• bazar ertəsi, 02 dekabr, 00:40
  • Baku Bakı 8°C

Artan siyasi dialoqun bariz nümunəsi

27.07.24 00:44 2521
Artan siyasi dialoqun bariz nümunəsi

Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin genişləndirilməsi həmişə prioritet olub. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bu ölkələrin maraqlarını dünyaya çatdırıb.

Somali xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Əhməd ölkəmizə səfər edib. Səfər çərçivəsində o, azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. Daha sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. 

Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin genişləndirilməsi həmişə prioritet olub. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bu ölkələrin maraqlarını dünyaya çatdırıb. O qeyd edib ki, Azərbaycanla Afrika İttifaqı arasında sıx əlaqələrə xüsusi diqqət göstərilir: “Somali XİN başçısının bu səfəri ölkələrimiz arasında dostuq və əməkdaşlığın, artan siyasi dialoqun bariz nümunəsidir. Biz 2024-cü ildə diplomatik münasibətlərin 20 illiyini qeyd edirik. Bir sıra hallarda biz beynəlxalq təşkilatlar çərçivəsində olan əməkdaşlığı qeyd edirik. Bizim son təmasımız İƏT-in Qambiyanın paytaxtında keçirilən konfransı zamanı oldu.
İkitərəfli əlaqələrdən əlavə olaraq, xüsusilə beynəlxalq platformalarda Somali ilə əməkdaşlığa böyük önəm veririk. BMT, İƏT və QH çərçivəsində əməkdaşlıq buna nümunədir. 2025-2026-cı illərdə BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə mən Somalini təbrik edirəm. Bu beynəlxalq miqyasda sülhə və əməkdaşlığa Somalinin verdiyi töhfənin dünya dövlətləri tərəfindən qiymətləndirilməsinin göstəricisidir”.

"Somali hər zaman haqlı mövqeyimizi dəstəkləyib"

XİN başçısı Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarına da toxunub. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan normallaşma prosesi istiqamətində danışıqlar davam edir. Somali hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Bu həm 44 günlük müharibə dövründə, həm də ondan sonra müşahidə edilib.

Nazir bu münasibətlə həmkarına təşəkkür edib: “Mən post-münaqişə barədə həmkarıma məlumat verdim. Azad edilən ərazilər, oradakı bərpa-quruculuq, həmçinin mina təhdidləri haqqında həmkarımı məlumatlandırdım. Ermənistan-Azərbaycan normallaşma prosesi istiqamətində danışıqlar davam edir və bu barədə həmkarımı da məlumatlandırdım”.

Azərbaycan humanitar dəstək göstərməyə hazırdır

C.Bayramov daha sonra bildirib ki, Azərbaycan Somaliyə humanitar dəstək göstərməyə hazırdır. O, iqtisadi sahədə əməkdaşlığa da diqqət çəkib: "İki ölkə arasında kənd təsərrüfatı və balıqçılıq əməkdaşlıq sahəsi olaraq mühüm yerə sahibdir. Bu ilin aprel ayında Somalidən olan texniki ekspert qrupu Azərbaycana səfər edib. Yaxın vaxtlarda Azərbaycandan da Somaliyə belə bir qrupun göndərilməsi nəzərdə tutulub. Azərbaycan Somaliyə humanitar dəstək göstərməyə hazırdır. Azərbaycanın İƏT ölkələri üçün təhsil proqramı mövcuddur və artıq Somalidən olan bir sıra gənclər bundan faydalanıb, bu, gələcəkdə də davam edəcək. Bu il ərzində Azərbaycanda bir sıra tədbirlər planlaşdırılır və onlardan ən böyüyü COP29-dur. Bu konfransda da Somalidən olan nümayəndə heyətini yüksək səviyyədə Azərbaycanda görməkdən məmnun olacağıq”.

"Azərbaycanı təbrik edirik"

Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Əhməd ikitərəfli əməkdaşlığa diqqət çəkib. Bildirib ki, uzun illər ərzində Azərbaycan ilə Somali arasında münasibətlər yüksələn xətlə inkişaf edib.

XİN başçısı qeyd edib ki, onun Azərbaycana səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünə təsadüf edir: "Bu gün biz ticarətin genişləndirilməsi imkanlarını, neft-qaz və kənd təsərrüfatı sahələrində əməkdaşlığı müzakirə etdik". Onun sözlərinə görə, aprel ayında Azərbaycana səfər etmiş işçi qrupun fəaliyyəti ölkələr arasında əməkdaşlığı yalnız gücləndirəcək.
"Somali BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsi üçün Azərbaycan hökuməti ilə əməkdaşlığa hazırdır. COP29-a ev sahibliyi etdiyinə görə Azərbaycanı təbrik edirik ", -  deyə o deyib.

 

banner

Oxşar Xəbərlər