Gələcəyi əmin əllərdə olan ADMİU-nun SABAH-ı
Yenə SABAH, yenə Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) gəncləri. Deyəcəksiniz
ki, bu dəfə onlar nə edib? Çox yaxşı bir iş görüblər. Daha doğrusu,
Universitetin SABAH Mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova onlara gözəl bir
gələcək vəd edir. Belə ki, SABAH qrupları 15-20 mart tarixlərində Rusiya Teatr
Sənəti İnstitutunda "QİTİS – ustad dərsi” adlı festivalda iştirak edib, U.Şekspirin
faciəsi əsasında hazırlanmış "Otello əfsanəsi” adlı mistik ballada ilə QİTİS-in
Tədris teatrında çıxış ediblər. Rejissor Gümrah Ömərin quruluş verdiyi tamaşa dünyaca
məşhur olan İnstitutda yüksək qiymətləndirilib. Hətta bununla da ürəkləri
soyumayıb, tamaşada SABAHın tələbəsi, Otello rolunun ifaçısı Ziya Ağa "Ən yaxşı
kişi rolunun ifaçısı” nominasiyasını özü ilə gətirib.
Səfərlər, tamaşalar və
SABAH
Xatırladım ki, bu səfər
SABAH-ın ilk xarici təcrübəsi deyil. ADMİU SABAH qrupları artıq Polşa, Rusiya,
Moldova, Türkiyə kimi ölkələrdə teatr festivallarında iştirak edib. Bu isə
Moskvada MDB dövlətlərinin teatr məktəbləri arasında keçirilən "QİTİS – ustad
dərsi” adlı festivala növbəti səfərləri idi. ADMİU-nun beynəlxalq əməkdaşlıq
etdiyi ölkələr və ali məktəblər arasında Rusiya teatr sənətləri İnstitutu mühüm
yer tutur və elə bu əməkdaşlığın nəticəsi olaraq ADMİU festivala dəvət alıb. Universitet
rəhbərliyi SABAH qruplarının sözügedən layihədə iştirakını məhz bu səbəbdən təmin
edib. Biz də tələbələri təbrik etmək və onların bu sevincinə şərik olmaq üçün
Universitetə yollandıq. Festivalda iştirak edən heyəti bir arada görüb, onlarla
söhbət etmək imkanı əldə etdik.
SABAH Mərkəzinin rəhbəri Böyükxanım
Məmmədbəyova bizi Rusiya Teatr Sənəti İnstitutunda "QİTİS – ustad dərsi” ilə
daha yaxından tanış etdi: "Ustad dərsləri Rusiya Teatr Sənətləri İnstitutunun
professor və müəllim heyəti tərəfindən, aktyor sənəti, səhnə hərəkəti, vokal,
səhnə danışığı fənləri üzrə keçirildi. Əslində, dünyanın hər yerində aktyor
sənətinin əsasları eyni prinsipə söykənir. Mən bunu əminliklə deyə bilərəm.
Universitetimiz beynəlxalq əlaqələrə və
təcrübəyə əsaslanan, keyfiyyətli təhsilə üstünlük verir. Bu səbəbdən rəhbərliyinin
təşəbbüsü ilə Amerikadan, Rusiyadan, Polşada, İsraildən, Estoniyadan buraya
mütəxəssislər dəvət olunur. Tələbələr böyük maraqla bu mütəxəssislərlə ustad
dərsi keçir və onların hər birindən nələrisə mənimsəyirlər. Bu sevindirici
haldır ona görə ki, müəllimlərimiz özü beynəlxalq təcrübələrdən yararlanır.
Müasir dövrdə isə internet resurslarından istifadə edərək də bunu etmək
mümkündür. Həm də tələbələrlə yanaşı, biz müəllimlər də ustad dərslərində də
iştirak edirik. Yeni metodlar və ya praktiki məşğələləri örnək olaraq qeyd
edirik. Müxtəlif ali məktəb tələbələrlə müqayisədə görürük bizim tədris
prosesimiz dünyanın nüfuzlu ali təhsil caqlarından heç də zəif deyil”.
