• şənbə, 04 Oktyabr, 14:33
  • Baku Bakı 23°C

Avropa üçün çox mühüm tərəfdaş

04.10.25 05:21 158
Avropa üçün çox mühüm tərəfdaş

Avropa ailəsinin Kopenhagen Zirvəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha bir diplomatik zəfəri kimi yadda qaldı. Zirvə toplantısı çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr bir daha Azərbaycana və onun rəhbərinə verilən dəyərin bariz nümunəsidir.

Prezident İlham Əliyevin Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri özünün zənginliyi və əhəmiyyəti ilə yadda qaldı. Zirvə toplantısı çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr bir daha Azərbaycana və onun rəhbərinə verilən dəyərin bariz nümunəsidir.  

Qarşı tərəfin istəyi ilə reallaşan görüşlər

Dövlət başçısının ikitərəfli görüşlərinin hər biri məhz qarşı tərəfin istəyi əsasında reallışıb ki, bu da Azərbaycana artan marağın göstəricisi sayıla bilər. 

Prezident İlham Əliyev səfər çərçivəsində Moldova Prezidenti Maya Sandu ilə görüşüb. Dövlət başçısı Moldovada keçirilmiş parlament seçkilərində Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyasının qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq, bu seçkilərin Moldova xalqının iradəsini əks etdirdiyini deyib. Prezident Maya Sandu Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.
Dövlət başçısının ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşü də diqqət çəkib. 

Ukrayna Prezidenti Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə İlham Əliyevə təbriklərini çatdırıb. Görüşdə Azərbaycanın Ukraynaya humanitar dəstəyi, xüsusilə də ukraynalı uşaqlara göstərilən diqqət və qayğı qeyd olunub. Söhbət zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Kopenhagendə sülh gündəliyi 

Kopenhagen Zirvəsi həm də Azərbaycan və Ermənistan arasında sülh prosesinin yenidən ələ alınması üçün bir imkan idi. Tərəflər bu fürsəti dəyərləndirərək iki ölkə arasında sülh gündəliyi ilə bağlı qarşılıqlı müzakirələr aparıblar. Prezident İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıb, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə edib, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar.

Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.

Makronun görüş xahişi

Bu səfər qlobal miqyasda Azərbaycanın artan rolunun daha bir təzahürü kimi də qiymətləndirilə bilər. Xüsusi vurğulanmalıdır ki, Vaşinqtondakı tarixi razılaşmalardan sonra Bakıya qarşı özünün ikili standartlı mövqeləri ilə seçilən bəzi Avropa ölkələri də artıq “U” dönüşü etmək məcburiyyətindədirlər. Bölgəmizdə yaranmış reallıq çərçivəsində əməkdaşlıq imkanlarının Azərbaycansız mümkün olmadığını hər kəs artıq anlayır. Xüsusilə də Fransa Prezidenti Emmanuel Makron. Qarşı tərəfin istəyi əsasında reallaşan Əliyev-Makron görüşü də Zirvə toplantısına damğa vuran əsas siyasi hadisələrdən biri hesab olunur. 

Fransa Prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələr münasibətilə azərbaycanlı həmkarını təbrik edib.

Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələrin regional sülh gündəliyinin irəli aparılması üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dövlət başçısı hazırda sülh gündəliyinin irəliyə aparılması üçün müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd edib. Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Mühüm tərəfdaş və vazkeçilməz müttəfiq 

Bu gün Azərbaycan Avropada çox mühüm tərəfdaş və vazkeçilməz müttəfiq kimi qəbul edilir. Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevə göstərilən diqqət və böyük hörmət Azərbaycan liderinin Avropada yüksək nüfuzunun olduğunun göstəricisidir. Bütün görüşlərdə hiss edilən bu pozitiv ruh Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə də müşahidə edildi. Görüşdə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rola toxunulub, 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair əldə edilmiş razılaşmaya uyğun olaraq Azərbaycanın Avropanın qaz bazarına ixracının həcminin artdığı bildirilib.

Prezident İlham Əliyev hazırda Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 üzv dövlətinin Azərbaycan qazını aldığını bildirib və bunun Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfə olduğunu deyib.

Dövlət başçısı Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı rolu qeyd edərək, ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb və hazırda Mərkəzi Asiyadan Azərbaycan ərazisindən nəqliyyat daşımalarının həcminin artdığını bildirib. Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişaf etdirilməsi və yeni səviyyəyə qaldırılması üçün yaxşı imkanların olduğu vurğulanıb.

Beləliklə, Avropa ailəsinin Kopenhagen Zirvəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha bir diplomatik zəfəri kimi yadda qaldı. 

Azad Əliyev

banner

Oxşar Xəbərlər