Ceyhun Dadaşov: Mənim yaradıcılığımı əlimdən almaq mümkün deyil
Müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin müəllimi, Rebus teatrının yaradıcısı və rəhbəri, aktyor və
rejissor Ceyhun Dadaşovdur.
-Özünüz haqqında qısa
məlumat verin.
-Ceyhun Dadaşov, 1983-cü ildə Sumqayıt şəhərində
anadan olmuşam. Elə orada da orta məktəbi bitirmişəm. Demək olar ki, incəsənətin
bütün sahələrində özümü sınamışam. Yadımdadır, hələ ikinci sinifdə oxuyarkən özəl
kukla teatrında çıxış edirdim. 2001-ci ildə Mədəniyyət və İncəsənət
Universitetinin teatr rejissorluğu fakültəsinə qəbul olmuş, 2004-2006-ci illərdə
rejissorluq üzrə magistr təhsilimi başa vurmuşam. Tələbə vaxtlarımdan Pantomim
teatrında çalışmışam. Arada Sumqayıtda dram dərnəyində də işləmişəm. 14 ildən
sonra Pantomim teatrından ayrılıb özəl teatrımı yaratmışam.
-Pedaqoq, rejissor,
aktyor, bunları bir arada tənzimləmək çətin olmur ki?
-Rejissor olanda aktyor olmaq vacib hala çevrilir.
Aktyor kimi rejissor olmaya bilərəm, ancaq rejissor kimi aktyor olmaq mütləqdir.
Çünki aktyorun nə istədiyini, nə hiss etdiyini bilməliyəm. Pedaqoqluq isə tamam
başqa sahədir. Möhtəşəm rejissorlar var ki, pedaqoq deyil, yaxud da əksinə. Bu
normaldır. O ki qaldı tənzimləməyə, əgər istək varsa, mümkündür.
-Bəs, bu fəaliyyət
sahələrindən hansı ruhunuza daha yaxındır?
-Açığı deyim, bu barədə çox fikirləşməmişəm. Tək
pedaqoji fəaliyyətlə məşğul olmaq istəmirəm. Çünki səhnədən uzaq qala bilmirəm.
Rejissorluq və aktyorluq – bunları ayırmaq mənimçün çətindir. Təhtəlşüurda biri
digərindən mütləq çox sevilir. Amma bilirəm ki, hansını seçsəm, fikrim o birində
qalacaq (red. gülür).
-Uzun illər Pantomim
teatrında həm aktyor, həm də rejissor kimi çalışmısınız. Bəs, nə baş verdi ki
teatrdan ayrılmaq qərarına gəldiniz?
-Bəzən nəyisə dəyişmək ehtiyacı duyursan. Yaradıcı
tərəfdən nailiyyətlərə əl atmaq üçün uğurlu da olsan, uzun müddət bir yerdə
qaldıqca eyni müstəvidə davam etdiyini görəcəksən. Başqa mərhələyə keçmək üçün
nələrdənsə əl çəkmək lazımdır. Orada bizim hər problemimizi Bəxtiyar müəllim (Bəxtiyar
Xanızadə - red.) həll edirdi. Teatrımız, məşq etməyə yerimiz, həmçinin məvacibimiz,
bir sözlə, yaradıcılıq üçün bütün şəraitimiz var idi. Amma son zamanlar hiss
etdim ki, nə isə çatışmır. Başa düşdüm ki, mənə mübarizə çatmır. Ordan imtina
etdim, Elnur İsmayılzadə və Əli Əlizadə ilə birgə yeni teatr yaratdıq. İndi məşq
etmək üçün də, tamaşa qurandan sonra oynamaq üçün də məkan axtarırıq. Beləliklə,
mübarizə yarandı. Bəxtiyar müəllimin bir sözü var: "Bir müəssisədə iki nəfər
eyni düşünürsə, biri mütləq getməlidir. Yaxud iki nəfər fərqli düşünürsə,
onlardan biri yenə getməlidir”. Bilirəm, bu sözümün ardınca dərhal belə bir
sual yarana bilər ki, mən hansıyam? Cavabında deyim ki, bilmirəm hansıyam (red.
gülür). Onun üçün Pantomim teatrından ayrılmalıydım.
-Maraqlıdır, 21
tamaşada rol almısınız, 8 tamaşaya rejisorluq etmisiniz, 9 tamaşaya plastik həll
vermisiniz, üstəgəl filmoqrafiya və elmi məqalələr. Düzünə qalsa, gənc sənətçi
üçün bu qədər iş böyük nəticədir. Bununla belə, digər həmkarlarınızdan fərqli
olaraq, diqqət mərkəzində deyilsiniz.
- Bu gün məşhur olmaq üçün yeganə platforma var ki,
bu da seriallardır. Bir serialın üç seriyasına çəkilmək kifayət edər ki, məşhur
olasan. Mən bu haldan incimirəm. İllərlə tanıdığım aktyorlar var ki, heç də məndən
nə çox, nə az tanınmır. Ona baxanda düşünürəm ki, platforma başqa yerdədir. Əgər
məni sənətimə görə tanıyanlar varsa, bu mənimçün daha rahat, daha özəldir.
