• cümə, 12 Aprel, 22:24
  • Baku Bakı 13°C

Çətin oldu, amma bacardıq

24.02.24 00:56 2836
Çətin oldu, amma bacardıq

“Qarabağ” Avropa Liqasının 1/8 finalına vəsiqəni təmin etdi. Özü də tarixində ilk dəfə. Başqa sözlə desək, ağdamlılar Azərbaycan futbol tarixini yazmaqda davam edirlər.

Gözlədiyimiz kimi də oldu. UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda təmsilçimiz “Qarabağ” klubunun işi heç də asan olmadı. Əslində Tofiq Bəhramov adına Respublika stadionunda hər şey yaxşı başlamışdı. 

Futbolçularımız oyunun əvvəlindən “Braqa”nın oyunçularına göz açmağa imkan vermir, rəqib qapısının qarşısında bir-birinin ardınca təhlükəli vəziyyətlər yaradırdılar. Bütün birinci hissə bu ssenari ilə keçdi. "Qarabağ" hücum etdi, “Braqa” səbirlə müdafiə olundu. Ta ki, Elvin Cəfərquliyevin bir neçə dəqiqə ərzində 2 sarı vərəqə alaraq meydanı tərk etməsinə kimi. 

Əsl dram bundan sonra başladı

Əsl dram bundan sonra başladı. Rəqib oyunun əsas vaxtında qapımızdan iki qol keçirərək ümumi hesabı bərabərləşdirməyi bacardı. Əlavə vaxtda komandamız bir dəfə qol vurub ümumi hesabı xeyrimizə dəyişsə də, rəqib yenidən penalti qolu ilə geri dönüş etdi. Amma meydanda azlıqda mübarizə aparan “Qarabağ” əlavə vaxtın son dəqiqəsində Nəriman Axundzadənin vurduğu gözəl qolla ümumi hesabı 6:5 öz xeyrinə dəyişərək Avropa Liqasının 1/8 finalına vəsiqəni təmin etdi. Özü də tarixində ilk dəfə. Başqa sözlə desək, ağdamlılar Azərbaycan futbol tarixini yazmaqda davam edirlər. Həqiqətən də Avropanın ikinci klub turnirində son 16 komandanın arasında daxil olmaq fantastik nəticədir. 

“Qarabağ”ın maddi qazancı

Qardaş Türkiyənin büdcəsi “Qarabağ”ı dəfələrlə qabaqlayan “Qalatasaray” klubu Praqada “Sparta” səddini keçə bilməyib mübarizəni dayandırdı. Beləliklə, bu mərhələdə Türkiyənin heç bir klubu olmayacaq. Keçmiş SSRİ respublikalarını təmsil edən heç bir klub da bu mərhələyə vəsiqə qazan bilmədi. “Qarabağ” isə məhdud büdcəyə, Azərbaycan çempionatının aşağı səviyyəsinə baxmayaraq, bunu bacardı. Bu qələbə komandanı bir az da böyüdəcək və maddi baxımdan da xeyli gəlir gətirəcək. Qurban Qurbanovun komandası növbəti tura keçdiyi üçün 1,2 milyon avro (2 milyon 194 min 800 manat) irəli düşüb. Bundan əlavə, Azərbaycan təmsilçisi UEFA-dan televiziya yayımına görə də ödəniş alacaq.

22 fevral
UEFA Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
21:45. "Qarabağ" (Azərbaycan) - "Braqa" (Portuqaliya) - 2:3 
Qollar: Rojer Fernandes, 70 (0:1), Alvaro Djalo, 83 (0:1), Mateus Silva, 102 (1:2), Simon Banza, 115-pen. (1:3), Nəriman Axundzadə, 120+2 (2:3)

Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 57 ("Qarabağ")
Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 4:2

Qurban Qurbanov: "Bu gün meydanda döyüşçülər var idi”

Oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçularına və azarkeşlərə təşəkkür edib: "Bu gün meydanda döyüşçülər var idi. Elə əziyyət çəkdik ki, sonda Allah bizə bu cür qalibiyyət nəsib etdi". Baş məşqçi ikinci hissənin əvvəlində meydanda azlıqda qalmalarının oyunun gedişinə təsir etdiyini bildirib: “Bəlkə epizodlarda mən də aqressivlik göstərdim. Bir-iki dəqiqəyə iki sarı vərəqə vermək nə dərəcədə düzgündür? Hakimin birdən-birə komandanı ruhdan salması mənə də təsir etdi. Amma bunların faydası var. Futbol elədir ki, dözümlü olmalısan. Azərbaycan futbolu və futbolçular, klublar üçün bu oyunlar böyük təcrübədir. Futbol sona qədər oynanılan oyundur. Azlıqda da ola bilərsən, amma yenə də iradə və dözüm çox vacibdir. Məğlub olsaq da, qazandığımız çox şey olacaqdı. Zəfər çalmaq daha ləzzətli oldu".

O, əzmkarlıqlarının və xarakter göstərməklərinin sayəsində oyunda dönüş edə bildiklərini qeyd edib: "0:2-dən sonra istəyirdim ki, 90 dəqiqə qol buraxmayaq. Əlavə vaxta hazırlaşanda, futbolçulara bir söz dedim ki, biz geri çəkilməməliyik. Nə olursa olsun, məğlubiyyət haqda düşünməməliyik. Dedim ki, uduzsaq da, rəqibin üzərinə getməliyik. Futbolçular inamla oynadılar, çəkinmədilər və sonda da Nəriman qol vurdu".

Q.Qurbanov növbəti mərhələdə də şansdan istifadə etməyə çalışacaqlarını bildirib: “İstənilən turnirdə şansımız varsa, maksimum istifadə edəcəyik".

Artur Jorje: “Səhvlərimiz cütün taleyini həll etdi"

"Braqa"nın baş məşqçisi Artur Jorje isə birinci oyunda qeydə alınan nəticənin onlara problem yaratdığını vurğulayıb: "İlk oyunda neqativ nəticə qeydə alınmışdı. Bura məğlub durumda gəlmişdik. 90 dəqiqə ərzində ümumi hesabda tarazlıq yaratdıq. Komanda yaxşı işlədi, vuruşdu, mübarizə apardı. Bəzi səhvlərə yol verdik. Onlar olmamalıydı. Həmin səhvlər cütün taleyini həll etdi".

Mütəxəssis bildirib ki, tez bir zamanda bərpa olmalı və yollarına davam etməlidirlər: "İlk oyunda qeydə alınan həmin nəticə bizi burada qələbə qazanmağa məcbur edirdi. Qalib gəldik. Amma bu, mərhələ keçmək üçün yetərli olmadı".

Artur Jorje Nəriman Axundzadənin son dəqiqələrdə vurduğu qolun ona daha çox təsir etdiyini söyləyib: "Heyətdə bəzi dəyişikliklər etmişdim. Buna məcbur idik. Heyətdə daha hazır oyunçular olmalı idi. Ümumi hesabı bərabərləşdirə bilmişdik. Mənə ən çox təsir edən buraxdığımız ikinci qol oldu. Belə səviyyəli yarışda belə qol buraxmaq, bağışlanmaz səhvdir".

Növbəti rəqib “Bayer” oldu oldu 

Qeydə edək ki, fevralın 23-də Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Püşkatma zamanı Ağdamın “Qarabağ” klubunun da rəqibi müəyyənləşib. Belə ki, ağdamlılar bu mərhələdə “Bayer” (Almaniya) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, “köhlən atlar” ilk matçını martın 7-də evdə, cavab qarşılaşmasını martın 14-də səfərdə keçirəcək.

 

banner

Oxşar Xəbərlər