Sabah dünən başlayıb
2403
12 fevral 2018 | 11:50
Yaşadığımız XXI əsrdə Azərbaycan teatrı hansı yolu tutmalıdır? Hansı
ideya-bədii meyarlara əsaslanmalı, hansı məqsədlərin realizəsinə prioritet önəm
verməlidir? Bu sualların konkret əməllərdə veriləcək cavabları milli teatr mədəniyyətimiz
üçün, sözün tam mənasında, taleyüklü əhəmiyyət
kəsb edir.Bəli, XXI əsrdə yaşadığımızı unutmamalıyıq. Öz ilkin əhəmiyyətini və
təsir dairəsini itirən ənənələrin buxovlarından azad olmağın tam zamanıdır.
Başqa sözlə, böyük Sabirin təbirincə desək, "dindirir əsr bizi” və əvvəlki əsrlərin
heç bir səmərə verməyən idarəetmə və yaradıcılıq stereotiplərinin əvəzinə
prinsipcə yeni, perspektivli əməllərə meydan verilməlidir. Dünya mədəni məkanına
daxil olmağın, həmin məkanda layiqli yer tutmağın yeganə yolu budur. Odur ki,
bu gün teatr sənəti sahəsində bizi
dalana salan düşüncə və prinsiplərə diametral fərqli fəaliyyət tərzi seçilməlidir.
Bu yerdə köhnəlməyən rus sualı olan "nə etməli?” gözlərimizin
qarşısında böyüyür, hər birimizdən təkidlə cavab gözləyir. Amma burada sadəcə
sözlərlə yaxa qurtarmaq mümkün deyil. Əslində, həmin sualın birmənalı və yeganə
cavabı da yoxdur.
Belə olan halda müşahidə edilən reqressiv prosesləri ən azı
dayandırmaq üçün hansı mühüm addımlar atılmalı, yaxud hansı təxirəsalınmaz tədbirlər
həyata keçirilməlidir?
Fikrimizcə, hər şeydən əvvəl, teatr sənətinin fəaliyyətini tənzimləyən
"Teatr və teatr fəaliyyəti haqqında” Qanunun bəzi maddələrinin praktik teatr həyatı
üçün səmərəsizliyi səbəbindən onun işlək mexanizmini təmin edəcək müvafiq düzəliş
və əlavələr edilməsinə ehtiyac var. Belə ki, qanunda əksini tapmış prodüser
institutu, yaxud teatr işçilərinin sosial müdafiəsi kimi maddələr funksional tətbiq
mexanizmi bəlli olmayan mürəkkəb söz birləşməsi təsiri bağışlayır. Əlavə edək
ki, teatrlara müstəqil fəaliyyət imkanı verən və dünya təcrübəsində təbii qəbul
edilən bir sıra imtiyazlar qanunun yeni maddələrində öz əksini tapmaqla onun həyati
təsirini artırardı.
Mədəniyyət və Turizm Nazirliyində teatrların qastrol səfərlərinin təşkili
ilə məşğul olan müvafiq bölmə yaradılmalı, həmin bölmə tərəfindən onların illik
qastrol səfərlərinin, həmçinin beynəlxalq festivallarda iştiraklarının qrafiki
öncədən tərtib edilməli, tənzimlənməlidir.
Bundan başqa, dövlət başçısının təsdiq etdiyi "Azərbaycan teatrı
2009-2019-cu illərdə” Dövlət Proqramının icrasının davamı olaraq ölkədə teatr
sisteminin mərhələli inkişaf strategiyası işlənməli, teatrların fəaliyyətinin, ən
azı, beş illik Dövlət dotasiyası təmin edilməli, teatr kollektivlərinə müstəqil
fəaliyyət imkanları yaradılmalı, illik maliyyə təminatının istifadəsi faktları
hər ilin sonunda müəssisələrin hesabatları əsasında yoxlanılmalıdır.
Teatr sənətinin sovet dövründən miras qalmış inzibati idarəetmə və tənzimləmə
mexanizminin köhnəldiyini, tamamilə yararsız
olduğunu qəbul edib, demokratik prinsiplərə əsaslanan daha praqmatik
konsepsiyalar hazırlanmalı, başlıca olaraq, idarəetmə şaquli deyil, üfüqi xətt
üzrə həyata keçirilməlidir.
