• şənbə, 18 Oktyabr, 13:28
  • Baku Bakı 19°C

14 ildə Vatikana altıncı səfər

18.10.25 04:27 151
14 ildə Vatikana altıncı səfər

Heydər Əliyev Fondu Vatikanda genişmiqyaslı bərpa işlərini fəal şəkildə maliyyələşdirməklə dünya mədəni irsinin qorunmasına mühüm töhfə verir. Bu təşəbbüslər Müqəddəs Taxt-Tac tərəfindən səmərəli əməkdaşlıq nümunəsi kimi yüksək qiymətləndirilir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfər edib. Səfər çərçivəsində Birinci vitse-prezident və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilmiş bərpa işləri ilə tanış olublar.

Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone Birinci vitse-prezident Mehriban Əliyevanın uzun illərdir başçılıq etdiyi komissiya ilə çox yaxından və səmərəli əməkdaşlıq etdiyini bildirib. O, katakombalarının açılışında iştirakına görə Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü ifadə edib.

Komissiyanın prezidenti Müqəddəs Marçelino və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpasına Heydər Əliyev Fondunun səyləri nəticəsində nail olduqlarını vurğulayıb. 

Uzun illər ərzində formalaşan münasibətlər

Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazi Birinci vitse-prezident Mehriban Əliyeva ilə səmimi dostluq və qarşılıqlı hörmət münasibətlərindən söz açaraq deyib: “Bu münasibətlər uzun illər ərzində formalaşıb, şəxsən mənə böyük və dərin təəssürat bağışlayıb. Təşkil etdiyimiz səfərlərdə Birinci vitse-prezidentin arxeologiya sahəsinə xüsusi bağlılığının şahidi olduq. Çünki səfərlər çərçivəsində bərpa olunan yerləri şəxsən özü ziyarət edirdi. Əlbəttə ki, onun dəstəyi sayəsində, Heydər Əliyev Fondunun göstərdiyi yardım nəticəsində bu gün katakombaların açılışında əməkdaşlığımızın yeni bir səhifəsini yazırıq. Görülmüş işlərə görə Birinci vitse-prezidentə dərin təşəkkürümü bildirirəm”.

“Buraya hər gəlişimizdə bizim dostlarımızın sayı artır”

Mehriban Əliyeva Müqəddəs Taxt-Taca növbəti səfərindən böyük şərəf hissi duyduğunu bildirib. Heydər Əliyev Fondunun prezidenti bunun son 14 ildə Vatikana altıncı səfəri olduğunu diqqətə çatdırıb. “Mən çox şadam ki, biz bu illər ərzində çox gözəl əməkdaşlıq yaratmışıq. Buraya hər gəlişimizdə bizim dostlarımızın sayı artır”, - deyə o qeyd edib. Azərbaycanın əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə sülh, qarşılıqlı hörmət, tolerantlıq və harmoniya şəraitində yaşayan bir məkan olduğunu vurğulayan Mehriban Əliyeva deyib: “Bu gün bu prinsiplər həm bizim dövlət siyasətimizin əsasıdır, həm də həyat tərzimizdir. Əminəm ki, bugünkü mürəkkəb dünyada dövlətlərimiz arasında genişlənən əməkdaşlıq, dostluq əlaqələri bir nümunədir”.

Sonra Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Kommodilla katakombalarının açılışı olub. Qeyd edək ki, Heydər Əliyev Fondu Vatikanda genişmiqyaslı bərpa işlərini fəal şəkildə maliyyələşdirməklə dünya mədəni irsinin qorunmasına mühüm töhfə verir. Bu təşəbbüslər Müqəddəs Taxt-Tac tərəfindən səmərəli əməkdaşlıq və mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi nümunəsi kimi yüksək qiymətləndirilir.

Kardinal Ceyms Harvi ilə görüş

Birinci vitse-prezident rəsmi səfəri çərçivəsində Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşüb. Müqəddəs Kommodilla katakombalarının açılışında birgə iştirak etdiklərini deyən Mehriban Əliyeva bunun Heydər Əliyev Fondunun böyük layihələrindən biri olduğunu diqqətə çatdıraraq deyib: “Roma elə şəhərdir ki, həm yerin altı, həm də üstü demək olar səma altında açıq muzeydir. Bizim fəaliyyətimiz elə qurulub ki, bəzi layihələr sona çatan kimi yeni layihələrə start veririk. Bu, çox davamlı əməkdaşlıqdır və mən onu yüksək dəyərləndirirəm”.

