Rövşən Almuradlı: “Hələ mənim zamanım gəlməyib” - Fotolar
23712 02 aprel 2019 | 12:36
Teatr həyatın aynasıdır.
Teatr elə bir məkandır ki, həyatımızı
canlı şəkildə məhz o səhnədən izləmək imkanı əldə edirik. Bəzən də izlədiyimiz
həyat hekayələri bizə o qədər təsir edir ki, uzun müddət onun təsirindən çıxa
bilmirik. Son dönəmlər teatr və kino səhnəsində süni ab-havanın olduğu iddia edilir.
Rejissorların hazırladıqları tamaşalarda vətəndaş mövqeyinin olmamasından şikayətlənirlər.
Bugünkü müsahibimiz isə çəkdiyi filmlərdə
və hazırladığı tamaşalarda mütləq şəkildə bir vətəndaş olaraq öz mövqeyini
qoyan və onu tamaşaçıya olduğu kimi təqdim edən bir rejissordur. O, rejissor
ki, öz dəsti xətti ilə seçilir, sadə insanların həyatını onlara olduğu kimi təqdim
etməyə üstünlük verir.
Bəli, müsahibimiz uzun illərdir
ki, kino və teatr aləmində külüng çalan Rövşən Almuradlıdır. Bir neçə illik
fasilədən sonra onun yenidən teatr səhnəsində tamaşa hazırlayacağı xəbərini
eşitdik. Özü də ona doğma olan Azərbaycan Dövlət Sumqayıt Dram Teatrında. Bu səbəbdən,
rejissorla əlaqə saxlayıb, hazırladığı tamaşa barədə söhbət etdik. Amma imkan
düşmüşkən Rövşən müəllimlə elə milli kinomuzun problemlərindən də danışdıq.
- Eşitdik ki, beş illik fasilədən sonra Sumqayıt Dövlət Dram Teatrında tamaşa
hazırlayırsınız.
- Yaradıcı insan üçün fasilə
olmur. Bu beş ili mən də bekar qalmamışam. Hazırlıqlar görmüşəm, nəsə etmək istəyində
olmuşam. O ki, qaldı Sumqayıt Teatrında tamaşa hazırlamağıma, teatrdan dəvət
aldım və məmnuniyyətlə qəbul etdim. İndi burada dövlət sifarişiylə Marsel Bertie Marinyenin "Oğru" əsəri
əsasında hazırlanan eyniadlı tamaşada üzərində çalışırıq. Tamaşada əsas rolları əməkdar artist İzaməddin
Bağırov, Şəmistan Süleymanlı, Vəfa Qurbanova və İlahə Səfərova oynayacaqlar.
Bir aydan çoxdur ki, tamaşanın məşqləri geldir. Gələn ayın əvvəlləri tamaşa təhvil
veriləcək. Ümid edirəm ki, bu tamaşa da izləyicilərin zövqündə olacaq.
- Bizim rejissorlarımızın qoyduğu tamaşalarda çox zaman vətəndaş
mövqeyini görə bilmirik. Bəs sizn hazırladığınız
tamaşada necə, bunu görə biləcəyikmi?
- Dünyada iki cür teatr
var. Biri dramatik, biri epik teatr. Dramatik teatr deyir ki, mən ruhlu bir aləm
yaradıram, bacarırsansa, gəl mənə qoşul. Etik teatr isə – mən oynamıram, sənə hadisələri
göstərirəm, mən yuxarıda durmamışam, elə sənin yanındayam, gəl birlikdə bütün cəmiyyətimizin
problemlərini həll edək. Bu iki teatrın hərəsinin minlərcə qolu var. Mən də o
epik teatrın qolunun birini özümə istiqamət götürmüşəm və onun yolu ilə gedirəm.
Mənim bütün tamaşalarımda vətəndaş mövqeyi mütləq şəkildə olmalıdır.
Hazırlamaqda olduğumuz "Oğru” tamaşasında söhbət lotereya oğurluğundan gedir. Təbiətin
bütün dəyərləri oğurluq üzərində qurulursa, o ilkin olaraq ailədən başlayır.
inşAllah, gəlib görərsiniz. Əslinə qalsa mən əsərin təqdimatı ilə məşğul olmuram.