Teatr işçilərinin əməyinin stimullaşdırılmasının yeni şərtləri müəyyən
edilməli, bu sahədə çalışanların əmək haqları, ən azı, beş dəfə artırılmalı,
xüsusən, ifaçıların hər çıxışı üçün onlara əmək haqlarının 10 %-i qədər əlavə
ödəniş verilməlidir. Ölkədə fəaliyyət göstərən teatrlarda əmək və yaradıcılıq
intizamı gücləndirilməli, fəaliyyət rejimini təmin edən sağlam mənəvi-psixoloji
iqlim yaradılmalı, yaxın perspektivə yönələn təsirli islahat tədbirləri həyata
keçirilməlidir.
Teatr kollektivlərinə müasir
mühəndis-texniki avadanlıqlarla işləməyi bacaran mütəxəssislər cəlb edilməli,
truppalarda istedadlı gənclərə geniş yer
verilməlidir. Ulu Öndər Heydər Əliyevin ölkəmizin gələcək inkişafına yönələn əməllərindən
biri gənclərin digər ölkələrə təhsil alması, ixtisasartırma ezamiyyətlərinə
göndərilməsi təcrübəsi bərpa edilməlidir. Fikrimizcə, bölgələrdə işləmək istəyən
gənclərin sosial məsələlərinin həll ediməsinə yerlərdəki icra orqanları tərəfindən
təminat verilərsə, müsbət nəticələrə
ümid etmək olar.
Milli teatr fəaliyyətinin mövcud vəziyyətinin perspektivsizliyi həqiqəti
nəzərə alınarsa və həmin vəziyyəti əsaslı surətdə dəyişməyin zəruriliyi məqbul
sayılarsa, o zaman ölkədə teatrların fəaliyyət və idarəetmə sistemi prinsipcə fərqli,
Şərqi Avropa teatr modelinin mədəni-iqtisadi şərtlərinə müvafiq olmaqla
funksional baxımdan səmərəli elmi-praktik mexanizmlərin tətbiqi ilə yenidən
qurulmalıdır. Belə ki, teatrlarda struktur dəyişmələri, yaradıcılıq proseslərinin
formalaşması və tənzimlənməsi, maliyyələşdirmə şərtləri, idarəetmə qaydaları
dövrün mütərəqqi dünyagörüşünə əsaslanan, milli-mənəvi dəyərləri özündə ehtiva
edən teatr fəlsəfəsinə xidmət etməlidir.
Çağdaş dövrdə milli teatr sənətinin inkişafı düzgün elmi-pedaqoji təhsil
konsepsiyasına əsaslanan kadr hazırlığından çox asılıdır. Bu zaman teatr
elminin, bu sahədə mövcud olan elmi-nəzəri
problemlərin həllinə yönələn tədqiqatların aparılması dünya teatr aləmində təsdiqini
tapmış nəzəri və təcrübi prinsipləri ehtiva edən elmi ədəbiyyatın, dərsliklərin
və dərs vəsaitlərinin yazılması, daha mükəmməl və effektiv tədris-yaradıcılıq konsepsiyasının
işlənməsi, eləcə də tətbiq edilməsi həlledici əhəmiyyət kəsb edir. Bunun üçün,
istər teatr işinin idarə edilməsi, istərsə konkret teatrların rəhbərliyinə
professionalların seçilib yerləşdirilməsi, həmçinin təhsil sahəsində kadr hazırlığı işinə cəlb
edilən pedaqoji heyətin yüksək elmi biliklərə, səriştəyə malik olması mühüm şərtdir.
Teatr sahəsi üçün kadr hazırlığı məsələləri, tədris-metodoloji
prinsiplərə, sosioloji təhlillərə istinadla, real imkanlar nəzərə alınmaqla,
dövrün və cəmiyyətin ictimai-mədəni tələblərinə müvafiq olaraq ən ciddi şəkildə
təşkil edilməlidir.
Ölkəmizdə teatr sənətinin kütləvi informasiya vasitələrinin köməyilə
sistematik və hərtərəfli təbliği, bir zamanlar cəmiyyətin həyatında teatr işinə
böyük fayda verən, xalq yaradıcılığının geniş şəbəkəsinin yaradılması vacibdir.
Yəni təhsil müəssisələrində bədii qiraət, dram dərnəklərinin, bütün
formallıqlardan uzaq, ən ciddi şəkildə müxtəlif
klublarda və mədəniyyət saraylarında xalq teatrlarının və özfəaliyyət
kollektivlərinin yaradılması, həvəskarların yaradıcılıq işlərinin ictimai
nümayişi məqsədilə vaxtaşırı olaraq teatr festivallarının keçirilməsi teatr sənəti
ixtisaslarına marağın formalaşdırılması işinə böyük səmərə verərdi. Vaxtilə həmin özfəaliyyət
kollektivlərinin yetişdirmələri olan yüzlərlə gənc sonralar milli teatr sənətimizin
məşhur xadimləri kimi şöhrət qazanmışlar. Odur ki, teatr sənətinin cəmiyyətimiz
içərisində təbliği, bu sənətə gənclər arasında rəğbət oyadılması sayəsində
milli səhnəmizə istedadlı insanların gəlişini təmin etməklə unudulmuş köhnə təcrübənin
yeni dövrdə istifadəsinin perspektivləri barədə düşünməyin əsl vaxtıdır.