"Sübut etdik ki, bu
mümkündür”
Böyükxanım Məmmədbəyova gələcək üçün ümidverici aktyor nəslinin
yetişdiyini deyərək festivalda iştirak edən tələbələri göstərdi. Və fikrinə
davam etdi: "Universitetimizdə SABAH qrupları iki ixtisas üzrə tələbə qəbulu
aparır. Aktyor sənəti və rejissorluq. Əslində düşünmək olar ki, incəsənət
istiqamətli məktəblərdə SABAH qrupları özünü necə təsdiq edə bilər? Amma biz
bunu sübut etdik ki, bu mümkündür. İş prinsipimizdə komanda şəklində işləməyə
üstünlük verərək buna nail olduq. Müasir dövr bizdən sürətli inkişafa gedən yolu
seçməyi tələb edir. İşimizi dinamik qurmaq bacarığı önəmlidir. 2015-ci ildən
başlayan fəaliyyətimizi götürsək, 5 xarici ölkəyə səfər, 4 ölkədaxili qastrol,
təkcə SABAH qrupları üçün xaricdən dəvət olunmuş 7 mütəxəssis, Britaniya
konsulluğunun 3 layihəsi (qeyd edim ki, daha iki layihədə də iştirak
planlaşdırılıb), 11 tamaşa, xarici və ölkədaxili festivallarda iştirak və
müxtəlif nominasiyalar üzrə təltiflər və s. dinamikliklə yanaşı, inam və səmimi
atmosfer vacibdir ki, bu da bizə qısa zamanda bu qədər nailiyyət əldə etməyə
imkan verir. Bu gün tələbəyönümlü təhsil önəmlidir. Müasir tələbə yeni
təcrübələr əldə etməyə meyllidir. Açıq fikirlidirlər və yeni ideyalara can
atırlar, lakin icra mərhələsində sıxılırlar. Tələbəyönümlü təlimlərdən istifadə
etdikdə, tələbələrin öyrənmə xüsusiyyətləri və üsulları təyin edildikdə,
öyrənmə mərhələləri dəqiqləşdirildikdə, təhsil nəticə yönümlü təhsilə çevrilir.
Bizim sənətimizdə yanaşma metodu önəmlidir. Sadalananlara əməl etdikdə
düşünürəm ki, öz nəticələrini verir”.
Tələbələrin qastrol
səfərlərinin onların dünyagörüşünə təsir etdiyini deyən müsahibimiz bunun nəticəsini
də gördüklərini bildirir. Deyir ki, tələbənin öyrənmə prosesi zamanı topladığı
təcrübələr nəticə etibarı ilə təsdiqini tapıbsa, bu artıq tələbədə özünə inam
yaradır: "Fərqli tamaşaçı auditoriyası ilə üzbəüz qalan tələbə, aktyor
məsuliyyətinin, aktyor tərbiyəsinin nə olduğunu bir daha anlayır və deyərdim
ki, xarici səfərlərdən sonra tələbə mühüm mərhələ keçmiş olur və böyüyür. SABAHın
aktyor tələbələri professional səhnədə dəfələrlə çıxış ediblər.”
Festivalda iştiraklarından
danışan SABAH Mərkəzinin rəhbəriADMİU-nun Rusiya Teatr sənətləri İnstitutu
ilə əməkdaşlıqları olduğunu vurğuladı: "Əməkdaşlıq çərçivəsində biz artıq ikinci
ildir ki, "QİTİS – ustad dərsi” adlı festivalda iştirak edirik. Keçən il də SABAH
qrupları "Müsyo Jordan Dərviş Məstəli şah” tamaşası ilə bu ustad dərslərdə iştirak
etmişdi. Bu dəfə Gümrah Ömərin quruluş verdiyi "Otello” haqqında ballada adlı tamaşa
ilə getmişdik. Festivalda MDB-dən biz daxil olmaqla
6 ölkə – Özbəkistan, Qazaxıstan, Belarus, Moldova, Ermənistan iştirak edirdi. Biz
Bakıda tamaşanın yalnız premyerasını etmişdik, premyeradan sonra dəfə də olsun oynanılmamışdı.
