21-ci əsrin "Firon"u

Məhəmməd Salahın hekayəsi bir futbolçunun necə qlobal simvola çevrilə biləcəyinin ən gözəl nümunələrindən biridir. O, sadəcə bir oyunçu deyil - bir millətin fəxri, bir klubun simvolu və dünya futbolunun əfsanəsidir.
2012-ci il. Misir televiziyalarından birinin canlı yayımında gənc futbolçu klub rəhbərliyinə müraciətlə az qala yalvararaq, onu Avropaya, İsveçrə “Bazel”inə buraxmalarını xahiş edir. Cavan bir oyunçu üçün bu, olduqca böyük riskdir. Bu elə bir dövrdür ki, Port-Səid stadionundakı faciədən sonra ölkədə futbol çempionatı dayandırılıb. Misirin aparıcı klubları yaxşı maaş ödəyir və oyunçuları asanlıqla buraxmaq istəmirlər. Cəmi 19 yaşı olan bu gənc isə anlayırdı ki, alın yazısını məhz özü yazmalıdır. Bu gün onun həyat yolunu Misirdə dərsliklərə salırlar. Futbol eşqi ilə yanan həmin cavan oğlan müasir futbolun ən parlaq simalarından olan Məhəmməd Salah idi.
Yoxsulluq və çətinliklər içində keçən uşaqlıq
Kiçik Naqriq kəndində dünyaya gələn gələcəyin ulduzunun uşaqlıq illəri yoxsulluq və çətinliklər içində keçib. Yeganə arzusu top qovmaq olan və saatlarla çətin şəraitdə məşq edən Salah futbolun onun üçün sadəcə bir oyun olmadığını, həyat tərzi olduğunu erkən yaşlarından dərk etmişdi. On yaşında skautların diqqətini çəkən balaca Məhəmməd “Əl-Mökavlun”da özünü göstərdikdən sonra böyük keşməkeşlə 2.5 milyon avro qarşılığında “Bazel”ə keçməyi bacardı. İsveçrədəki iki mövsüm onun üçün yeni qapılar açdı və “Çelsi”nin diqqətini çəkdi.
Londonda ulduzların arasında gözlədiyi qədər oyun şansı əldə edə bilməyən gənc misirli geri çəkilmədi. 2015-ci ildə “Fiorentina”ya icarəyə göndərildi və burada öz bacarıqlarını nümayiş etdirməyə başladı. Daha sonra “Roma”ya keçid edən Salah İtaliya çempionatında möhtəşəm performans sərgiləyərək özünü bütün Avropaya tanıtdı. 2016-2017 mövsümündə “Roma”nın ən məhsuldar oyunçularından biri olmaqla yenidən “Dumanlı Albion” yolu açılan Məhəmməd tezliklə “Dövrünün Fironu” hesab olunmağa başlayacaqdı.
İkiqat reinkarnasiya
“Liverpul”la Salahın yolunun kəsişməsi hər ikisi üçün yeni yolun başlanğıcı idi: bir tərəfdə özünü hələ də tam olaraq sübut edə bilməyən saf istedad, digər tərəfdə 30 ilə yaxın çempionluq üzü görməyən nəhəng klub. Bu keçid Mersisayd təmsilçisinə cəmi 42 milyon avroya başa gəlmişdi. Həmin transferdən cəmi bir ay sonra Neymarın “Barselona”dan PSJ-yə 222 milyon avroya transfer olduğunu xatırlayanda, bu məbləğ, həqiqətən, çox az idi.
Salah “Liverpul”da ilk ilində 32 qolla Premyer Liqanın bombardiri oldu. O, təkcə fərdi performansı ilə deyil, həm də komandanın oyun üslubuna verdiyi dinamika ilə “qırmızılar”ın hücum xəttində əsas fiqura çevrildi. Növbəti mövsüm “Liverpul” UEFA Çempionlar Liqasının qalibi oldu. Finalda “Tottenhem”lə matçın əvvəlində vurduğu qol komandasının titulu əldə etməsində böyük rol oynadı. Bir il sonra isə “Liverpul” uzunmüddətli arzusuna məhz Salahın əla performansı ilə çatacaqdı. Ölkə çempionatı Premyer Liqa adlanandan heç vaxt qalib ola bilməyən komanda 2019-cu ildə hədəfini reallaşdıra bildi. Salah vurduğu 19 qolla çempionluğun memarlarından idi. Hər iki tərəf üçün reinkarnasiya adlandıra biləcəyimiz bu perioda Avropa Super Kuboku, klublararası dünya çempionluğu, İngiltərə Liqa və Federasiya kubokları və bir neçə digər titulu sığışdırmaq mümkün oldu.
Onun böyük ürəyi
Salah sadəcə bir futbolçu deyil. O, meydanda və meydandan kənarda bir əfsanəyə çevrilən, sadə bir kənd uşağından dünya futbolunun zirvəsinə yüksələn modern zamanın qəhrəmanıdır. Salahın uğur yolu əzmkarlıq, sədaqət və inamın insanı haralara daşıya biləcəyinin canlı sübutudur. Onun hekayəsi təkcə futbolsevərlər üçün yox, hər kəs üçün ilhamvericidir. Əlbəttə, təkcə meydandakı performansı bir nəfəri bu qədər sevdirə bilməzdi.
Salahın xeyirxahlığı haqqında əfsanələr çoxdur: Basyun şəhərindəki xəstəxanaya 560 min funt sterlinq, Qahirədəki Milli Xərçəng İnstitutuna 2.5 milyon funt sterlinqlik yardımlar, pandemiya zamanı minlərlə ton ərzaq, təcili yardım mərkəzi, oksigen silindirləri, su təmizləmə zavodu, qızlar məktəbi, Qəzza bölgəsinə humanitar yardım, Misir Qırmızı Aypara Cəmiyyətinə ianələr və sair...
Pazlın son parçası
Salah futbolçu kimi əldə edə biləcəyi bütün böyük mükafatları qazanıb. Burada yalnız dünya çempionluğunu istisna edə bilərik ki, onu da anlamaq çətin deyil. Futbol hər şeydən əvvəl komanda oyunudur və Misir yığmasının bu potensialı sadəcə yoxdur. Lakin fərdi olaraq Salah “Qızıl top”u əldə edə bilər - hər nə qədər son illərdə bu mükafatın təqdim edilməsi zamanı kollektiv nəticələrə önəm verilsə də.
İl yeni başlayıb, lakin hətta indidən Salahı “Qızıl top”a namizəd göstərənlər az deyil. Ən yaxın izləyicisi ilə ciddi fərq yaradan “Liverpul” Premyer Liqada çempionluğa çox yaxındır. Komandanın göstərdiyi oyun Çempionlar Liqasında da titul əldə etməyi olduqca real edir. Uzaq 2017-ci ildəki performansından sonra “bir mövsümlük oyunçu” damğası vurulan Məhəmməd Salah isə 27 oyunda vurduğu 25 qolla Premyer Liqanın bombardiridir.
Salahın hekayəsi bir futbolçunun necə qlobal simvola çevrilə biləcəyinin ən gözəl nümunələrindən biridir. O, sadəcə bir oyunçu deyil - bir millətin fəxri, bir klubun simvolu və dünya futbolunun əfsanəsidir.
