Klublarımızdan möhtəşəm start
Azərbaycan klubları avrokubok mövsümünə möhtəşəm nəticələrlə start verib. Geridə qalan altı oyunda qələbə qazanan təmsilçilərimiz qapılarında cəmi bir qol görüblər. Yekunda ilk mərhələdəncə Azərbaycanın UEFA reytinqinə 1,5 xal əlavə edilib.
Azərbaycan klubları avrokubokların 2026/27 mövsümünə əla start verdilər. I təsnifat mərhələsində mübarizəyə başlayan “Sabah”, “Qarabağ” və “Zirə” növbəti raunda asanlıqla keçdilər. Əslində təmsilçilərimizin rəqibləri də münasib hesab olunurdu. Onlar da fürsətdən tam istifadə etməyi bacardılar.
Çempionlar Liqasında uğurlu debüt
Keçən mövsüm tarixində ilk dəfə Azərbaycan çempionu olan “Sabah” qitənin bir nömrəli klub turniri - Çempionlar Liqasına (ÇL) yaxşı start verdi. Paytaxt təmsilçisi ilk raundda Uels TNS-inə rəqib oldu. Britaniyalılar avrokuboklarda böyük təcrübəyə malik olsalar da, “Sabah” bu cütün favoriti hesab edilirdi. Valdas Dambrauskasın komandası hər iki qarşılaşmada gücünü ortaya qoymağı bacardı. Bakılılar ev oyununda 2:0 hesablı inamlı qələbə qazandılar. Düzdür, rəqib müqavimət göstərə bildi. “Sabah”ın aramsız hücumlarına baxmayaraq, uelslilər 66 dəqiqə dözməyi bacardılar. Lakin Velyko Simiçin qolundan sonra rəqibin mübarizə əzmi qırıldı. 84-cü dəqiqədə isə bu dəfə Simiç assistent rolunda çıxış etdi. Onun ötürməsini Kahim Parris dəqiq zərbə ilə tamamladı. Oyunun sonlarında Stiv Solvetin qırmızı vərəqə almasına baxmayaraq, çempionumuz səfərə komfortlu üstünlüklə yollandı.
Cavab oyununda da “Sabah” daha yaxşı görünən tərəf idi. Bakılılar səfər matçının ilk hissəsində məsələni həll etdilər. Coy-Lens Mikels və Rəhman Daşdəmirovun vurduğu qollarla artıq məsələ həll olunmuşdu. Oyunun sonlarında rəqib fərqi azaltsa da, bu, təsəllidən başqa bir şey olmadı.
Beləliklə, hər iki qarşılaşmada qələbə qazanan “Sabah” ilk dəfə qatıldığı ÇL-də ikinci təsnifat mərhələsinə yüksəldi. Burada komandamızı Finlandiyanın KuPS-i klubu gözləyir. Mütəxəssislər ikinci raundda da “Sabah”ın şanslarını yüksək qiymətləndirirlər.
“Zirə”dən darmadağınlar
“Turan Tovuz”un Konfrans Liqasına (KL) buraxılmaması ilə son anda Avropada yarışmaq hüququ əldə edən “Zirə” də birinci təsnifat mərhələsində münasib komandaya rəqib olmuşdu. Qəsəbə təmsilçisi Gürcüstanın “Torpedo” klubu ilə cütdə favorit hesab olunurdu. Düzdür, qonşu ölkədə liqanın davam etməsi, “Zirə”nin bir qədər hazırlıqsız olması bakılıların işini çətinə salırdı. Lakin yekunda keyfiyyət fərqi öz sözünü dedi. Azərbaycan klubu hər iki qarşılaşmada rəqibini böyük hesabla yenməyi bacardı.
İlk oyun “Zirə”nin böyük üstünlüyü ilə keçdi. Yekunda qeydə alınan 3:0 hesablı qələbə bunun məntiqli nəticəsi idi. Ruan Renatonun dubl etdiyi qarşılaşmada Davit Volkov da bir dəfə həmyerlilərini cəzalandırdı. Gürcüstandakı cavab oyunu sanki ilk qarşılaşmanın təkrarı idi. Yenə təmsilçimiz 3:0 hesabı ilə üstün oldu. Bu dəfə Eren Aydın dublla yadda qaldı. Digər topu isə rəqib qapısından Amin Seydiyev keçirdi.
Rahatlıqla ikinci təsnifat mərhələsinə adlayan “Zirə”ni burada da münasib rəqib gözləyir. “Qartallar” Estoniya “Payde”si qarşısında favorit hesab edilirlər.
“Qarabağ” üçün asan sınaqlar
Keçən mövsüm ÇL-də tarixi nəticəyə imza atan “Qarabağ” bu dəfə Avropa Liqasında gücünü sınayır. “Sabah” və “Zirə” kimi Ağdam klubunun da bəxtinə püşkdə olduqca münasib rəqib düşmüşdü. İslandiya “Vestri”si ölkəsində kubokun qalibi olsa da, mövsümün nəticələrinə əsasən, elita ilə vidalaşmışdı. Həm bu məqam nəzərə alınaraq, həm də “Qarabağ”ın avrokuboklardakı ümumi performansı əsasında komanda cütün aşkar favoriti idi. Qurban Qurbanovun yetirmələri hər iki oyunda bu statusu doğrultdular. Bakıdakı oyun heyətində çoxlu yeni oyunçular olan “Qarabağ” üçün asan gəzinti oldu. Komandanın 3:0 hesabı ilə qalib gəldiyi matçda qollardan ikisini bu yay kollektivə qoşulanlar vurdular. Zakariya Savo və Renaldo Çefasın fərqləndiyi oyunda Abdullah Zubir də adını tabloya yazdırmağı bacardı. İslandiyadakı oyun da təmsilçimizin tam üstünlüyü ilə keçdi. Bu dəfə də “atlılar” üç cavabsız qolla qələbə qazandılar. Jali Muaddib, Pedro Bikalyo və Zakariya Savo fərqləndilər. Sonuncunun digər iki topun ötürməsini etməsi isə Ağdam klubunun Kamilo Duranın gedişindən sonra hücumçu problemini tezliklə həll edə bildiyini göstərir.
“Qarabağ” növbəti mərhələdə Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə üz-üzə gələcək. Bolqarlar daha ciddi komandadır, lakin “atlılar” bu cütdə də güclü olan tərəfdir.
Hədəf əsas mərhələdir
İlk mərhələni birnəfəsə keçən klublarımıza ikinci raundda “Neftçi” də qoşulacaq. KL-də yarışacaq “ağ-qaralar” da digər təmsilçilərimiz kimi cütünün favoriti hesab olunur. Komanda ikinci təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) klubu ilə qarşılaşacaq.
Azərbaycan klubları avrokubok mövsümünə möhtəşəm nəticələrlə start verib. Geridə qalan altı oyunda qələbə qazanan təmsilçilərimiz qapılarında cəmi bir qol görüblər. Yekunda ilk mərhələdəncə Azərbaycanın UEFA reytinqinə 1,5 xal artıq əlavə edilib. Bu göstərici ilə Azərbaycan yeni mövsüm üçün reytinq cədvəlinə liderlik edir. İkinci raundda təmsilçilərimizi daha ciddi sınaqlar gözləyir. Lakin bu cütlərdə də favorit hesab edilən tərəf bizim klublardır. Artıq futbolsevərlər əvvəlki mövsümlərdən fərqli olaraq azı iki komandanın əsas mərhələdə çıxış etməsini istəyirlər. Bu cür startın məntiqli davamı da elə məhz belə olmalıdır.