• şənbə, 20 Aprel, 17:31
  • Baku Bakı 23°C

Ümüd Abbas: "Haradan gəldiyimizi bilirik"

09.04.20 23:37 2385
Ümüd Abbas: "Haradan gəldiyimizi bilirik"
"Müasir baxış ərazi adlarını "deformasiyaya” uğratmaqla olmur"
Gələcəyin gənclərin əlində olduğunu bilsək də, müəyyən məqamlarda onlara etimad etməkdən çəkinirik. Bəzən bunu bilərəkdən edirik, bəzən də sərf eləmədiyi üçün göz yumuruq. Bu gün isə elə bir şərait yaradılıb ki, istedadın varsa, mütləq o bir gün parıldamağa başlayır. Boy göstərib, "mən burdayam" deyərək diqqət çəkir. Elə istedadlı gənclərimizdən olan Ümüd Abbas kimi.Ümüdlə tanışlığım PUB-da baş verib. Yəni, mən bara gedib, əyləncə axtaranlardan deyiləm. Kimə desəm ki, PUB-a tamaşa izləməyə getmişdim, yəqin ki, inanmaz. Ancaq reallıq budur.Ümüd rejissor dostu Mir Qabillə birlikdə 3 il əvvəl Şah Mat Teatrını bərpa etdilər. Zirzəmi teatrı adı altında fəaliyyətə başlayan bu teatr PUB tamaşaçısını peşəkar səhnəyə gətirməyə iddialı idi. İstəklərinə addım-addım nail olurlar desəm, yəqin ki, yanılmaram.Ümüd Abbas həm də Sumqayıt Dövlət Dram Teatrında tamaşalar hazırlayır. Ustad sənətkarlardan dərs almış müsahibim eyni zamanda şair və qiraətçidir.
- Yəqin ki, Şah Mat teatrının əsasını qoyanda böyük ümidlərlə yola çıxmış omalısınız.
- Mir Qabillə birlikdə Şah Mat teatrını bərpa edəndə demişdik ki, nə zamansa teatr arzuladığımız şöhrəti qazansa, dünyanın işini bilmək olmaz, böyük səhnəmiz belə olsa, biz yenə də ayda bir dəfə parkda, barda, PUB-larda tamaşa oynayacağıq. Baxmayaraq ki, ilk tamaşamız uşaq tamaşası olub, amma Şah Mat teatr kimi zirzəmidə formalaşıb. Ona görə də haradan gəldiyimizi bilirik. Biz müxtəlif məkanları seçib, orada da teatr yarada bilərdik. Düzdür, hələ Mir Qabillə danışmamışdan qabaq bu teatrı yaratmışdım. Qabillə teatrı bərpa etdik. Gücümüzü birləşdirərək, Şah Mat teatrını bərpa etdik. Düşündük ki, bugün kimlər teatrın varlığından xəbərsizdir? Daha çox "yerinaltında” olanlar. Ona görə biz də yerin altına, zirzəmiyə endik və zirzəmi teatrının diriltdik. Şah Mat teatrı heç də birmənalı qarşılanmadı. Bizi çox incitdilər, tənqidlərlə üzləşdik.
- Necə tənqidlər?
- Dedilər ki, "niyə teatrı göydən yerə endirirsiniz?", "müqəddəs teatrı bar səviyyəsinə salırsınız". Ancaq onlar düşünmədilər ki, biz barı teatr səviyyəsinə qaldırırıq. Biz əlində pivə içən izləyiciyə tamaşa göstərirdik. Sonda baxırdıq ki, tamaşaçı hələ də bakalındakı içkini bitirməyib. Çünki bütün diqqəti bizdə idi. Demək ki, oynadığımız tamaşa tamaşaçıya əlindəki içkidən daha maraqlıdır. Bir də ki, bu kimi teatr formaları dünyanın qabaqcıl ölkələrində var. Əksər həmvətənlərimiz bunu xoş qarşılamasa da, bizə dəstək olanlar da az olmadı.
- Bugünkü tamaşaçını oynadığın tamaşaya inandırmaq nə qədər çətindir?
