Bayrama bayram qatan mükafatlar
Mart bayramlar ayıdır, ilk
bayram ayın 8-dən başlayır və 10-nuna doğru yön alır. Martın 10-u isə teatrın mənasını anlayan, onu
sevən, teatrda işləyən, rol alan, tamaşaya quruluş verən, səhnəsindən tutmuş kulisinə
qədər bütün çalışanların bayramı hesab edilir. Onların da ildə bir bayramları
var -Milli Teatr günü. Bu günü çoxları səbirsizliklə gözləyir. Gözləyir ki,
illərlə çalışıb külüng çaldığı səhnədə, teatrda çəkdiyi əziyyətlər
qiymətləndiriləcək. Onlar dövlət tərəfindən mükafata layiq görüləcəklər. Yeri
gəlmikən, indiyədək teatr sahəsində çalışan 887 nəfər fəxri ada, 15 nəfər isə
ali dövlət mükafatına - "Şərəf” və "Şöhrət” ordenlərinə layiq görülüb.
Martın 9-da Teatr Xadimləri
İttifaqında (TXİ) "Zaman və teatr: 145 ilin əsas inkişaf mərhələləri”
mövzusunda elmi-praktik konfransdan sonra Mədəniyyət və Turizm Nazirliyi ilə
birgə düzənlənən tədbirdə də bir çox teatr xadimlərimiz mükafatlara layiq görüldü.
Həmin gün mükafatçıların və
iştirakçıların üzü gülürdü. Sabahsı günü bayram keçirən sənət adamları artıq
bayramı bir gün öncədən qeyd edirdi. Axı zəhmətlərinin nəticəsi olan bu
mükafatlar onların sevincinə sevinc qatırdı. Təqdimatdan sonra mükafatlandırma
mərasimi oldu. Xalq rəssamı Nazim Bəykişiyev, Xalq artisti Zemfira Nərimanova,
Əməkdar artist Hicran Nəsirova (hər üçü Akademik Milli Dram Teatrı), aktrisa
Sonra Quliyeva (Azərbaycan Dövlət Kukla Teatrı), aktyorlar Rafiz Mehdizadə
(Dövlət Pantomima Teatrı) və Sayad Əliyev (Lənkəran Dram Teatrı), Faiq
İskəndərov (TXİ-nin baş mütəxəssisi), rəssam Sara Məmmədova (Gəncə Kukla
Teatrı) Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif olundular.
Növbədə daha bir mükafat
gözlənilirdi. "Fəxri mədəniyyət işçisi”
döş nişanı- bu mükafata aktrisalar Günel
Məmmədova (Gənc Tamaşaçılar Teatrı), Lina Məmmədova (Azərbaycan Dövlət Kukla
Teatrı), Gültac Əlili (Musiqili Teatr), Mətanət Eres (Şuşa teatrı), Zümrüd
Qasımova (Yuğ teatrı), Milli Dram Teatrının dekor sexinin rəisi Tarix Kərimov,
Opera və Balet Teatrının dekorçu rəssamı Tehran Babayev və həmin teatrın
direktor müavini Arzu Rzayev, Rus Dram Teatrının direktor müavini İlham
Məmmədov layiq görüldülər.
Üzlər gülür, bayram bayrama
qarışmışdı. Kimisi bir-birlərini təbrik edir, kimisi də sadəcə kənardan
izləməklə kifayətlənirdi.Bu təqdimatdan sonra Teatr
Xadimləri İttifaqı da sənət adamları qarşısında borclu qalmadı. Ötən ilin
sonunda 70 yaşını qeyd etmiş Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq
artisti, professor Fərhad Bədəlbəyliyə "TXİ-nin fəxri üzvü”nün vəsiqəsi və "Sənətkar”
medalı təqdim edildi. Bu il yuvarlaq yaş dönəmlərini qeyd edən daha 14 nəfər teatr
xadimi də "Sənətkar” medalı ilə təltif olundu, 13 nəfərin çoxillik əməyi isə
TXİ-nin fəxri fərmanı ilə qiymətləndirildi.Biz də təqdimatdan sonra
boş qalmadıq, bu bayram günündə mükafata layiq görülən, Fəxri Fərmana, "Fəxri
mədəniyyət işçisi” döş nişanına layiq görülən sənətkarları təbrik etdik. Onlardan
bir qisminin də ürək sözlərini eşitdik.
