• şənbə, 20 Aprel, 07:29
  • Baku Bakı 14°C

Sevgi elegiyası – Cəmilə...

26.10.18 16:15 3545
Sevgi elegiyası – Cəmilə...
Oktyabrın 19-u S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Türk dünyasının sevimli yazarı Çingiz Aytmatovun 90 illik yubileyi qeyd olundu. Yubiley münasibəti ilə Çingizsevərlər bir araya gəlmişdilər. Tədbir çərçivəsində Mədəniyyət Naziri Əbülfəs Qarayev, Yazıçılar birliyinin sədri Anar, yubilyarın oğlu Əskər Aytmatov və digərləri çıxış etdilər. Yubilyarla bağlı xoş xatirələrin ardınca sənətkarın 29 yaşında yazdığı "Cəmilə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olundu.
Qısa tanıtım...
Çoxlarının da bildiyi kimi, əsər sevgi himnidir. Yazıçı ümumbəşəri mövzuya çox həssaslıqla yanaşmışdır. Əsərdə hadisələr müharibənin üçüncü ilində - qırğızların, qazaxların uzaq cəbhələrdə - Kursk və Oryol ətrafında vuruşduğu vaxtlarda cərəyan edir. Baş qəhrəman Cəmilə sevmədiyi insana ərə verilib, həyat yoldaşı müharibəyə yollanıb. Ailəyə bağlı olan Cəmilə sevmədiyi insanın soyuq münasibətini gördükdən sonra çox məyus olur. Lakin ondan ayrılmayan uşaqlıq dostu Keçinə bala (tamaşada adı Seit kimi verilib) hər zaman Cəmilənin yanındadır, ona dəstəkdir. Müharibənin qızğın çağında onların kəndinə gəlmiş gənc əsgər Daniyar ilk dəfə Cəmiləni burada görür. Olduqca qayğılı və soyuq görünən Daniyar zaman keçdikcə Cəmiləyə aşiq olur. Bu qarşılıqlı sevgi sonda Cəmilənin Daniyara qoşulub getməsi ilə nəticələnir. Əslində, Cəmiləni bu hərəkəti etməyə vadar edən də əri olur. Çünki müharibədən yolladığı məktubda Cəmilə barəsində bir dəfə də olsun söz açmır. Son cümləsində "Cəmiləyə salam deyərsiz” deyə yazır. Bu sözlər Cəmiləni həm bərk qəzəbləndirir, həm də məyus edir. Cəmilənin gedişindən uşaqlıq dostu Keçinə bala da məyus olur və sonda anlayır ki, Cəmiləni sevirmiş. Cəmiənin gedişi ilə Keçinə bala təkcə onu yox, həm də uşaqlıq illərini itirib.
Çingiz Aytmatov əsərində doğulub boya-başa çatdığı Talas vadisinin tarixi xüsusiyyətlərini və mədəniyyətini təsvir edib. Müəllifin Sovet Rusiyasının rejiminə qarşı etirazını bildirdiyi əsər bütün dünyada çox maraqla qarşılanıb. Çoxları ola bilər ki, müəllifi qınasınlar. Bəzən deyirlər ki, Cəmilənin ərini tərk edib, müharibə vaxtı başqa əsgərlə qaçmasını qəbul etmək çətindir. Ancaq bir qədər dərinə boylananda görürük ki, onun belə davranışı səbəbsiz deyil. Əvvəla, Cəmilə sevmədiyi həyat yoldaşı tərəfindən heç bir ilgi görmür, onun göndərdiyi məktub isə Cəmiləni lap pərişan edir. Və birdən-birə onu sevdiyini anlayan, qağısını görən, ona nəvazişini hiss etdirən bir kişi peyda olur. Oxuduğu eşq nəğmələri Cəmilənin ürəyinə kaman kimi saplanır. Nə etməli, ömür boyu sevmədiyi insanla mutsuz yaşamaq, ya da "kim nə deyir desin” deyə düşünərək, gələcək xoşbəxtliyini, həqiqətən, sevdiyi Daniyar ilə keçirmək?! Cəmilə cəsarətlidir. O səbəbdən də ətrafın nə dediyi onunçün əhəmiyyət kəsb etmir. Bir özünü, bir sevgisini, bir namusunu, bir də xoş xəyallarını alıb Daniyar ilə həmişəlik çıxıb gedir.
Tamaşaya keçid...
Rejissor Qırğızıstanın əməkdar artisti Assol Moldokmatova və aktyorlar Akılbek qızı Aynur (Cəmilə), Ruslan Kurmanalıyev (Daniyar), Sabırjan uulu Sanjarın (Seit) ilə diqqətləri özünə cəmləyə bilən tamaşa qırğız dilində təqdim olundu. Necə deyərlər, bir musiqinin, bir də sevginin dili olmur. Bunun üçün görməyə göz, hiss etməyə ürək lazımdır. Gerisini özünüz anlayacaqsınız.
Rejissor personajların sayını üçə endirib. Tamaşanı elə qurub ki, cəmi üç personaj iştirak etsə də, bütün hadisələr əhatə edilib. Rejissor tamaşa üçün çox maraqlı forma həlli tapıb. Tamaşada at arabaları ilə stansiyaya taxıl daşınması təsvir edilir. Burada səhnəni bir taxıl zəmisinə bənzədən rejissor ətrafa taxıl kisələri, səhnəyə isə buğda dənəcikləri qoyub. Daniyar ilk dəfə gələndə doğma yurdunu sanki qucaqlayır, yerə çökür və aclıqdan əlinə aldığı buğdaları təngnəfəs yeməyə başlayır. At arabalarını təsvir etmək üçün isə bir-birindən aralıda dəmir parçasına bərkidilən üç araba təkəri kifayət etmişdir. Rejissor şərti elementlərdən istifadə edərək, aktyorların köməkliyi ilə hərəkətə gətirilən həmən təkərlərin arabada olma effektini çox düzgün verə bilmişdir. Tamaşaçılar sanki uzaqlan üç at arabasının getdiyini görür. Bir tərəfdən təkərlər, digər tərəfdən aktyorların ara-sıra arabadaymış kimi yerlərində ləngər vurması, əslində, hərəkət etməyən səhnənin fırlanması təsəvvürünü yaradır. Çayın təsvir edildiyi səhnədə isə açıq mavi rəngdə uzun tül parçanı Seit elə gətirir yerə salır ki, elə bil Cəmilə, doğurdan da, çayda paltar yuyur. Gecə effektləri də gözəl tapılıb. Gecənin sakitliyində Daniyar sevgi nəğməsini oxuyur, Cəmilə ilə Sent isə onu heyranlıqla dinləyirlər. Bu dəmdə səhnənin gah arxa, gah da yuxarı işıqları arabir yanıb sönən ulduzları xatırladır. Bundan əlavə, bu dəfə arabanın təkərlərindən dəmir parçasının üzərinə əlavə edilmiş və aralarına uclarına balaca fənərlər bərkidilmiş mavi parçalar asılır. Bu da, bir növ, gecə uçan işıldaböcəkləri xatırladır.
Son nəticə....
Dərin hisslərlə, sevgi ilə oynanılan tamaşa sonda seyrçilər tərəfindən ayaqüstə alqışlarla mükafatlandırıldı. Bu alqışlar Çingiz Aytmatovun ruhuna, ölməz əsrlərinə və ən nəhayət, özünə olan sonsuz sevgi və sayğının əvəzi idi.
Nigar Pirimova
Teatrşünas
banner

Oxşar Xəbərlər