Ülviyyə Heydərovanın pyesi Almaniyada çap olunub

Ülviyyə Heydərovanın pyesi Almaniyada çap olunub

05 Sentyabr 2019, 14:07 1150
Yazıçı Ülviyyə Heydərovanın "Uşaqlıq" adlı monopyesi Almaniyada dərc olunub. Ötən il Höte İnstitutunun təşkilatçılığı və "LIT:Potsdam” ədəbiyyat festivalının dəstəyi ilə Postdam şəhərində keçirilən Next Stage Europe 2018 Gənc Dramaturqların Festivalında Ü.Heydərova Azərbaycanı təmsil edib.
Bu il Höte İnstitutu həmin layihənin davamı olaraq festivalda iştirak edən dramaturqların əsərlərindən ibarət alman dilində almanax dərc etdirib. Ü.Heydərovanın "Uşaqlıq” monopyesi həmin almanaxda yer alıb. "Uşaqlıq” monopyesi uşaq evində böyümüş klounessa haqqındadır. Uşaqlıq illərini ağır şəraitdə keçirən klounessa seçdiyi kloun sənəti ilə uşaqları sirkdə və özəl tədbirlərdə əyləndirir, oradan aldığı məvaciblə yaşayır. Günlərin bir günü hamilə olduğunu biləndə gözləmədiyi halla üzləşir. Yadına uşaqlıq illəri düşür. Qadın qarnındakı körpəyə uşaqlıq illərindən bəhs etməyə başlayır, onu gələcək həyatla tanış edir. Lakin klounessa düşünür ki, uşağına həyat vermək üçün ona sevgi ilə yanaşı, maddi dəstək də olmalıdır. Klounessa dilemma qarşısında qalır: yad uşaqlara görə öz uşağından vaz keçsin, yoxsa öz uşağına görə yad uşaqlardan? O, qarnındakı körpəni əyləndirmək üçün cürbəcür sirk oyunları, akrobatik hərəkətlər göstərir. Bütün bunlar isə, əslində, bir bəhanədir. Ana öz övladına şar üfürə-üfürə ona həyatını göstərir. Şar onun üçün həm övlad, həm də planetdir. Sonda ana hər şeydən yorulur və düşünür ki, ən yaxşısı övladına Günəşi bağışlamaqdır. O, uşağına Günəşi bağışlamaq üçün otağını, yuvasını, bəlkə də özünü tərk edir.