamaşa
boyu bir neçə kəlmə istisna olmaqla) 8+1 qısa tamaşalarda savaş və barış sərhədində
qalan iki cinsin nümayəndələrini gördük.
Tamaşada iki əsas rəng vardı - ağ və qara. Haradasa
insan və onun kölgəsi. Qadın kişinin kölgəsidir, qadın kişinin əksidir. Koko
Şanelin maraqlı bir ifadəsi var: "Qadınların daxilində mələk, iblis, şahzadə,
ifritə yatır. Hansını oyatsanız onunla qarşılaşacaqsınız”. Tamaşada da təxmini
bu prinsip göstərilir - sevgiyə ehtiras, davaya savaş, bir sözlə hər şey
qarşılıqlıdır...
Qısa etüdlər kimi göstərilən bütöv tamaşa
Etüd N1 –Saf məhəbbət
Aşiq və məşuq, Məcnun və Leyli, səfil və mələk-onlar
sərhəd tanımırlar. Onlar üçün qaranlıq gecədə ikisi var, əbədi sevgi var.
Sevdiyi qadının bədəninə toxunub, ətrini ovcunun içinə alan aşiqə cavab,
barmaqlarını sevdiyinin simasına, vücuduna gəzdirib, dodaqlarına toxundurub onu
özündə hiss edən məşuq. Onlar bir-birini şirin su kimi ləbdən içirlər.
Etüd N2 –Balıqlar
İlan kimi yerdə qıvraq şəkildə uzanan erkək və dişi
üzbəüz bir-birinə baxırlar. Qara libaslı aktyor və aktrisanın yalnız bir əlində
ağ əlcək balığı canlandırırlar. Biləklərinə bağlanmış uzun qara ipək parça isə
qaranlıq dalğanı, ucsuz-bucaqsız suları əks etdirir. Suyun üstünə çıxaraq
şappıltı ilə yenidən dənizə baş vuran, günəşin şüaları altında pulcuqları bərq
verən balığı xatırladan səhnə bir-birinə sevgisini göstərən su canlısını
oynayır. Bəlkə dənizdə, bəlkə akvariumda görməyən az olar, iki sevən balığın
bir-birinə necə həssas, sevgi dolu yanaşaraq göz-gözə gəldiyi o anda
dodaqlarının toxunmasını. Küləyin eşqindən təlatümə gəlib dalğaları qaldıranda,
elə bil dəniz məşuqəsini ağuşuna alıb qızılı ipək yorğan altında onu oxşayaraq,
əzizləyir. Sonda balıqlar suyun dərinliyində gözdən itirlər.
Etüd N3 –Xəyali
sevgili
Quşların cəh-cəhi və sahildə eşidilən dəniz ləpələrinin
səsini andıran musiqi fonunda gənc oğlan skamyada tək oturub. Sonradan başının
üstündə xəyali sevgilisi peydə olur. Gah dalaşırlar, gah da barışırlar. Oğlan əsəbiləşəndə
qız onu qucaqlayaraq sakitləşdirir. Qaranlığın çöküb, yenidən göydən aya bənzər
işıq selinin düşməsi ilə oğlan xəyaldan, xəyali sevgilisindən ayrılır.
Etüd N4 –Eqo
Kiçik ailə tablosu - ər və arvad. Hərəsi stolun bir
başında. Sözləri düz gəlməyib, möhkəm dalaşıblar. Geriyə yol görünmür. Addım
atmaq lazım. Lakin içlərindəki eqo xəyallarında pərvazlanan, oynayıb rəqs edən
sevənlərə maneçilik törədir. Barışılması görünməyən ailə dağılmaq üzrədir.
Etüd N5 –Savaş-barış arasında
Yenə işıqlanan fonda stol başında erkək və dişinin
davaöncəsi səssizliyini görürük. Yenilməz qürur onları bir-birindən
uzaqlaşdırır. Qol gücündə kişi üstün, söz gücündə kişi üstün. Qadınsa qəbul edə
bilmir. Ancaq hər şeyə rəğmən çox sevir, dəfələrlə cəhd edir. Kişinin boynuna
sarılıb onunla bərabər barmaqlarının ucunda səhnə boyu sürünməyi də, ondan üzr
istəməyi də özünə ar bilmir.
Etüd N6 –Darıxıram... qara və qırmızı
İnsanlar darıxır, həyat darıxdırıcıdır. Qadın
darıxır, kişi darıxır, evin içində ər-arvad darıxır. Qırmızı ehtirasdır,
qırmızı alovdur, qırmızı ağlı başdan alır. Qırmızı geyimdəki qadın ona
yaxınlaşan kişinin ehtirasını daha da alovlandırır, dayanmadan darıxıram deyərək
onu soyundurur. Kişi isə qırmızı ehtirası qadından çıxarıb, dayanmadan
"darıxıram” qışqırır. Qaranlıq çökmüş zaldan eləcə "darıxıram” səsləri gəlir və
sükut...işıq...onlar yenə darıxır. İndi qadın ana olmağa hazırlaşır. Yenə
darıxır, körpəsi olur, darıxır, kişi də qadın da darıxırlar. Uşağı bir-birinin
üstünə atıb darıxmaqdan gileylənirlər. Sonda körpənin gülüşü onların
darıxmasına son qoyur.
Etüd N7 –Qarşı tərəf zərərsizləşdirildi...
Dünyaları fərqli qadın və kişi....dilləri fərqli
erkək və dişi...Kişinin səbirsizliyinə qarşı qadının təmkinlə əcnəbi dildə eyni
cümləni işlətməsi sonda kişini "cin atına” mindirir. Heç bir çıxış yolu
qalmadıqda silaha əl atırlar. Qaranlığın çöküşündə kiminin qalib, kiminin məğlub
olması bilinməyəcək...
Etüd N8 –Apokalipsis
Əsr - XXI, dünyanın sonuna aparan hadisələr. Kişi və
qadın arasında sevgilərin öldüyü, "kişi” və "kişi” arasında ehtirasın başladığı
dövr. Ətrafda qaraya qərq olmuş insanlar əhatəsində onlara əhəmiyyət verməyən
ağ libaslı "sevən kişilər”...
Etüd N9 –Qadın uçdu, yaxud əvvəlinci saf məhəbbətin
davamı
Həmin sevənlər, mələk və səfil. Zaman keçib, dövran
dəyişib. Sükut... oyun oynanılır. Quş uçdu... hara... uzaqlara... neçə dəfə və
say... Say kimdə bitirsə, qarşı tərəfə sillə vuracaq. Hər dəfə silləni qadın
vurmaqla kişinin son səbr damlasını daşdırır və bu dəfə kişi vurur. Sükut...
oyuna davam... bu dəfə Qadın uçdu... hara... uzaqlara... və əl çalmağa başlayan
aktrisa ritmlə rəqs edir. Sonra bütün iştirakçılar səhnəyə qayıdır və özlərini
alqışlayırlar, gələnləri alqışlayırlar, yeni tamaşanı alqışlayırlar, yeri,
göyü, bu günü, sabahı, sevgini alqışlayırlar və seyrçilər də bu alqışın ardınca
gedirlər, onları alqışlamağı alqışlayırlar...
Mizan mizanı işıq sürətilə əvəz edən tamaşada
rejissorun əsas məqsədi "dünyanı sevgi xilas edəcək” deməsidir. Sevgi varsa
hörmət var, sevgi varsa sülh var, sevgi varsa barış var, sevgi varsa dünya
var...
Nigar Pirimova
Teatrşünas