• çərşənbə axşamı, 23 aprel, 14:50
  • Baku Bakı 24°C

Hüdudsuz sevgi haqqında ballada...

07.06.14 13:08 2299
Hüdudsuz sevgi haqqında ballada...
Azərbaycan seyrçisi yeni müsafirlərinin təqdimatında gözəl bir tamaşaya baxdı. Bu dəfə “Yunona və Avos” rok-operasına... “Yunona və Avos” rok-operası Rusiya Federasiyasının xalq artisti, Dövlət Mükafatı laureatı, bəstəkar Aleksey Rıbnikovun rəhbərlik etdiyi teatrın müəllif versiyasıdır. Rusiya səhnəsində ən məşhur rok-opera olan bu əsərin müəllifləri görkəmli rus bəstəkarı Aleksey Rıbnikov və şair Andrey Voznesenskidir.
Diqqətinizə çatdırım ki, Aleksey Rıbnikovun müəllif versiyası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və misilsiz uğur qazanıb. Bu rok-opera dünya musiqili teatr tarixində ən böyük nailiyyətlərdən hesab olunur. Rus dini musiqisi, folkloru, kütləvi “şəhər musiqisi” janrları, modern musiqi nümunələri ilə bəstəkarın ideya-estetik prioritetlərinin vəhdətindən yaranan rok-operanın yeni versiyasında əsas amil Aleksey Rıbnikovun musiqisidir.
“Yunona və Avos” rok-operasının quruluşçu rejissoru Rusiyanın ən yaxşı musiqili teatr rejissorlarından biri kimi tanınan, teatr, televiziya və konsert proqramlarındakı uğurlu işləri ilə məşhur olan Aleksandr Rıxlovdur. Rok-operanın vokal nömrələrini Rusiya Federasiyasının əməkdar artisti, Rıbnikovun operalarında, həmçinin sovet kinosunun şlyagerlərində əsas partiyaların ifaçısı məşhur aktrisa Janna Rojdestvenskaya ifa edir. “Buratnio”, “Prodüserlər” kimi müzikllərin xoreoqrafı Janna Şmakovanın quruluşunda təqdim olunan mükəmməl rəqs nömrələri sənət əsərinin daha da maraqlı və baxımlı olmasına təminat verir.
Rok-operada Moskva teatr və musiqi mühitinin ən parlaq simaları iştirak edir. Qraf Ryazanovun rolunu teatrın aktyorları Valeri Anoxin və Nikolay Drozdovski, Konçita rolunu Natalya Krestyanskix və Yekaterina Solovyeva ifa edirlər. Tamaşada həmçinin Rıbnikov teatrının aparıcı aktyorları Dmitri Boqdanov, Nikita Pozdnyakov, Yevgeniya Blaqova, Nikolay Lyutov, Yekaterina Kulçitskaya, İvan Aqafonov, Yeqor Nikolayev, Mariya Savina, Pavel Zibrov, Svetlana Skurixina, Leonid Seveç və b. də iştirak edirlər.
Artıq otuz ildən çoxdur ki, fenomenal rok-opera olan “Yunona və Avos” ürəkləri həyəcanlandırmağa və tamaşaçıları iki aşiqin- qraf Ryazanov və gənc Kançitanın kədərli məhəbbət dünyasına aparmağa davam edir. Bəstəkar Aleksey Rıbnikovun öz musiqisi ilə Andrey Voznesenskinin “Avos” poemasına həyat verməsi bu möhtəşəm sənət əsərinin meydana gəlməsinə səbəb olub.”
Yunona və Avos” operası real hadisələr üzərində qurulumuşdur. Səyyah, dövlət xadimi və vətənpərvər olan Nikolay Ryazanov Koliforniyada olarkən Mariya de la Konsepyon Arquelyo ilə tanış olur və onunla evlənir. Dövlət işləri ilə əlaqədar Sibirdən keçməklə Rusiyaya qayıdan Ryazanov yolda ağır xəstələnir və Krasnoyarska gətirilərək 1 mart 1807-ci ildə burada vəfət edir. Həyat yoldaşının ölüm xəbərini alan Kançita ömrünün son anınadək-otuz beş il sevgisinə sadiq qalır. “Yunona və Avos” operası məhəbbətin qüdrətini, məhəbbətin ölməzliyini, məhəbbəti sadiqliyini göstərən, duyquların fırtınasında insan taleyinin çarpışdığı əsl incəsənət hadisəsidir.
