• cümə, 29 Mart, 13:40
  • Baku Bakı 14°C

Mansur Mansurov ömrü...

30.04.20 15:33 2755
Mansur Mansurov ömrü...
Teatr aktyoru, nə qədər böyük səslənsə də, əsl sənət fədaisidir. Hələ onun çalışdığı dönəmlərin teatrda maaşların az olduğu, çətin məşəqqətli illərə təsadüf etməyini də nəzərə alsaq, fədai sözünün hələ az olduğu qənaətinə də gələ bilərik. Teatrda çalışan aktyorlar ömürlərini sevdikləri peşəyə həsr etmiş əsl sənətkarlardır. Heç bir fəxri ad, titul belə o illərin əziyyətinin, bir ömür fəda etdiyi işin əvəzini verməz.
Teatr sevgi işidir. Sevgin varsa, bütün çətinliklərin həlli yolu asanlıqla tapılır. Yetər ki, bu saf və içdən gələn bir sevgi olsun. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, kuklaçı Mansur Mansurov da belə sənətkarlardan idi. İdi ona görə deyirəm ki, artıq bizimlə deyil.
Bu dünyanın insanı olmayan aktyor

Azərbaycan milli kukla teatrı sənətinin inkişafında müstəsna xidmətləri olan, kuklaçılığın səhnə sənəti, aktyor məktəbinə çevrilməsinə töhfələr verən daha bir qocaman aktyorumuzun itkisi mənə qəribə yer etdi. Saytlarda yazılırdı "Əməkdar artist aprelin 22-də uzun sürən xəstəlikdən sonra 75 yaşında dünyasını dəyişdi".
O gün çoxları xəbəri oxuyub "Mansur Mansurov kimdir? deyə sual vermişdi. Ömrünü teatra, sənətə həsr edən insanın tamaşaçıları tərəfindən "kim idi?" deyə soruşulması acı bir dərddir. Daima kukla arxasında qalan, uşaqların sevimli personajlarını sevərək canlandıran, həmin qəhrəmanları uşaqlara daha da sevdirən gizli qəhrəman idi desəm, yəqin ki, heç kim məni qınamaz.

Dünya fanidir deyirlər, ancaq insanları ölümsüz zənn etməyimiz də bizim sadəlövhlüyümüzdəndir, yəqin ki. Daha çox danışanı dinləmək, yüksək səslə bağıranı sənətkar hesab etmək kimi şakərimiz olmasa, əslində, yaxşı insanlarıq.
Mansur Mansurov sanki bu dünyanın insanı deyildi. Heç kimlə işi olmazdı. Şikayətçi də deyildi kimsədən. Çalışdığı bu illər ərzində obrazlarını yaradar, səssizcə "Bu mənim işimdir" deyib danışmaqdan qaçardı. Sənət belə insanları sevmir nədənsə.
"Tanınmış" sözü bugün çox ucuzlaşıb. Dünən sənətə gələn adama da tanınmış deyirlər, illərin sənətkarına da. Ancaq o nədənsə tanınmaq istəmədi. Zamanmıdır günahkar, yoxsa insanın özümü, bilmirəm. Ancaq bu gün elə dövrdə yaşayırıq ki, bağırmasan, səni kimsə eşitməz. Mansur Mansurov isə bağırmaqdan imtina edən sənətkarlardan oldu. Ancaq özü də yaxşı bilirdi ki, çalışdığı sənət, səs-küyü, yağmasa da, guruldayan insanları daha çox sevir. O, öz qınına çəkilib başını aşağı salıb işi ilə məşğul olmağı seçdi. Onunku bir sənətkar ömrü idi. Kukla Teatrının unudulmaz aktyoru
Dostları deyir ki, Mansur Mansurov sakit təbiətli bir insan idi. Təbiəti ilə sənəti əks qütbləri təşkil etsə də, sənətdə sözünü dedi, yerini, ədəbini-ərkanın qoruyub bu dünyadan köç etdi. Onun A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə yolu 1970-ci ildən kəsişmişdi. Nə biləydi ki, sənət taleyi həmişəlik buraya bağlanacaq. Ömrünü bu teatra bağlayan aparıcı səhnə ustası teatrın repertuarındakı onlarla tamaşada maraqlı obrazlar yaratdı. Balaca tamaşaçıların sevgisini qazanmağı bacardı. Çalışdığı müddət ərzində obrazlar arasında fərq qoymadı, istər canlı plan, istərsə də kukla oyunu texnikalarında özünün ifaçılıq ustalığını sərgiləyən peşəkar kuklaçı kimi yaddaşlarda qalmağı bacardı. Mansur Mansurov yeni kuklaçı aktyorları yetişdirməyi, teatra gələn aktyorlara bu sənətin texniki tərəflərini öyrətməyi də özünə borc bilirdi. Və bunu ürəklə edirdi, kimsəyə minnət qoymadan, sevgi ilə.
Bu gün Kukla Teatrının repertuarına nəzər salsaq, onun əsasını təşkil edən tamaşalarda məhz mərhum sənətkarın aktyor imkanlarını ustalıqla sərgiləyəndiyinin şahidinə çevrilərik. Aktyor tamaşaçıların yaddaşında Əli Səmədlinin "Cubbulunun çərpələngi" tamaşasında Div, Abdulla Şaiqin "Tıq-tıq xanım" tamaşasında Siçan bəy, "Yaxşı arxa" tamaşasında Tülkü, Rəhman Əlizadənin "Dəcəl çəpişlər, belə-belə işlər" tamaşasında Cangüdən, "Bilqamıs əfsanəsi" tamaşasında İlan, Odlu, E.Quliyev və A.Əbilovun "Dədə Qorqud" tamaşasında Ağsaqqal, N.Zamanov və M.Məmmədovun "Səfərin nağılı" tamaşasında Rəmmal, N.Qarnetin "Ələddinin sehrli çırağı" tamaşasında Cin, S.Marşakın "Bu ev kimin evidir?" tamaşasında Kirpi, Ə.Vəliyevin "Madarın dastanı" tamaşasında Vəzir, F.Məmmədovun "Tələ quran özü düşər" tamaşasında Alabaş, Əli Səmədlinin "Artıq tamah baş yarar" tamaşasında Səməndər, H.Ziyanın "Əkiz qardaşlar" tamaşasında Cin, Kədi, T.Mütəllibovun "Meşə nağılı" tamaşasında Dələ, "Danışan qayalar" tamaşasında Şakir, Y.Oleşanın "Üç gombul" tamaşasında Tibul, M.Dilbazinin "Göyçək Fatma" tamaşasında Elçin, X.Əlibəylinin "Cunquş" tamaşasında Vəli baba, M.Seyidzadənin "Sehrli nar" tamaşasında Vüqar və Mərcan, Ə.Abbasovun "Keçinin qisası" tamaşasında Qurd, V.Rabadanın "Zəncirlənmiş Pəri" tamaşasında Zalım, Anarın "Qaravəlli" tamaşasında Abbas Abbasov, Ü.Hacıbəylinin "O olmasın, bu olsun" tamaşasında Məşədi İbad, R.Moskovanın "Hara qaçırsan, dayça?" tamaşasında Madyan, Ş.Hüseynovun "Sehirli güzgü" tamaşasında Zalım, M.Quliyevin "Dovşanın məhkəməsi" tamaşasında Çaqqal, M.Seyidzadənin "Cırtan" tamaşasında Div, M.Yuxmanın "Həsir oğlan" tamaşasında Mısmırıq, E.Baxışın "Məlikməmməd" tamaşasında Məlikməmməd, R.Rəhmanovun "Rəhmanın nağılı" tamaşasında Əzazil, K.Qoççinin "Şahzadə Turandot" tamaşasında Briqela, Pantalone və s. rolları ilə öz adını həmişəlik Kukla Teatrının tarixinə yazdırmağı bacarıb.
Kukla arxasında gizlənən sənətkar

