• cümə, 29 Mart, 03:57
  • Baku Bakı 7°C

“Mənim sənətim – sevməkdir”

02.06.14 14:47 1689
“Mənim sənətim – sevməkdir”
Əgər yaşasaydı,bu il 70 yaşı olacaqdı. Teatrda, kinoda yüzlərlə obrazı canlandlrmışdı, lakin o, hər kəs üçün səhnədə, ekranda, istedadlı aktyor.., həyatda isə sadəcə Oleq Yankovski idi.
Beş il öncə Lenkomun səhnəsində “Evlənmə” tamaşası sənətsevərlərin əsl istədiyi kimi alınmışdı. Fars, incə yumor, oyunbazlığın içində dayanmadan axan göz yaşları... Doğma teatrının səhnəsində son kərə oynayan Oleq Yankovski “Təəssüf ki, sizdən ayrılıram...Əlvida...” – sözlərini qəhərdən boğularaq güclə söyləyə bildi. Apreldə doğma teatrı ilə vidalaşan böyük sənətkar mayın 20-də həyatla əbədi vidalaşdı. Bəlkə də, teatrsız, səhnəsiz, yaşamağa dözə bilmədi. Bu, əslində, sənətdə, seyrçilərin xatirələrində daimi qalmaq demək idi...
Oleq İvanoviç Yankovski 1944-cü ilin Sovet Ordusu öz yarandığı gününü cəbhədə zəfərlərilə qeyd edəndə Karakandada doğulmuşdu. Atası hələ Birinci Dünya müharibəsi illərində Tuxançevskidə ştabs–kapitan kimi xidmət etdiyindən “xalq düşməni” damğası ilə həbs edilmiş, ailəsi ilə çətinliklər içində uzun müddət Cezkazqanda sürgündə yaşamışdı. Tale onlarla amansız davranmış, atası məhz Stalin ölən ili dünyasını dəyişmiş, ailə Saratova köçməli olmuşdu. Anası Marina İvanovna gənclikdə balerina olmaq istəsə də, zadəgan qanı buna yol verməmişdi. Lakin özünün teatra olan sevgisini övladlarına aşılamağa çalışmışdı. Maraqlı burasıdır ki, üç oğlundan –Rostislav, Nikolay və Oleq –məhz kiçiyini bu, heç cəlb etmirdi. Amma həmin vaxt ekranlara çıxan “Çapayev” filminə başqa yaşıdları kimi o da dəfələrcə baxmışdı. Kasıbçılıqdan özlərinin imkanı olmasa da, üzbəüz qonşusunun pəncərəsindən televizordan filmlərə baxmaqdan zövq alırdı.
Gözlənilmədən səhnəyə ilk addımlar atıldı. Belə ki, böyük qardaş Rostislav Minskidəki Rus dram teatrında fəaliyyətə başladı. Tezliklə onun yanına köçən Oleq qardaşının işlədiyi teatrda “Barabançalan qız” tamaşası zamanı təsadüfən xəstələnən aktrisanı “yamsılamalı” oldu.
Saratova dönərkən teatr məktəbinə getdi, fəqət gecikmişdi. Qəbul komissiyası isə ona qəribə xəbər verdi: ”Siz qəbul olunmuşsunuz, sentyabrda gələrsiniz”. Oleq çaşmışdı. Heç demə, qardaşları səhv salmışdılar, əslində ortancıl qardaş Nikolay uğur qazanmışdı. Amma o, gizlincə yerini Oleqə güzəştə getmişdi. Bu doğru qərarla da qardaşı Oleqin sənət yolunu müəyyənləşdirdi: Səhnəyə kiçik qardaş – böyük sənətkar gəldi.