Əsərdən istifadə edib, bu günün ağrısından, dərdindən danışıram. Hadisələri
göstərib deyirəm ki, gəl çiyin-çiyinə duraq, baxaq görək nəyimiz var, nəyimiz
yoxdur. Nəyi düz edirik, nəyi səhv edirik. Teatr zaman və məkan çərçivəsindədir.
-
Bu tamaşada hansı yeniliklərin şahidi olacağıq?
- Çox zaman əsər seçimi
rejissorun istəyincə olmur. Hər hansı əsərə müraciət edəndə gərəkdir ki,
çalışdığın truppanın, teatrın imkanlarını nəzərə alasan. Bu əsər teatr üçün daha
lazımlıdır. Mənim də repertuarımda rahatlıqla hazırlanan bir tamaşadır.
Yeniliklərə gəlincə isə bunu tamaşanı izləyəndə biləcəksiniz.
-
Teatrın imkanı demişkən, Sumqayıt Teatrı yenicə təmirdən çıxıb. Yəqin ki, sizin
üçün orada işləmək daha rahat olar.
- Teatrın imkanı deyəndə onun
nə binasını, nə də texniki imkanlarını nəzərdə tutmuram. Teatrın maliyyə imkanları,
truppanın iş mexanizmini nəzərdə tuturam. Bu tamaşada cəmi dörd nəfər iştirakçı
var. Burada Sumqayıt Teatrının bütün kollektivi əhatə olunmur. Dörd iştirakçı ilə
satirik yumor janrında hazırlanan tamaşadır. Həm əyləndirici, həm də düşündürücü
bir tamaşadır. Hər zaman mənim hazırlamağa can atdığım iri, monumental əsər deyil.
Güman edirəm ki, rejissor üçün bu da lazımdır. Əgər məsləhət görülübsə, deməli belə
lazımdır, bunun da öz yeri var.
- Film sahəsində tanınmış rejissorlardansınız. Film sektorunun bu qədər inkişaf
etdiyi bir dövrdə nə üçün o meydanda sizi görə bilmirik?
- Təklif olunsa əlbəttə ki,
çox böyük məmnuniyyətlə film çəkərdim. Filmdən əlavə serial çəkmək arzusunda da
olmuşam. Ancaq bunu mənə həvalə edən olmayıb. Tamaşa elədir ki, onun üçün lazım
olan sərmayə çox az olur. Cüzi bir imkanla tamaşa hazırlamaq mümkündür. Filmdə isə
nə qədər çox maliyyə ayrılsa, texniki tərəfdən o qədər keyfiyyətli bir iş çıxar
ortalığa. İndiki dövrdə serial bazarına girmək, serial çəkmək üçün ya yaxşı əlaqələrin
olmalıdır, ya da yaxşı sponsorun.
-
Bəs çəkilən serialların keyfiyyətindən necə razısınızmı?
- Çəkilən serialların içərisində
razı qaldıqlarım da var, qalmadıqlarım da. Seriallarımızda sanki mövzu qıtlığı yaşanır.
Hərdən imkan olduqca ötəri şəkildə onları izləyirəm. İnsanda elə təsəvvür yaranır
ki, sanki bizim insanların hamısı villalarda yaşayır, ciplərdə gəzirlər. Camaatın
əsas problemi odur ki, bir-birilərinə pul atsınlar, ətrafındakı insanların
firmalarını ələ keçirsinlər. Axı torpaqlarımızın 20 faizi işğal altındadır, kəndlərimiz
boşalıb, nə qədər ağrılarımız, acılarımız var. Bizim qədim türklərə söykənən şanlı
tariximiz, mədəniyyətimiz var. O qədər bədii əsərlərimiz var ki... Onlardan gözəl
seriallar çəkmək mümkündür. Ancaq görünür ki, indiki zəmanə başqa şeylər tələb
edir. Güman edirəm ki, hələ mənim zamanım gəlməyib.
-
Bu gün gənclər film meydanını ələ keçiriblər. Güclü sponsor tapıb film çəkirlər.
Siz də sponsor tapıb, onlara əsil filmin necə çəkildiyini göstərə bilərsiniz...
- Heç kimə nəyisə sübut etməyə
ehtiyac görmürəm. Əgər tələbat varsa müraciət edəcəklər, yoxdursa... Mən köhnə adamam.
