Fikrət Sultanov: “Yaradıcılqla yaşayan insan həmişə maraqlı olur”

Müsahibimiz, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr və kütləvi tədbirlər rejissoru" kafedrasının professoru, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, rejissor Fikrət Sultanovdur.
-Fikrət müəllim, həyat
yolunuzu qısa danışardınız...
- Nə deyim, məktəbi bitirib Teatr İnstitutuna daxil
oldum. 1960-cı ildə bir il Rza Təhmasibin aktyor kursunu oxudum, növbəti ildə
dram rejissorluğu fakültəsi açıldı. Rektorun məsləhəti ilə fakültəmi dəyişib rəhmətlik
Tofiq Kazımovun kursuna keçdim. Aktyor kursunda Şahmar Ələkbərov, Səfurə
İbrahimova, Ağaxan Salmanlı, Yalçın Rzazadə ilə bir oxuyurdum. Tofiq müəllimin
kursunda oxuyanda ustadımız bizi çox işlədirdi, müxtəlif əsərlərə quruluşlar
verirdik və kimi bəyənirdisə, inkişafı üçün çalışırdı, teatra öz yanına
aparırdı. Təsadüfi deyil ki, ilk dəfə Amaliya Pənahovanı, Şəfiqə Məmmədovanı,
Şahmar Ələkbərovu məhz o teatra gətirmişdir. Mənim ilk işim də qədim yunan
dramaturqu Sofoklun "Şah Edip” əsəri oldu. Kursu bitirdikdə yeddi nəfər tələbədən
yalnız mənə Dram Teatrında diplom tamaşası hazırlamağa icazə verdi. Teatrın səhnəsində
bolqar dramaturqu S.Stoyanovun "Falçı” əsərini hazırladım və baş rolu Şahmar Ələkbərova
verdim. 1968-ci ildə Dram Teatrında
Sabit Rəhmanın "Xoşbəxtlər” komediyasını tamaşaya qoydum. Təhsilimi başa vurub
iki illik Moskvaya assistent-stajor təhsili almağa getdim. Elə həmin illərdə
Rauf Hacıyevin əsərini Moskvada tamaşaya qoydum. Vətənə qayıtdıqdan sonra Rus
Dram Teatrında, Gənc Tamaşaçılar, Opera və Balet Teatrlarında tamaşalar
hazırladım. Hətta, 1975-ci ildə müharibənin 30 illiyi münasibətilə Rus Dram
Teatrında hazırladığım Yusif Əzimzadənin "Unutmayın” tamaşası mükafata layiq
görüldü. Sonradan pedaqoji fəaliyyətə başladım. Təbii ki, mən də teatrda qalmaq
istəyirdim, neçə dəfə müraciət etdim, ancaq o vaxtlar Rauf Hacıyev Mədəniyyət Naziri vəzifəsindən
çıxandan sonra hər şey dəyişdi. Yalnız sifarişlə tamaşa hazırlamağa çağırılsam
da, bu mənim ürəyimdən deyildi, çünki istədiyin əsəri, istədiyin aktyor heyəti
ilə hazırlaya bilməyəndə o effekt alınmır. Mən də özümü pedaqoji fəaliyyətə həsr
etdim. 20 il kafedra müdiri, 5 il Teatr və kino sənəti fakültəsinin dekanı vəzifələrində
çalışdım. Kitab halında nəşr olunan "Teatr təhsili” dissertasiya işimi müdafiə
etdim.
-Rejissor və
pedaqoqluq arasında pedaqoqluğu seçdiniz, ömrünüz boyu gənc kadrlar
yetişdirdiniz. Peşman deyilsiniz ki?
-Xeyr, peşman deyiləm. Pedaqoji işdən zövq alıram.
Çünki gənclərlə işləmək həmişə axtarışda olmaqdır, nəinki professionallarla.
Yaradıcılıqla yaşayan insan həmişə maraqlı olur. Pedaqogikanın öz məqsədləri
var. Rejissorluqdan fərqli olaraq peşənin dərinliklərinə qədər öyrətmək imkanı
var. Əslində, pedaqogika professionallığın bünövrəsidir. Çünki burada öyrədə-öyrədə
özün də öyrənirsən.
-Hər rejissorun öz dəsti-xətti,
üslubu olur, sizdə necədir?
-Mənimçün hər şey K.Stanislavskinin "yaşama məktəbinin
prinsipləri” üzərində qurulub. Teatr sənəti canlı insan vasitəsilə icra olunur.
Aktyor da səhnədə orqanik olmalı, yaşamalı, duymalıdır. Brextdə, yaxud digərlərində
yanlışdır. Brextdə əsas aktyor obrazı yaşayır sonra tamaşaçıya müəyyən
zonqlarla çatdırır. Bu, düzgün deyil. İndi çoxu bayağılaşıb, nə oyun var, nə də
yaşam. Ordan-burdan götürülmədir. Əslində isə, yaşamaq aktyor sənətidir. Təkcə
təqdimetmə ilə kifayətlənmək olmaz.
