• cümə, 29 Mart, 17:40
  • Baku Bakı 14°C

Bəhram Osmanov: “Oradakı aktyorlar məni gözləyirdilər”

04.07.16 11:47 7148
Bəhram Osmanov: “Oradakı aktyorlar məni gözləyirdilər”
İyunun 27-də Azərbaycan və KalmıkiyaRespublikasının əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru BəhramOsmanovun Lənkəran Dövlət Dram Teatrında quruluş verdiyi Əli Vəlioğlunun "Əsrlərin harayı” dramı əsasında hazırlanmış tamaşanın premyerası keçirilib. Tamaşa barədə rejissorun təəssüratlarını öyrənmək üçün onunla əlaqə saxladıq.
Söhbət əsnasında geridə qoyduğumuz mövsümün rejissorun yaradıcılığında hansı izlər buraxdığını da xəbər aldıq.
- Bəhram müəllim, istərdik ki, tamaşa barədə təəssüratlarınızı bizimlə bölüşəsiniz.
- Bu mənim Lənkəran Teatrına üçüncü yaradıcı səfərimdir. Bundan əvvəl Lənkəran Teatrında "Yudif" (A.Tammsaars), "Günahsız müqəssirlər" (A.Ostrovski), «Mənim ağ göyərçinim» (T.Vəliyeva) pyeslərini hazırlamışam. Əli Vəlioğlunun bu əsəri bizim eradan əvvəl Azərbaycanın ilk dövlətlərindən bəhs edir. Əsərdə yeni dövlət quran hakimlər bir-biriylə mübarizə aparır. Onlar yaranmaqda olan saray siyasətinin qurbanına çevrilirlər. Qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması, eləcə də qədim türk hökmdarının səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması kimi məsələlərdən bəhs edir. Sonunda öz səhvlərini anlasalar da, artıq gecdir. Çox ağır bir mövzudur. Tamaşanın 11 iştirakçısı olmasına baxmayaraq, Ortaya qoyulan mövzu gənclərə çağırış edir ki, dövləti qurmaq asan olsa da, onu saxlayaraq inkişaf etdirmək çox çətindir. Tamaşadan çıxan nəticə budur ki, hər bir vətəndaş öz dövlətini sevməli və onu qorumağı bacarmalıdır. Lənkəran Teatrında çalışdığım aktyorların əksəriyyətini tanıyırdım. Bu tamaşada əməkdar artistlər Təvəkkül Əliyev, Sücəddin Mirzəyev kimi istedadlı aktyorlar oynayır. Əsərdə iki hadisə var. Onların açılması üçün böyük aktyor oyunu tələb olunur. Klassik üslubda yazılmış ağır mətni tamaşaçıya çatdırmaq üçün aktyorlardan fiziki güc və peşəkarlıq tələb olunur. Bütün yaradıcı heyət, başda Təvəkkül Əliyev və Sücəddin Mirzəyev olmaqla bu işin öhdəsindən peşəkarlıqla gəldilər. Əsas rollarda Təvəkkül Əliyev və Sücəddin Mirzəyev yanaşı, teatrın aparıcı aktyorlarından Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, gənc aktyorlar Sayad Əliyev, Şəbnəm Hüseynova və digərləri çıxış edirdilər.
Tamaşanın səhnə tərtibatını teatrın rəssamı Tərlan Sadıqova həvalə etdik. Musiqisi Rüfət Ramazanova məxsusdur. O, Bakıda yaşayır. Gənc Tamaşaçılar Teatrı ilə son iki-üç ildə əməkdaşlıq etdiyi üçün mən ona müraciət etdim. Əziyyətli olsa da, maraqlı iş ortaya çıxdı. Bir daha şahidi oldum ki, teatrın rəhbəri Tofiq Heydərov və baş rejissoru Tural Mustafayev Lənkəranda canlı bir teatr yaradıblar. Belə ki, teatrın nəzdində studiya açılıb. Studiyanın yetirmələri olan gənc aktyorlar repertuarda yer alan tamaşalarda irili-xırdalı obrazlar canlandırırlar. Tofiq Heydərov teatrın qapılarını maraqlı bir ideya üçün açan rəhbərdir. Bu da Azərbaycan teatrında çox nadir bir şeydir. Mən Lənkərandan xoş təəssüratlarla ayrıldım.
- Hər hansı bir teatra kənardan ayrı rejissor gələndə həmin teatrın yaradıcı heyəti rejissoru qəbul etmək istəmir. Bəs siz belə hallarla rastlaşmısınızmı?
- İndiyə kimi elə bir nüansla rastlaşmamışam. Çalışdığım teatrda işlədiyim müddət ərzində kənardan gələn rejissorlara hörmətlə yanaşmışam. Çünki onlar dəvət olunublar və bizim teatrda qonaqdırlar. Evimizə gələn qonaq səhnədə təkcə tamaşa hazırlamır. Yəni, gəlib tamaşamı hazırlayım gedim və bununla işim bitdi kimi tendensiya bizim teatrdan uzaqdır. Teatra dəvət etdiyimiz hər bir rejissor yaradıcı heyətimizlə öz biliklərini, təcrübələrini bölüşür. O, teatrda bizim yaratdığımız ənənələrə bir çalxalanma, tərpəniş gətirməlidir. Əslində heç bir teatr dəvət olunan rejissordan qorxmamalıdır. Kənardan başqa bir rejissor dəvət etmək lazımdır ki, repertuarda dəyişiklik olsun. Maraqlı, başqa aspektdən hazırlanmış tamaşalara da rast gəlinsin. Repertuarda zəif tamaşa saxlamağa ehtiyac yoxdur. Çünki onlar tez bir zamanda sıradan çıxırlar. Biz Gənc Tamaşaçılar Teatrının rəhbəri Mübariz Həmidovla birlikdə kənardan rejissor dəvət etməyə qorxmuruq. Dəvət etdiyimiz rejissor teatrın tələblərinə uyğun olmalıdır. Aktyorlar üçün yeni bir töhfə verməlidir. Hansı ki, o töhfəni verməyi mən və teatrımızda çalışın rejissorlar bacarmırlar.
O ki, qaldı Lənkəran Teatrının yaradıcı heyətinə, mən onlarla çox rahat dil tapdım. Uzun müddət idi ki, oradakı aktyorlar məni gözləyirdilər. Onlar mənim keçdiyim yaradıcılıq yoluna çox yaxşı bələddirlər. Mənim Lənkəranda hazırladığım üç tamaşa indiyə qədər onların yaddaşındadır. Hazırladığım tamaşalar həmin dövrlərin ən yaddaqalan və səs-səda doğuran tamaşaları arasında yer almışdı.
- Artıq mövsümü başa vurmaq üzrəyik. Geridə qoyduğumuz mövsüm sizin yaddaşınızda necə qaldı?
- Ötən həftə GəncTamaşaçılar Teatrında kalmık dramaturqu Baatr Basanqovun "Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında Vera Şuqrayeva və Əli Əmirlinin səhnə üçün işlədikləri "Qohumlar” adlı müziklın premyerasıkeçirildi. Tamaşanı Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın əməkdar incəsənət xadimi və Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Manciyev hazırlamışdı. Çox ağır və gərgin məşq prosesi olsa da, maraqlı tamaşa ərsəyə gətirə bildik. Aktyorlar böyük əzmlə çalışırlar. Növbəti mövsüm də yeniliklərimiz çox olacaq. Belə ki, çox maraqlı tamaşalarımız olacaq. Oktyabrın sonunda qastrol səfərimiz gözlənilir. Kalmıkiyada Azərbaycan aktyorlarının ifasında tamaşa oynayacağıq. Mən orada tamaşa hazırlayacağam. Gələn il bizim teatr üçün çox ağır və məsuliyyətli bir il olacaq. Teatrımızın 90 illiyi qeyd olunacaq və bir sıra beynəlxalq layihələrimiz var. Azərbaycan teatr tarixində ilk dəfə olaraq 3 dildə tamaşa hazırlayacağıq. Müxtəlif millətlər öz dilində danışacaq.