- Müasir tamaşaçılar 7D formatında olan filmləri izləyib, onun sehrinə düşən insanlardır. Əsas odur ki, sən o tamaşaçını necə, hansı yeniliyinlə təəccübləndirəcəksən? Gərək sən tamaşaçını da aktyora çevirəsən və onun özü də tamaşanın bir parçası olsun. Öz səhnə çərçivəndə ilişib qalmayasan. Bir zamanlar "Dördüncü divarı aşmaq” kimi bir anlayış var idi. Amma o bir zamanlar idi. İndi sən tamaşaçını da o divarın içinə salmalısan ki, tamaşaçı fərq hiss etməsin. Əgər zalı da səhnəyə çevirəcəksənsə, deməli, artıq işin yarısını etmisən.
- Sizin şair və qiraətçilik istedadınıza da bələdik. Tamaşahazırlayarkən bu istedadınız köməyinizə çatırmı?
- Şairlik başqa, rejissorluq başqadır. Şair Ümüd daha səmimi və ünsiyyətcil, istiqanlıdır. Rejissor Ümüd isə şairin tam əksidir.
- Necə yəni, əksi?
- Çox sərtdir. Lazım olduqda aktyorun xətrinə dəyməyi bacarır, ona acı söz deyir. Şair Ümüd həqiqəti palto kimi çiynindən asırsa, rejissor Ümüd həqiqəti yaş dəsmal kimi sifətinə çırpır. Həm də ki, bunlar bir-birinə yardım edən imkanlardır. Belə deyim, şairlik zərif ruh tələb edir. Mən tamaşa quranda şair ruhundan istifadə edib asanlıqla bütün obrazların hiss və həyəcanını duya bilirəm. Mənfi obrazın belə ağrılarını, travmasını hiss edirəm. Bu şairliyin rejissorluqdakı qatqısı. O ki qaldı əksi, onu da belə izah edim. Mənim rejissor kimi müşahidəm şeirlərimdə də öz əksini tapır. Şeirdəki təsvirlərimi və oxucuyla birbaşa təması mən rejissorluq təcrübəmə borcluyam.
- Teatrlarda "Atalar və oğullar" prinsipi hələ də davam etməkdədir. Gənc rejissor olaraq, bu prinsiplə necə mübarizə aparırsınız?
- Yaşlı nəsillə gənc nəsil arasındakı anlaşılmazlıq hər dövrdə olub. Yaşlı nəsil öz çərçivəsini doğma bilir. Gənclər isə o çərçivələri dağıtmaqla məşğuldur. Yaşlı nəslin doğma bildiyi çərçivə də, özündən əvvəlki başqa nəslin qoyduğu çərçivələrin sındırılması nəticəsində yaranıb. Yəni, gənc nəsil özü də başa düşmür, çıxdığı çərçivələrdən sonra özlərinə yeni bir çərçivə yaradırlar ki, bu da zamanla onlara məhbəs olur. Yəni, bu gənclərdən sonrakı gənclər də onların çərçivələrinin söküntüləri üzərində bir çərçivə qurub özlərini "çərçivə aşmış” kimi hiss edəcək. Daimi olaraq bu çərçivələr dəyişir, yeniləri ilə əvəzlənir, ancaq biz heç vaxt tam azadlığa çıxa bilmirik. Hər zaman çərçivələri aşırıq.
- Tam azadlığa çıxmaq üçün necə bir şərait yaradılmalıdır?
- Tam azadlığa çıxmaq mümkün deyil. Nə qədər azadlığa çıxırsan-çıx, özünçün yaradacağın bir çərçivə hər zaman olacaq. Haradasa,öz çərçivəndən çıxa bilməyəcəksən. Bəlkə sən bütün çərçivələri dağıdacaqsan, ancaq görmədiyin çərçivə olacaq ki, bu da sənin öz çərçivəndir. Və sən oradan o tərəfə çıxa bilməyəcəksən. Biri sənə deyəndə ki, "bunu yanlış etmisən", üzdə böyüklük edib razılaşsan belə, içində bir təkzib ehtirası baş qaldıracaq.
- Niyə siz gənclər deyilənlərlə razılaşmırsınız?
- Razılaşırıq. Razılaşmadığımız məqamlar isə bizim prinsiplərimizə uymayanda olur. Yəni ki, hər gəncin öz yaradıcılıq prizması, öz yanaşma tərzi var. Sən bıçaqdan çörək kəsmək üçün də istifadə edə bilərsən, öldürmək üçün də. Yəni bir adam o tənqidi elə deyə bilər ki, su kimi içərsən və yaxud elə deyə bilər ki, balıq sümüyü kimi boğazında qalar. Bunlar şərtdir. Gərək böyüklər də gəncləri nəzərə alıb, işlərində elə yerlərdə səhv axtarsınlar ki, gənclər bunu həzm edə bilsin. Axı, onlar daha təcrübəlidirlər. Yoxsa durub bir gəncin ən gözəl tapıntısını, sevinərək təqdim etdiyi bir nüansı sərt tənqid atəşinə tutanda, təbii ki, gənc razılaşmayacaq. Bunu etməyin yolları var ki, böyüklər bunu bizdən daha yaxşı bilirlər.