-Sənətiniz yolunda
saçlarınızı ağartmısınız. Ancaq bu gün nə səbəbə sizin haqqınızda çox
danışılmır, yazılmır?
-Mən heç vaxt reklama qaçmamışam. Nə etmişəmsə, sənətə
sevgimdən etmişəm. Vicdanımla işimi görmüşəm. Şöhrət dalınca qaçmaqdan heç vaxt
xoşum gəlməyib. Kim haqqımda indiyədək nə yazıbsa, hamısı öz istəyi ilə yazıb.
Mənim üçün əsas tamaşanın tamaşaçıya dediyi sözdür. Bundan gözəl heç nə ola
bilməz. Sənəti özündə sevməlisən, özünü sənətdə deyil.
-Ustadınız Tofiq
Kazımovu necə xatırlayırsınız?
-Çox gözəl xatırlayıram. Tofiq Kazımov sağlam düşünən,
orijinal, yaxşı ideyalarla yaşayan insan idi. Gözəl zövqə malik idi. Dünya dramaturqlarının
yaxşı cəhətlərini hiss edib bilən insan idi. Tələbəlik dövründən yaxınlığımız
son günlərinə qədər dostluqla davam etdi. Məsləhətlərinə həmişə ehtiyac
duymuşam. Moskvada tamaşa hazırlayarkən belə Rauf Hacıyevdən ustadımın gəlməsini xahiş etmişdim.
O gəldikdən, mənə məsləhətlər verdikdən sonra daha da inamlı oldum və tamaşanı
uğurla təhvil verdim. Amma gərəkdir ki, Tofiq Kazımovun öz məktəbi olardı.
Xaricdə bu gün onun kimi rejissorların öz məktəbi var. Ona elə bir teatr lazım
idi ki, orada hamı Tofiq Kazımov estetikasına əməl edərdilər.
-1969-cu ildə
Moskvada Rauf Hacıyevin "Qafqazlı qardaşqızı” musiqili komediyasını "Təbəssümünü
gizlətmə” adı ilə səhnələşdirən ilk azərbaycanlısınız.
Bu qürurverici illərdən bir az danışardınız.
- SSRİ-nin ən nüfuzlu musiqili teatrlarından biri Moskva Operetta
Teatrında görkəmli Azərbaycan bəstəkarı Rauf Hacıyevin "Təbəssümünü gizlətmə” (əvvəlki
adı "Qafqazlı qardaşqızı”) adlı musiqili komediyası tamaşaya qoyulmalı idi.
Bundan qabaq Rauf Hacıyevin həmin teatrda iki başqa əsəri - "Romeo mənim
qonşumdur” və "Kuba, məhəbbətim mənim” operettaları uğurla hazırlanıb göstərilmişdir.
Bu dəfə isə belə razılığı gəlinmişdi ki, yeni tamaşanı teatrın aparıcı
aktyorları ilə Azərbaycandan dəvət olunmuş yaradıcı qrup hazırlasın. Bilirsiniz
ki, o vaxt Mədəniyyət Naziri Rauf Hacıyev idi və o kimi istəsəydi həmin şəxs
sevə-sevə bu işi görərdi. Ancaq o məni seçmişdi. Tamaşa üzərində işə 1969-cu
ilin yazında başlayıb və həmin ilin iyulunda təhvil verdim. Tamaşada teatrın
aparıcı aktyorlarından T.Volodina, S.Varquzova, Y.Savelyev, A.Kotova,
K.Kuzmina, A.Paneviç, V.Bateyko, E.Orlevetskiy, L.Boborıkina, Rusiyanın
tanınmış estrada müğənnisi Lev Leşşenko və başqaları çıxış etdilər. Hər bir
rolun iki, üç, hətta, sonradan altı ifaçısı var idi. Tamaşa böyük uğur qazandı.
Hətta deyim ki, bir ildə yüz dəfə göstərildi. Bu, üç günə bir tamaşa deməkdir.
Mən orda olanda bir sıra tanınmış simalar tamaşadan sonra gəlib mənimlə tanış
olmaq, təbrik etmək istəyirdilər. Bakıya qayıtdıqdan neçə illər sonra həmin
tamaşanın hələ də repertuarda olduğunu, oynanıldığını xəbər alırdım. Qəzetlər
bu barədə ağız dolusu yazıb-danışırdılar. Bu, Azərbaycan mədəniyyətində böyük
hadisə olmuşdu.
-Yaradıcılğınıza nəzər
saldıqda bədii tərcümələrlə də məşğul olduğunuzu görürük. Bunlar hansı əsərlərdir?
Sifariş, yoxsa öz istəyinizlə olunan?
- Tərcümə işi ilə xüsusi məşğul olmuram. Tədris
repertuarı seçəndə maraqlı əsər tapdıqda, doğma dilimizə tərcümə edirəm ki,
sonradan tələbələrlə onun üzərində işləyə bilək. Düzdür, tərcümə etdiyim əsərlərdən
bəyənilib nazirliyə gedən, sonra başqa teatrlarda da səhnələşdiriləni də olub.