Baş keşiş kardinal Ceyms Harvi bu cür mühüm layihələri həyata keçirdiklərinə və görülmüş işlərə görə Müqəddəs Taxt-Tac adından Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Heydər Əliyev Fondunun Müqəddəs Pavel Bazilikasının örtüklərinin bərpasında iştirak etdiyini vurğulayan baş keşiş bu işin başa çatdırılmasında xeyli zəhmət çəkildiyini söyləyib. O, Romaya gələn zəvvarların sayını nəzərə alaraq, həmin bazilikada təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın dəstəyi ilə görülmüş işlərin müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

Müqəddəs Pavel Bazilikası ilə tanışlıq

Daha sonra Mehriban Əliyeva Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvinin müşayiəti ilə bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə tanış olub.

Keşiş Don Lodoviko Turrisi və arxitektor Marko Çiriaki Birinci vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən işlər barədə məlumat veriblər. Diqqətə çatdırılıb ki, Müqəddəs Pavel Bazilikası Müqəddəs Pyotr Bazilikasından sonra Vatikanın ikinci ən böyük kilsəsidir və 1980-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bildirilib ki, Müqəddəs Həvari Pavelin dəfn olunduğu yer üzərində inşa edilən bu kilsə Romada yerləşən dörd əsas papal bazilikadan biridir, Roma Katolik Kilsəsinin ən müqəddəs və tarixi məkanlarından sayılır. 


Mehriban Əliyeva “Bambino Gesu” xəstəxanasında olub

Birinci vitse-prezident Avropanın ən böyük pediatrik “Bambino Gesu” xəstəxanasına da baş çəkib, burada molekulyar-genetika və klinik diaqnostika laboratoriyaları ilə tanış olub. “Bambino Gesu” pediatrik xəstəxanasının prezidenti Titsiano Onesti Birinci vitse-prezidentə laboratoriyalar haqqında məlumat verib.

Bildirilib ki, 1869-cu ildə Salviati ailəsi tərəfindən əsası qoyulmuş, Roma şəhərində yerləşən, Müqəddəs Taxt-Tacın ekstraterritorial ərazisi hesab olunan “Bambino Gesu” pediatrik xəstəxanası ilkin olaraq özəl xəstəxana kimi yaradılıb.

Qeyd olunub ki, San Paolo filialı xəstəxananın genetik və hüceyrə tədqiqatları üçün ən müasir texnologiyalarla təchiz edilmiş böyük tədqiqat laboratoriyalarının, o cümlədən qabaqcıl müalicə üsullarının tətbiq olunduğu əczaçılıq emalatxanasının mərkəzidir. Bu il sentyabrın 10-da Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın “Bambino Gesu” pediatrik xəstəxanası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Roma Papası Azərbaycana dəvət edildi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşüb.

Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan ilə Azərbaycan arasında son illərdə münasibətlərin, ikitərəfli əlaqələrin xeyli dərəcədə inkişaf etdiyini vurğulayıb. Birinci vitse-prezident son illər ərzində Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox işlər gördüyünü diqqətə çatdırıb.

Birinci vitse-prezident Heydər Əliyev Fondu ilə Vatikan arasında imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa çatmasından sonra digərlərinin icrasına başlanıldığını vurğulayıb.

Mehriban Əliyeva bundan sonra da Heydər Əliyev Fondunun yeni təşəbbüslərlə çıxış edərək Müqəddəs Taxt-Tacla əməkdaşlığını genişləndirəcəyini deyib.

Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti, eyni zamanda, ikinci Katolik Kilsənin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib.

Roma Papası XIV Leo Vatikan dövləti ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlığın uzun tarixə malik olduğunu diqqətə çatdırıb. Roma Papası bir neçə il əvvəl Mehriban xanımın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini deyərək, Birinci vitse-prezidentə təşəkkürünü bildirib. XIV Leo bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib.

Müqəddəs Taxt-Tacın rəhbəri Vatikanın Azərbaycanla bu layihələri davam etdirməkdə maraqlı olduğunu deyərək, ikinci Katolik Kilsənin tikintisinə ayrılmış torpaq sahəsinə görə təşəkkürlərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Roma Papası Heydər Əliyev Fonduna görülən işlərə görə minnətdarlığını ifadə edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın rəhbərinə minnətdarlığını bildirərək, Roma Papasını Azərbaycana səfərə dəvət edib.

 

banner

Oxşar Xəbərlər