30 yaşlı "Əsrin müqaviləsi"
Hər bir dövlətin siyasi müstəqilliyi onun iqtisadi azadlığından, özünü təmin edə bilmə imkanları və maliyyə resurslarından ciddi şəkildə asılıdır. "Əsrin müqaviləsi" Azərbaycana məhz bu iqtisadi azadlığı verdi.
Müstəqil Azərbaycanın hərtərəfli inkişafının əsasını təşkil edən "Əsrin müqaviləsi"nin imzalanmasının 30 ili tamam oldu. 1994-cü il 20 sentyabrda Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və təşəbbüsü ilə dünyanın ən böyük enerji şirkətləri ilə imzalanan bu saziş Azərbaycanın uğurlu neft strategiyasının təməlini qoydu.
İlk və ən mühüm addım
Bu gün "Əsrin müqaviləsi"nin dövlətimiz, xalqımızın taleyində müstəsna rol oynadığını daha aydın təsəvvür etmək üçün 30 illik zaman ərzində baş verən proseslərə nəzər salmaq kifayətdir.
“Əsrin müqaviləsi” bütövlükdə Azərbaycan adının dünyada tanıdılması, müstəqil dövlət olaraq qəbul edilməsi, beynəlxalq birliyə inteqrasiyası və dünya dövlətləri sırasında öz layiqli yerini tutması istiqamətində atılan ilk və ən mühüm addım idi. Məhz bu saziş sayəsində Azərbaycan dünyanın ən etibarlı enerji təchizatçılarından birinə çevrildi. Onun nəticələri gözlənildiyindən də möhtəşəm alındı.
Maraqların ustalıqla uzlaşdırıldığı saziş
Bu gün Azərbaycan beynəlxalq aləmdə qarşılıqlı maraqlara əsaslanan balanslaşdırılmış xarici siyasət kursu həyata keçirir. Beynəlxalq aləmdə baş verən son hadisələr məlum kursun nə dərəcədə düzgün olduğunu bir daha isbatlayır. Ulu Öndər Heydər Əliyev də 30 il öncə Azərbaycanın ən çətin zamanında böyük dövlət xadimi, siyasət dahisi olduğunu bir daha dünyaya nümayiş etdirdi. İşğal, bir milyondan artıq qaçqın və məcburi köçkün, ciddi maliyyə çatışmazlığı və güclü təzyiqlər, şimaldan və cənubdan Xəzərdəki enerji yataqlarımıza olan iddialar... Bütün bunlar keçən əsrin 90-cı illərin əvvəllərində Azərbaycan reallıqları idi. Bu reallıqlar fonunda dünyanın ən böyük enerji nəhəngləri ilə danışıqlar aparmaq, onları Azərbaycana milyardlarla dollar sərmayə yatırmağa inandırmaq böyük ustalıq, dəmir siyasi iradə, zəngin dövlətçilik təcrübəsi tələb edirdi. Lakin Ümummilli Lider dünyanın müxtəlif qütblərində qərarlaşan dövlətlərin maraqlarını uzlaşdırmağa, bütün tərəflər arasında balans yaradaraq Cənubi Qafqazın gələcək siyasi konyunkturasını dəyişən "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Məhz həmin dövrdən Azərbaycanın beynəlxalq aləmə uğurlu inteqrasiyasını təmin edən balanslı xarici siyasət kursunun da təməli qoyuldu.
İcra olunan layihələrdə "Əsrin müqaviləsi"nin izi
Hər bir dövlətin siyasi müstəqilliyi onun iqtisadi azadlığından, özünü təmin edə bilmə imkanları və maliyyə resurslarından ciddi şəkildə asılıdır. "Əsrin müqaviləsi" Azərbaycana məhz bu iqtisadi azadlığı verdi. Əsası Ulu Öndər tərəfindən qoyulan uğurlu neft strategiyasının Prezident İlham Əliyev tərəfindən daha da genişləndirilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, daha sonra isə TANAP kimi meqalayihələrin reallaşdırılması Azərbaycanın iqtisadi müstəqilliyini təmin etdi. Azərbaycan dövləti üçün iqtisadi artımı dəstəkləyən yeni əhəmiyyətli gəlir mənbəyi oldu. Ölkənin beynəlxalq aləmlə qurduğu yeni ticarət əlaqələrinə əhəmiyyətli töhfə verdi. Xəzərin sahillərində dünyanın ən müasir neft və qaz emalı obyektlərindən birini yaratdı. Rəqabət qabiliyyətli yerli təchizat zəncirinin formalaşmasını stimullaşdırdı...
Sonrakı illərdə neft kapitalı iqtisadiyyatın digər əsas sahələrinə yönəldilərək Azərbaycanın dayanıqlı iqtisadi inkişaf strategiyasının hazırlanmasında mühüm rol oynadı. Sosial, mədəni, yol-nəqliyyat, təhsil, tranzit imkanlarının genişləndirilməsi, tikinti, kosmik sənaye və sair sahələrin hər birində əldə olunan nailiyyətlərdə, həyata keçirilən layihələrdə "Əsrin müqaviləsi"nin izi var.
Tarixi zəfərə aparan yol
Təbii ki, bu sazişin Azərbaycan dövlətinə yaratdığı ən böyük imkan 2020-ci ildə 30 illik işğala son qoyulması ilə nəticələnən tarixi zəfərimiz oldu. "Əsrin müqaviləsi"nin imzalanması nəticəsində həm Azərbaycanın beynəlxalq aləmdə mövqeyi gücləndirildi, həm də təxirə salınmadan peşəkar ordu quruculuğu prosesinə start verildi. Ən müasir hərbi texnikalar, peşəkar zabit korpusu, hərbi kadrlar, yerli müdafiə sənayesi yaradılaraq Silahlı Qüvvələrimizin ixtiyarına verildi. "Əsrin müqaviləsi" ilə başlayan bu yol Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfərlə yekunlaşdı. İşğal faktına son qoyuldu, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa edildi, ölkədə separatizmin kökü kəsildi.
Etibarlı tərəfdaş
Bu gün Azərbaycan dünyada tək neft yox, həm də etibarlı qaz təminatçısıdır. "Əsrin müqaviləsi"ndən keçən müddət ərzində ölkəmiz dünyada etibarlı enerji təminatçısı və imzasına, sözünə sona qədər əməl edən tərəfdaş kimi qəbul edilir. Bunun məntiqi nəticəsi olaraq hazırda Azərbaycan 10 ölkəni mavi yanacaqla təmin edir, onlardan yeddisi Avropa İttifaqının üzvüdür.
Artıq Azərbaycan dünyada öz layiqli yerini tutan, müstəqil siyasət yürüdən, bölgəmizdə əsas söz sahibi olan bir dövlətdir. Qoşulmama Hərəkatına uğurla sədrlik edən, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən, meqalayihələr reallaşdıran bir ölkədir. Ulu Öndər Heydər Əliyevin imzası ilə təsdiqlənən "Əsrin müqaviləsi" ilə başlayan inkişaf yolunda Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük zirvələr fəth edəcəyimiz şübhəsizdir.
Azad Əliyev