“Şah İsmayıl” operasının maraqlı debütləri

Ötən həftə Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrında Müslüm Maqomayevin "Şah İsmayıl”
operasını izləmək şansı əldə etdik. İndi deyəcəksiniz ki, bu tamaşa uzun
müddətdir ki, teatrın repertuarında yer alıb, niyə məhz indi! Açığı, həmin gün
teatrda iki gənc ifaçını səhnədə yeni obrazda görmək eşqi məni rahat buraxmadı.
Və belə demək mümkünsə, Aslan şah obrazını canlandıran Taleh Yəhyayevi və Ərəbzəngi
obrazında öz debütünü oynayanSəma Sultanovanı izləməyə getdim.
Tamaşada əsas partiyaları
əməkdar artistlər Təyyar Bayramov (Şah İsmayıl), Fəridə Məmmədova (Gülzar) ifa
edirdilər. Drijor əməkdar incəsənət xadimi Sevil Hacıyeva idi. Tamaşanın
quruluşu isə teatrın baş rejissoru Hafiz Quliyevə məxsusdur.

1916-cu ildə yazılmış
müasir opera
Yəqin ki, ondan da
xəbərdarsınız ki, Müslüm Maqomayev tarixi-əfsanəvi "Şah İsmayıl”
operasını 1916-cı ildə yazsa da əsər ilk dəfə 1919-cu ildə səhnəyə qoyulub.
Tarixi faktlara görə, operanın ilk tamaşası böyük uğurla oynanılıb. Sonralar
bəstəkar əsəri bir neçə dəfə yeni redaksiyada işləyib.
Artıq uzun illərdir ki, Opera
və Balet Teatrında "Şah İsmayıl” operası səhnədən düşmür. Hər dəfə fərqli
xanəndələrin ifasında bu operaya yeni nəfəs verilir. Üzərindən illər keçsə də əsərə
tamaşaçı sevgisi tükənmir. Əksinə, tamaşa oynanıldıqca onun şanı, şöhrəti daha
da artır.
Bu dəfə isə orkestrda azı
25 ifaçı, səhnədə xorla birlikdə 40 iştirakçı
var. Bunlar öz yerində, tamaşanın sağlam nümayişi üçün 60-dan çox yaradıcı
insan cəlb olunur. Ən əsası, canlı müsiqi və canlı ifalar. Qulağa necə də xoş
gəlir "canlı” sözü. Müasir texnologiyaların bu qədər tərəqqi etdiyi bir zamanda
bu sözə nə qədər ehtiyacımız var imiş...
Bəlkə də teatrın elə canlı
sənət növü olmasına görədir ki, insanlar bu məkanda dincəlir və asudə vaxtı səmərəli
keçirmək üçün teatrı ideal məkan hesab edirlər. Bu baxımdan, Opera və Balet
Teatrı əvəzolunmazdır.

Təyyar Bayramovun Şah
İsmayılı
Mövzudan çox da yayınmayaq,
sözügedən tamaşada Şah İsmayıl rolunun ifaçısı, əməkdar artist Təyyar Bayramov ilk
olaraq "Leyli və Məcnun” tamaşasındakı İbn Səlam obrazı ilə yaddaşıma həkk olunmuşdu.
Bu obraz xanəndənin teatrdakı debütü idi. Təəssüflə qeyd edim ki, o illərdə "Şah
İsmayıl” operasını izləmək imkanım olmadı. Daha sonra "O olmasın, bu olsun”,
"Natəvan” operalarında da T.Bayramovun səsini, ifasını bəyəndim.
Bu dəfə isə ilk baxışdan
həyəcanlı görünsə də xanəndə Şah İsmayıl partiyasını tam mənimsəyib. Nə yalan
deyim, bu obrazda xanəndənin səs imkanlarına və potensialına bir daha heyran
oldum. Ancaq zövqlər müxtəlif olduğu kimi, fikirlər də müxtəlifdir. Belə ki,
tamaşadan sonra sosial şəbəkədə Şah İsmayıl obrazı ilə bağlı öz təəssüratlarımı
bölüşdüm.
Tanınmış yazar
Gülcahan Mirməmməd şərh yazaraq "opera səhnəsində oxuyarkən rəngi qızaran
xanəndə və ya vokalçı çıxış etməməlidir” deyə, fikir səsləndirdi. "Yalnız bu
halda vokalçı kamera səsli vokalçı hesab edilir” kimi şərh etdi. Təyyar
Bayramovun xanəndəliyinə heç bir sözünün olmadığına, amma opera səhnəsi üçün təkcə xanəndəliyin kifayət
etmədiyinə işarə etdi. Müasir dövrdə qrim sənətinin bu qədər inkişaf etdiyini
xatırladanda isə yazar yenə də məsələyə öz prizmasından yanaşdı: "Səs salonu
doldura bilməyəndə boyunun rənginin qızarmasını, damarlarının şişməsini heç bir
qrim ört-basdır edə bilmir. Yeri gəlmişkən, bizim teatrların arasında ən zəif
qrim elə operadadır”.
Az əvvəl də dediyim kimi
zövqlər və fikirlər müxtəlifdir.

