• şənbə, 16 Avqust, 16:18
  • Baku Bakı 29°C

Avropanın müsəlman qorxusu

16.08.25 04:17 113
Avropanın müsəlman qorxusu

Son illərdə Avropada milyonlarla müsəlmanın həyatına təsir edən narahatedici islamofob meyillərin artımı müşahidə olunur. Ayrı-seçkilik, nifrət nitqi, fiziki zorakılıq artdıqca, bir çoxları bu cür hallarla mübarizə üçün nə edilə biləcəyini soruşur.

Avropada islamofobiya halları artır. Ard-arda ölkələr başqa dindən olanlara, onların dini inanclarına qarşı məhdudiyyətlər tətbiq edirlər. Fransada islamofobiya ilə yanaşı, antisemitizm, Almaniyada sərt dini qanunlar, Belçikada, Avstriyada etirazlar artmaqdadır. Bu siyahıya İspaniya da daxil olub. Qəbul edilən qadağa isə hər kəsi təəccübləndirib. Ölkənin cənub-şərqindəki Mursiya əyalətində yerli şəhərlərdən birinin hakimiyyəti iki əsas müsəlman bayramının (Qurban və Ramazan bayramları) ictimai şəkildə qeyd edilməsini qadağan edib. Bunu belə tədbirlərin "ispan kimliyinə yad olması" ilə əsaslandırıb. İspan müsəlmanları qadağanı təşəbbüs edən Xalq Partiyasının (XP) yerli şöbəsini çirkin metodlarla hakimiyyət uğrunda mübarizə aparmaqda və ksenofob hisslərə müraciət etməkdə ittiham edirlər. Böyük ehtimalla məhdudiyyətlər ləğv ediləcək. Lakin Avropa İttifaqı (Aİ) üçün artıq presedent yaradıldığı iddia edilməyə başlayıb. Digər ölkələrin də analoji qərarlar qəbul edəcəyi vurğulanır.

Qadağa nəyi nəzərdə tutur?

Məlumata görə, Xumilya şəhərinin Bələdiyyə Şurası (yerli özünüidarəetmə orqanı) ictimai yerlərdə müsəlman bayramlarının keçirilməsinin qadağan edilməsinə səs verib. Şəhərdə təxminən 27 min insan yaşayır. Onlardan 1,5 mini İslam dininə etiqad edir və 7,5%-i (üç mindən çox insan) müsəlman ölkələrindən gəlmələrdir. Məhdudiyyətlər Ramazan və Qurban bayramına şamil edilir. Müsəlmanlara bayramları keçirmək üçün inzibati binalardan və idman zallarından istifadə etmək qadağan olunub. Məhz belə yerlərdə möminlər hər il ibadət edirdilər. "İdman qurğuları yerli hakimiyyət orqanları tərəfindən təşkil edilmədiyi təqdirdə, bizim kimliyimizə yad olan dini, mədəni və ya sosial tədbirlər üçün istifadə edilə bilməz" - Bələdiyyə Şurası tərəfindən təsdiqlənmiş bəyanatda belə deyilir. 

Təklifin təşəbbüskarı mühafizəkar Xalq Partiyası olub. 2023-cü il regional seçkilər nəticəsində bu partiya bir neçə regionda, o cümlədən Xumilyanın yerləşdiyi Mursiyada öz liderliyini təsdiqləyib. Yerli özünüidarəetmə orqanlarındakı 21 yerdən onunu - yəni əksəriyyəti onlar qazanıblar. Doqquz yeri müsəlmanlara qarşı məhdudiyyətlərin tətbiqini bloklamağa çalışan sosialistlər tutur. Bələdiyyə Şurasına həmçinin "Birləşmiş Sollar"dan və ultrasağçı "Səs" (Vox) partiyasından bir nümayəndə daxildir. İspan qəzeti “El Pais”in məlumatına görə, təklifin bilavasitə müəllifi məhz “Vox”un nümayəndəsi Xuan Aqustin Navarro olub. Onun partiyası radikal antimiqrant bəyanatları və təşəbbüsləri ilə məşhurdur.