Həmin gənclər sponsorla danışa bilirlər, mən danışa bilmirəm. Onların canı
suludur - axtarırlar, araşdırırlar, gəzirlər, tapırlar və çəkirlər. Azərbaycan teatrının
və kinosunun tamaşaçısı elə bir vəziyyətə düşüb ki, onlara təqdim olunan hər bir
layihəni qəbul edir. Tamaşaçıların da keyfiyyətli məhsula baxmağa ehtiyacı var.
Hüseyn Cavidin "İblis” əsərini film-tamaşa kimi
çəkmək istəyirəm və bunu da mətbuat vasitəsi ilə bəyan etmişəm. Görün, biri qarşıya
çıxıb deyirmi ki, gəl, çək! Hüseyn Cavidə, Azərbaycan ədəbiyyatına kim vurğundursa
bu layihəyə kömək etsin. Ancaq reallıq budur ki, heç kim bu layihəyə razılıq verməyəcək.
Cazibədar bir xanım qoltuğunda bir qovlula rəhbərliyin qəbuluna girib üzünə gülümsəsə,
onun təklif etdiyi layihəni həməncə qəbul edərlər.
-
Rövşən müəllim, danılmaz faktdır ki, bu gün tamaşaçıların əsas tələbatı komediya
filmlərinədir. Bu məsələyə münasibətiniz necədir?
- Siz onlara komediya deyirsiniz?
-
Bəs nə deyək?
- Onlar boş "hır-hır”lardır.
Bu komediya deyil. Mənasız, boş gülüşdən başqa bir şey deyil. Komediya ilə faciə əkiz bacı kimi bir şeydir. Faciə
odur ki, ölümdən başqa heç bir çıxış yolu yoxdur. Komediya odur ki, sənin nə
ölməyə, nə də yaşamağa ixtiyarın var. Komediya çox ağır janrdır. Bunu belə
yüngül şəkildə tamaşaçıya təqdim etmək olmaz. Onun çəkdiyi ağrılı dərdi faciə çəkə
bilməz. Faciədə heç olmasa ölürsən canın qurtarır, komediyada isə ölə də bilmirsən.
Komediyanın cəmiyyətdə çəkdiyi yük daha ağırdır. Mən vurdum, sən yıxıldın, o birisi
də hırıldadı. Bu heç komediya da deyil. Bəlkə də fikirlərimi bir az kəskin ifadə
edirəm, ancaq reallıq budur.Çalışsınlar kimlərisə yamsılasınlar.
Biri var ağıllı bir adamın komik bir situasiyaya düşməsini çəkələr, biri də var
ki, yüngül bir insan düşükləyir və biz də ona baxıb gülürük.
-
Bəlkə siz də komediya janrında bir film çəkəsiniz?
- Hələ zaman o zaman deyil. Qədrimi bilsələr,
bəlkə o zaman bir film çəkərəm.
- Yavaş-yavaş yeni teatrlar cücərməyə başlayır. Bunlara münasibətiniz necədir?
- Bir güllə bahar olmaz. Mən
bunu müstəqil teatr hesab etmirəm. Kimsə qəbul edir, kimsə etmir. Azərbaycanda müstəqil
teatrın yaranmasından ötrü böyük şərait yaratmaq lazımdır. Hələ ki, belə bir imkan
və şərait yoxdur. Müstəqil, xeyriyyə, bələdiyyə, prezident, teatrları olmalıdır.
Onları birləşdirən gildiyalar formalaşmalı, aktyor əmək birjaları yaradılmalıdır.
Böyük bir sistem qurulmalıdır. O sistem də hələ ki, bizdə qurulmayıb. Bilmirsən
bu nədir və nəyə xidmət edir. Onun yaşamasından ötrü mühit yoxdur. Elə bil laləni
burdan çıxarıb aparıb Sibirdə əkirsən. Ona görə də hələ ki, Azərbaycanda müstəqil
teatrın yaranması və inkişaf etməsi mümkün deyil. Teatr incəsənətin ən güclü laboratoriyasıdır,
incəsənət mədəniyyətin ən güclü təsiredici vasitəsidir. Teatrı qorumaq lazımdır.
Binanı bəzəyib – get, orada işlə deməklə deyil, inkişaf rəqabətdə olur.