Həmkarları ilə söhbətdən də onun sakit və alicənab insan olduğunu öyrənirik. O, güclü səhnə plastikasına, açıq səhnədə kuklalarla davranmaq məharətinə və səslə hərəkəti harmonik vəhdətdə təqdim etmək qabiliyyətinə görə Kukla teatrının ən öncül sənətkarlarından idi. Mərhum sənətkar milli kukla sənətinin poetik
xüsusiyyətlərini, Qərbin yeni səhnə sənətinin estetik prinsiplərini mənimsəmək və təcəssüm etdirmək mərhələlərinin əsaslarını öyrənib. Bunları cəsarət və müvafiq improvizələrlə öz oyununun ruhuna hopdura bilib. Qızı Səriyyə Mansuorvaya da bunu aşılamağı bacarıb. Eyni rolu müxtəlif quruluşlarda oynayanda da yeni səhnə təfsiri üçün usanmadan yaradıcılıq axtarışları edib və nəticə etibarilə bir-birindən fərqli obrazlar çələngi yaradıb.
Daha çox həlim xarakterli müsbət obrazlar ustası olan M. Mansurov xarakterindəki saflıq və səmimiyyəti təbii surətdə qəhrəmanlarının da xarakterinə köçürməyi bacarıb.
İstər sovet dövründə, istərsə də sonrakı illərdə teatrın xarici ölkələrə yaddaqalan qastrol səfərlərində, uğurla qayıtdığı beynəlxalq festivallarda M. Mansurovun da əməyi çox olub. O, 2012-ci ildə ölkə başçısının Sərəncamı ilə Respublikanın əməkdar artisti fəxri adına layiq görülüb. Ömrünün sonunadək Kukla teatrının səhnəsində çıxış edərək, yetişən nəsillərin teatr, sənət zövqünün formalaşmasına xidmət edən Mansur Mansurovun xatirəsi sənət yoldaşları və onu sevən tamaşaçılarının qəlbində həmişəlik qalacaq.
Bir sənətkar hörmətlə anılır və gözəl duyğularla xatırlanırsa, demək ki, bu ömrü boşuna yaşamayıb.
Kukla Teatrının tamaşaçıları, elə bizlər də sizi unutmayacaq Mansur Mansurov. Bu dünyadan bir Mansur Mansurov da gəlib keçdi, sakit və səssiz. Yeriniz cənnət olsun, kukla arxasında gizlənən sənətkar.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər