Artan nüfuzun diplomatik ifadəsi
Bu gün Azərbaycan dünyanın ən güclü dövləti tərəfindən bərabərhüquqlu tərəfdaş kimi qəbul edilir, ikitərəfli münasibətlər isə qarşılıqlı hörmət və etimada əsaslanır. Rəsmi Bakının məlum siyasəti tək ABŞ ilə münasibətlərin səviyyəsi ilə ölçülmür.
Son illərdə Azərbaycanın artan beynəlxalq nüfuzu fonunda rəsmi Bakının regional aktor olaraq proseslərdə daha aktiv rol aldığının şahidi oluruq. Bu prosesin məntiqi nəticəsi kimi Azərbaycanın ali rəhbərliyi dünyanın aparıcı beynəlxalq tədbirlərinə və forumlara, zirvə görüşlərinə xüsusi qonaq qismində dəvət edilir.
G20 sammitinə dəvət olunan ölkələr sırasında
Belə ki, Azərbaycan 2026-cı il dekabrın 14–15-də ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammitinə dəvət olunan ölkələr sırasında yer alıb. Bu barədə G20 üzrə ABŞ sədrliyinin rəsmi saytında məlumat yerləşdirilib. Məlumata əsasən, sammitə dəvət edilmiş ölkələr sırasında Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Finlandiya, İrlandiya, Niderland, Norveç, Qətər, Sinqapur, İspaniya və Birləşmiş Ərəb Əmirlikləri də var. Qeyd edək ki, G20 sammiti dünyanın aparıcı iqtisadiyyatlarının və dəvət olunmuş tərəfdaş ölkələrin iştirakı ilə qlobal iqtisadi gündəmin, beynəlxalq əməkdaşlığın və strateji çağırışların müzakirə edildiyi əsas platformalardan biri hesab olunur. Xatırladaq ki, 2025-ci ildə G20 sammiti Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilib.
Mərkəzi Asiya-Qərb vektorunda əsas söz sahibi
Təbii ki, G20 görüşünə budəfəki dəvətin əsas təşəbbüskarı ABŞ Prezidenti Donald Trampdır. Son zamanlar Bakı-Vaşinqton münasibətlərindəki yüksəliş özünün pik dövrünü yaşayır. ABŞ-nin Cənubi Qafqazdakı sülh prosesində aktiv rol alması, bütün dünyanın böyük maraq və diqqətlə izlədiyi Zəngəzur dəhlizinin açılmasında fəal iştirakı dövlətlərarası münasibətlərdə də yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. ABŞ Prezidenti dəfələrlə Azərbaycanla strateji əməkdaşlığa böyük önəm verdiyini, Prezident İlham Əliyevlə şəxsi münasibətlərini yüksək dəyərləndirdiyini bəyan edib. Bu baxımdan, Vaşinqtonun Avrasiyanın mərkəzində maraqlarının müdafiəsinə hesablanmış strategiyada Azərbaycan açar rolunu oynayır. Mərkəzi Asiya-Qərb vektorunda əsas söz sahiblərindən biri məhz rəsmi Bakıdır. Ağ ev rəhbərliyi ölkəmizin artan nüfuzu, geosiyasi və geoiqtisadi imkanları, həmçinin Bakının praqmatik siyasətini yüksək dəyərləndirməklə yanaşı, prosesdə ölkəmizi bərabərhüquqlu tərəfdaş və müttəfiq kimi də qəbul edir.
Bakı münasibətlərin inkişafından məmnundur
Bu vurğunu Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa ünvanladığı təbrik məktubunda da görmək mümkündür. Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250-ci ildönümü münasibətilə ünvanlanan təbrik məktubunda Prezident İlham Əliyev bildirib ki, ötən dövr ərzində şanlı inkişaf yolu keçmiş Birləşmiş Ştatlar bu gün qlobal arenada hər bir cəhətdən güclü və qüdrətli dövlətdir. “Hazırda Sizin əzmlə və qətiyyətlə həyata keçirdiyiniz siyasət sayəsində ölkənizin əldə etdiyi möhtəşəm nailiyyətlərin sayı artır, beynəlxalq aləmdə liderliyi, etibarı və yüksək nüfuzu daha da möhkəmlənir”, - dövlət başçısı qeyd edib. Prezident bildirib ki, son dövrdə Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur: “Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətlərarası əlaqələrimizin güclənməsinə daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm. Biz Sizin Cənubi Qafqazda sülh gündəliyinin təşviqi və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində qətiyyətli səylərinizi də son dərəcə yüksək qiymətləndiririk”.
Meqalayihələrin reallaşdırılmasının təkanverici qüvvəsi
Hər bir dövlətin beynəlxalq nüfuzu həm də xarici tərəfdaşlarının ona verdiyi dəyər və ikitərəfli münasibətlərinin əhatə dairəsi ilə ölçülür. Bu gün Azərbaycan dünyanın ən güclü dövləti tərəfindən bərabərhüquqlu tərəfdaş kimi qəbul edilir, ikitərəfli münasibətlər isə qarşılıqlı hörmət və etimada əsaslanır. Rəsmi Bakının məlum siyasəti tək ABŞ ilə münasibətlərin səviyyəsi ilə ölçülmür. Eyni zamanda, Rusiya, Çin, Avropa İttifaqı kimi aparıcı güc mərkəzləri ilə qurulan münasibətlərdə də eyni prinsip və xətt əsas götürülür. Regional səviyyədə isə Azərbaycanın bütün qonşuları, Prezident İlham Əliyevin də vurğuladığı kimi, hətta qonşularının qonşuları ilə də çox yaxşı münasibətləri var. Məhz bu amillər ölkəmizi artan beynəlxalq kataklizmlər, gərginliklər və müharibələr fonunda enerji təhlükəsizliyi, logistika və tranzit sahələrindən tutmuş bir çox strateji istiqamətlər üzrə etibarlı tərəfdaş kimi qəbul edilməsini şərtləndirir. Prezident İlham Əliyevin milli maraqlarımıza əsaslanan praqmatik siyasəti Azərbaycanın əsas oyunçu olduğu sözügedən sahələr üzrə beynəlxalq əhəmiyyətli meqalayihələrin reallaşdırılmasının təkanverici qüvvəsinə çevirib.
Qlobal nizamın əsas aparıcı üzvlərindən biri
Qısa müddət çərçivəsində ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin, Mərkəzi Asiya liderləri və digərlərinin Azərbaycana ardıcıl səfərləri yenidən qurulan dünya nizamında ölkəmizin əsas istiqamətverici aktorlardan biri olduğunu bir daha təsdiqləyir. Dünyanın ən güclü dövlətində təşkil olunacaq G20 sammitinə Azərbaycanın dəvət edilməsi bir daha rəsmi Bakının qlobal nizamın əsas aparıcı üzvlərindən biri olduğunu göstərir.
Azad Əliyev