Professional səhnədə belə 3-4 dəfə oynanıldıqdan sonra tamaşa öz yerini alır. Tələbələrin
ifasında nümayiş olunan 1 saat 10 dəqiqəlik tamaşa maraqla qarşılandı. Qürur hissi
duydum ki, SABAH-ın tələbələri Moskva və digər MDB ölkələri qarşısında sərgilədikləri
tamaşanı mükəmməl şəkildə təqdim etdilər. Doğrudan da, nümunəvi oldular, başımızı
uca etdilər. Çünki orada zəif performans nümayiş etdirmək mümkün deyildi. O müstəvidə
hər şey o an hiss olunur. QİTİS-də Rusiyanın tanınmış aktyor və rejissorları dərs
deyirlər. Tamaşaya QİTİS-in teatrşünas tələbələri gəlmişdi. Onların qarşısında başımızın
uca olmağı məni çox sevindirdi”.
Söhbətdən də aydın olur ki,
beynəlxalq arenada tələbələrimizin ifasında fərqli bir "Otello” nümayiş olunub.
Böyükxanım
Məmmədbəyova repertuara baxanda insanların beynində oturuşmuş "Otello” tamaşası
görmək keçsə də, ancaq onlar bu dəfə səhnədə başqa bir performans gördüklərini
deyir: "Bizim tamaşa səhnədə oynanılanda simalarda çaşqınlıq hiss edirdim, sanki
fərqli bir atmosferə düşmüşdülər. Keçən il birinci dəfə idi bu festivalda
iştirak edirdik, il ötdükcə daha çox təcrübə toplamağa başlayırıq.
SABAH qruplarında təhsilin bir
üstün tərəfi odur ki, tələbənin aktyor kimi yetişməsində müəllimlərin danılmaz
rolu var. Hansı ki, bu qruplarda Azərbaycan teatr və kino sənətində sözünü
demiş sənətkarlar dərs deyir. Böyükxanım Məmmədbəyova da vurğuladı ki, bu
müəllimlərin səyi nəticəsində Azərbaycan tələbələri bu gün QİTİS-in səhnəsində
performans nümayiş etdirirlər: "Uzun illərdir, QİTİS ilə qurulan əlaqələr bu səviyyədə
deyildi. Onlarla yaxın əlaqələr qurulub, tələbələrimiz üçün bir yol, cığır açılıb.
Adətən festivallar müsabiqə xarakteri daşımır. İştirak etmək önəmlidir. Burada da
hər kəsin nominasiyası var idi. Bizim tamaşa ən orijinal tamaşa adına layiq
görüldü. Tələbəmiz isə "Ən yaxşı kişi aktyor” nominasiyası üzrə qalib oldu. Bu da
sevindirici hal idi. Çünki Ziya doğrudan da peşəkarcasına elə bir Otello yaratdı
ki, hamının diqqəti ona cəlb olunmuşdu”.
"Klassik dramaturgiyanın
basqıları altında qala bilməzdik”
Tamaşanın
rejissoru Gümrah Ömər təhsil sistemimizdə SABAH layihəsində iştirak edən
tələbələrin seçildiyindən və onların özgüvəninin formalaşmasından danışdı: "SABAH,
sözün əsl mənasında, ən yeni, ən çağdaş tələbləri, metodikaları özündə əks etdirir.
Nə yaxşı ki, ADMİU-nun SABAH qrupları var. Bu qrupa müəllim olaraq dəvət alanda
çox şad oldum. Qeyd edim ki, "Otello” tamaşası SABAH qrupları ilə ikinci işimizdir.