- "Mən nə edirəmsə, düz edirəm" və "heç bir tənqidi qəbul etmərəm" düşüncəsi indiki gənclər arasında yaranan xudbinlik deyilmi?
- "Mən nə edirəmsə, düz edirəm" ifadəsi zatən kökündən yanlışdır. Heç kəsin etdiyi hər şey düz deyil. Yəni bir adam bunu deyirsə, heç onu tənqid etməyə ehtiyac da yoxdur. Amma yuxarıda dediyim kimi, bu tənqidə görə dəyişir. Məsələn, sənət müəllimim Mehriban Ələkbərzadə məni çox vaxt sərt tənqid edib. Amma onun bu sərt tənqidi məni indi rejissor kimi yetişdirir. Halbuki ki, məni başqa biri Mehriban xanım kimi tənqid etsəydi, şübhəsiz, onu dinləməzdim. Elədirsə, bunu da mənim eqoma yazın.
-Yəni, deyirsiniz ki, Mehriban Ələkbərzadənin tənqidi bir başqadır?
-Mehriban xanım kimi və necə tənqid etmək lazım olduğunu bilir. O dərs verir, tənqid vasitəsi ilə öyrədir. Ən gözəli odur ki, o bizi tənqid edib səhvlərimizi göstərirdi, ancaq səhvlərimizi özümüzə düzəltdirirdi. Bəlkə biz daha heç vaxt Mehriban xanımın tələbəsi olmayacağıq, amma o, həmişə bizim ustadımız olacaq.
- Hesab edirsiniz ki, yaşlı nəslin digər nümayəndələri gənclərin işini tərifləməyi, düzü düz, əyrini əyri deməyi bacarmır?
- Əsla, mənim bu gün əsas məsləhətçilərim, mənə yol göstərən yaşlı nəslin nümayəndələridir. Mənə bir rejissor kimi formalaşıb, yetişmək üçün Sumqayıt Teatrının baş rejissoru Firudin Məhərrəmov dəstək olur. Tək mənə yox, teatrdakı, demək olar, bütün gənclərə dayaq durur. Əksəriyyətinin dostu, doğmasıdır. Elə vaxt olub, elə böyük sənətkarlar bizi qiymətləndirib ki, bu, bizim özümüzə də sürpriz olub.
- Sumqayıt teatrından söz düşmüşkən, indi hansı tamaşanın üzərində çalışırsınız?
- Hazırda karantin günləri elan olunduğu üçün evdəyik. Ancaq Sumqayıt teatrının direktoru Mübariz Həmidov mənə etimad göstərib yazıçı ÜlviyyəHeydərovanın "Pələng" adlı əsərini təklif etdi. Sağ olsun ki, belə bir məsuliyyətli işi güvənib mənə həvalə elədi. Bu metafora üzərində qurulmuş mono tamaşadır. Kamran Muradlı ilə birlikdə tamaşanı qaraqutuprinsipi ilə hazırlayırıq. Güman edirəm ki, maraqlı olacaq.
- Bu, sizin Sumqayıt teatrı ilə ilk işinizdir?
- Bundan öncə Sumqayıt teatrında diplom tamaşası kimi Jan Pol Sartrın "Dəfn edilməmiş ölülər" əsərini tamaşaya qoymuşam. Bu tamaşanı teatrın aktyorlarının ifasında nümayiş etdirdik. Əsəri Mehriban Ələkbərzadə tərcümə etmişdi. Güman edirəmki, bu yaxınlarda sözügedən tamaşa repertuara düşər.
- Sizə görə müasirlik nədir? Sizdəmi klassik əsəri müasir gözü ilə görməyə çalışan rejissorlardan olacaqsınız?
