• cümə axşamı, 25 aprel, 17:48
  • Baku Bakı 23°C

ABŞ üçün böyük təhlükə 

16.07.22 00:30 1586
ABŞ üçün böyük təhlükə 

Miqrant qaçaqmalçılığı geniş vüsət almağa başlayıb. Birləşmiş Ştatlarda miqrant qaçaqmalçıları yüz milyonlarla dollarlıq dövriyyəyə malik təhlükəli mütəşəkkil cinayətkar qruplardır.  Artıq bu cinayətkar şəbəkə qeyri-peşəkarlardan peşəkarlara çevrilib. Ən təhlükəlisi odur ki, miqrant qaçaqmalçılığı biznesi narkoticarətçilərlə əlaqələr sayəsində inkişaf etməkdədir. 

Avropada yaşanan iqtisadi problemlər, sərt məhdudiyyətlər miqrantları daha uzaqlara, okeanın o tayına üz tutmağa məcbur edir. Nə qədər uzaq olsa da, Birləşmiş Ştatlar mühacirlərin bir tikə çörək əldə etmək üçün pənah apardığı bir məkana çevrilir. ABŞ-ın sərt miqrasiya qanunları, hətta mühacirlərin qarşısını almağa yönəlik beton sədlər belə bu axının qarşısını ala bilmir. Bu məqamdan isə mütəşəkkil cinayətkar qruplar yararlanırlar. 

Cinayət aləmində yeni növ kriminal qruplaşma

Bu qruplar miqrantlardan əldə etdikləri yüz minlərlə dollar müqabilində onları ABŞ-a çatdırır. Görünən odur ki, ABŞ-ın vaxtilə həyata keçirdiyi “rəngli inqilab”lar indi onun özünə qarşı çevrilib. Miqrant problemi bu ölkənin başının üstünü “Domokl qılıncı” kimi kəsdirə bilər. Düzdür, Avropadan fərqli olaraq okeanın o tayına gedib çatmaq bir qədər çətindir. Lakin bunun da yolunu tapırlar. Necə? Bunu dünyaca məşhur “The Wall Street Journal” araşdırıb. Və bu qənaətə gəlinib ki, miqrant qaçaqmalçılığı artıq geniş vüsət almağa başlayıb. Bu məsələ cinayət aləmində yeni növ kriminal qruplaşmaya çevrilir. Qəzet yazır ki, bu gün Birləşmiş Ştatlarda miqrant qaçaqmalçıları yüz milyonlarla dollarlıq dövriyyəyə malik təhlükəli mütəşəkkil cinayətkar qrupdur. Artıq bu cinayətkar şəbəkə qeyri-peşəkarlardan peşəkarlara çevrilib. Ən təhlükəlisi odur ki, miqrant qaçaqmalçılığı biznesi narkoticarətçilərlə əlaqələr sayəsində inkişaf etməkdədir. 

Əhəmiyyətli dərəcədə genişlənən şəbəkə 

Beləliklə, ABŞ ümid edirdi ki, Yaxın Şərq, Şimali Afrika və digər ölkələrdə inqilablar etmək və hakimiyyətləri dəyişməklə müəyyən uğurlar əldə edəcək. Lakin prosesin əksi gedir - “ərəb baharı” milyonlarla insanı ev-eşindən məhrum etdi. BMT-nin hesablamalarına görə, bu ölkələrdən minlərlə insan ABŞ-a getmək üçün rəsmi icazə istəyir. “Yox” cavabı alındıqda isə miqrant biznesi ilə məşğul olan qruplaşmalara müraciət edilir. Təkcə 2021-ci ildə miqrantlar qaçaqmalçılara, təxminən 1,7 milyard dollar ödənc veriblər. Asiya və Afrikadan olan miqrantlar qitə ölkələrinin vətəndaşlarına qarışıb ABŞ-a köçürlər. “Qeyri-qanuni daşıma sənaye miqyasına qədər böyüyüb. Tələb böyükdür və böyüməkdə də davam edir” - deyə Meksika kəşfiyyatının keçmiş rəhbəri Gilermo Valdez miqrantların yük maşınlarına yerləşdirilməsi praktikasına toxunaraq bildirib. İnsan alverçiləri ABŞ-ın əsas nüfuzlu miqrant tədarükçüləri - “Sinaloa” və “Jalisco” kimi kriminal təşkilatlar tərəfindən dəstəklənən mütəşəkkil şəbəkələrə keçiblər. Yerli qaçaqmalçılar miqrantları gətirən marşrutlara nəzarət edən iri narkotik alverçiləri ilə işləyirlər. Meksika səlahiyyətliləri deyirlər ki, onlar əraziləri təhlükəsiz keçmək üçün daşıyıcılardan yüksək ödəniş tələb edirlər. Meksikanın miqrasiya xidmətinin keçmiş rəhbərlərindən biri qəzetə bəyan edib ki, miqrantları daşıyan qaçaqmalçılar narkotik alverçilərinin nəzarəti altına düşürlər və son iki il ərzində onların şəbəkələri əhəmiyyətli dərəcədə genişlənib.

