• cümə, 29 Mart, 15:17
  • Baku Bakı 14°C

Hürufilik və şəbeh

27.02.20 15:00 2537
Hürufilik və şəbeh
Uzun zamandır paytaxtdan ayrı qalmağım, eyni zamanda, teatrdan və yazıdan da kənarlaşmağıma səbəb oldu. Nəhayət şad xəbər... Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı, 22 fevral 2020-ci il tarixində Bərdəyə qastrol səfərinə gəlir. Bəs gətirdikləri sovqat? Haqq mənəm... Nəsimi... bu fürsəti dəyərləndirməyə bilməzdim.
Ancaq Nəsimi demək Hürufilik demək. Hürufilik demək təsəvvüf demək. Təsəvvüf demək kiminə görə dəlilik, kiminə görə kamillik, kiminə görə varlıq, kiminə görə yoxluq, kiminə görə hər şey, kiminə görə heç nə, kiminə görəsə eşqdir. Təsəvvüf demək burulğan deməkdir, eyni zamanda. Mərkəzində eşq olan burulğan... Qarşısına çıxan hər şeyi silib-süpürən bir burulğan... Ayağı yerdə, başı səmalarda olan burulğan... Özünü ona qapdıran kimsə, onunla birlikdə burula-burula qalxır səmaya, onunla bütünləşir, onunla ikonalaşır. Təsadüfdürmü səmazənlər? Mümkünmü səmanın təmsili-burulğan olması? Bəlkə elə səma təsəvvüfün ikonalaşmış versiyasıdır. Torpaqdan güc alıb, burulduqca səmaya doğru ucalan, ucaldıqca fəna olan. Torpaqdan var olub, Allahda yox olan. Axı, təsəvvüfün ən yüksək mərtəbəsi Fənafillahdır.
Der tariqi Nakşibəndi lazım aməd çar tərk,
Tərki-dünya, tərki-üqba, tərki-həsti, tərki-tərk... deyir bir mütəsəvvif.
Sonda yenə fəna olmaq, yox olmaq gəlir. Nəqşibəndi təriqətinə mənsub olmaqçün dörd tərk önəmlidir. Dünyanın tərki, üqbanın (axirətin) tərki, həstin (nəfsin) tərki, nəhayət, tərkin tərki. Yəni külliyən yox olmaq. Özündən ayrılıb özünü eşq burulğanına təslim etmək.
Mövlanə Cəlaləddin Rumi:-"mənim dinim eşqdir” demirmi?! Təsəvvüfün Allahı eşqdir. Təsəvvüfün dini eşqdir. Təsəvvüfün məzhəbi eşqdir. Məgər meracda Cəbrayıl əleyhissəlam Muhəmməd Peyğəmbərə "Ya Muhəmməd, bundan sonra təksən. Bir addım da atsam, yanaram. Yürü, ya Muhəmməd, eşq ilə yürü” demir?! İnsanın mələkdən üstün halıdır aşiqlik. Yalnız aşiqlər Allaha qovuşduqları gecəni Şəbi-Arus adlandırar. Çünki, eşqdə sərhəd yoxdur. Çünki, eşqdə pərdə yoxdur.
Əgər Nəsimi deyirsə ki:-
Zahid mənəm, abid mənəm, asi mənəm, fasiq mənəm,
Mömin mənəm, kafir mənəm, mən külli-insan olmuşam.- demək ki, o eşq atəşində yanıb yox olan və eyni zamanda, yoxluq içərisində var olan aşiqdir. Aşiqin halınısa aşiqlər anlar. Nəsimini anlamaqçün yanmaq gərək. Nəsimini anlamaqçün burulğana qapılmaq gərək. Ancaq eşqə anlam qazandırmaq mümkünmü.?!
Könül istərdi ki İftixar Piriyevin xəyal məhsulu olan "Haqq mənəm”i məhz bu sferada dəyərləndirim. Nə yazıq ki, Nəsimi ilə İftixar bəyin arasında aşılması zor olan "dağlar” var. İftixar bəyin yozumundakı Nəsimi daha cılız, daha acizdir nədənsə. Dizlərini yerə atıb mərsiyə oxuyacaq qədər. Deməli rejissorun "Nəsimisi” aşiq deyil.
Gər bağ-u gər bostan ola.
Gər bəndi gər zindan ola,
Gər vəsl-i gər hicran ola,
Qəhrin da xoş, lütfün də xoş… demirmi aşiqlər?!
Düşündüm, ya hu, görəsən, İftixar Piriyev Hürufilərin hərflərin kombinəsindən formalaşan ilahi ikonasından, sufi elmindən, sufi yaşantısından, təsəvvüfün insanda Allah görməsindən xəbərdardır?
O, bu düşüncənin hansı məqamındadır? Bəlkə, sadəcə, kənardan baxanlardandır? Məncə ikinci versiya daha məntiqlidir. Natiq Həziyevin canlandırdığı Nəsimi öz ampluasından kənarlaşır, kənarlaşdıqca bərraqlığını itirir… adiləşir… cılızlaşır… mərsiyəxana çevrilir.
Əslində, tamaşanı tam fərqli xəyal edirdim. Məncə, haqsız da sayılmaram, Axı, söhbət İmadəddin Nəsimidən gedir. Pərdə qapalıdır və pür-diqqət baxıram. Xəyalım sufi-təsəvvüfi elementlərlə bəzənmiş və səmazənlərin dövrə vurduğu səhnə, hətta pərdənin açılmasıyla neyin yanğılı naləsi eşliyində zikr çənbəri, mürşidin ətrafında eşq pərvanələritək dönən müridlər, Ləiləhə İlləllah zikrinin fonunda Nəsiminin qəzəllərindən ibarət zikr məclisi görməkdi.