Müəllimimin "Səninlə fəxr
edirəm” kəlməsi mənim üçün dünyalara dəyərdi
Gənc
Tamaşaçılar Teatrının sevilən aktrisası Günel Məmmədovanın o gün
sevincinin həddi-hüdudu yox idi. Deyir ki, belə bir mükafatın veriləcəyindən
xəbərsiz imiş, bu mükafat ona sözün əsil mənasında böyük sürpriz olub:
"Keçirdiyim hissləri sözlər ifadə etmək mümkünsüzdür. Məni bu mükafata layiq
görən cənab mədəniyyət nazirimiz Əbülfəs Qarayevə, onun müavini Ədalət Vəliyevə təşəkkürümü bildirirəm. Bu
işdə əməyi keçən teatrımızın direktoru Mübariz Həmidova da minnətdaram. Aldığım bu nişan gənc aktrisa üçün böyük
stimuldur. Əməyimin qiymətləndirilməsini görmək həqiqətən sevindirici haldır.
Bundan sonra daha böyük səylə çalışacam ki, ümidləri puça çıxarmayım. Mənə
göstərilən ehtimadı itirmək istəmərəm. Bunun üçün əlimdən gələni edəcəm ki, verilən
dəyərə layiq olum. Təqdimatdan sonra bir çox təbrik mesajları aldım. Dostlarım,
yaxınlarım buna layiq olduğumu yazdılar. Təbii ki, bu çox gözəl hissdir. Ancaq səmimi deyim ki,
təbriklərin içərisində müəllimimin "Səninlə fəxr edirəm” kəlməsi mənim üçün
dünyalara dəyərdi. Ən böyük təbrikim məhz bu oldu. Bir aktrisa üçün bundan
böyük hədiyyə ola bilməz. Fürsətdən istifadə edib, məni təbrik edən, sevincimə
sevinən, sözün əsil mənasında məni qəlbi ilə sevən, hər bir uğuruma dildə
deyil, ürəyi ilə sevinən dostlarıma, müəllimlərimə, tanışlarıma təşəkkürümü
bildirirəm. Onların sevgisini hiss etmək həqiqətən gözəldir. Uğur isə
paylaşdıqca çoxalır, mən də uğurumu əzizlərimlə paylaşdım”.
"Gözlənilməz oldu”
Opera
və Balet Teatrının dekorçu rəssamı Tehran Babayev də mükafatçılar
sırasında idi. O teatrda saysız
tamaşaların ərsəyə gəlməsində iştirak edib. 27 ilə
yaxındır ki, teatrda çalışan Tehran
müəllimin orada 70-ə yaxın tamaşanın ərsəyə
gəlməsində əvəzsiz rolu olub. Hətta 3 tamaşanın baş rəssamı kimi də tarixə öz
imzasını atıb. Deyir ki, böyük ehtimalla nazirlik onun bu nailiyyətlərini
nəzərə alıb: "Bu mükafat mənim üçün çox dəyərli və əzizdir. Əslində belə bir
mükafata layiq görülməyim mənim üçün
gözlənilməz oldu. Hesab edirdim ki, artıq mənə fəxri ad verilib, bunun üçün başqa
mükafata təqdim etməzlər, ancaq yanılmışam. Mənə nazirlik tərəfindən zəng
ediləndə belə mükafat alacağıma inanmadım. Bu medalı
alacağımı gözləmirdim. Aldığım hər bir medalın, mükafatın həyatımda öz yeri var. Çox sevinirəm ki, əməyim nazirlik
tərəfindən qiymətləndirib. Fürsətdən istifadə edib, mənə bu mükafatı layiq
görənlərə və eyni zamanda teatrımızın rəhbərliyinə təşəkkürümü bildirirəm”.
"Qiymətləndirilmək gözəl
hissdir”
Opera
və Balet Teatrının teatrın direktor müavini Arzu Rzayev də
mükafatçıları sırasında idi. "Fəxri mədəniyyət işçisi” döş nişanına layiq
görülən A.Rzayev mükafat almağın dadının başqa olduğunu dedi: "Əvvəla mənə bu
mükafatı layiq gördükləri üçün cənab nazirimiz Əbülfəs Qarayevə və onun müavini
Ədalət Vəliyevə minnətdarlığımı bildirirəm. Eyni zamanda teatrımızın
rəhbərliyinə də təşəkkür edirəm. 30 ilə yaxındır ki, teatrda çalışıram.
Əməyimin qiymətləndirilməyini görmək bizi sevindirir, duyğulandırır. Bu qədər
mədəniyyət işçilərinin arasında seçilənlərdən olduğum üçün fəxr etdim. Mükafatın bizə bayram vaxtı verilməsi bizim bayram ab-havamızı bir
az da alovlandırdı. Bayramımıza bayram qatdı”.