Onlar 2-ci kursda oxuyanda Cümhuriyyətin 100 illiyi ilə əlaqədar, "Hərə bir qəhrəman”
tamaşasını hazırladıq. Bu tamaşa da müsbət rəylər aldı. Müasir yozumumuz, düşüncə
tərzimizlə tamaşaçıları təəccübləndirməyi bacardıq. İkinci dəfə isə daha mürəkkəb bir mövzuya müraciət etdik. Bu, Şekspir
və onun "Otello”su idi. Biz bunu bir tədris prosesi olaraq düşündük. İstədik ki,
tələbələrimiz Şekspir dünyası ilə tanış olsunlar. Dərs prosesində müəyyənləşdirdik
ki, artıq onu ifadə etmək üçün son dərəcə sərbəst yanaşmaq lazımdır. Klassik dramaturgiyanın
basqıları altında qala bilməzdik. İstədik uşaqların özlərinin yaradıcılıq proseslərinə
başlayaq. Qarşımıza bir sıra hədəflər qoyduq və işə başladıq. İlk növbədə, tələbəmizə
şəxsiyyət kimi yanaşdıq”.
Festivalda tələbələrin
iştirak etdiyi tamaşanın fərqli üslubda hazırlandığını deyən G.Ömər bu səhnə
üslubunun bir ilk olduğunu bildirdi: "Tələbələr arasında ilk dəfə idi ki, bütün
aktyorlar tamaşa boyu daima səhnədə görünürdülər və hadisələrin içində idilər.
Onlar bu tamaşada kulisə keçmədilər. Bütün tamaşa bu səkkiz nəfərin daima səhnədə
olması ilə davam etdi. Bu da Şekspir mətni, Şekspir dramaturgiyasını düzgün istiqamətləndirməkdə
bizə köməkçi oldu”.
"Sənətin kökündə ilk
növbədə sevgi dayanır”
SABAH
qrupunun müəllimi Xalq artisti Mehriban Zəki ilə də söhbət etdik. Xalq
artisti SABAH-ın tələbələrindən danışarkən gözlərindəki işığı görməmək mümkün
deyildi. Bu ildən etibarən SABAH qruplarında çalışan sənətçi burada ancaq seçilmiş
tələbələrin təhsil aldığını dedi: "Buradakı tələbələrin peşəyə münasibəti məni sevindirir.
Çünki bu qrupdakı tələbələr çox böyük məsuliyyət daşıyırlar. Həvəslə dərsə gəlir
və dərs prosesində maraqla iştirak edirlər. Verilən hər tapşırığı böyük məmnuniyyətlə
yerinə yetirirlər. Moskva səfəri onların istedadlarını, potensiallarını bir
daha nəinki bizə, hər kəsə sübut etmiş oldu. Onlar çox
tərbiyəli, mərifətli, qanacaqlı uşaqlardır. Bu cür tələbələrlə işləmək çox gözəldir.
Bu da o deməkdir ki, SABAH-da yetişən bu gələcək nəsil həm istedadlı, həm bacarıqlı,
həm qabiliyyətlidir. Ən maraqlısı da odur ki, tələbələr bir-birilərinə dəstəkdir.
Lazım olduqda bir tamaşada digər qrupdan tələbələr də iştirak edə bilir. Bir-birilərinə
qarşı çox böyük sevgiləri var. Sənətin kökündə ilk növbədə sevgi dayanır. Sevgi
olan yerdə hər zaman uğur var. Hər zaman onlara müəllim olmadığımı,
qarşılarında məni bir sənət yoldaşı kimi görmələrini deyirəm. Çünki sabah onlar
mənimlə həmkar olacaqlar. Tələbələrlə təcrübələrimi bölüşürəm. Bu sənəti sevən,
onu uca tutan, can yandıran hər bir kəs mənim əzizimdir. O adam üçün hər şey etməyə
hazıram”.
M.Zəki beynəlxalq festivalların
tələbələr üçün böyük bir məktəb olduğunu deyir: "QİTİS Moskvadakı ən tanınmış, nüfuzlu, dünyaca
məşhur sənət ocağıdır. Həmin məktəbin təşkil etdiyi bu festivalda tələbələrin çıxış
etmələri təbii ki, gözəl haldır. Belə ki, o səhnədə özlərini göstərdilər, eyni
zamanda başqalarının səhnə performansını gördülər. Əmin oldular ki, heç də düşüncə
baxımından dünyanın bir çox tanınmış incəsənət universitetlərindən geri qalmırlar.
