• çərşənbə axşamı, 19 mart, 12:23
  • Baku Bakı 8°C

Sən istə, yetər

05.09.19 13:51 4716
Sən istə, yetər
Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. "Mən gəldim” – deyir. Mövsüm başladısa, biz də başladıq deməkdir. İşimiz nədən ibarətdir? Yenə paytaxtda və bölgələrdə fəaliyyət göstərən teatrlarımızın fəaliyyətini izləmək. Teatrlarımızda baş verən yaradıcı mühiti işıqlandırmaq və bəzən olduğu, bəzən də göründüyü kimi sizlərə təqdim etmək. Mövsüm sonuna çıxmazdan öncə teatrlarımızın rejissorları ilə yeni mövsümlə bağlı müzakirələr edirdik, bəziləri yarızarafat yeni mövsümdə nələr olacaq sualımı eşidəndə "Geri dönüşümüz möhtəşəm olacaq” fikrini səsləndirmişdilər. İndi üzümü o rejissorlara tutub soruşmaq istəyirəm ki, "Möhtəşəm dönüşə hazırsınızmı?”
Məzuniyyətdən geri döndükdən sonra bəzi teatrlarımızın kollektivinin bir araya yığışıb, Bədii Şuranın iclasından sonra ümumi şəkil çəkdirərək "Lap elə biz də başlamışıq” kimi ötürdüyü ismarıcları da gördüm. Görünür, siz də bu möhtəşəm dönüşə hazırsınız. Gözəl təşəbbüsdür. Niyə də olmasın?
Bəs, görəsən mövsüm ərzində bizi nələr gözləyir? Bu sualla avqustun sonuna yaxın teatrlarımıza müraciət etmişdim. Soruşdum ki, deyin görək təzə mövsümdə teatrın repertuarında, səhnəsində nələri görüb təəccüblənəcək, hansı tamaşaları görəndə qəşş edib ürəyimiz gedəcək? Öyrənmiş oldum ki, ötən mövsüm başqa teatrın səhnəsində premyerası hazırlanan əsər indi digər teatrda repertuara daxil ediləcək. Və maraqlısı da odur ki, hər mövsüm fərqli teatrlardan eyni əsərlərin adlarını eşidirik, sanki tarix təkrarlanır. Əzbərlənmiş təqdimetmə üsulu ilə - "Klassik əsərə müasir baxış, müasir yozum tərzi, müasir üsulla təqdimat”. Sual olunur - "müasir yozum tərzi deyəndə nəyi nəzərə tutursunuz?”. Cavab verilir - "Bu dəfə siz müasir dövrümüzlə səsləşən, zamanımızda ən aktual məsələlərə elə bizim teatrın səhnəsində aydınlıq tapacaqsınız”. Ürəkli biri də çıxıb demir ki, əsər eyni əsər, məzmun eyni məzmun, orada nə şou göstərirsən göstər, tamaşaçıya ötürdüyün mesaj, qayə, amal eyni deyilmi? Hər nə qədər tamaşaya müasir baxış, yozum tərzi qatsan da, o müstəvidən kənara çıxış imkanları yoxdur. Özünə daha bir düşmən qazanmamaq üçün bəzən susursan və bilirsən ki, bu, nə sənin deməyinlə düzələndir, nə də yazmağınla. İllərdir deyilir, müzakirə edilir hamam həmin hamamdır, tas da ki....
Məgər məsələ təkcə çevir tatı, vur tatı təkrar-təkrar tamaşaya qoyulan əsərlərdir? Teatrşünas, tənqidçi İsrafil İsrafilov mətbuata mövsümdən gözləntiləri ilə bağlı açıqlamasında deyib ki, artıq neçə ildir, mövsümlər bir-birini əvəz eləsə də, mədəniyyət hadisəsi olan, bədii fakta çevrilən tamaşa yaranmır. Yəni, elə bir iş ki, həm tamaşaçı zövqünü formalaşdırmağa yönəlsin, həm də bütövlükdə Azərbaycan teatrını keyfiyyətcə yeni pilləyə qaldırsın. Belə sənət hadisələri, təəssüf ki, müşahidə olunmur: "İkinci tərəfdən, hər bir teatr mövsümü müstəqil Azərbaycan teatrının dünya teatr məkanına, dünya teatr prosesinə inteqrasiyasını təmin eləməlidir. Təəssüf ki, bu da baş vermir. Doğrudur, ara-sıra müxtəlif teatr festivallarında iştirak var, xarici ölkələrin mətbuat orqanlarında bizim teatr tənqidçilərinin çıxışları var. Yəni, Azərbaycan teatrı bu gün əvvəlki illərdə olduğu kimi, dramatruji ədəbiyyat qıtlığı yaşayır. Azərbaycan teatrı qeyri-adi, kreativ istedad nümayiş etdirən rejissor işi görə bilmir. Halbuki Azərbaycanda bu gün çox maraqlı, istedadlı aktyorlar var. Sadəcə bunlara öz potensiallarını, yaradıcı imkanlarını ifadə eləmək və daha geniş miqyaslı rollarla tamaşaçı qarşısına çıxmaları üçün elə bir ciddi imkanlar yaranmır. Yəni dramaturgiya qıtlığı öz yerində, rejissuranın üslub imkanlarının məhdudlaşması öz yerində, aktyorların da özlərinin ifadə imkanlarını cüzi şəkildə ortaya qoymaları bütövlükdə Azərbaycanda teatr işinin cırlaşmasına aparır. Yəni biz reqressiv proses müşahidə edirik. Və bunu kənardan müşahidə edən teatr tənqidi də vəziyyəti dəyişmək üçün elə bir ciddi addımlar ata bilmir”.
Fikirlərində haqlıdırmı? Məncə, haqlıdır. Hər mövsüm eyni problemlə, eyni məsələ ilə üz-üzə qalırıq. Yəni bu qədərmi çətindir? Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Mirzə Fətəli Axundzadənin və digər klassiklərin, lap elə Əli Əmirlinin əsərlərindən başqa tamaşaya qoymaq üçün əsər tapılmırmı? Yan qapımızda, ətrafımızda, çevrəmizdə o qədər roman kimi hadisələr baş verir ki. İnsanlara onların özlərini olduğu kimi, doğruları ilə yanlışları ilə təqdim etmək üçün əsərmi yazılması lazımdır? İndiki halda dünya teatrlarının bir çoxları belə dram əsərlərindən imtina ediblər. Bugünlə səsləşən hekayələr əsasında tamaşa hazırlayan rejissorların tamaşaları ilə teatrların repertuarı dolub-daşır. Çox uzağa getmirəm, elə ötən mövsümün sonunda I Lənkəran Beynəlxalq Teatr festivalında Böyük Britaniyanın "Two Destination Language” teatrının aktyorları Katerina Radeva və Alister Louninin ifasında "Near Gone” tamaşasını izlədik. Onlar bu tamaşa ilə dünyanı gəzir və aktrisa Katerina Radevanın başına gələn hadisəni tamaşaya çevirərək nümayiş etdirir. Başına gələn hadisə də nədir? Qısaca, belə deyim, o başqa bir məmləkətdə çalışır və doğulduğu torpaqda bacısının başına pis bir hadisə gəlir, bacısı ölüm-dirim savaşı verir və o an Katerina bacısının yanında ola bilmir. Hadisə vur-tut bundan ibarətdir. Məmləkətimizdə insanlarımızın başına gələn əhvalatlardan, maraqlı hadisələrindən Katerina kimiləri bütün teatrların repertuarını dolduran tamaşalar hazırlayar. Vallah, o tamaşalara "bəh-bəh”lə baxılar. Biz, axı, maraqlı insanlarıq. Hər zaman bizə maraqlı gəlib ki, görəsən qonşunun evində nə baş verir? İnsanlarımızın içində olan bu maraq hissi bizi o tamaşaya baxmağa məcbur edəcək. İnanın ki, edəcək.
Məqsədim yol göstərmək deyil, çünki o iqtidarda da deyiləm. Ancaq sizə öz şəxsi təcrübəmi paylaşa bilərəm. Evdə böyütdüyüm və onlarla böyüdüyüm 4 yaşlı uşaqlarıma uşaqlığımdan bəri eşitdiyim və sevərək dinlədiyim "Şəngülüm, Məngülüm və Şüngülüm” nağılını danışırdım. Birdən oğlum sözümü kəsib "Ay ana, Şəngülümün anası necə canavarın qarnını yarıb balasını ordan çıxarır ki, axı, canavar onu yeyib, ölən Şəngülüm yenidən necə dirilir? 2 bala keçi bir canavarın qarnına necə sığışır? Sən, deyəsən, başımızı aldadırsan” ifadələrini eşidəndə anladım ki, mən övladlarıma bir az gec qalmışam. Nə biz həminki adam deyilik, nə də böyüyən bu uşaqlar əvvəlki nəslin uşaqları. Bu gün böyüyən uşaqlar o nağıllara inanmırlar. Yəni, deməyim odur ki, siz göstərdiyiniz o səhnəciklərlə ancaq bizim nəslin uşaqlarını aldada bilirdiniz, indiki dövrün uşaqları və eləcə də gənclər tamam başqa bir ruhda və mühitdə böyüyürlər. Onları nəyəsə inandırmaq müşkül məsələdir. Bu işdə canlı sənət növü olan teatrlarımızın üzərinə böyük yük düşür. Mən evdə dörd yaşı olan iki uşağa nəyisə inandırmağa çətinlik çəkdiyim halda, teatrlarımız elə bir hekayə göstərməlidirlər ki, biz onlara inanaq. Daha nə o "Şəngülüm, Məngülüm, Şüngülüm” nağılı, nə də klassiklərimizin əsərləri əvvəlki effekti verir. Nə mən evdə övladlarımı o nağıllarımızı inandırmaqda mahirəm, nə də siz hazırladığınız tamaşalarla tamaşaçıları aldada bilirsiniz. 146 yaşlı teatrım, gəl, qəbul edək ki, ikimiz də bu məsələdə bir az zamanla ayaqlaşmırıq, geridə qalmışıq.
Ancaq israrlıyam, yeni nağıllar öyrənəcəyəm. İçində onların sevdiyi Spiderman, Şrek, Batman, Airman (dəmir adam) kimi qəhrəmanları olan və dünyanı fəth edən hekayələr öyrənəcəyəm. Onlar bu dəfə canavarın qarnından çıxmayacaqlar, dünyanı xilas etmək üçün birlikdə mübarizə aparacaqlar. Ümid edirəm ki, bu mövsüm teatrlarımız da öz amallarında bu qədər israrlı olacaqlar.
Açığı desək, teatrlarımızda istedadlı rejissorlarımız, aktyorlarımız az deyil. Çox təəssüf ki, onların bədii imkanları, potensial yaradıcılıq hünəri ortaya qoyulmur və biz, ən azı, Avropa mədəni məkanında öz sözümüzü deyə bilmirik. Və o aktyorların da yaşı keçir, onların da arzuladıqları obrazları oynamaq imkanları olmur. Sizi inandırım ki, bu klassik əsərləri oynamaq heç onların da ürəyindən deyil. Ürək də ki, çox həssas məsələdir, bir dəfə qırıldımı, sonra bərpa etmək olmur.
Son olaraq isə yeni mövsümdə özümdən də, teatrlarımızdan da bu mövsüm gözləntilərim böyükdür. Yetər ki, yeniliyə həvəs və istək olsun. Türklər demiş, "Sən istə, yetər”.

Xəyalə Rəis
Teatrşünas


banner

Oxşar Xəbərlər