Daşınma qiymətləri artıb

Son bir ildə ABŞ-a girməyə çalışan miqrantların sayı xeyli artıb və üstəlik, sərhəd nəzarəti gücləndirilib. Buna görə də daşınma qiymətləri artıb ki, nəticədə “miqrant biznesi” daha cəlbedici olub. Qaçaqmalçılar Meksika ərazisinin əksəriyyətinə nəzarət edən narkotik tacirlərinə daha çox pul ödəyirlər. Son on ildə Honduras daşıyıcıları ABŞ-a daxil olmaq istəyən miqrantlar üçün qiyməti üç dəfə artırıb - adambaşına 4000 dollardan 13500 dollara. Bu pulun böyük hissəsi Meksika kartellərinin nəzarətində olan ərazini keçmək üçün verilir. ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin beynəlxalq əməliyyatlar üzrə keçmiş rəhbəri Mike Vigil deyib ki, miqrantların qaçaqmalçılığı kartellər üçün ayrıca gəlir xəttidir. Vigilə görə, kartellər kiçik daşıyıcı qrupları ələ keçirərək onları strukturlaşdırıblar. Əsas şimal marşrutlarından biri Meksika körfəzinin sahilləri boyunca keçir. Qaçaqmalçılar “Golfo” kartelindən olan qruplar tərəfindən idarə olunur. Daşıyıcılar deyirlər ki, miqrantların onlara ödədiyi məbləğin üçdə birindən azına sahibdirlər və alınan vəsaitin 70%-i nəqliyyat və kartellərə ödənir. Məsələn, Hondurasdan olan  Antonio onilliklər ərzində miqrantları Los-Anceles və Hyustona daşıdığını deyir. O, Meksika qruplarına adambaşına 600 dollar ödəyir.

Miqrantlar üçün “Sentinel” əməliyyatı

Keçən il Bayden administrasiyası ABŞ-da və xaricdə qaçaqmalçılara qarşı mübarizə aparmaq üçün “Sentinel” əməliyyatına başlayıb. Milli Təhlükəsizlik Departamenti bildirib ki, son iki ay ərzində insan alveri şübhəsi ilə 2000 nəfər həbs edilib. Lakin konkret olaraq nə vaxt və kimin həbs edildiyi barədə heç bir məlumat verilməyib. Nazirlikdən verilən məlumata görə, daşıyıcıların maliyyə aktivləri müsadirə edilib, miqrantların gizləndiyi məxfi evlərə reydlər təşkil edilib, daşımalarda istifadə olunan avtobus və yük maşınları müsadirə edilib.

Beləliklə, görünən odur ki, Qərbin, xüsusən də Birləşmiş Ştatların Yaxın Şərq və Afrikada törətdikləri indi bumeranq kimi öz başında çatlayır. Süni inqilablar törətməklə insanları zülm və iztirablara məruz qoyan qüvvələr elə zənn edirdilər ki, bu yolla həmin dövlətləri və xalqları öz nəzarətləri altında saxlamağa məcbur edə biləcəklər. Lakin əksinə oldu, həmin xalqlar nəinki sabitlik və firavanlıq əldə etdilər, əksinə, iztirablara düçar oldular. Və indi inqilab ssenarisini hazırlayan və həyata keçirən ölkələr üçün böyük və həlli müşkül olan problemə çevriliblər.

Azər NURİYEV

 

banner

Oxşar Xəbərlər