• şənbə, 01 Noyabr, 11:45
  • Baku Bakı 16°C

ABŞ və Çin barışa doğru

01.11.25 05:45 124
ABŞ və Çin barışa doğru

Pusanda ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında baş tutan görüş bütün dünyanın diqqət mərkəzindədir. Görüşdə əsas diqqət iki ölkə arasında yaşanan ticarət gərginliyinə və Ukrayna böhranına yönəlib.  

Həftənin ən önəmli hadisələrindən biri Cənubi Koreyanın Pusan şəhərində ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında baş tutan görüş oldu. Dünyanın qlobal iqtisadi tendensiyasına birbaşa təsir edən görüş bir saat 40 dəqiqə davam edib. 

Tramp görüşdən razıdır

Görüşün detallarına gəldikdə isə, ekspertlər əsas diqqətin iki ölkə arasında yaşanan ticarət gərginliyi, Ukrayna böhranı, tarif siyasəti və fentanil komponentlərinin ixracına qarşı mübarizə məsələlərinə yönəldiyini qeyd edirlər.  
Görüşdən sonra Vaşinqtona dönüş yolunda Çin lideri ilə görüşünün nəticələrini dəyərləndirən Donald Tramp bildirib ki, tərəflər Ukrayna müharibəsinə son qoymaq üçün birlikdə işləmək barədə razılığa gəliblər. 

CNN-in məlumatına görə, ABŞ Prezidenti Çin liderilə görüşünü yüksək qiymətləndirərək, tezliklə imzalana biləcək ticarət razılaşmasına nail olduqlarını bildirib, lakin əlavə məlumat verməyib. "Bu, gözəl görüş idi. O, əla liderdir", - deyə Tramp bildirib. O, fentanil komponentlərinin ABŞ-yə ixracının dayandırılması müqabilində bütün Çin mallarına tarifləri dərhal endirəcəyini bildirib. Tramp qeyd edib ki, Çinin ABŞ-yə soya paxlasının idxalını bərpa edəcək və nadir torpaq metallarının ixracına maneələr yaratmağı dayandıracaq. Tramp həmçinin bildirib ki, o və Si soya ticarəti və fentanil ilə əlaqəli tariflər də daxil olmaqla "demək olar ki, hər şey" barədə razılığa gəliblər. ABŞ Çin mallarına tarifləri 20%-dən 10%-ə endirəcək. 

Pekinin mövqeyi

İki super dövlətin liderlərinin görüşünün nəticələrinə dair Pekin də mövqeyini açıqlayıb. Çin Sədri Si Cinpin Donald Trampla danışıqlardan sonra ticarətlə bağlı problemlərin həlli yolları barədə konsensusa nail olunduğunu bildirib. "Çin və ABŞ hər iki ölkə və bütün dünya üçün daha əhəmiyyətli, praktik və faydalı təşəbbüslərin həyata keçirilməsi üzərində birgə işləyərək böyük dövlətlərə yaraşan məsuliyyət nümayiş etdirə bilər", - o bildirib. Si Cinpin qeyd edib ki, hər iki ölkə qeyri-leqal miqrantlar, kiberdələduzluq, çirkli pulların yuyulması ilə mübarizə və süni intellekt kimi sahələrdə əməkdaşlıq üçün perspektivli imkanlara malikdir.