Teatr mütəxəssislərinə, elə teatral tamaşaçılara da bəllidir ki, bu sənətin
ümumi tənəzzülü halında belə, paytaxt teatrları ilə bölgə teatrlarının ciddi səviyyə
fərqləri var. Və həmin hal onilliklər boyu bu sayaq davam etməkdədir. Burada
obyektiv səbəblər kimi dəyərləndirilənlər əslində subyektiv münasibətlərdən törənən
nəticələrdir. İndiki reallıqda həmin səbəblərin aradan qaldırılması, vəziyyəti
normallaşdırmaq, az qala, mümkünsüz görünür. Açıq demək lazımdır ki, ikinci növ
sahə qismində baxımsızlıq münasibəti görən bölgə teatrları nə ideya-bədii
tutumlu repertuar, nə də belə bir repertuar yükünü daşıya biləcək yaradıcı
truppa qura bilməmiş, beləliklə uzun illər ərzində onların yaradıcılıq
potensialı tükənmiş, bədii ifadə ustalığı korşalmışdır. Əlavə edək ki, az qala,
simvolik əmək haqqı alan həmin teatr kollektivlərinə uzun illər ərzində yerli hakimiyyət orqanları da lazımi qayğı
göstərməmişdir. Nəticə isə belədir ki, qeyd etdiyimiz teatrlar nəinki hər hansı
inkişaf mərhələsi yaşamır, hətta öz yaradıcılıq ahənginin stabilliyini uzun
müddət saxlaya bilməyib, yerində saymaqla biri digərini əvəz edən teatr mövsümlərini
başa vurmaqdadır.
Həmin teatrlarda sayca az olsa da özünəməxsus istedad sahibləri olan
insanlar fəaliyyət göstərir. O teatrlara ali təhsil almış gənc qüvvələrin gəlişi
nadir hadisə olduğu üçün bu gün orada fəaliyyət göstərən truppaların bir müddətdən
sonra yalnız yaşlı nəsildən ibarət olacağı qaçılmazdır. Bir tərəfdən teatr təsərrüfatının
təmin edilməsi üçün vacib olan maliyyə çatışmazlığı, o biri tərəfdən maaşların
kollektivlərin güzəranına ciddi təsiri, tamaşaçı təşkili sahəsindəki deyilməz çətinliklər
bölgə teatrlarını çıxılmaz vəziyyətlərə salır. Bu teatrlarda çalışanlar bütün məhrumiyyətlərə
rəğmən öz gündəlik işlərini görür, mövcud vəziyyətə qəhrəmancasına dözməkdə
davam edirlər.
Eyni mənzərə, bir qədər çox, bir qədər az, paytaxt teatrlarında da
müşahidə edilir. Yəni akademik statusu olan iki teatrdan başqa yerdə qalan
kollektivlər cüzi maaşa qane olub fəaliyyət göstərməkdədirlər. Bu sənətin əsl cəfakeşləri
olan həmin insanların maddi vəziyyətlərini bildikləri üçün, ya nədənsə, tənqidin
onların səhnə işlərinə görə ciddi irad tutmağa sanki insafı yol vermir. Amma
necə deyərlər, "çünki oldun dəyirmançı...” gərək sənə həvalə edilən obrazın "zəngin
daxili aləmini” səhnədə yaradasan. Başqa sözlə desək, nə etmək olar, bu tale məsələsidir.
Bayaq qeyd etdiyimiz kimi, əgər yuxarıda sadaladığımız təşkilati,
inzibati, yaradıcılıq və maliyyə məsələləri həllini taparsa, mövcud vəziyyəti
kökündən dəyişmək, Azərbaycan milli teatr sənətini həqiqi inkişaf magistralına
çıxarmaq mümkündür.
Bu zaman ölkədə teatr siyasətinin başlıca prinsipləri müəyyən edilməli,
sistemli və indikinə alternativ teatr fəaliyyətinə tədriclə keçid nəzərdə
tutulmalıdır. Fikrimizcə, bu, iki variantda həyata keçirilə bilər:
I variant:
Türkiyə
modelinə müvafiq olaraq, yəni, ölkədə bütün teatrların fəaliyyətinin tənzimlənməsi
və nəzarəti işini həyata keçirən Dövlət Teatrlarının Baş Direktorluğu qurumu
yaradıla bilər:
a.