Milli musiqi alətləri ilə orkestr alətlərinin vəhdəti
"Şah İsmayıl” operası
dastan ruhuna uyğun kəskin boyalar və antitezalar üzərində qurulub, desəm,
yəqin ki, yanılmaram. Tamaşada milli musiqi alətlərinin, eyni zamanda, simfonik orkestr alətlərinin səsləri vəhdət
təşkil edirdi. Operanın güclü orkestr sədaları arasından arada tarın məlahətli
səsi baş qaldırırdı. Bu isə dinləyicilərin qulağına xoş gəlirdi.
Güman edirəm ki, operanın
mövzusu hər kəsə bəllidir. Bəlli olmayanlar üçün qeyd edim ki, opera Aslan şahın
xainliyi və eqoistliyi üzərində qurulub. Xalq arasında şan-şöhrət tapmış oğlu
İsmayılın taxt-taca sahib çıxmaq qorxusu onu rahat buraxmır. Xain vəzir Rəmmal
vasitəsilə Aslan şaha xəbər çatdırır ki, oğlu onu öldürə bilər. Aslan şah
həyəcan içində məşhur ariyasını oxuyur. Aldığı xəbərdən narahat olan şah oğlunu
uzaq ölkələrə, yeni torpaqlar fəth etməyə göndərir. Aslan şah elə bilir ki, o,
döyüşlərdə həlak olacaq. Səfərdə olan Şah İsmayıl ərəb qəbilələri ilə rastlaşır
və qəbilə başçısının qızı Gülzara vurulur. Gülzarın atası İbn Tahir qızını
sevmədiyi Əbu Həmzəyə ərə verməyə hazırlaşır. Ona görə də Gülzarın atası başqa
yerə köçməyə qərar verir. Gülzar çətinliklə harada olduğunu Şah İsmayıla çatdırır.
Gülzarın axtarışına çıxan Şah İsmayıl Ərəbzəngi ilə rastlaşır və döyüşdə ona
qalib gəlir. Öldürmək istəyəndə Ərəbzənginin qadın olduğunu bilir və onu
bağışlayır.
Səfərdən sevgilisi Gülzar
və Ərəbzəngi ilə qayıdan İsmayıldan atası Aslan şah düşməninin başını tələb
edir və guya hökmü yerinə yetirmədiyi üçün əvvəlcə onun edam olunmasına, sonra
isə rəhmə gələrək, gözlərinin çıxarılması yolu ilə kor edilməsinə
fərmanverir.
Dastanda İsmayılın
gözlərini çıxarıb ovcuna qoyurlar, özünü də quyuya salıb orada
saxlayırlar.Bir yolçu onu quyudan çıxarır və quşların köməyilə gözlərini
yerinə qoyub sağaldır. İsmayıl atasının ordusu ilə vuruşan Ərəb Zəngiyə köməyə
gəlir və onlar qalib gələrək, Ədil şahı öldürməyə nail olurlar. Ancaq
izlədiyimiz operada isə sonluq heç də bu cür təsvir olunmayıb.
Operada, nəhayət, Aslan
şahdan oğlunun qətlinə ikinci dəfə razılıq alan vəzir zindanda öldürülən Şah
İsmayılın qanını piyalədə Aslan şaha gətirir. Aslan şah dərdinə əlac yeganə
övladının qanını içir. Və məlum olur ki, piyalədə ona oğlunun qanını deyil,
zəhər veriblər. Aslan şah yıxılıb ölür, Şah İsmayıl Gülzarın əlindən tutub
taxt-taca sahib olur.