Opera-misteriya olan “Yunona və Avos” rus ruhani musiqisi, şəhər musiqisi, folklor və Rıbnikovun musiqi düşüncələrinin ahəngdar birləşməsidir. Burada insanın öz günahlarını yuması, öz əməllərinə cavabdehlik, Allahın mərhəmətinə inam və Tanrıya həmd etmək ideyası rəhbərlik edir. “Yunona və Avos” operasının mərkəzində özünü dərk etməyə çalışan insanın əzabı deyil, qəhrəmanlıq fonunda məhəbbət hekayəsi durur.
Rok-operanın premyerası 9 iyul 1981-ci ildə Lenkom teatrının səhnəsində gerçəkləşmişdi. Lakin 1982-ci ildə SSRİ Mədəniyyət Nazirliyi tərəfindən sovet musiqi ənənlərini təhrif edir fikrilə rok-operanın yer aldığı albomun işıq üzü görməsi qadağan olunmuşdu. Məhkəməyə müraciət edən Aleksey Rıbnikov 1983-cü ildə albomun işıq üzü görməsinə nail olmuş və albom hit-paradlarda zirvəyə yüksəlmişdi.
80-ci illərin sonu, 90-cı illərin əvvələrində “Yunona və Avos” rok-operasının Avropa və digər xarici ölkələrə uğurlu səfəri başlanır. Britaniya televiziyasının eyniadlı filmi dünyanın əlli ölkəsində nümayiş olunmuşdu. 30 ildən çoxdur ki, “Yunona və Avos” uğurlu səhnə həyatını davam etdirir.
Opera Proloq, üç əsas hissədən-“Rusiya”, “Amerika”, “Qayıdış” və epiloqdan ibarətdir. Qəhrəmanların özünəməxsus xarakteristikaları var. Ariyalar, balladalar əksər hallarda təkrarlanır. Simfonik proses leyt əlaqələr vasitəsilə təqdim olunur.:
Leytjanrlar (xoral, rus məişət romansı, ispan və əyan rəqsləri)
Leyttemalar (məhəbbət nəğməsi “Mən səni heç vaxt unutmayacağam”)
Leyttembrlar ( “Boris qodunov” və “Xovanşina” operalarından sitatlar.)
Myuziklda olduğu kimi hadisələr fraqmental, mozaik səciyyə daşıyır. Tarixi hadisələr mif , ya da əfsanə şəklində təqdim olunur.
Məşhur rok-operanın sayəsində bədbəxt sevgililərin simvolik qovuşması baş tutub. Konçitanın dəfn olunduğu şəhərin şerifi qadının məzarından torpaq götürmüş və Krasnoyarska gələrək onu Ryazanovun məzarı üzərinə tökmüşdür. Qrafın məzarı üzərində “Mən səni heç vaxt unutmayacağam” sözləri həkk olunmuş abidə ucaldılmışdır.
Heydər Əliyev sarayında gördüyümüz tamaşada isə peşəkar aktyorların emosional və ruhsal ifalarının şahidi olduq. Səhnədən tamaşa məkanına ötürülən enerji dəyərinin isə kəmiyyətini söyləmək çox çətindir. Burada asılmış iplərə bürünüb sevginin əzablarından azad olmaq istəyənlər, ədalətsizliyə - real həyata üsyan edənlər birarada qəfəsin - vakuumun daxilində cəm ola bilmişdilər.
Bu sevgidən həyacanlamamaq olmurdu... bu, ifaçıların damarlarından da hiss olunan iztirabı görməmək olmurdu... bu hədsiz-hüdudsuz sevginin məşəqqətini hiss etməmək olmurdu...
Bəli! Bu, müasir teatrın müasir operasının mükəmməl təqdimatı idi.
Aygün Süleymanova
teatrşünas
banner

Oxşar Xəbərlər