Bu həqiqətən qürurverici bir haldır. Festival tələbələrə yaxşı dostlar, böyük çevrə,
dünyaya fərqli baxış qazandırdı. Bu festival tələbələr üçün dünyaya açılan bir pəncərə
oldu. Tələbələrdə özlərinə inam yaratdı. Bu yaşda tələbələr üçün çox vacib məqamdır.
Bu onların gələcəyi üçün tramplindir, irəliyə çıxmaq üçün bir həvəs mənbəyidir”.
Müəllimlərlə söhbətdən
sonra festivalda iştirak edən tələbələrlə bir masa ətrafında səfər təəssüratlarını
öyrəndik. Onlarla söhbətdən aydın oldu ki, beynəlxalq arenada iştirak edən, böyük
teatr mühiti görən bu tələbələrin gözləri bir az erkən açılıb və artıq dünya
teatr prosesilə yaxından tanışdılar. O proses ki, biz onlara ancaq internet
üzərindən baxa bilirdik. Onlar isə bu
mühitin tam içində idilər, nəinki ona toxunub, hətta bu səhnədə həmyaşıdlarına
meydan belə oxuyublar.
"Tələbəyik, əsas meyarımız öyrənməkdir”
SABAH-ın aktyorluq fakültəsinin
üçüncü kurs, tələbəsi Fidan İsmayılova Dezdemona obrazının
ifaçısıdır. Deyir ki, bu obrazın onun həyatındakı yeri tamam başqadır: "Bu
obraz mənim ən sevimli qəhrəmanlarımdandır. Bu vaxta qədər oynadığım obrazlar
içərisində mənə ən yaxın, özünü sevdirən Dezdemona oldu. Dezdemona ilə QİTİS-in səhnəsində özümü çox
rahat hiss edirdim. Özümü səhnədə Fidan olaraq deyil, Dezdemona kimi aparırdım
və o təəssürat daima mənimlə idi. Mənim
üçün çox asan idi. Tamaşaçılar tərəfindən də çox gözəl qarşılandı. QİTİS mənə
hər zaman maraqlı gəlib və orada olmaqdan həqiqətən zövq aldım”.
Mirsənan
Kazımlı tamaşada Yaqo obrazının ifaçısıdır. "Otello” tamaşasını bir dəfə burada,
sonra Moskvada oynadıqlarını deyən Mirsənan müsbət rəylər aldıqlarını
vurğuladı: "Bu festivallar dünyagörüşümüzü artırır. Ölkəmizdən kənarda hansı
teatr prosesinin baş verdiyini göstərir, anlayışlarımız olur. Biz orada təkcə Moskva və Rusiyanın deyil, bir
çox ölkələrin tamaşalarına baxdıq. Digər ölkələrin incəsənət universiteti ilə
bağlı müsbət fikirlərimiz formalaşdı. İnsanların teatra olan marağını,
sevgisini gördük. Başqa bir mühitdə, öz həmyaşıdlarımızla həmsöhbət olmaq
həqiqətən maraqlı bir hissdir. Hər tələbənin arzusudur ki, QİTİS-də belə bir
festivalda iştirak edə bilsin. Nə yaxşı ki, bu bizə qismət oldu”.
Tural
Kərimov tamaşada Hersoqu canlandırır. O, G.Ömərin quruluş verdiyi tamaşanın
qeyri-adiliyindən bəhs edərək tamaşanın rəngarəngliyindən danışdı: "Müəllimimizin
quruluş verdiyi tamaşa bizim ifamızda gözoxşayan idi. Hər birimiz səhnədə idik.