Təklifin uğurla qəbul edilməsi münasibətilə “Vox”un sosial şəbəkələrində yeni bir bəyanat yayımlanıb: "Vox” sayəsində İspaniyada ilk dəfə olaraq ictimai yerlərdə islam bayramlarının qadağan edilməsi haqqında qərar qəbul edilib. İspaniya xristian xalqının torpağıdır və həmişə belə qalacaq".

Bütün Avropanı əhatələyəcək təhlükə

Belə qadağalar təkcə İspaniya üçün deyil, bütövlükdə Avropa üçün də ilkdir. Bəzi ölkələrin, məsələn Fransanın hakimiyyəti bu və ya digər dinə mənsubluq simvollarının (o cümlədən xaçların, hicabların və bürqənin) geyilməsinə məhdudiyyətlər qoyub. Lakin ilk dəfə olaraq bir çoxlarının islamofob hesab etdiyi dəlillərlə əsaslandırılan qadağa açıq şəkildə tətbiq edilir.
İspaniyanın mərkəzi hökuməti artıq müsəlmanlar üçün məhdudiyyətlərin tətbiqini pisləyib. Bu təəccüblü deyil, çünki həm Baş nazir Pedro Sançes, həm də onun nazirlər kabinetinin demək olar ki, bütün üzvləri İspan Sosialist Fəhlə Partiyasının nümayəndələridir. Onlar miqrantlara dəstək siyasəti yürüdürlər və solçularla birlikdə sağçı “Vox” partiyasına və mühafizəkar XP-yə qarşı duran əsas qüvvəni təşkil edirlər.

“El Pais”in istinad etdiyi Nazirlər Kabinetinin KİV-lər üçün bəyanatında göstərilir ki, Xumilya hakimiyyətinin qərarı din azadlığını təmin edən Konstitusiyanın 16-cı maddəsinə ziddir. Buna görə də yaxın zamanda qadağanın ləğv ediləcəyini gözləmək olar.

Bəs səbəblər hansılardır?

Yeri gəlmişkən, son illərdə Avropada milyonlarla müsəlmanın həyatına təsir edən narahatedici islamofob meyillərin artımı müşahidə olunur. Ayrı-seçkilik, nifrət nitqi, fiziki zorakılıq artdıqca, bir çoxları bu cür hallarla mübarizə üçün nə edilə biləcəyini soruşur. Avropada islamofobiya yeni hadisə deyil, lakin son illərdə daha aktual olub. Burada onun artmasına səbəb olan bəzi əsas tendensiyalar var. Birincisi, ultra-sağçıların təsirinin güclənməsi. Bütün Avropada ultra-sağçı siyasi partiyalar immiqrasiya və mədəni dəyişikliklər qorxusundan istifadə edərək nüfuz qazanırlar. Onlar çox vaxt dəstək qazanmaq üçün müsəlmanları Avropa kimliyi və dəyərlərinə təhdid kimi təqdim edirlər. Fransa, Almaniya, Avstriya və Niderland kimi ölkələrdə ultra-sağçı partiyalar daha görünən olub və onların təsiri anti-müsəlman əhval-ruhiyyəsinin kök salmasına kömək edib. İkincisi, müsəlmanların mediada təsviri. Avropa mətbuatında müsəlmanların mənfi təsviri islamofobiyanın artması ilə əlaqələndirilir. Xəbər nəşrləri terrorizm, radikallaşma və immiqrasiya kimi məsələlərə diqqət yetirir, çox vaxt birbaşa əlaqə olmasa belə, bu mövzuları İslamla əlaqələndirir. 

Üçüncüsü, terror hücumları və təhlükəsizlik problemləri. İslam adından hərəkət etdiklərini iddia edən fərdlər və ya qruplar tərəfindən törədilən terror hücumları islamofob əhval-ruhiyyəni gücləndirir. Növbəti məsələ, qaçqın böhranıdır. Müsəlman əhalisi çox olan ölkələrdən qaçqınların axını immiqrasiya və mədəni inteqrasiya ilə bağlı narahatlıqları artırıb. 
Ekspertlər qeyd edirlər ki, Avropada islamofobiyanın artması mürəkkəb problemdir, lakin həll oluna bilər. 

Azər Nuriyev 

banner

Oxşar Xəbərlər