• cümə, 29 Mart, 09:55
  • Baku Bakı 5°C

Ayıl yuxudan, ey bədbəxt erməni... - TƏHLİL

29.05.23 17:45 797
Ayıl yuxudan, ey bədbəxt erməni... - TƏHLİL

Azərbaycanın səbir kasası hədsiz deyil. Xankəndindəki separatçı rejim artıq iki dəfə danışıqlara dəvət olundu: birinə qatıldılar, sonra imtina etdilər. Üçüncü dəvət olmayacaq. Limit bitdi!

Rusiyanın Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərdə məskunlaşmış ermənilərin seçim zamanı sürətlə yaxınlaşır. Onlar ya Azərbaycan Konstitusiyası çərçivəsində cəmiyyətimizə reinteqrasiya olmalı, ölkənin digər vətəndaşlarından heç nə ilə fərqlənməyən hüquq və təhlükəsizlik təminatı reallığını qəbul etməli, ya da ölkəni tərk etməlidir.

Kainatda hər nəsnənin əvvəli və sonu olduğu kimi, erməni separatçılığının əvvəli bəlli olduğu təki, sonu da uzaqda deyil.

Hazırda yetkinlik yaşını keçmiş hər fərdi Ermənistan pasportu daşıyan qarabağlı ermənilər beynəlxalq hüquq baxımından Azərbaycan ərazisində kompakt yaşayan xarici ölkə vətəndaşlarıdır.

Onların yaşamı qanunsuzdur, çünki Azərbaycanın mövcud qanunvericiliyi, Konstitusiyası və qanunverici aktları ilə təsbitlənmiş formada mövcudluqları qanuniləşdirilməyib.

Real sayları 26 min nəfərdən artıq olmayan qarabağlı ermənilər məhz bu səbəbdən bütün beynəlxalq qanunlara, hüquq prinsiplərinə və s.-yə görə Azərbaycan ərazisində qanunsuz yaşayan miqrantlar sayıla bilər, sayılır da.

Onlar Ermənistan vətəndaşları olmaqla kifayətlənməyərək, təqribən 9800 nəfərlik silahlı dəstələr formalaşdıraraq "Dağlıq Qarabağ Ordusu" adlı terrorçu korpusu da saxlayırlar. Xankəndi, Xocalı, Əsgəran və sabiq Ağdərə rayonlarında kazarmaları olan bu terrorçu korpus Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla yanaşı, vətəndaşlarımız üçün real təhlükə mənbəyidir.

Rəsmi Bakı bu insanlara qarşı lokal antiterror əməliyyatını həyata keçirməyərək hələlik onlara son şans verir.

Səbəb axtarmağa lüzum yoxdur: vətəndaşlarının təhlükəsizliyinin təminatını və dövlət maraqlarının yerində olmasını üstün tutan istənilən ölkə belə situasiyada radikal, sərt addımlar atar, qərarlar verərdi.

Lakin Bakı hələ ki, səbrlə davranır, qarabağlı ermənilərin illüziyalardan əl çəkməsini, reallıqları əxz etmələrini, formalaşmış vəziyyəti dərk etmələrini gözləyir.

Ermənistanın hakimiyyət dairələri və ermənilər isə tam əksinə, hələ də kimlərəsə güvənir, nələrəsə bel bağlayır, hansısa dövlətin və ya dövlətlərin Azərbaycana qarşı müharibə edərək "qarabağlı erməniləri xilas edəcəkləri"ni düşünür.

Bununla bağlı Azərbaycanın dövlət başçısı İlham Əliyevin Laçın rayonunda olarkən söylədikləri ermənilərə son xəbərdarlıq sayıla bilər: "Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı.

Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər".

Ermənistanın hakimiyyət dairələri, qarabağlı ermənilər və müxtəlif ölkələrdəki erməni diasporunun mənsubları reallıqları görmək, dərk etmək və konstruktiv nəticə hasil etmək istəmirlər.

Onlar hələ də irreal xülyalarla yaşayır, nə zamansa mövcud olmuş mifik erməni dövlətlərinin yenidən bərpasına ümid edir, Azərbaycan ərazilərinin böyük qismini işğal edərək yenidən qayıdış etməyi düşünürlər.

