Azərbaycanlı mütəxəssislər Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edib

Azərbaycan
Respublikası Mədəniyyət nazirliyinin Teatr sektorunun müdiri teatrşünas Könül Cəfərova,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq” kafedrasının
müəllimi, teatrşünas Elçin Cəfərov və "dOM” Teatrının rəhbəri Tərlan Rəsulov
Gürcüstanda keçirilən Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edib.
Tbilisi Beynəlxalq Teatr Festivalı bu gün
dünyada ən nüfuzlu festivallardan hesab olunur. Festival 2009-cu ildən etibarən
hər il mütəmadi şəkildə keçirilir və nəinki MDB ölkələrində, eləcə də Avropa
teatr məkanında böyük marağa səbəb olur. Burada dünyanın bir çox dövlətlərindən
müxtəlif teatr kollektivləri və mütəxəssislər iştirak edir.
Festivalın əsas proqramlarından olan Gürcüstan
Showcase proqramı dünya mədəniyyət şəbəkəsinə inteqrasiyanı hədəfləyir.
Showcase teatr sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və
mübadilə baxımından mühüm əhəmiyyət kəsb edir. Dünyanın 30-a qədər ölkəsindən
60-dan çox teatr mütəxəssisinin - festival təşkilatçıları, teatr menecerləri, tənqidçilər,
jurnalistlər və sənətçilərin qatıldığı Showcase iştirakçılara qarşılıqlı əməkdaşlıq,
yaradıcı mübadilə, birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar
yaradır. Bu ilki Showcase proqramında Azərbaycanla yanaşı, İngiltərə, ABŞ,
Avstriya, Argentina, Çin, Finlandiya, Hindistan, İsrail, Yaponiya, Almaniya,
Latviya, Litva, Nigeriya, Pakistan, Polşa, Rumıniya, Moldova, Rusiya, Serbiya,
Sloveniya, Bolqarıstan, Ukrayna, Türkiyə, Belarus və Qazaxıstandan dəvət
olunmuş teatr mütəxəssisləri işirak edib.
Şoukeysin proqramına K.Marcanişvili adına Dövlət
Dram teatrı, N.Dumbadze adına Dövlət Gənclər teatrı, V.Abaşidze adına Dövlət
Musiqili Komediya və Dram teatrı, Tumanişvili Kino aktyorları teatrı, Rezo
Qabriadze Teatrı, Royal District Teatrı (Kral məhəlləsindəki teatr), İlia Dövlət
Universitetinin "İluanu” teatrının, Movemenet (hərəkət) teatrı, Mesxişvili
Kutaisi Peşəkar Dram teatrı, Rustavi Dövlət Dram teatrı, A.Tsereteli adına
Tchiatura Peşəkar Dövlət Dram teatrı, G.Eristavi adına Qori Dövlət Dram teatrı,
Suxumi Dövlət Dram teatrı, Ş.Dadiani adına Zuqdidi Peşəkar Milli Dram teatrı,
"Eksperimental sənət üçün açıq səma” teatrı, Barmaq teatrı, Atoneli, Georgi
Aleksidze Tbilisi Çağdaş Baleti, Marneulinin Başqa teatrı kimi kollektivlərin ən
uğurlu tamaşaları daxil edilib.
Gürcü
dilində nümayiş olunan tamaşalar, ingilis dilində subtitrlərlə müşayiət olunub.
Tamaşalardan sonra teatrşünasların, jurnalistlərin, prodüserlərin iştirakı ilə
geniş müzakirələr keçirilib. Festival çərçivəsində həmçinin bir sıra tədbirlər
– seminarlar, treninqlər, ustad dərsləri və sərgilər də təşkil edilib. Festival
çərçivəsində Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının təşkilatçılığı ilə
keçirilən "Performing Arts and the Challenges of Our Time” ("İfaçılıq sənətləri
və dövrün tələbləri”) adlı simpozium baş tutub.
Teatrşünas
Elçin Cəfərov Ş.Rustaveli adına Gürcüstan Dövlət Teatr və Kino Universitetində
"Müasir və çağdaş teatr: təyinlər və sərhədlər” adlı kursda iştirak edib.
Dünyanın müxtəlif ölkələrindən festivala
qatılmış teatr mütəxəsisləri ilə keçirilən görüşlərdə qarşılıqlı əməkdaşlıq əlaqələri
ilə bağlı məsələlər müzakirə edilib. Gələcəkdə bu əlaqələrin daha da inkişaf
etdirilməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və birgə layihələrin
həyata keçirilməsi planlaşdırılır.