Rusiya-Ukrayna müharibəsi

Beynəlxalq şərhçi Kon Koflin "The Telegraph"a açıqlamasında bildirib ki, Donald Trampın Si Cinpinlə görüşləri ABŞ liderinin Ukraynadakı müharibəyə son qoymaq səylərinə yeni təkan verə bilər. Analitikin sözlərinə görə, Rusiyanın hərbi kampaniyası əsasən Çin tərəfindən dəstəklənir və bu, Pekinin Qərbin sanksiyalarına baxmayaraq, böyük həcmdə Rusiya nefti almağa davam etmək istəyi ilə bağlıdır. Hindistanla birlikdə Çin gündə 3,5-4,5 milyon barel Rusiya nefti idxal edir. Nəticə etibarilə, Moskva ilə Pekin arasında sözdə "sərhədsiz tərəfdaşlığa" son qoymaq Tramp administrasiyası üçün prioritetə çevrilib. 
Məsələ ilə bağlı “Bloomberg”in məlumatı da maraqlıdır. Bildirilir ki, Donald Tramp və Si Cinpin arasında keçirilən görüşdə Rusiya neftinin müzakirə olunmaması Vaşinqtonun Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək planlarından imtina etdiyini göstərir. Trampın Si Cinpinlə görüşdə Rusiya neftinin tədarükünü müzakirə etməmək qərarı, Vaşinqtonun Pekinlə sabit münasibətlər qurmağa diqqət yetirmək istəyini göstərə bilər. “Bloomberg” hesab edir ki, bu, ABŞ və Çin arasında uğurlu ticarət razılaşmasını asanlaşdıracaq.

Bütün problemlər həll olunmayıb

Bununla belə, ABŞ-nin ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir "Fox Business" telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ və Çin arasındakı münasibətlərdə bütün problemlər hələ də tam həll olunmayıb. Qrir bu fikirləri görüşü şərh edərkən səsləndirib. "Bu günə qədər ABŞ və Çin arasındakı münasibətlərdə bütün problemləri həll edə bilməmişik. Hələ də ABŞ şirkətlərinin Çində fəaliyyəti və ya orada iş qurmaq cəhdləri ilə bağlı bir çox açıq suallar qalır", - deyə o vurğulayıb. Qririn sözlərinə görə, ABŞ administrasiyası, ilk növbədə, nadir torpaq metallarının tədarükünün bərpasına, Pekinin Amerika kənd təsərrüfatı məhsullarını almasını təmin etməyə və Çinlə birlikdə fentanil qaçaqmalçılığı probleminin həllində əməkdaşlığa çalışıb. "Biz bütün bunların öhdəsindən gəldik", - deyə ticarət nümayəndəsi qeyd edib.

Rusiyadan baxış

Bu görüşə ən çox diqqət yetirən ölkələrdən biri də Rusiya olub. Bu baxımdan Tramp-Si görüşü ilə bağlı rusiyalı ekspertlərin də fikirləri maraqlıdır. 

"Donald Tramp və Si Cinpin arasındakı danışıqların ABŞ-Çin münasibətlərində strateji irəliləyiş verəcəyi gözlənilirdi, lakin onların nəticələri ticarət müharibəsində müvəqqəti atəşkəsə daha çox bənzəyir", - deyə politoloq Mirzet Ramiç TASS-a bildirib. O, süni intellekt sahəsindəki gərginlik, eləcə də Tayvan məsələsi və Cənubi Çin dənizindəki ərazi mübahisələri kimi ən fundamental məsələlərin görüşdə müzakirə olunmadığını qeyd edib. Ekspert bildirib ki, ABŞ-Çin razılaşması Donald Trampın "tarif diplomatiyası”nın klassik nümunəsidir.

Siyasi ekspert Marina Lapenko isə bu qənaətdədir ki, Trampın yaratdığı durğunluqda heç bir irəliləyiş əldə olunmayıb, lakin görüş qlobal geosiyasi gərginliklər fonunda sabitləşdirici amil rolunu oynayıb. Onun sözlərinə görə, görüşün əsl əhəmiyyəti yalnız bundan sonra hazırlanacaq rəsmi sənədlərlə təsdiqlənə bilər.

Siyasi şərhçi Sergey Tsıplakov bildirir ki, ABŞ və Çin arasında ticarət müharibəsinin danışıqlardan sonra uzunmüddətli perspektivdə başa çatacağı gözlənilmir. Lakin daha uzunmüddətli və daha sabit kompromis şansları artıb. "Uzunmüddətli perspektivdə ticarət müharibəsinə və iki ölkə arasında kəskin qarşıdurmaya son qoymaq barədə danışmaq üçün hələlik ciddi əsaslar yoxdur. Ziddiyyətlər həll olunmayıb, yalnız bir müddət təxirə salınıb", - deyə Tsıplakov hesab edir.

Azad Əliyev

banner

Oxşar Xəbərlər