- Müasirlik –tarixiliyi qoruyub saxamaqla əsərin içindəki bugünkü günümüzlə səsləşən detalları tapmaq və əsərə çağdaş zamanla səsləşən səhnə həlli verməkdir. Rejisor bu nüansı tapmalıdır. Rejissorun işi aktyora "sən burdan çıx", "orada kreslo olsun" deməklə bitmir. Rejissorun əsər üzərində, ən azı, aktyor qədər işləməlidir. Müasir baxış ərazi adlarını "deformasiyaya” uğratmaqla olmur. Heç müasir baxış Kefli İsgəndərə cırıq cins şalvar geydirib Şeyx Nəsrullahı kəndə "Prado” ilə salmaqla da yaranmır. Müasirlik klassik bir əsərin içindəki modern zamanla səsləşə bilən problemə köklənib onu qabartmaqdır.
- Niyə rejissorlarımız əsər qıtlığından şikayət edirlər? Doğrudanmı, bu gün məmləkətdə əli qələm tuta bilən biri yoxdur?
- İstedad hər dövrdə yetişir. Bu gün də dram əsərləri yazılır. Baxır necə və hansı üslubda. Hazırda bizdə ya ailə-məişət mövzusunda əsərlər yazılır, ya da kriminal. Gəlin-qaynana mövzusundan o tərəfə çıxa bilmirik. Əsas problemimiz budur. Aktual və maraqlı mövzularahəsr olunan əsərlərin də çoxunun bədii səviyyəsi üərkaçan olmur. Qarabağ mövzusunda o qədər əsərlər yazılıb ki... Ancaq bu əsələrin çoxunu oxuyanda görürük ki, o deyil. Dramaturqlarımızın əksəriyyəti erməniləri əlində silah, gülə-gülə təqdim etməklə zalımlıqlarını göstərməyə çalışırlar. Bizə isə daha çox psixoloji hal lazımdır. Misal üçün, mənim səhnələşdirdiyim Sartrın "Dəfn edilməmiş ölülər" əsərində mövzu 6 əsirdən bir nəfərin yerini öyrənməyə çalışmaları təsvir edilir. Bir otaqda bu-insanların psixoloji vəziyyəti. Bəs, görəsən Qarabağ mövzusunda psixoloji vəziyyəti təsvir edən belə bir əsər varmı? Oldu, biz müraciət etmədik? Varsa da, mənim xəbərim yoxdur. Müharibə həmin müharibədir, burada da əsir var,orada da. Mən niyə öz dramaturqlarımız ola-ola, gedib Sartra müraciət etməliydim? Burada məsələ təkcə dramaturqda deyil. Əgər sən gəncsənsə, heç kim deməyəcək ki, "Bu teatrda gənc rejissor var, gedək görək nə bacarır?". "Dəfn edilməmiş ölülər"i səhnləşdirəndə tamaşaçılar məndən çox Sartra görə gəlmişdi.
- Hesab edirsiniz ki, Sartrın bu məmləkətdə hörməti Cəlil Məmmədquluzadədən, Cəfər Cabbarlıdan və başqa klassiklərimizdən daha çoxdur?
- Tamaşaçılarımız klassiklərimizi oxuyublar, dəfərlərlə onların əsərlərinin səhnə həllinə də baxıb doyublar. Artıq yeni bir şey istəyirlər. O yeniliyi Sartrda axtarırlar. Deyirlər ki, Avropalıdırsa, yaxşı nəsə ola bilər. Adicə metroya girəndə fikir verin. İndi əksər oxucular xarici müəllifləri mütaliə edir. Çox az adamın əlində yerli müəlliflərimizin əsərlərini görərsiz. Sizə bir fakt deyim. Bizim teatrda İsi Məlikzadənin "Oğul” əsəri də səhnələşdirilib, Frans Kafkanın "Çevrilməsi” də. Amma gəlin, tamaşaçı sayına baxın. İsi Məlikzadənin, yoxsa Kafkanın daha hörmətli olduğunu görəcəksiniz. Başa düşürəm mövzu, ideya da əsas məsələdir. Amma həqiqət budur ki, tamaşaçı tanınmış əsərə və tanınan müəllifə daha çox meyl edir.
- Yəni əgər sizin tamaşalarınıza baxmağa gəlirlərsə, bu Ümüd Abbasın rejissor yozumuna görə deyil?
- Ümüdə görə gələn tamaşaçı heç tanınmamış bir əsəri quranda da gələr. Rejissorluğuma güvənən insan düşünər ki, bu əsəri quran Ümüd burada bir şey tapıb ki qurub. Boş yerə hazırlamayıb.
- Sizcə bu gün teatrlarımızın ümumi poblemi nədir?
