Federasiyaların görməli olduğu iş - TƏRS BUCAQ
Prezident
İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar
videoformatda qəbul edərkən idman təsərrüfatındakı problemlər haqda da danışıb.
Prezident bildirib ki, Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımız
bizim təcrübəli idmançılardır: "Demək olar ki, veteran idmançılardır. Onların
arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir.
Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara elə bil ki məsafə
yaranır”.
Sabahı
düşünməyiblər
Cənab Prezident olduqca aktual bir problemə
toxunub. Tokio olimpiadası göstərdi ki, federasiyalar bu gün üçün fəaliyyət
göstəriblər, sabahı düşünməyiblər. Yəni uşaq idmanı nəzarətdən kənarda qalıb.
Amma belə olmamalı idi axı. Dövlət, həqiqətən də, idman təsərrüfatına böyük
yatırım edib, infrastrukturun qurulması üçün xeyli iş görülüb. Amma bu gün bölgələrdə
tikilən 50-yə yaxın idman-olimpiya kompleksi təyinatı üzrə fəaliyyət göstərirmi?
"Hə” cavabı verə bilmərik. Əslində, rayon mərkəzlərində tikilən bu komplekslər
kəndlərdə yaradılmalı olan idman məktəbləri üçün mərkəz rolunu oynamalı idi.
Olimpiya, dünya və Avropa çempionları kəndlərdə yetişir. Onları yetişdirmək
üçün kəndlərdə də idman məktəbləri açılmalıdır. Bunu etmək isə o qədər də çox vəsait
tələb etmir. Sadəcə, federasiyaların işləmək həvəsi olmalıdır.
Bu
infrastrukturdan niyə yararlanmırlar?
Məsələn,
bu gün Azərbaycanın əksər kəndlərində müasir məktəblər tikilib. Bu məktəblərin
idman zalları, meydançaları da var. Bu infrastrukturdan niyə yararlanmırlar?
Federasiyalarla Təhsil Nazirliyi bu istiqamətdə əməkdaşlıq etsə, ölkənin bütün
bölgələrində əksər idman növlərini inkişaf etdirmək olar. Deyək ki, Azərbaycanın
hər rayonunda orta hesabla 100 kənd var. Keçmiş SSRİ vaxtında ərazi-inzibati
vahidi - "sovetlik”lər vardı. Bu "sovetlik”lərin hər birinə 7-8 kənd daxil idi.
"Sovetlik” mərkəzi hesab olunan kənddə idman məktəbləri yaratmaq vacibdir. Beləcə,
hər rayonda orta hesabla 10-15 belə məktəb yaradılır və onlar da mərkəzdəki
komplekslə əlaqəli şəkildə fəaliyyət göstərirlər. Federasiyaların üzərinə düşən
öhdəlik isə bu məktəbləri idman ləvazimatları və kadrlarla təmin etməkdir. İnanın,
o məktəblərə elə axın olacaq ki... Yüzlərlə uşaq idmana üz tutacaq. Vacib deyil
ki, o uşaqların hamısı gələcəkdə peşəkar idmançı olsun. 100 uşaqdan biri peşəkar
idmançı olsa, bəsimizdir. Amma qalanları da pis vərdişlərdən uzaq olacaqlar,
sağlam böyüyəcəklər.
Hər
rayonun özünəxas idman ənənəsi
Bu məktəblər
salınarkən hər rayonun özünəxas idman ənənələri nəzərə alınmalıdır.
Araşdırılmalıdır, bir rayon ölkəyə əsasən güləşçilər veribsə, orda güləş, digərində
ağırlıqqaldırma, başqa birisində cüdo məktəbləri açılmalıdır.
Beləcə,
bütün idman növləri ölkə ərazisində inkişaf etməlidir. İndiyə qədər
federasiyaların fəaliyyəti belə olub: bu gün nəticə olsun, sabaha baxarıq. Beləcə,
cənab Prezident dediyi kimi, gənc nəsil idmandan uzaq qalıb. Səhvi düzəltməyin
vaxtıdır.
Natiq
Muxtarlı