• şənbə, 21 Dekabr, 15:36
  • Baku Bakı 10°C

Almaniyanı gözləyən təhlükə

28.09.24 02:39 2230
Almaniyanı gözləyən təhlükə

Hazırda Almaniyanın siyasi mənzərəsi köklü dəyişikliklər yaşayır. Yerli seçkilərdə ifrat sağ və solun qələbəsi kansler Olaf Şolts üçün fəlakət kimi qiymətləndirilir.

Avropanın iqtisadi cəhətdən ən qüdrətli dövləti Almaniyada gələn il kritik seçkilər keçiriləcək. Söhbət kansler seçkilərindən gedir. Bu seçkilərdə mühafizəkar Xristian Demokrat İttifaqının (XDİ) lideri Fridrix Mertzin namizədliyi irəli sürüləcək. Almaniya əhalisinin 30 faizinin dəstəyini əldə edən bu siyasi təşkilatın seçkidə uğur qazanacağı ehtimal edilir. Mühafizəkarlardan kanslerliyə namizəd olacağı ehtimal edilən XDİ-nin rəhbəri miqrant axınının azaldılmasının, sosial bazar iqtisadiyyatı konsepsiyasına qayıtmağın və Ukraynaya aktiv dəstək verilməsinin tərəfdarıdır. O ki qaldı indiki kansler Olaf Şoltsa - Almaniya vətəndaşlarının üçdə ikisi 2025-ci ildə keçiriləcək parlament seçkilərində Sosial Demokrat Partiyasının (SDP) liderinin yenidən kansler postuna namizəd irəli sürülməsinə qarşıdır. 

Hazırda Almaniyanın siyasi mənzərəsi köklü dəyişikliklər yaşayır. Yerli seçkilərdə müxalifətin qələbəsi hökumət koalisiyası və kansler Olaf Şolts üçün fəlakət kimi qiymətləndirilir.  Almaniyanın şərqində Saksoniya və Türingiya əyalətlərində keçirilən sorğulara əsasən, miqrasiyaya qarşı sərt tədbirlərin görülməsini müdafiə edən ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası mövqelərini gücləndirib. Partiya seçki kampaniyasında Almaniyanın hakimiyyət orqanlarının miqrasiya nəzarətini gücləndirməli olduğunu bildirib. 

Əksəriyyət hesab edir ki, iqtisadi problemlər, miqrasiya mübahisələri və populizmin yüksəlişi ölkədə rəhbərliyin dəyişilməsi üçün münbit şərait yaradır. Bir zamanlar sabitliyin simvolu olan Olaf Şolts indi vəzifədən kənarlaşdırılma təhlükəsi ilə üz-üzədir. Ölkənin ən kritik regionu - Brandenburqdakı seçkilərin nəticələri təkcə bu əyalətin rəhbərliyini deyil, Almaniyanın ümumi siyasi gələcəyini müəyyən edəcək. 

Növbəti aylar həlledici olacaq

Növbəti aylar Şolts, partiyası və bütövlükdə ölkə üçün həlledici olacaq. SDP hakimiyyətdə qalacaqmı, yoxsa Almaniya daha sağa meyl edəcək? Almaniyanın bütün sərhədlərində müvəqqəti nəzarətin tətbiqi və miqrantların ölkəyə birbaşa girişinin qadağan edilib-edilməməsi ilə bağlı polemikalar hazırda ölkənin əsas müzakirə mövzusudur. İqtidar və müxalifət nümayəndələri hələ də miqrasiya qanunvericiliyində islahatlarla bağlı ortaq məxrəc tapa bilməyiblər. Elə bir gün olmur ki, Almaniyada miqrasiya siyasəti ilə bağlı davam edən müzakirələrdə yeni fikirlər ortaya çıxmasın. Daxili işlər naziri Nensi Fezer elan edib ki, miqrantların sığınacaq müraciətlərinə rədd cavabı veriləcək.