Quruluş olaraq da Azərbaycanda bütün qəhrəmanların eyni səhnədə olduğu bir tamaşanın
içərisində idik. Bu festivaldan, tamaşadan çox şey öyrəndim. Mən tələbəyəm və
əsas meyarım öyrənməkdir. Moskvaya gedəndə şahid oldum ki, biz onlardan geridə
deyilik. Tələbələrimiz, aktyorlarımız onlardan nə yaradıcılıq, nə təhsil, nə də
düşüncə baxımından heç də geri qalmır. Qarşımıza qoyduğumuz məqsədlərdən biri
odur ki, biz müasir teatrın aktyoru kimi yetişək. Müəllimlərimiz bu yolda bizə
əlindən gələn köməkliyi göstərirlər. Hər şey bizim özümüzdən asılıdır. Buna
görə də çalışmaq lazımdır. Festivalla bağlı təəssüratlarım çoxdur. Moskvanın
təhsil sistemi, teatra yanaşması tamamilə fərqlidir. Onlarda teatra həvəs,
sevgi, diqqəti gördük. Adi küçə ilə gedəndə hər küçənin başında teatr afişaları,
posterlər, reklamlar vardı. Teatrın reklamları nümayiş olunurdu. Bizdə teatr
afişaları ancaq teatrların qarşısında olur”.
Elçin
Əmirov tamaşada Rodriqo obrazını yaradıb. Deyir ki, burada yaxşı çıxış
etməkdən əvvəl G.Ömər onlara yeni üsullar öyrədib: "Hansı ki, müasir aktyora
onları bilmək mütləqdir. Müasir dövrdə aktyor elə bir üsul tapmalıdır ki,
zəmanə ilə ayaqlaşsın. Tamaşada ən önəmli nüans tempi tuta bilmək idi, biz buna
nail olduq və nəticədə tamaşamızla bağlı
çox yüksək fikirlər aldıq. Burada baş və ikinci, üçüncü dərəcəli rollar yox
idi. Hamı səhnədə idi. Gördük ki, biz heç kimdən geri qalmırıq. Hər şeyin
başında zəhmət dayanır. Biz çox əziyyət çəkdik və onun bəhrəsini də gördük”.
E.Əmirov Moskvanın sehrli teatr mühitindən
ayrılmağın çətinliyindən danışdı: "Bu səfər bizim bundan sonrakı
dünyagörüşümüzə təsir edəcək. Biz burda teatr sevgisinin tamamilə fərqli şey
olduğunun fərqinə vardıq. Sən demə, teatrı təmənnasız da sevmək olarmış. Tamaşamıza
kifayət qədər orta və yaşlı nəslin nümayəndələri gəlmişdilər və çox maraqla
baxırdılar”.
Brabansionun ifaçısı Toğrul
Qasımov sözə "SABAH ailəsinin bir fərdi
olmaq ayrıcalıqdır” – fikri ilə başladı və onların üzləşdiyi problemlərə qədər
uzun-uzun söhbət etdik: "Belə səfərlərdə olanda adam ixtisasından iki əlli
yapışır. Təbii ki, bu daxildə olan sevginin göstəricisidir. Bundan öncə
Türkiyədə, İranda festivalda iştirak etmişəm. Rusiyada teatr festivalında olmaq
mənim üçün çox böyük bir eksperiment oldu. O ab-havanı görmək özü gözəl hissdir.
Tamaşamız bitdiyi zaman hər kəs bizi alqışladı və o an mən tamaşaçıların əllərinə
deyil, onların üzlərinə, reaksiyalarına baxırdım. Diqqət etməyə çalışırdım ki,
qaşları çatılıbmı, üzlərində təbəssüm varmı? Bu mənim üçün çox önəmli idi ki,
etika xatirinə alqışlayırlar, yoxsa həqiqətən də, tamaşamızı bəyəniblər. Simalarından
hiss etdim ki, tamaşamız onların könlüncə olub. Tamaşamız baxımlı idi. Bizə
əsas onların sistemi maraqlı idi. Düşünürdüm ki, biz onlardan geridə qalarıq.