Revanşizm və zooloji irqçiliklə millətçiliyin eybəcər qarışığından ibarət bu fikirləri Erməni Apostol Kilsəsi də dəstəkləyir. Eçmiədzinin hazırda faktiki olaraq Ermənistanın baş naziri Nikol Paşinyanı xəyanətkar, satqın və az qala xalq düşməni elan etməsinin səbəbi də əsrlərlə yaşı olan erməni xülyalarının 44 günlük İkinci Qarabağ Müharibəsində darmadağın edilməsi oldu.

2020-ci ilin sentyabrından əvvəlki dönəmdə çoxsaylı beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanı o dönəmdəki mövcud vəziyyətlə barışmağa, status-kvonu qəbul etməyə vadar etmək istəyirdilər. Bizim üçün ən yaxşı və optimal variant qismində erməni işğalındakı rayonlarımızdan 5-nin azad edilməsi, Kəlbəcərlə Laçın rayonlarının isə qarabağlı ermənilərlə Ermənistan arasında dəhliz qismində əbədi olaraq ermənilərin nəzarətində qalması təklif olunurdu.

Daha konkret olsaq, Azərbaycanın iki rayonu ilə vidalaşması və ermənilərə güzəşt etməsi təklif olunurdu. Özü də təkiflər sadəcə, kağız üzərində belə adlanırdı və əslində isə Bakıya aşkar təzyiqlər göstərilir, ölkəmiz hədələnirdi.

Lakin Azərbaycan ərazilərinin bir qarışını da güzəştə getmək niyyətində olmadığını bəyan etdi, müharibəyə hazırlaşdı: çıxış yolu qoymamışdılar - ya savaşa qalxıb torpaqlarımızı azad etməli, ya da kollektiv Qərblə, ermənilərin havadarlarının təzyiqləri ilə razılaşaraq ərazilərimizin bir qismindən imtina etməliydik.

Vətən Müharibəsinin sonucları bəlli. Bu ilin aprelin 23-də Ermənistanla şərti dövlət sərhədində, Laçın rayonunda, Həkəri çayının sahilində sərhəd-buraxılış məntəqəsi isə Azərbaycanın tam yeni reallıqlar formalaşdırmağa başladığının göstəricisi oldu.

Qarabağlı ermənilərə son xəbərdarlıq kimi dəyərləndirilməsi gərəkən həmin məntəqədən Xankəndindəki separatçı xunta gərəkli nəticə çıxardımı?

Yox.

Tam əksinə, müxtəlif beynəlxalq təşkilatlara, Fransaya, Rusiyaya, ABŞ-a müraciətlər sıralandı, son damla qanadək vuruşacaqları barədə bəyanatlar səsləndi, Xankəndində mitinqlər keçirilərək Azərbaycana meydan oxundu və s.

Ermənistan erməniləri ilə qarabağlı ermənilər hələ də qəflət yuxusundan ayılmayaraq düşünürlər ki, kimlərsə gəlib Azərbaycanda onlara görə Azərbaycan Ordusuna qarşı vuruşacaq.

Bu sarsaqlıq, cəfəngiyyat və mağmınlığın etirafıdır əslində.

Ermənilər hələ də anlamırlar ki, 2-ci Qarabağ Müharibəsi günlərində onların tərəfində kimsə hərbi əməliyyatlara müdaxilə etmədisə, miskin Ermənistan Silahlı Qüvvələrinə real yardımlar edərək dəstək olmadısa, Azərbaycan Ordusu gücünü və potensialını döyüş meydanında nümayiş etdirəndən sonra heç olmayacaq.

Heç bir dövlət və ya beynəlxalq təşkilat ermənilərə görə Azərbaycana kənardan müdaxiləyə cürət etməyəcək.

Əslində, belə fikir və ya narrativ də yoxdur.

“Hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır”, - İlham Əliyev Laçın rayonunda olarkən söylədi.