Ürəyimdən "əməkdar artist”
fəxri adını almağımı keçirdim
Musiqili Teatrın tanınmış
aktrisası Gültac Əlili də
mükafatçılar sırasında idi. Aktrisa deyir ki,
onun bu mükafatı almağı heç də
təsadüfi deyil, uzun müddətdir ki, teatrda çalışan, repertuardakı bir çox tamalarıa
özünəməxsus ifaları ilə tamaşaçı sevgisi qazanan G.Əlili əziyyətinin
qiymətləndirildiyini bildirdi: "Bildiyiniz kimi uzun illərdir ki, teatrda
fasiləsiz səylə çalışıram. 2 övladım var və onları dünyaya gətirdiyim o son
günə qədər tamaşada oynamışam. Analıq məzuniyyətinə belə çıxmamışam. Təbii ki,
əziyyətimin qiymətləndirildiyini görmək bizə xoş təsir bağışlayır. Biz mükafata
layiq görülmüşük, seçilmişiksə bu o demək deyil ki, aldığım mükafata təkcə biz
layiqik. Əsla belə deyil. İstedadlı, işini sevən, üzərində çalışan başqa aktrisalarımız
da kifayət qədərdir. Arzusunda olan bütün həmkarlarıma belə, hətta bundan da
yaxşı mükafatlar almalarını diləyirəm. Məni bu mükafata layiq görən hər kəsə
dərin təşəkkürümü bildirirəm. Bu çox qürurverici hissdir. Mükafatı alarkən
ürəyimdən "əməkdar artist” fəxri adını almağımı keçirdim. İnşallah bu ada da
layiq görülərəm”.
Hər bir mükafat yaradıcı
insanı sevindirir
"Yuğ”
Teatrının aktrisası Zümrüd Qasımova da hisslərini bizlə
bölüşdü. Bildirdi ki, onun üçün bu
mükafat gözlənilməz olub: "Gözləmirdim ki, belə bir mükafata layiq
görülərəm. Məni "Fəxri mədəniyyət işçisi”
-döş nişanına layiq gördükləri üçün bu işdə əməyi keçən hər kəsə təşəkkürümü
bildirirəm. Hər bir mükafat yaradıcı insanı sevindirir. Bu mükafat məni çox
sevindirdi və qürurlandırdı. 15 ildir ki, teatrda işləyirəm və öz sənətimi
sevirəm. Teatrda mükafata görə çalışmıram, ancaq sənə mükafat təqdim olunanda
başa düşürsən ki, əziyyətini qiymətləndirirlər. Bu, gözəl hissdir. Arzusunda
olanların hamısına arzulayıram. İnşallah Əməkdar artist adını alaram”.
Aktrisa sözlərinə onu da
əlavə etdi ki, Yuğ teatrında hazırda hər şey qaydasındadır: "Teatrda kadr
dəyişikliyi edildikdən sonra da vəziyyət yaxşıdır. Tamaşalarımız hazırlanır,
izləyicilərə təqdim olunur. Düşünürəm ki, teatrımızdakı dəyişikliklərdən sonra
hər şey yaxşılığa doğru gedəcək. Teatrımızın direktoru Rəşad Əhmədzadə də
aktyorlara qarşı çox diqqətlidir. Teatrımızın baş rejissoru təyin edilən Mehriban
Ələkbərzadə də yeni tamaşalar üzərində çalışır. Teatrda yaradıcı mühit var”.
Mənim üçün böyük sürpriz
oldu
Azərbaycan Dövlət Kukla
Teatrının yüksək dərəcəli artisti Lina
Məmmədova da öz hisslərini dilə gətirməkdə çətinlik çəkdiyini dedi: "20
ildir ki, Kukla teatrında işləyirəm.
Açığı belə bir mükafata layiq görüləcəyimi gözləmirdim, amma minnətdaram ki,
məni də bu mükafata layiq görüblər. Məni bu tədbirə dəvət edəndə döş nişanı ilə
təltif ediləcəyimi bilmirdim. Mənim üçün böyük sürpriz oldu. Sevincimin
həddi-hüdudu yoxdur”.
Sənət adamları çox kövrək və bir o qədər də
incəqəlbli olur. Aldıqları kiçik bir mükafat belə onları xoşbəxt etməyə kifayət
edir. Mükafatlanan sənətkarlarımızın sevincləri onların gözlərindən sezilir,
qəlblərinə axırdı. Bu dəfə mükafat alanların siyahısında adlarını görməyənlər
isə heç üzülməsinlər, hələ çox bayramlar sizi gözləyir!
Xəyalə Rəis