Gördüm ki, əksinə, onlarla ayaqlaşa biləcək teatrımız var. Biz orada
həmyaşıdlarımızla söhbət etdiyimiz zaman digər tələbələr bildirirdilər ki,
onlardan 4-5 nəfər teatrda çalışırlar. Orada teatra, kinoya işçiləri tələbə vaxtından
götürürlər. Bizdə isə elə deyil, burada hər şey tanışlıqladır. Rejissorlar
yaxşı bir məhsul ortaya çıxarmaq istəyirsə, kastinq elan edirsə, ora öz qohum-əqrəbalarını
yığmamalıdır. Azərbaycanda aktyoru bir İncəsənət Universiteti yetişdirir. Sabah
aktyor buranı bitirəndə işsiz qalmasın”.
Kassio obrazını canlandıran
Mətləb Abuşov deyir ki, əvvəl tamaşa ona çox çətin gəlib: "Kassio mənim üçün ən
yaddaqalan obrazlardan oldu. Moskva səfərim ölkədən ilk çıxışım idi. Düşünürdüm
ki, burada digər ölkələrdən zəif performans göstərərik, ancaq o ab-havada
olanda bütün düşüncələrim dəyişdi. Bizi hansı sürprizlərin gözlədiyindən
xəbərsiz idik. O mühitə çox pis paxıllığım tutdu. Hər tərəfdə teatr reklamları,
teatr afişaları gördüm. Tələbələrin iş rejimi ilə tanış olduq. Onların tədris sistemi
daha maraqlı idi. Saat 9-dan dərsə gəlirlər və gün ərzində hansı işləri
görüblərsə, onu vərəqə yazıb müəllimlərinə təhvil verirlər. Davamlı olaraq öz
üzərlərində çalışırlar. Təbii ki, bu proseslə tanış olduqdan sonra onlardan
nələrisə özüm üçün örnək götürdüm”.
Hə, indi deyəcəksiniz ki,
Otellonun qəhrəmanı Ziya Ağanın fikirləri hanı, onunla söhbətimizi qəzetimizin
növbəti sayında geniş şəkildə oxuya biləcəksiniz.
Gənclər sözlərini rahat şəkildə
ifadə edir, rahatlıqla öz etirazlarını bildirlər. Onlarla diskussiya etmək
mənim üçün də maraqlı idi, çünki bu tələbələr fərqli dünyagörüşə, düşüncə tərzinə sahibdirlər.
Bizim zamanımızda bu imkanların, şəraitin yaradılmamağına qısqanclıq hissi
keçirdim. Təhsil aldığım zamanla bu günü müqayisə etdikdə tələbələr - "Niyə
bizi keçmiş zamanla müqayisə edirsiniz? Siz bizə Moskvada elə QİTİS İnstitutundakı
tələbələrlə müqayisə edin. Biz geriyə deyil, irəliyə doğru baxmaq istəyirik”
kimi fikirlər səsləndirdilər. Açığı onlara deməyə başqa cavab da tapmadım. Haqsız
idilərmi? Haqlıydılar, ancaq və lakin bu ağac böyüyəcək, biz də onların
kölgəsində istirahət edəcəyik. Meyvəsini yeyə biləcəyikmi?.. Orasını zaman və
şərait göstərəcək.
Tələbələrlə söhbətdən sonra
Böyüxanım Məmmədbəyova ilə tələbələrin fikirlərini müzakirə etdik. Bella xanım
deyir ki, bu tələbələri həm aktyor, həm də şəxsiyyətdən kimi yetişdirməyə
çalışırlar. Ona görə də onların hər birinə fərdi yanaşırıq. Burada "mən”, "sən”
yox, "biz” anlayışı var. Çünki "mən” "biz”
olanda hər kəs bir-birinin əlindən tutmağa məcbur olur.
Hə SABAH-ın uğurları bununla
bitmir. Artıq 33-cü dəfədir ki, keçirilən beynəlxalq Dənizli festivalına yenə
dəvət alıblar. Aprelin 27-dən mayın 3-nə
qədər keçiriləcək festivalda "Hər bir qəhrəman” adlı maraqlı bir tamaşa ilə
çıxış edəcəklər. Bizə isə onlara ancaq uğurlar arzulamaq qalır. SABAH-a böyük
ümidlərlə...
Xəyalə
Rəis