Ali Baş Komandanın bu sözləri sözün əsl mənasında qarabağlı ermənilərə son xəbərdarlıq, eyni zamanda reinteqrasiya ilə bağlı son təklifdir.

Əldə etdimiyiz məlumatlara görə, Xankəndindəki rejim Bakı ilə kommunikasiyalara keçməyə, kuluar danışıqlar aparmağa çalışır. Araik Arutyunyanın başçılıq etdiyi xunta artıq dərk edir ki, yeganə çıxış yolu rəsmi Bakının tələblərini, təkliflərini və şərtlərini icra etməkdir.

Bunun alternativi bəsitdir: ya lokal antiterror əməliyyatı və silahlı erməni dəstələrinin məhv edilərək Xankəndindəki xuntanın üzvlərinin hərbi cinayətkarlar qismində həbsi, ya da xunta mənsubları başda olmaqla separatizmdə əli olan bütün qarabağlı ermənilərin Laçın yolu ilə Ermənistana qaçmaları.

“Biz oraya heyət göndərmişdik. Mənim nümayəndəm gedib onlarla birinci görüş keçirib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni, Qarabağda yaşayan erməni azlığının nümayəndələrini. Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək. Ona görə onlara ancaq o halda amnistiya düşə bilər ki, özləri könüllü olaraq bütün saxta vəzifələrini kənara qoyub Azərbaycan vətəndaşlığı üçün müraciət etsinlər. Ona da biz hələ baxacağıq. Mənim sözüm qətidir, bunu hər kəs bilir, həm Azərbaycanda, həm dünyada, o cümlədən Ermənistanda. Nəyi deyiriksə, onu da edirik. Bir dənə də olsun sözümüz, necə deyərlər, havada qalmayıb, bu söz də havada qalmayacaq. Əgər mən deyirəmsə ki, amnistiyaya baxmaq olar, bu fürsəti də qaçırmasınlar. Onlar bir çox fürsətləri qaçırıblar, bir çox fürsətləri və hər dəfə, necə deyərlər, gərək onların başından vuraydıq ki, özlərinə gəlsinlər” – İlham Əliyev söyləyib.

Ermənistana gəldikdə isə, baş nazir Nikol Paşinyanın Azərbaycanla yekun sülh sazişinin imzalanması prosesini mümkün qədər uzatmaq, imkan olarsa ümümiyyətlə, təxirə salmaq istəklərinə gəldikdə isə, ermənilərin bu müstəvidə də limitləri dolub.

Sülh sazişinin imzalanması üçün Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyasına başlanması şərtdir.

İrəvan ən müxtəlif bəhanələr səsləndirir, prosesdən qaçır.

Qaçsınlar, ağıllarına gələnləri desinlər. Amma ermənilər demarkasiya və delimitasiyaya başlamasalar, Ermənistan bizim üçün avtomatik olaraq dövlət statusunu itirərək mübahisəli əraziyə çevrilir. Belədə ermənilərlə sərhədimiz harada desək, oradan keçəcək.

Bunu ermənilər bilirlər və ordumuz qəti tədbirlərə başlarsa, İrəvana nə indi Ermənistanda müşahidəçi-monitorinqçi kimi guya fəaliyyət göstərən avropalı agentlər, nə istefada olan fransız jandarmları və təqaüdə çıxmış alman polisləri, nə də Rusiyada və ya ABŞ-da yaşayan ermənilər kömək edə biləcək.

Azərbaycan ərazisində, Qarabağda olan Ermənistan hərbçiləri isə maksimal tez müddətdə ölkəmizdən çıxmalı, rədd olub getməlidirlər.

Getməsələr, məhv ediləcəklər.

İrəvan onu da dərk etsin ki, Laçın, Zəngilan və Kəlbəcərdəki mövqelərimizdən baxanda Ermənistandakı çox kəndlər açıq-aydın görünür.

Əsgərlərimiz o kəndlərə hələlik baxır, müşahidə edirlər.

Hələlik baxırlar.

Hər şey ermənilərin zəhərli yuxudan ayılıb-ayılmayacağından asılıdır...

Trend

banner

Oxşar Xəbərlər