• bazar ertəsi, 30 dekabr, 20:10
  • Baku Bakı 6°C

Avropa İttifaqının sınanmış tərəfdaşı

02.03.24 06:20 4087
Avropa İttifaqının sınanmış tərəfdaşı

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir və bu il tədbirin 10 ili tamam olur. Budəfəki toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olunub. 


Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib.

“Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur”

Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar - interkonnektorlar əlavə edilib: “Azərbaycan qazı yeni mənbədir. Yəni, biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük”.

Dövlət başçısının sözlərinə görə, “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək: “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Biz orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq”.

“Sözümüz imzamız qədər dəyərlidir”

Prezident bildirib ki, bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. “Azərbaycan qazına olan mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir”, - dövlət başçısı qeyd edib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib: “Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur”.

Azərbaycanın yaşıl gündəliyi

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub: “Bizim bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun. Bildiyimiz kimi, biz “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzərdə tuturuq”.

Prezident daha sonra deyib ki, Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olub. Keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal, yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Çünki bizim neftimiz var və bu, bizim ən böyük nöqsanımız hesab olunub. Baxmayaraq ki, qeyd etdiyim kimi bu qüsur deyil, Allahdan bir hədiyyədir”. 

Dövlət başçısının sözlərinə görə, əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olub: “Biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik. Lakin mən sizə, sadəcə, məlumat vermək istəyirəm ki, COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir”.

“Əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var”

Sonra Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri xanım Kadri Simson çıxış edib. “Azərbaycan enerji sektorunda Avropa İttifaqının sınanmış tərəfdaşıdır və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var”, - Kadri Simson deyib. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz nəqli hazırda 2021-ci illə müqayisədə 46 faiz çoxdur: “Dediyim kimi, Azərbaycan həqiqətən də Avropa oyunçusuna çevrilir, buna görə də biz bu birgə təchizat sistemini genişləndirməyə çalışırıq”.

 

 

banner

Oxşar Xəbərlər