Gəl-gələlim bu gün biz İftixar Piriyevin xəyalına baxdıq. Pərdə açılır və neyin naləsi əvəzinə, həyəcan dolu ritmik musiqi zalı bürüyür. Özünəməxsus temperamentdə cəlladların müşayiətilə Nəsimi, arxasınca isə yaşının cavan olmasına rəğmən beli bükülmüş Şeyx daxil olurlar səhnəyə. Xəyali dar ağacı qurulub və böyük mütəsəvvifin edamına hazırlıq gedir. Cəlladlar çənbər oluşdurublar ətrafında. Mərkəzdə O və Şeyxül-İslam. İki alovun mübarizəsi. Biri eşq atəşiylə yanıb qovrulan aşiq, digəri şeytanın odunda (şeytan oddan yaranıb) yanıb zayi olmağa məhkum cahil. Nəsimi ilə mübarizədə məğlub olan Şeyx sanki, mədət umarcasına cəlladların üzərinə gedir. Gəl ki, kimə əl uzadırsa, hamı bir ağızdan Nəsiminin qəzəlini oxuyur. O an dedim Nəsimini yox, Şeyxi edam edəcəklər. İçimdən bir sual, ya hu, madam bu adamlar Nəsimini dəstəkləyir, qəzəllərini əzbərləyiblər, bəs, niyə edam edirlər. Məlum olur ki, məyərsə bu şairin yuxusu imiş. Onun yuxusu ilə başlayan tamaşa rejissorun xülyası ilə son bulacaq. Amma buna qədər çox hadisə baş verir. Lazım olduğundan daha çox. O qədər çox ki, sonda bir ifadə vasitəsi qalır – həftəbecər. Muğam üslubunda qurulmuş dərviş məclisi, Teymurləngin qarşısında ərəb musiqisinin sədaları altında göbək rəqsi oynayan qız (diqqətə çatdırım ki, tamaşa boyu seyrçilər tərfindən ən çox maraqla qarşılanan səhnə məhz bu oldu. Təbiri caizsə, Günel Əliyeva zala su səpdi oyunu ilə), Teymurun yumruq zərbəsiylə Miranşahı xədim etməsi. Tamaşaçı bilmədi üzülsün, ya gülsün. Sonda daha bir şok. Teymurləng Nəsimini əfv edir və İftixar bəyin qəhrəmanına çevrilir. Yazar "Ənəlhəq” deyib dünyanı ayağının altına alan filosof-şairi çarmıxa çəkməməklə onu yaşadacağını düşünür. Ancaq elə deyil, cənab rejissor, siz aşiqi məşuquna qovuşdurmadız. "Zifaf gecəsi”nə həsrət qalan aşiqin yaşadığını düşünürsünüzsə, yanılırsız. Cılızlaşdırma təşəbbüsünün nöqtəsi qoyuldu bu mizanla. Sanki rejissorun məramı, Nəsimi heykəlini, Nəsimi mifini, Nəsimi ideyasını tamamilə dağıtmaq, yerlə yeksan etmək idi. Və budur hər kəsin maraqla gözlənti içərisində olduğu mifik-təsəvvüfi üslub şəbehə çevrildi. Heyif… Çox heyif…
Diqqətə çatdırım ki, tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.
Rolları Natiq Həziyev (Nəsimi), Əməkdar artist Rəşid Rzayev (Əmir Teymur), Bəhruz Hikmətoğlu (Şeyx Zahid), Məhərrəm Musayev (Baş vəzir), Müdvər Nemətova (Afət), Niyaməddin Səfərəliyev (Dərviş), Əmrulla Nurullayev (Dərviş libaslı mürid), Anar Buludov (I mürid), Zəki Fətəliyev (II mürid), Arzuman Tanrıverdi (III mürid), Samir Əliyev (IV mürid), Rövşən Cəfərov (Miranşah), Fərid Vəliyev (Carçı), Güney Əliyeva (Rəqqasə), Tünzalə Əliyeva (Əməkdar artist), Xatirə Süleymanova (Əməkdar artist), Səmayə İsmayılova, Sevinc Hüseynova, Pərvin Dadaşova, Xədicə Məmmədova, Səbinə İmamverdiyeva və Sevinc Bəxtiyar ifa edirdilər.
Sonda bir məqamı qeyd etmədən keçə bilmərəm. Ətrafımda əyləşən insanlar tamaşadan öncə Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyini alqışladılar. Zalın həddən ziyadə təmiz, səliqəli, bir sözlə, qüsursuz olması və işçilərin hər bir nəsnəyə çox həssaslıqla yanaşması zövq verirdi insana. Qeyri ixtiyari fərəh hissi keçir daxildən. Dövlətin əmanətinə bu şəkildə sahib çıxmaq və onu qorumaq gözəl haldır. Bu məqam nə mənim, nə seyrçilərin, nə də gələn qonaqların (İrəvan Azərbaycan teatrının kollektivi) diqqətindən qaçmadı. Təşəkkürlər hörmətli İlyas Hacıyev (Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi).
Hər şeyə baxmayaraq teatrın rəhbərliyinə və Bərdə Regional Mədəniyyət İdarəsinə dərin təşəkkür və minnətdarlıq hisslərimi bildirirəm ki, Bərdədə bizlərə teatr adlı nəsnənin var olduğunu əyani şəkildə göstərdilər.
Davamlı olması diləyi ilə

Əbülfəzəmin


banner

Oxşar Xəbərlər