Müasir dramaturqlarımız teatra bələd deyilmi?
Ötən gün teatr və kino rejissoru Mehriban
Ələkbərzadənin mətbuata verdiyi maraqlı bir müsahibəsini oxudum. Müsahibədə
diqqətimi çəkən bir məqam oldu. YUĞ Teatrına yeni baş rejissor təyin olunmuş
Mehriban xanım teatrda tamaşaya qoyulan əsərlərlə bağlı bir fikir səsləndirdi.
Dedi ki, keçmiş dövrün dramaturqlarının əsərləri ona görə tez-tez səhnəyə
qoyulur ki, o yazarlar teatra bələd olub yazırdılar: "İlyas Əfəndiyev teatrı
gözəl bilirdi. Ondan sonra gələn adamların heç biri teatrı onun qədər bilmədi.
Teatrı Cəfər Cabbarlı qədər bilib, sonra pyes yazmaq lazımdır. Çünki pyes mükəmməl
olmalıdır. Pyes yazmaq çətin şeydir. Teatr üçün yazmaq isə təkcə pyes yazmaq
deyil. Dramaturq teatrı bilməlidir. Mənim oxuduğum bir sürü şeylər var ki,
onları sadəcə, səsləndirmək olar. Amma səhnə həyatı vermək, oynamaq mümkün
deyil. Çünki bu pyeslər həyatın bir parçasına çevrilə bilmirlər. Və bizdə özünü
yalnız və yalnız dram sənətinə həsr etmək istəyən spesifik dramaturq imzası yox
dərəcəsindədir. Amma bizə yeni dövrün gətirdiyi mənəvi-əxlaqi yeniləşmələrin
ifadəçisi kimi yeni dramaturq imzası mütləq gərəkdir. Təəssüf ki, yoxdur. Nə
qədər bəyənməsiniz də, deyim ki, köhnə nəslin teatrı bilmək bacarığı var idi”.
Əslində, bu fikirlər marağıma səbəb oldu. Məgər
indi pyes yazan gənc dramaturqlarımız yoxdurmu? Onların yazdıqlarını səhnəyə
qoymaq heçmi mümkün deyil? Həqiqətən də, dram əsərini yazmaq üçün teatra
yaxından bələd olmaq lazımdırmı? Bu suallara ekspertlərimdən cavab almağa
çalışdım.
Müəllifin
tamaşa salonuna ötürmək istədiyi mesajlar
hədəfə dəyməlidir
Tanınmış
dramaturq Əli Əmirli
söhbətimizdə bildirdi ki, Mehriban Ələkbərzadənin teatr, dramaturgiya və
rejissura haqqında fikirləri ilə tam razıdır. "Mehriban xanım teatrımızın dünənki
və bugünkü mənzərəsini peşəkar bir ustalıqla təhlilə çəkir, maraqlı nəticələrə
gəlir. Jurnalistin dramaturgiya ilə bağlı sualını cavablandırarkən də Mehriban
xanım haqlıdır. Həqiqətən, dramaturgiya yaradıcılıq növləri içərisində ən
çətin, ən konservativ ədəbi növdür, onun möhkəm bir çərçivəsi var, dramaturq
ancaq bu çərçivə daxilində manevr edə bilər. Dramaturgiya yazıçıdan geniş
mütaliə, yüksək mədəniyyət, çevik ağıl, zəngin həyat təcrübəsi, teatra dərindən
bələdlik və səhnəyə böyük məhəbbət tələb edir. Dramaturgiya hobbi deyil, onunla
ara-sıra məşğul olmaq uğur gətirə bilməz. Bu müsahibə ilə bağlı konkret sizin
sualınıza gəldikdə isə, mən bir az təəccübləndim, çünki pyes məhz tamaşaya
qoyulmaq üçün yazılır və bu müzakirəyə ehtiyacı olmayan aksiomdur. Əgər hər
hansı bir pyesi tamaşaya qoymaq mümkün deyilsə, ya o pyes deyil, ya da çox pis
pyesdir. Şübhəsizdir ki, müasir dövrün dramaturqu yaşından asılı olmayaraq
zamanı duymalı, onun nəbzini tutmalı, ritmini
hiss etməli, tamaşaçı auditoriyasını nəzərə almalıdır. Əsərdə baş
verənlər müasir tamaşaçını biganə qoymamalıdır, müəllifin tamaşa salonuna
ötürmək istədiyi mesajlar hədəfə
dəyməlidir”.