Bu “xoşbəxt təsadüfü” sonralar daim təbəssümlə xatırlayan Oleq İvanoviçin üzünə tale gülməyə başladı. Təhsilini başa vurub Saratov DT-da işləməyə başladığı dönəmdən yeni “xoşbəxt təsadüflərlə” qarılaşdı. Lvovda qastrol zamanı restoranda nahar edərkən məşhur akrtisa Valentina Titovanın diqqətini çəkdi. Aktrisa yanında oturmuş əri, kinorejissor Vladimir Basova onu işarə edərək : ”bu ki, əsl Henrixdi! deyir. V.Basov onun aktyor olduğunu bilmədiyindən tərəddüd edir. Az sonra onlar Mosfilmdə yenidən qarşılaşanda rejissor sevinir.
Həmin vaxt sovet kəşfiyyatçısı A.Belov haqqında film çəklişinə hazırlıq gedirdi. Filmə xeyli məşhurlar cəlb edilmişdi,hətta baş rol İ.Vaysı oynayan aktyor da seçilmişdi. V.Basov isə yüksək rütbəli alman zabiti Villi Şvartskopun qardaşı oğlu Henrixi canlandıracaq aktyoru tapa bilmirdi. Və birdən... Çox həyəcanlı gənc aktyor yoxlanışdan uğurla keçir və 1968 –ci ildə artıq “Qalxan və qılınc“ filminin nümayişi böyük mədəni hadisə olur. Henrixin xarakterini, yüksək səviyyəsini, iç dünyasını hər hərəkəti, mimikası ilə göstərməyi bacaran Oleq Yankovski və İ.Vaysın ifaçısı Stanislav Lyubşin dueti Sovet kino tarixində xüsusi iz qoyurlar. Onlar əsl kumirə çevrilirlər. Hətta maraqlıdır ki, RF–nın prezidenti V.Putin bu filmə baxdıqdan sonra kəşfiyyatçı olacağına qərar verdiyini etiraf etmişdir.
Bundan sonra “İki yoldaş xidmət edirdi”, “ Həmin Münxhauzen”, “Səadətin cazib ulduzu”, “Şirin qadın”, “ Mənim zərif və incə heyvancığazım”, “Döngə”, “Açıq kitab”, “Baskervillərin iti”, “Öp məni”, “Qoru məni, mənim talismanım”, “İlk məhəbbət”, “Anna Karenina” (serial) kimi filmlərdə qeyri-adi, mürəkkəb obrazlar yaratmaqla ömrünün sonuna qədər 90-a yaxın filmə çəkilmişdi.
Teatr isə onun ikinci doğma evi idi. 1962-ci ildə Saratov DT-da həqiqi sevgisini də kəşf edir. Hamının sevimlisi, aktrisa Lyudmila Zorina ilə evlənir və ömrünün sonuna qədər qibtəolunacaq, xoşbəxt ailə həyatı yaşayır. 1965-1973-cü illərdə həmin teatrda uğurla çalışır. Ondan çox əsərdə müxtəlif yaddaqalan obrazlar yaradır.
1990-1992-ci illərdə ölkədə qarışıqlıq olduğu üçün rejissor Klod Rejinin dəvətilə Fransada işləyir – Beynəlxalq Teatr layihəsində iştirak edir. Orada SSRİ-nin xalq artisti adına layiq görüldüyünü eşidəndə bunu zarafatla qarşılayır : ”Bu adı ilk dəfə K.S.Stanislavski almışdı, sonuncu mən. Gör kimlə başlayıb kimlə bitirdilər”.
Aradakı fasilə istisna olmaqla, 1973-2009-cu illərdə rejissor Mark Zaxarovun təkidilə Lenkom teatrında böyük məhəbbətlə çalışırdı. Lenkomun səhnəsində Y.Vizber, M.Zaxarovun “Avtoqrad XXI”, K.Simonovun “Bizim şəhərli oğlan”, M.Şatrovun ”İnqilabi etüd”, Vs.Vişnevskinin “Optimist faciə”, J.Koktonun ”Daş teatr”, A.P.Çexovun “Qağayı”, N.Qoqolun “Evlənmə” pyeslərində yaratdığı obrazlar təkrarsız, yalnız Yankovskisayağı idi. Vaxtilə “Hamlet”də onun xarakterinə uyğun romantik Laerti təklif edəndə incimişdi, amma Lenkomun səhnəsində Hamleti yaradanda özünü başqa ampulada göstərdi. 1978-ci ildə M.Şatrovun “Qırmızı çəmənlikdə göy atlar” tamaşasında oynadığı Lenin obrazı tam fərqli olmaqla, həm rejissorun, həm də Yankovskinin tapıntısı idi. Bu, hər kəsin adət etmədiyi Lenin idi – qrimsiz, xəstə, yorğun, əzabkeş, sonuna az qalmış adi insan. O, real deyil, insanların istədikləri, xəyallarında canlandırdıqları romantik Lenin idi.