- Tamaşaçı problemi. Tamaşaçı teatrı qınayır, teatr da tamaşaçını qınayır. Tamaşaçı deyir ki, teatr yoxdur, tamaşa yoxdur. Teatr da deyir ki, tamaşaçı var ki, tamaşa da olsun? Ən böyük problem nə teatrdır, nə tamaşaçıdır.
- Bəs, nədir?
- Sən demə ən böyük problem PR-da imiş.
- Necə yəni PR-da?
-Sən tamaşaçıya nəyi təqdim edirsənsə, tamaşaçı onu qəbul edir. Özünü o istiqamətdə formalaşdırır. Bunu bir boş dəftər kimi düşünün. Bu dəftəri satan satıcının heç vaxt ağlına gəlməz ki, bura nə yazıla bilər. Bu dəftər bir yaşlı uşağın əlinə düşsə, cızma-qara edilib tullanar, hansısa bir şairin əlinə düşsə, vərəqlərində bəşəri bir şeir yazılıb, əsrlərlə qorunub saxlana bilər. Yəni teatr tamaşaçını formalaşdırır. Amma gərək formalaşdırmağa tamaşaçı olsun da. Bu gün insanlarımız sənətə deyil, şouya fokuslanıb. Misal üçün, mən bir tamaşa hazırlayıram, bu heç bir jurnalistin diqqətini cəlb etmir. Ancaq hansısa şou ulduzu qəza keçirirsə, bütün mətbuat ora axışır.
- Şou hər zaman sənətdən daha populyar olub.
- İndi biz nə edək? Saxta qalmaqallar yaradaq? Tamaşamıza tamaşaçı baxsın deyə ucuz yolla reklam edək? Olmur, axı.
- Bu gün Azəraycan teatrına Ümüd Abbas hansı yenliyi gətirmək istəyər?
- Bizim teatrlarımızda yeniliklər az deyil. Sadəcə, onu inkişaf etdirmək istəyərdim. Misal üçün, dekorasiyalardan minimal istifadə edərək. Bu, onsuz da var. Sadəcə daha çox inkişaf etdirmək istərdim. O ki qaldı yeniliyə,bu haqda danışmaq tezdir. Tapdıqlarımı deyəcək qədər saf biri deyiləm. Nəzərə alsaq ki, bu məqaləni başqa rejissorlar da oxuyacaq, bu halda hansısa yenilik planı haqda danışmaq düşüncəsizlik olar. Həm də ki, yenilik yaradıcılıq sayəsində yaranır. Yaradıcılıq isə hadisələrdən və gözlənilməzliklərdən doğur. Amma ümumiyyətlə, kiçik səhnədə daha böyük işlər görmək haqda düşünürəm.
- Bəzən olur ki, kiçik səhnə üçün hazırlanan tamaşaları böyük səhnədə görürük. O effekti almaq mümkün olmur.
- Alışmaqdan asılıdır. Hər səhnənin öz mizanı var. Mizan geyim kimidir. Ayağına balaca olan ayaqqabı sənə necə əziyyət verərsə bu da elədir. Səhnəyə uyğun olmayan mizan da tamaşaçıya maraqsız və yorucu gəlir. Yəni hər səhnənin öz mizan ölçüsü var. Kiçik məkanda tamaşanın təsir qüvvəsi daha yaxşı olur. Mehriban xanım deyirdi ki, aktyorun tamaşaçıyla göz əlaqəsi böyük təsir gücünə malikdir. Böyük səhnədə aktyorun tamaşaçı ilə göz əlaqəsi zamanı məsafə uzaq olur deyə o qədər təsiri olmur. Kiçik məkanlarda tamaşaçı sayı azdır deyə, tamaşanın təsir qüvvəsi çox olur. Tamaşanın oyunda iştirakı mənə çox maraqlı gəlir. Məncə böyük səhnədə mizan daha çox olmalı və göz əlaqəsinin yoxluğunu hiss etdirməməlidir. Kiçik səhnədə isə, əksinə, tamaşaçı aktyora yaxın olur deyə mizan çoxluğu onu yora bilər. Kiçik mizanlar və göz əlaqəsi tamaşaçıya daha xoş gəlir. Bəzən bir baxışın özü belə böyük monoloqu əvəz edib, nəhəng bir mizana çevrilə bilər. Yetər ki, zamanında və məqamında istifadə edə biləsən. Biz Şah Mat teatrında bundan istifadə etmişik.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər