• çərşənbə axşamı, 23 aprel, 14:21
  • Baku Bakı 24°C

“Misis və mister cəsəd” “YUĞ”da

05.07.14 11:00 1729
“Misis və mister cəsəd” “YUĞ”da
Artıq teatr mövsümünün sonlarına yaxınlaşırıq. Yayın istisində, teatrların çoxunun tamaşalarını dayandırdığı bir vaxtda Azərbaycan Dövlət YUĞ Teatrında yaradıcılıq prosesi səngimədən davam edir. 2 iyun tarixində YUĞ Teatrı tamaşaçılarını yeni tamaşanın premyerasına cəm etmişdi. Gənc rejissor Ər-Toğrulun hazırladığı “Misis və mister cəsəd” tamaşasının premyarası idi. A.P.Çexovun “Mərc” hekayəsindən sonra gənc rejissor kolumbiyalı yazar, ədəbiyyat üzrə Nobel mükafatçısı Markesin yaradıcılığına müraciət etmişdi. XX əsr dünya ədəbiyyatının ən parlaq simalarından biri kimi tanınan, “Arzu edilməz saat”, “Patriarxın payızı”, “Taun xəstəliyi zamanı sevgi”, “Sənin qar üzərindəki izinlə”, “Polkovnikə məktub”, “Bizlərdə oğru yoxdur”, “Bu günlərdən biri”, “Nəhəng qanadlı senyor”, “Yüz ilihn tənhalığı”, “Hüznlü fahişələrim”və s. əsərləri ilə dünya ədəbi düşüncəsini silkələyən Qabriel Qarsia Markesin “Dünyanın ən gözəl ölüsü” hekayəsi və “Gözlənilən bir qətlin tarixçəsi” povesti rejissor üçün ədəbi əsas rolunu oynamışdı. “Komik mistika” (mistik komediya yox ha, məhz komik mistika) janrında hazırlanmış tamaşanın quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Mələk Vəlizadə, rejissor assistenti Yaqut Paşazadədir. Tamaşada YUĞ Dövlət Teatrının aktyorları - Əməkdar artist Yaqut Paşazadə (Luisa Santyaqo), Amid Qasımov (Santyaqo Nasar), Rasim Cəfər (Bayyardo San Roman), Könül Cəfərzadə (Anxela Vikario),Elgün Həmidov (Pedro Vikario), Təranə Ocaqverdiyeva (Marqot) və Vüqar Hacıyev (Keşiş Amador) çıxış edirlər.
55 dəqiqə davam edən tamaşada o biri dünyada “Yeraltı Gözəllik Yarışması” keçirilir. Yarışmanın şərtlərinə görə, iştirakçılar dirildilib, bu dünyaya göndərilir. Sağ olarkən etdikləri əməlləri təkrarlayaraq, öz əməllərinə özləri qiymət verirlər. Məlum olur ki, hər biri özünü, az qala, müqəddəs sayan iştirakçıların heç biri dirilməyə layiq deyillər.
“Ölüm haqdır” ideyasından çıxış edən rejissorun müəllif intensiyasına görə, dünyanın ən gözəl ölüsü bu dünyada yaxşı əməllərə sahib olan və öləndə cəsədi “sahibsiz” qalmayan kəslərdir.
Tamaşada bitdikdən sonra “yəqin ki, bu, mövsümün sonuncu premyerasıdır” deyə düşünə-düşünə foyeyə çıxanda teatrın ədəbi hissə müdiri Elçin Cəfərovla rastlaşdım. Bir-iki kəlmə ayaqüstü söhbətdən sonra məlumum oldu ki, teatr hələ mövsümün sonuna qədər daha iki tamaşanı seyrçilərinə təqdim etmək fikrindədir. Hətta artıq bu tamaşalardan birində məşqlərin son mərhələləri gedir. Əməkdar artist Vidadi Həsənovun İlyas Əfəndiyevin pyesləri əsasında hazırladığı “Unudulmaz Əfəndi” tamaşası da tezliklə tamaşaçıların ixtiyarına veriləcək. Tamaşada Əməkdar artistlər Vidadi Həsənov (Yaşlı Kişi), Sonaxanım Mikayova (Yaşlı Qadın), aktyorlar Amid Qasımov (Gənc oğlan), Könül Cəfərzadə (Gənc qız) və Vüqar Hacıyev (Virtual şəxs) çıxış edirlər.
Rejissor tamaşada İ.Əfəndiyevin dramaturgiyasından mərkəzindən qırmızı xətt kimi keçən məhəbbət mövzusunu qabardıb və məhəbbəti istənilən ümidsiz vəziyyətdən belə çıxış yolu kimi təqdim edib. Tamaşanın qısa süjet xətti belədir: Nevrotik bir stixiya içərisində yaşayan – “adamlar arasında olsa da, özünü Robinzon Kruzo kimi hiss edən” Yaşlı Kişi, bir gecə qəflətən maddiləşən fantomları ilə üzbəüz qalır. Bu irreal, eyni zamanda da, bəşəri varıqlar – Yaşlı Qadın, Gənc Oğlan, Gənc Qız və Virtual Şəxs – tənha qoca ilə əcaib bir oyun oynayırlar. Bu oyun – astana oyunu onu amansız tənhalığın aqoniyasından xilas edir. Bütün həyatını bir daha saf-çürük edən Yaşlı Kişi, nəhayət, ən son seçimini edir. Dövlət sifarişi üsulu ilə hazırlanan tamaşanın ictimai baxışı 10 iyul tarixinə nəzərdə tutulub.
Cari mövsüm ərzində tamaşalara təqdim olunacaq növbəti tamaşa isə “Fəna” adlanan səhnə əsəridir. Mir Sahib Ağayevin quruluşunda hazırlanan tamaşanın ədəbi əsasını Orxan Fikrətoğlunun hekayələri təşkil edir. Tamaşada aktyorlar Qasım Nağı, Natəvan Qeybani, Oktay Mehdiyev və Novruz Novruzlu çıxış edirlər.
YUĞ Teatrında cari teatr mövsümü 22 iyul tarixində “Unudulmaz Əfəndi” tamaşası ilə bağlanacaq. Teatrın ədəbi hissə müdirinin sözlərinə görə, növbəti mövsümdə YUĞ teatrı tamaşaçılarını yeni layihələrlə və maraqlı tamaşalarla sevindirəcək.
banner

Oxşar Xəbərlər