Ancaq yenə də qeyd edirəm, özümü tərcüməçi hesab etmirəm. Bunu daha dərindən
bilənlər, ədəbiyyatçılar var.
-Bir qədər "Qəzəlxan”
filmindəki obrazınızdan danışaq.
-Şahmar Ələkbərov, qeyd etdiyim kimi, qrup yoldaşım
olmuşdu, eyni zamanda yaxın dostum, sirdaşım və ən əsası, bir sıra
tamaşalarımda baş rol ifaçısı idi. Sonralar teatrdan ayrılıb kinoya getdi. Belə
desək, həmişə o mənim aktyorum olub. Və bir dəfə elə gətirdi ki, mən onun
aktyoru oldum. Çox gözəl insan idi. 1990-cı ildə filminə çəkildim. Çox rahat da
alınmışdı. Sonradan özü etiraf edirdi ki, fikirləşirdim birdən alınmaz, ancaq
elə birinci dəfədən alınmışdı. Hətta, mən özüm ona bildirirdim ki, aktyor deyiləm.
O illər mən universitetdə dekan işləyirdim. Şahmar da mənə demişdi ki, elə
dekanlıq özü bir aktyorluqdur, Mircəfər Bağırov obrazı da onun kimi bir şeydir,
əmrlər verəcəksən. Şahmarın mənimlə bağlı başqa planları vardı, istəyirdi Hacı
Zeynalabdin Tağıyev haqqında film çəkə, məni də onun obrazında. Amma ömür vəfa
etmədi...
-İmkanınız olsaydı,
bu gün hansı əsərləri tamaşaya qoymaq istərdiniz və nə səbəbdən məhz həmin əsərləri?
-Dünya dramaturgiyasında səhnəyə qoyulmalı o qədər
gözəl əsərlər var ki. Onların hamısının aktuallığı, bu günlə səsləşməsi məsələsi
var. Ümumiyyətlə, elə əsərlər seçilməlidir ki, tamaşaçıya nə isə desin,
maraqlandırsın.
-Ən son izlədiyiniz
tamaşa hansıdır və həmin tamaşa barəsində təəssuratlarınız necədir?
-Teatrda bizim tələbə tamaşalarına baxıram.
Musiqili Teatrda "Nuri-didə Ceyhun”, "Qodunun intizarında” tamaşalarına
baxmışam. Ancaq baxdığım tamaşalar içərisində mənə təsir edən tamaşa olmayıb.
Bu çox çətin prosesdir. Moskvada, Leninqradda, Türkiyədə, Çexoslovakiyada çoxlu
tamaşalar izləmişəm. Yəni, sözüm odur ki, yaxşı tamaşanın nə olduğunu görmüşəm.
Neçə gün təsirindən çıxmadıqlarım da olub. Bizdə eləsi yoxdur.
-İki il müdətində
Türkiyədə işləmisiniz. Tamaşalar hazırlamısınız?
-Mən orda ancaq pedaqoji işlə məşğul idim. İkinci və
üçüncü kurslarla işləmişəm. Onlarla Çexovun "Təklif” əsərini, bir də Molyerin
"Jorj Danden” əsərini hazırlamışam. Üstəlik, türk tələbələri özləri tük müəlliflərinin
əsərlərindən parçalar gətirirdilər, onları işləyirik. Türk teatrı bizdən yaxşı
səviyyədədir. Onlar dünya teatrlarının yaxşı cəhətlərini əxz edə biliblər.
Bütün bunları sənətə bağlılıqları, səmimilikləri ilə edirlər.
-Tələbələrimizlə
onların tələbələri arasında nə kimi fərq var?
-Türklər bir insan kimi həyatda çox sərbəstdirlər.
Onların tələbələri də elədir. Ən əsası, onlar çox mütaliə edirlər. Dünya
dramaturqlarının əsərlərindən xəbərdardırlar. Həvəslidirlər, araşdırırlar,
maraqlanırlar, yeni bilgilər əldə etməyə çalışırlar. Öz fikirlərini daha aydın
deyirlər. Bizdə həmişə istedadlı tələbələr olub, hazırda da var, ancaq sərbəstlik,
açıq düşüncə onlarda bizdən güclüdür. Biz də düzgün yönləndirməliyik ki, əsl sənət
əsərləri yaratmağı bacarsınlar.
-Ailədə
övladlarınızdan sizin yolunuzu gedən varmı? İstərdinizmi olsun?
-Yoxdur. Hər bir insana Allah hansı istedadı verirsə,
o sənətə getməlidir. Mənim özümə qalınca, heç vaxt belə bir şey istəməmişəm.
-Fikrət Sultanov üçün
həyatda, sənətdə ən önəmlisi nədir?
-Mənimçün ən önəmlisi odur ki, hər bir insan vətəndaş
kimi cəmiyyətə xeyir verə bilsin.
-Maraqlı söhbət üçün
təşəkkür edirik.
Nigar Pirimova
Teatrşünas