1990-cı illərdə ürəyincə olmayan rollardan dəfələrlə boyun qaçırmışdı. Belə bir rədd cavabını ona vaxtilə Stalin rolunu təklif edəndə də vermiş və bu hərəkətini “acımadığın insanın obrazını gərək oynamayasan” deyə əsaslandırmışdı. O, ümumiyyətlə, qazanc xətrinə çəkilmiş səviyyəsiz filmlərdən, seriallardan, reklam çarxlarından, mənasız qovğalardan qaçar və mənəviyyatını, ləyaqətini, aktyor adının ucalığı daim qoruyardı.
Kinoda yaratdığı son obraz 2009-cu ildə çəkilən “Çar” filmindəki mitropolit Filipp, teatrda isə N.V.Qoqolun “Evlənmə” tamaşasında Jevakin oldu.
Çarəsiz xəstəlik onu yaxalasa da, dözüb susur, şikayətlənmirdi. “Çar” filminin quruluşçu rejissoru, baş prodüssoru Pavel Lungin sonralar ürək ağrısı ilə deyirdi: “Filmin Kann nümayişində təkcə ruslar deyil, fransızlar, amerkanlar da ağlayırdı. Mən Oleq İvanoviçə zəng çalıb, uğura görə təbrik etdim. Üç gün sonra isə o, vəfat etdi”. Bəli, onun yaradıcılıq həyatı beləcə uğurla başa çatdı. Yaşasaydı hələ nə qədər ürəkləri ovsunlayacaqdı. SSRİ-nin , iki dəfə RF –nın Dövlət mükafatı laureantı, çoxlu sayda orden və mükafatların sahibi, festivalların uğurlu iştirakçısı, hətta, ölümündən sonra “Anna Karenina” filminə görə “ən yaxşı kişi rolunun ifaçısı” teatrda və kinoda yaratdığı obrazlara görə 2009 -2010-cu illərin mükafatçısı olmuşdur.
Nəhayət, milyonların sevimlisi Oleq Yankovskini hər kəs çılğın Henrix, inadkar Münxhauzen, cəsarətli Rıleyev, arzulanan Lenin, kutləni tapdalayan həqiqi çar Böyük Pyotr, romantik imperator II Nikolay, qəlbinin sevgi və qəzəbi gözlərindən yağan Hamlet, oyunbaz Jevakin, dindarları belə titrədən Mitropolit, istər həyatda, istərsə də səhnədə, ekranda əks cinsin qəlbini yerindən oynadan cazibədar, duyğulu, dedi-qodudan uzaq, səmimi, xeyirxah bir istedadlı aktyor və nəcib insan kimi xatırlanacaq, xatırladılacaq, yaşayacaqdır. Onun özünün dediyi kimi: “Mənim sənətim – sevməkdir. Başlıcası, bu – həyata, oğluma, nəvələrimə, həyat yoldaşıma, dostlara, tamaşaçılara, teatra, gözəl qadınlara olan sevgidir. Mən özümü məhəbbətsiz təsəvvür etmirəm...” Onun lentlərdən, şəkillərdən boylanan məna dolu baxışlarına bir dəfə baxmaq kifayətdir ki, bu zərif və alovlu məhəbbəti görə bilək. Bu məhəbbət qarşılıqlıdır Oleq İvanoviç!
Nigar Pirimova
Teatrşünas
banner

Oxşar Xəbərlər