Ə.Əmirli
deyir ki, dramaturqların yaş məsələsinə gəldikdə isə, onun üçün müəllifin yaşı
deyil, teatra təqdim etdiyi əsərin keyfiyyəti maraqlıdır: "Biz "cavan-cavan”
deyib yaşlı dramaturqları qınamaqda nə qədər haqlıyıq? Bəlkə onlar da
yazmasınlar?! Məgər yaşlı dramaturq istedadı olan gənc dramaturqa mane olur?
Tutaq ki, teatrlar ədalətsizlik edib gənclərin pyeslərini tamaşaya qoymurlar,
bəlkə də risk etmirlər. Bəs, onda o pyesləri jurnallarda, ədəbiyyat
saytlarında, kitablarda niyə çap elətdirmirlər? Əlbəttə, mən də afişalarda yeni
adlar, səhnədə yeni tamaşalar görmək istəyirəm. Bu, məni sevindirərdi. Çox istərdim
ki, yeni yaranacaq dramaturgiya bizimkindən güclü olsun, teatrımıza yeni
keyfiyyət gətirsin. Bu, belə də olmalıdır. Yaşlı nəslin gənclərə mane olması
isə, həqiqətən, absurd fikirdir. Dramaturgiyamızda elə bir tünlük yoxdur ki,
mübarizə aparaq, bir-birimizə badalaq vuraq, hamıya yer çatar, təki yaxşı
pyeslər yazılsın”.Dramaturq
otuz illik teatr təcrübəsinə əsaslanıb dedi ki, hər bir teatr, statusundan
asılı olmayaraq, yaxşı pyes sorağındadır. Heç bir teatr yaxşı pyesi geri
qaytarmır və bu məsələdə müəllifin yaşı heç bir rol oynamır.
"Müasir dramaturqlar yazmırlar, yazanda da maraqsız
olur”
Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Əməkdarartist FirudinMəhərrəmovun isə məsələyə
yanaşması bir qədər fərqlidir. Rejissor deyir ki, dram əsəri səhnə üçün yazılmış bir şeydir: "Hər
bir romanı, povesti səhnələşdirmək mümkün deyil. Dram əsəri səhnədə nümayiş
olunmaq üçündür. Bütün rejissorlar hansısa bir povesti götürüb, onu
səhnələşdirir. Hər romanın öz səhnə həllini tapılmalıdır. Rejissora ixtiyar
verilir ki, əsərin verdiyi mesajlara toxunmadan, ideyanı qoruyaraq onu
səhnələşdirsin. Əvvəllər müəllif
rejissora əsərin ideyasından kənara çıxmağa icazə vermirdi. Ancaq indi
rejissorlara sərbəstlik veriblər. Rejissor özü o ideyanı tutur və istədiyi
şəkildə ona yön verir. Hərdən deyirlər ki, rejissor özü tamaşanın müəllifidir.
Rejissor əsərə başqa xətlər də artıra bilər. Dramaturq bu cür yazıbsa məcbur
deyil ki, onu olduğu kimi səhnəyə gətirəsən”.