İfadəli obrazlar
Tamaşada Aslan şah obrazını
canlandıran Taleh Yəhyayev ilk dəfə idi ki, bu obrazda çıxış edirdi. Buna
baxmayaraq, o, öz rolunun öhdəsindən layiqincə gəlməyi bacardı. Onun adına
Opera və Balet Teatrının afişalarında tez-tez rast gəlirik. O, bir çox
tamaşalarda maraqlı rolları ifa edir. Ancaq diqqətimi çəkən məqam isə Taleh
Yəhyayevə daha çox yaşlı insan, "ata” kimi obrazların verilməsidir. Düzdür, səs
imkanlarına görə sezilmir ki, ifaçı gəncdir. Və ola bilər ki, səs imkanlarına
görə gənc aktyora ata obrazlarını tapşırırlar. Amma insanın ifaçının gəncliyinə
də heyfi gəlir. Təsəvvür edin, indi ata rolunu oynayan aktyor, 10-20 ildən
sonra yenə də ata obrazını canlandıracaq. Axı indi Taleh Yəhyayevin gənc aşiq
və öz yaşına uyğun obrazlar canlandırmaq zamanıdır.
Ərəbzəngi obrazı üzərində
də xüsusi dayanmaq istəyirəm. Ərəb zəngi cəngavər libası geymiş igid bir
qızdır. Onun adı Azərbaycan folklorunda kifayət qədər məşhurdur. Xanəndəlik
sənətinə yeni-yeni addım atan hər bir ifaçı ya Leylini, ya da Ərəbzəngini
oynamaq istəyir. Bu dəfə isə bu missiya teatrın səhnəsində debütünü edən Səma
Sultanovaya həvalə olunmuşdu. Çıxışında hər nə qədər həyəcanlı olduğu hiss
olunsa da səsi qulaqlara xoş gəlir, zəngulələri bütün zalı bürüyürdü.
Tamaşada əsas obrazlardan
biri də Gülzar obrazı idi. Bu obrazı canlandıran Fəridə Məmmədovanın ifası
peşəkar idi. Lakin məsələ burasındadır ki, Gülzar obrazı gənc, incə, azyaşlı
bir qız olsa da, xanəndənin xarici görünüşü bunu deməyə əsas vermirdi. Başa
düşürəm ki, Gülüzar çox mürəkkəb və mətni ağır obrazdır. Amma bu obraz gənc
xanəndələrin birinə həvalə olunsaydı, hesab edirəm ki, daha düzgün və maraqlı
olardı. Hər gənc xanəndənin nəfəsi çatıb bu partiyanı oxuya bilməz. Hər halda, ifaçının
yaşı izləyicinin diqqətini çəkən məqamlardandır.
Qeyd edim ki, tamaşa zamanı
zal tamamən dolu idi. Diqqətimi çəkən əsas məqamlardan biri də o idi ki,
tamaşaçılar arasında xarici vətəndaşlar da az deyildi. Ərəblər, türklər və
digər millətlərin nümayəndələri tamaşa sonrası foyedə şəkil çəkdirir,
təəssüratlarını bölüşürdülər. Onlar aktyorların çıxacağı qapıda dayanıb birgə şəkil
çəkdirmək və söhbət etmək istəyirdilər. Bu isə bizdə çox xoş təəssürat yaratdı.
Aktyor nə istəyir? Tamaşaçı alqışı və bitməyən sevgi...
Xəyalə Rəis