-Özəl demişkən, son
illər özəl teatrların sayı artır. Elə birini də siz yaratdınız - Rebus. Niyə
Rebus?
-Teatrın yaranması çox təsadüfi oldu. Əvvəldən
teatr yaratmaq fikrimiz olmayıb. İranda meydan festivalı keçirilirdi və belə
bir təklif gəldi ki, dövlət teatrı istəmirik. Biz də qərara aldıq ki, yeni
teatr truppası yaradaq. Üç-dörd nəfər birləşib bir tamaşa qurduq. Sonda
düşündük, bu truppanın adı olmalıdır. Və Rebus adını seçdik. Niyə, çünki Rebus
işarə və simvollarla hansısa fikrin ifadə olunmasıdır. Bizim tamaşalarda istəsək
də, istəməsək də, sözdən istifadə etsək də, işarə və simvollar əsasdır. İşarələr
oxunsun, fikir çıxsın dedik və yaratdıq.
-Digər özəl
teatrlarla müqayisədə sizin teatrınız o qədər də aktiv deyil.
-Bu günə qədər "Teserak”, "Hamlet”, "Onlar hələ də
gülürlər”, "Mən və mən” kimi tamaşalarımız olub və onlardan yalnız birini
2017-ci ildə Teatr Xadimləri İttifaqında oynamışıq. Qalanlarını ancaq
festivallarda göstərmişik. Yəni iş elə gətirir ki, tamaşalarımızı ancaq festivallarda
oynamalı oluruq. Belə deyək, gizli fəaliyyətimiz var (gülür- red.). Bundan
başqa özəl təşkilatlar üçün də tamaşalar oynamışıq.
-Tamaşalar oynayanda,
festivallara gedəndə mediada bu haqda məlumata rast gəlinmir .
-Bəli, tamamilə razıyam. Sizin həmkarlarınızı da
deyəcəm, hərdən mənə elə gəlir ki, mətbuatı bu kimi məlumatlar maraqlandırmır.
Bir aylıq yay məktəbinə getdim, Azərbaycandan tək mən düşmüşdüm, heç bir səs-soraq
olmadı. Şəkil belə paylaşmışdım. Artıq bu barədə düşünmürəm. Fikirləşirəm ki,
bu mətbuata lazım deyil. Ona görə lazım deyil ki, ictimaiyyətə lazım deyil.
-Dövlət tərəfindən
maliyyələşdirilən teatrlarda çətinlik olmur. Ancaq özəl teatrlarda həmişə maddi
problem yaşanır. Siz necə, qorxmursunuz, bir gün teatrınız bağlana bilər?
-Düşünürəm ki, bir gün teatrımız bağlana bilər,
ancaq qorxmuram. Mən yalnız bircə şeyi bilirəm, bir sənətimi, teatr fəaliyyətimi,
bir də dinimi-imanımı – bu ikisini Allahdan başqa heç kim mənim əlimdən ala
bilməz. Mənim yaradıcılığımı əlimdən almaq mümkün deyil.
-Hazırda teatrınızın
fəaliyyəti necədir?
-Daimi olaraq bizim teatrda dörd aktyor var – Natəvan
Abbaslı, Əli Əlizadə, Elnur İsmayılzadə və mən. Bəzən festivallar üçün
tamaşalar quranda əlavə olaraq bizə aktyorlar lazım olur. Bizimlə həvəskar
olaraq bir şagird işləyirdi, hazırda onu əsgərliyə yola salmışıq. Tərcüməçilik
üzrə təhsil almış Arzu adlı bir xanım vardı, "Hamlet” tamaşasında oynayırdı,
çox da istedadlı idi. Universitetimizdən tələbələr var, Yunus var İrandan.
Qısacası, kimi dəvət etmişiksə, etiraz etməyiblər. Bilirlər ki, yaradıcılıq
işidir.
-Hazırda teatrınızda
hansı tamaşanın məşqləri gedir?
-Bu dəqiqə iki tamaşanın məşqləri gedir. Çoxları
düşünür ki, Rebus Pantomim teatrından çıxdığına görə ancaq sözsüz tamaşalar
olar. Bu belə deyil, bizim uşaq tamaşamız olub. Sözlü, interaktiv tamaşa idi.
Hazırda üzərində işlədiyimiz əsərlərdən biri "Müfəttiş”dir, digərini isə deməyəcəyəm.
Soruşsanız, deyəcəyəm, paxılam (gülürük - red.). Çünki əsərin adını kimsə
eşidib, bizdən öncə hazırlaya bilər. Moskvada gənc rejissorlarla söhbət əsnasında
deyilmiş bir əsərdir. Gəlib araşdırdım və gördüm ki, doğrudan da, maraqlı əsərdir,
üç personajı var. Hazır olanda görərsiniz.
-Bir müddət öncə Gənc
Tamaçılar Teatrından Səbinə Məmmədova ilə birlikdə Moskvada baş tutan təhsil
proqramından qayıtdınız.