Miqrantlar üçün də çətin dövr başlayır

Ümumiyyətlə, Almaniyada miqrantlar üçün də çətin dövr başlayır. Olaf Şolts keçən həftə bıçaqla silahlanmış terrorçunun yerli şənlik iştirakçılarına hücum edərək üç nəfəri öldürdüyü Solingen şəhərinə səfəri zamanı ölkədən deportasiyanı artıracağını vəd edib. Polis hadisəni törədənin Suriyadan olan 26 yaşlı İŞİD üzvü olduğunu bildirib. Ölən üç nəfərdən əlavə, səkkiz nəfər yaralanıb. Hücum Almaniyada sağçı əhval-ruhiyyəni gücləndirib və hökumətin miqrasiya proqramına qarşı tənqidlərə səbəb olub. Bu, Şoltsun siyasi reytinqinə də ağır zərbə vurub. 

Federal polis bu ilin ilk altı ayında qeyri-qanuni miqrantların yarıdan çoxunun ölkəyə girişinə icazə verilmədiyini açıqlayıb. 

Ukraynanın dəstəkçisi - Mertz

Miqrasiya qanunlarının sərtləşdirilməsinin ölkənin birbaşa Ukrayna siyasəti ilə də bağlılığı var. Çünki miqrantların əksəriyyəti məhz Ukraynadandır. Bu fonda Şoltsun rəqibi Fridrix Mertzin Ukrayna müharibəsinə baxışları diqqət çəkir. Qeyd edək ki, o, 2022-ci ildə Kiyevə ilk səfər edənlərdən biri olub və o vaxtdan Ukraynaya maksimum dəstəyin tərəfdarı kimi ad çıxarıb. Mertz dəfələrlə Almaniya hökumətinin Kiyevi döyüş sursatı və qabaqcıl silah sistemləri ilə təchiz etmək üçün "ləng və qətiyyətsiz" hərəkətlərini kəskin tənqid edib. O, Almaniyanı Kiyevi TAURUS raketləri ilə təchiz etməyə çağırır, Olaf Şolts isə buna qarşıdır. Bu yay Mertz Almaniyanın Kiyevə hərbi dəstəyini, xüsusən də qırıcı təyyarələrin tədarükü ilə gücləndirilməsinin tərəfdarı olduğunu bildirib. “İnanıram ki, biz Ukraynaya heç olmasa öz hava məkanı üzərində suverenliyi bərpa etməkdə kömək etməliyik, çünki infrastruktura, elektrik və su təchizatına, xəstəxanalara və qocalar evlərinə edilən bu raket hücumları yalnız yerdən idarə oluna bilməz”, - deyə Mertz ARD telekanalının “Frag selbst” proqramına müsahibəsində bildirib. 

Digər namizədlər

Sosioloji məlumatlara əsasən, ehtimal etmək olar ki, 2025-ci il seçkilərindən sonra hökumətin formalaşdırılmasında XDS/XSS-in ən ehtimal olunan tərəfdaşı ASDP olacaq. Hazırda partiya federal səviyyədə sorğularda 14-15% səs toplayır və konservativ blokdan iki dəfədən çox geri qalır. Həm partiyanın özünün, həm də Şoltsun reytinqinin əhəmiyyətli dərəcədə düşməsinə baxmayaraq, sosial-demokratlar hələlik öz namizədlərini dəyişdirmək niyyətində deyillər. 

"Yaşıllar"a gəldikdə, onların şanssız namizədi hazırkı iqtisadiyyat və iqlim naziri Robert Habek olacaq. O, xarici işlər naziri Annalena Berbokun kansler vəzifəsinə iddialarından könüllü imtina etməsindən sonra partiyadan alternativsiz namizəd olub. 

"Almaniya üçün Alternativ" hələ öz namizədini elan etməyib, hərçənd bu ilin yayında partiyanın həmsədri Tino Xrupalla müsahibələrinin birində bildirmişdi ki, digər həmsədr Alisa Vaydelin namizədliyini dəstəkləyir. O, 2025-ci ildə kansler vəzifəsinə iddialı olan ikinci qadın ola bilər. Birincisi, təbii ki, Sara Vagenknextdir. 

Beləliklə, digər Avropa dövlətləri kimi, Almaniya da ifrat sağların nəzarətinə keçə bilər. Bu isə ölkə üçün yaxşı nəsə vəd etmir. Millətçi qanadın güclənməsi ilə miqrantlara qarşı radikallıq artacaq. 

Azər Nuriyev 

banner

Oxşar Xəbərlər