Paytaxtdakı teatrlar sahələr üzrə akademik teatrların müstəqil səhnələri kimi fəaliyyət
göstərməli, bu səhnələrin, struktur, inzibati, maliyyə və repertuar məsələləri
akademik teatrların müvafiq təqdimatı əsasında Baş Direktorluq tərəfindən təsdiqlənməli,
onların festivallarda, müsabiqələrdə iştirakı, həmçinin qastrol fəaliyyəti hər ilin əvvəlində qəbul edilmiş qrafik əsasında
Baş Direktorluq tərəfindən tənzimlənməlidir;
b.
Bu teatr kollektivlərində çalışanların əmək haqları Baş Direktorluq tərəfindən
təsdiq edilmiş maaş cədvəlinə müvafiq dərəcələr üzrə ödənilməli və bu zaman
aktyorların hər çıxışı üçün onların maaşlarına əlavələr nəzərdə tutulmalıdır.
Bölgə teatrlarının da fəaliyyətini
əhatə edən bu prinsiplərin təşkilati, inzibati və maliyyə təminatı mövcud
qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş
qaydada həll edilir.
II variant:
Həmin variantda nəzərdə tutulan fəaliyyət öz
xüsusiyyətinə görə "karusel” sistemi adlandırıla bilər. Onun realizəsi bölgə
teatrlarının yaradıcılıq səhnəsi kimi azsaylı idarəetmə ştat vahidi ilə fəaliyyətini
nəzərdə tutur.
a)
Bu prinsipə əsasən paytaxtda fəaliyyət
göstərən teatrlar aktiv repertuarında olan ən yaxşı üç tamaşası ilə bölgələrə
ardıcıl səfərlərə çıxır və hər həftə bir bölgə səhnəsində tamaşalar göstərirlər.
b)
Biri digərinin ardınca gələn teatrlar öz
stasionar səhnələrinin texniki imkanlarına uyğun yerli səhnələrdə çıxışları ilə
konkret bölgələrdəki tamaşaçılara ideya-estetik, eləcə də ifaçılıq baxımdan ən
səviyyəli tamaşalarını təqdim edir, beləliklə, onların bədii-estetik zövqünün
formalaşmasına, mədəni səviyyələrinin artmasına böyük fayda vermiş olurlar.
Bölgə teatrlarının aktyor heyətinin üzvlərinə gəlincə, onların bir
qismi yerlərdə (təhsil müəssisələrində, yaxud klub və mədəniyyət saraylarında təşkil
edilən bədii qiraət və dram dərnəklərinin rəhbəri qismində) işlə təmin oluna, ən
istedadlıları isə, yuxarıda qeyd edilən teatrların truppalarına müsabiqə yolu
ilə qəbul edilə bilərlər.
Deyəsən, biz bir qədər hissə qapıldıq axı… Yəni toxunduğumuz məsələlərin
milli təəssübkeşliyimizdən qaynaqlandığına əhəmiyyət verməyəcək hikkəli və
sifarişli opponentləri unutduq deyəsən. Unutduq ki, səhnə sənətinin gerçək vəziyyətini,
aşkar həqiqətlərini görməyənlər, bir Mirzə Cəlil "malades”i üçün dəridən-qabıqdan
çıxmağa, özünü şirin salmağa, "mən də varam” iddiası ilə sayt səhifələrində
görünməyə, yaxud ağlı kəsməyən məsələlər barədə şərh verməyə hazır olanlar var. Amma nahaq. Hər kəs bilməlidir
ki, toxunduğumuz məsələlər bir sahənin məhəlli problemləri deyil, üzərində
ciddi düşünməli olduğumuz milli məsələdir. Sadaladıqlarımızın "gördüklərimizin
dörddə biri” (M.Ə,Sabir) olmadığına inanan hər kəs onu da biməlidir ki, bu
yazımızda başlıca məqsədimiz mövcud vəziyyəti
vətəndaşlıq mövqeyindən qiymətləndirib, "dilimizin ucunda olan böyük həqiqətlərə”
(Ə.Hüseynzadə) diqqəti cəlb etmək, birgə çıxış yolları axtarmaqdır. Bəli, biz milli
teatrımızın sabahını düşündükcə "millətimizin
xəttinin imzalar içində yoxluğuna” (M.Hadi) üzülürük. Sabah isə,
artıq dünən başlayıb.
İsrafil İsrafilov
filologiya
üzrə fəlsəfə doktoru,
sənətşünaslıq üzrə elmlər
doktoru, professor