-Demək olar ki, hər il keçirilən Artmiqrasiya
festival-forumu idi. Proqram belədir, Rusiyada təhsil alan tələbələr
bölgə teatrlarına göndərilir və orada tamaşalar hazırlayırlar. Festival-forum ərəfəsində
həmin teatrlar tamaşalarını gətirirlər. Tamaşalara baxırıq, müzakirələr olur.
Eyni zamanda tamaşalar ərəfəsində ustad dərsləri keçirilir. Bəxtimiz gətirdi
ki, bu dəfə Meyerhold haqqında mühazirələrdə iştirak etdik. Sonra GİTİS-in
(Dövlət Teatr Sənəti İnstitutu - red) doktorantı olan bir xanımın səhnə hərəkəti
mövzusunda ustad dərsi oldu. Vaxtanqov teatrına 3 saat yarımlıq ekskursiyamız
baş tutdu. Deyilənə görə, teatrı tam gəzə bilmədik. Bəxtim gətirdi – Çexov
festivalı ərəfəsində Yaponiyanın Kabuki teatrının tamaşasına da baxa bildik.
A.Efrosun oğlu Krımovla görüşümüz oldu. Çox qəribə dəsti-xətti olan bir
rejissordur. Onun məşhur bir tamaşası var - "İblis. Yuxarıdan görünüş”.
Dramatik sənətlər məktəbinin səhnəsi Qlobus teatrının formasındadır, tamaşaya
yuxarıdan baxırsan. Məhz ona görə də tamaşa belə adlanırdı. İyirmiyə yaxın
tamaşanı izləmək imkanımız oldu. Bir sözlə, çox möhtəşəm təəssüratlarım var.
-Haqqında
danışdığınız bu iki tamaşa nə ilə diqqətinizi cəlb etdi?
-Ümimiyyətləə, Şərq mədəniyyətini, ələlxüsus da,
Yaponiyanı çox sevirəm. Yadımdadır, hələ tələbə ikən Aydın Talıbzadə bizə Şərq
teatrından, No, Kabuki teatrlarından çox bцyьk maraq və həvəslə danışırdı. O
vaxtdan vurulmuşdum. Onların tamaşasın izləyəndə qəribə həyəcan keçirirdim. Hər
dəfə baxanda düşünürdüm, indi filankəs gələcək, Aydın müəllimin dedikləri eynilə
göstərilirdi. Yapon teatrını onların dəqiqliyinə görə sevirəm, özüm də dəqiq
insanam deyə. Bəlkə Pantomim teatrından getməyimə də bu səbəb oldu. "İblis”
tamaşası isə forma olaraq tam fərqli olduğuna görə diqqətimi çəkmişdi.
-Özünüz üçün nəyi öyrəndiniz?
-Moskva elə bir yerdir ki, nə isə öyrənməmək mümkün
deyil. Yaradıcı sərbəstliyi öyrənmişəm ordan. Yaxşı mənada, aktyor həyasızlığını
gördüm və öyrəndim. Bu gün dünya teatrları simvolikadan daha çox istifadə edir
və zaman ona doğru gedir.
-Asudə vaxtlarınızda
nə işlə məşğul olursunuz?
-Asudə vaxtlarımdakı məşğuliyyətim də sənətə
aiddir. Gitarada ifa edirəm, şeir yazıram, hekayə yazıram, ümimiyyətlə, nə edirəmsə
edim, hamısı sənətə gəlir.
-Dövlət Uşaq
Filarmoniyasında da fəaliyyət göstərirsiniz. Uşaqlarla işləmək necədir?
-Uşaqlarla iş prosesi çox çətindir. Əvvəla, ona görə
ki, onlar uşaqdırlar. İkincisi, həvəskardırlar. Uşaq üçün problem yoxdur, asudə
vaxtını bu cür keçirir. Kaprizlər çox olur, bəzən küsürlər. Filarmoniyada beş
yaşından yuxarı uşaqlarla işləyirəm. Bir dəfə tamaşanın başlamasına beş dəqiqə
qalmış uşaqlardan biri səhnəyə çıxmaqdan imtina etdi. İnanırsınız, qarşısında
diz çöküb yalvarırdım. Sözündən dönmürdü. Səbəb isə yanındakı uşaqla
danışmırdı. İndi gəl, bunları barışdır. Bax, uşaqlarla belə hallar da olur.
Uşağı incitmək olmur, incisə, səninlə işləməyəcək.
-Bu günlərdə Mingəçevir
teatrının 50 illiyi münasibətilə keçirilən tədbirdə Rebus teatrının çıxışını
gördük.
-Yubileyin rejissoru Bəhram Osmanov idi. Mən də
GTT-da onunla tamaşalarında plastik həll üzrə işləyirəm. Təklif etdi ki, açılış
mərasiminə gəlib nömrə göstərək, mən də qəbul etdim. Niyə də yox?! Qoy, burda
da bilsinlər ki, Rebus teatrı var.
Nigar Pirimova
Teatrşünas