F.Məhərrəmov deyir ki, dramaturqlar teatr üçün
ayrıca əsərlər yazmalıdırlar: "Hətta teatr tarixindən məlumumuzdur ki, hər
hansı teatrın öz janrına, tərzinə uyğun dramaturqlar olub. Misal üçün İlyas
Əfəndiyev lirik-psixoloji üslubda dram əsərləri yazırdı. Hər zaman da deyirdi
ki, Akademik Milli Dram Teatrında bu tipli aktyorlar və rejissorlar var. Bu
səbəbdən həmin əsər səhnəyə qoyula bilər. Dramaturqlar da var ki, ancaq Musiqili
Komediya üçün əsərlər yazırlar. Teatr üçün yazılan ayrıca dram əsərləri mütləq
olmalıdır. Həmin dramaturqlar teatra yaxşı bələd olduqlarına görə yazırdılar”.
Rejissor gənc dramaturqların qıtlığından əziyyət
çəkdiklərini dilə gətirməyi unutmadı: "İndi gənc dramaturqlarımız var. Müasir
dövrdə Firuz Mustafanın, Əli Əmirlinin və digər dramaturqlarımızın adını çəkə
bilərəm. Ancaq onlar azlıq təşkil edirlər. Ona görə də biz məcbur qalıb romanlardan,
povestlərdən mövzu götürürük. Mən Çingiz
Aytmatovun "Dəniz kənarı ilə qaçan Alabaş” əsərini götürüb səhnələşdirdim.
Çünki görürəm ki, gənc dramaturqlar təzə bir şey yazanda onu səhnəyə qoymaq mümkün
olmur. Buna məcbur oldum. Çünki müasir dramaturqlar yazmırlar, yazanda da
maraqsız olur”.
"Bununla nəyə
nail olacaqsınız?”
Yazıçı-dramturq
Mehman Musabəyli
ilə söhbətimiz sosial şəbəkə sayəsində gerçəkləşdi. Dramaturq deyir ki,
"Teatrın öz dramaturqu olmalıdır” fikrini birmənalı səsləndirmək və qavramaq
düzgün deyil: "Bu geniş bir prosesdən doğan fikirdir, kimisi sonda bu qənaətə gəlir,
kimisi isə hesab edir ki, müasir teatra ümumiyyətlə dramaturq lazım deyil,
cavabında dramaturqlar da deyir rejissora ehtiyac yoxdur. Bu geniş bir
diapazonu əhatə edən məsələdir. Adətən, teatrın özünün hansısa (yaradıcı
personal sayı, texniki çatışmazlıq və yaxud hansısa konkret janrda işləmək: pantomima,
kukla, kölgə və s) məhdudiyyəti olduqda bu cür fikirlər ortaya çıxır”.
Gənc
dramaturqların yoxluğuna gəlincə isə yazar bu məsələyə etirazını bildirir: "Hər
şey bir-birilə çox bağlıdır. Effektli gənc dramaturqun olması üçün, gərək ilk
növbədə stereotiplərdən azad olsun və onlara meydan verilsin. Bu gün də yaxşı
gənc dramaturqlarımız var, amma gərək onlar əmin olsunlar ki, yazdıqları
vacibdir. Bunun üçün onlara təkcə meydan deyil, həm də gərək maddi maraq
mənbəyi yaradasan. Onlar işləsin, əvəzində siz də onları pisləyin, beləliklə
nəyə nail olmaq olar?”.
"Süjet gətirmək hələ dramaturgiya demək deyil”
Lənkəran Dövlət Teatrının baş rejissoru, əməkdar
incəsənət xadimi Oruc Qurbanov isə
deyir ki, teatr sənəti yeganə və təkrarolunmaz incəsənət növüdür ki, bu
incəsənət əsəri hər gün səhnədə tamaşaçıların iştirakı ilə canlı-canlı nümayiş
olunur: "Bu prosesdə dramaturqun rolu olduqca vacibdir. Çünki dövrün mövzusunu
səhnəyə o gətirir. Təəssüf ki, mövzu gətirən dramaturq problemi var. Süjet
gətirmək hələ dramaturgiya demək deyil”.
Söhbətləşdi:
Xəyalə Rəis
Teatrşünas