Ümumi götürdükdə isə geridə qoyduğumuz mövsümü yaradıcılığımda uğurlu dövr hesab edirəm. Nəinki mənim, ümumilikdə teatr üçün uğurlu mövsüm oldu. Belə ki, teatrımızın rəhbəri Mübariz Həmidovla arzuladığımız və qarşıya qoyduğumuz məqsədlərə çatdıq. Biz arzulayırdıq ki, teatrımıza xaricdən çoxlu dəvətlər gəlsin. Biz bu dəvətləri qəbul etmək gücünə malik ola bilək. Bizim aktyorlarımız xarici qastrollara səfərlərdə iştirak etsinlər. Arzulayırdıq ki, teatrımız beynəlxalq aləmdə tanınsın. İstəyirdik ki, teatrımızda müxtəlif labarotoriyalar fəaliyyət göstərsin və biz onların bazasına çevrilək. Demək olar ki, arzularımızın hamısına çatmışıq. İl ərzində bizə 10-15 dəvət gəlir və biz həmin dəvətləri seçməyə çalışırıq. Elə tamaşalarımız var ki, onları festivallar üçün hazırlayırıq. Gənc Tamaşaçılar Teatrında beynəlxalq nümayəndəliklər var. Beynəlxalq arenada iştirak etməkdə Mədəniyyət və Turizm Nazirliyi daim dəstəkçimiz olub.
- Beynəlxalq səfərlərdən söz düşmüşkən sizcə festivallar, qastrol səfərləri teatra nə verir?
- Festival bir bayramdır. İlk növbədə teatra beynəlxalq arenada ünsiyyət saxlamaq, özünü tanıtdırmaq və xaricdəki teatrların yaradıcı heyəti ilə tanış olmaq üçün gözəl şəraitdir. Beynəlxalq festivallarda iştirak edən teatr mənəvi tərəfdən çox qazanır. Bizim teatrımız dünyanın əksər ölkələrində festivallarda iştirak edib. Artıq Gənc Tamaşaçılar Teatrı tanınır.
Evin içində oturub sənətdən danışmaqla bir şey əldə etmək mümkün deyil. Gecə-gündüz mətbuata müşahidə verməklə inkişaf etmək mümkün deyil. Mən-mən deməklə də heç nəyə nail olmaq olmur. Bizdən tələb olunur ki, işləyək. Biz də əlimizdən gələn qədəri ilə çalışırıq.
- İsveç dramaturqu Astridin "Uzuncorab Peppi” əsəri əsasında tamaşa hazırlanır. Roni Danielson ilə birgəlik əsnasında həyata keçəcək tamaşada izləyiciləri nələr gözləyəcək?
- İsveç səfirliyinin birgə layihəsi çərçivəsində hazırlanan bu tamaşanın yeni – 89-cu teatr mövsümündə təqdim olunması nəzərdə tutulur. İsveçli rejissor Roni Danielson gəldi, açılışda tövsiyələrini verdi. Bu tamaşa əsnasında tamaşaçıları böyük bir möcüzə gözləyir. Uşaqlar və valideynlər üçün maraqlı bir tamaşa olacaq. Şən oyunun sonu bir qədər qəmli bitəcək. Hər uşağın valideyn qayğısına ehtiyacı var. Uşaq nə qədər acı düşüncəyə malik olsa, azadlıq istəsə də, onun bir valideyn qucağına, sığalına ehtiyacı var. Tamaşa oktyabrın sonunda təhvil veriləcək.
- Ötən ay xalq artisti Tariyel Qasımov sizi ittiham edərək bildirmişdi ki, Bəhram Osmanovun öz aktyor dəstəsi var və bizə rol vermir. İstərdik ki, bu məsələyə aydınlıq gətirəsiniz.
- Bundan mənim xəbərim yoxdur. Deyib də… Ağsaqqal adamdır. Teatrımızın ştatında 86 aktyor var. Onlar da mütəmadi olaraq rejissorla işləyirlər və işləməlidirlər də. Biz bunu qeyd edirik. O ki qaldı, Tariyel müəllimin iradına, biz onun xətrini çox istəyirik. Tariyel Qasımovu gələcəkdə böyük rollar gözləyir.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər