AZE | RUS | ENG |


“Yuxum” - Şekspirin Deus-ex-machinası, yoxsa, sadəcə sevgi sistemi?

“Yuxum” - Şekspirin Deus-ex-machinası, yoxsa, sadəcə sevgi sistemi?
Əvvəla ondan başlayım ki, tamaşaçılar asta-asta zala daxil olarkən bir gənc yer süpürürdü. Hətta mane də olurdu yerinə keçənlərə. Bəlkə də elə bu cür lazım idi. Bunu deyə bilmərəm. Amma sonra gördüm ki, bu, Pekdir. Yaxud da belə desək - Qoçaq Robin. Şekspirin, ya da an etibarilə "ƏSA" Teatrının Robini. Tamaşanın ən maraqlı obrazı da o idi. Ən maraqsız obrazı da . Bunları hələlik saxlayım sonraya.
Və... keçim  söhbətin haradan başlamasına. Mayın 2-də Teatr Xadimləri İttifaqının səhnəsində ƏSA Teatrının "Yuxum” tamaşasının premyerası baş tutdu. Quruluşçi rejissoru Şamil İbrahimov, rejissoru Nihad Qulamzadə olan bu səhnə əsəri Şekspirin "Yay gecəsində yuxu” komediyası əsasında hazırlanmışdı. 
Əsəri oxuyarkən başımda qarışıqlıq düşdü. Anlaya bilmədim ki, Hermia kimdir, Lizandr kimdir, ya Oberon kimdir. Pyes məni Şekspirin qurduğu oyunun içinə pis mənada saldı. Tamaşa da bütün bu qarışıqlığı açdı qoydu ortalığa. Onsuz da, tamaşaya müəyyən mənada buna görə baxmırıqmı? Hadisələr zənciri həll olunsun, oyunun mənası, intimliyi vizual şəkildə nəticələndirilərək tamaşaçını işıqlandırsın. Bu kontekstdə deyə bilərəm ki, başı qarışmış biri üçün tamaşa məqsədinə çatmışdı. 
Performans Teseyin – Afina hersoqunun (Orxan Adıgözəl) şənliklərin, toyun başlaması üçün verdiyi əmrdən başlayır. Və elə burada da aydın olur ki, hadisələr gələcəkdə qarışacaq, düyün düşəcək. Modern taxt-tacında əyləşən Orxanın məsələləri aydınlaşdırmaq istəyindən aydın olur ki, Egeyin qızı Germiya Demetrini yox, Lizandrı sevir. Amma Afina qanunları qarşısında aciz qalan gənclər qaçmağa qərar verirlər.
Tamaşanı maraqlı və komik edən isə təbii ki, Oberon (Elşən Əsgərov) və Pek (Elvin Mirzəyev) idi. Bu cütlük səhnədə istər bədənlə, istər dillə əsl oyun çıxarırdı. Şekspirin komediyasına katalizatorluq edirdi.  Elşənin peşəkar aktyor olduğu da digərlərinin yanında nəzərə çarpırdı. Bu, bəzi məqamlarda səhnədə iyerarxiyanın yaranmasına gətirib çıxarırdısa da  Elvin bunu ört-bas etməyi bacarırdı. 
Tamaşa zalını süpürməyə başlayandan ta ki tamaşanın sonuna kimi Pek – Robin – Elvin səhnəni öz əlinə almışdı. O, bu sevgi-məhəbbət oyunlarının içində mahiyyəti – komizmi düşünürdü, meydanı ələ almağa çalışırdı. Tamaşadan xoş təəssüratla ayrılan tamaşaçı çox yəqin Oberon və Robinin oyunlarına köklənmişdi.
 
Tamaşanın sonunda mətndən kənar elementlər pyesin ideyasından və komizmindən kənara çıxsa da görünən odur ki, tamaşaçı bunu hiss etmədi. Rejissor bu elementləri əsərə biçməyi bacarmışdı. 
Amma bəzi məqamlar Şekspir oyununa bəsit komediya kimi yanaşmağa mənə imkan vermədi və məndə bir neçə sual doğurdu. 
Birinci sual:
İnsan taleyi üzərindən oynanılan oyunlar komik idimi ?
Mövzu: 1
Şekspirin Deus-ex-machinası, yoxsa, sadəcə sevgi sistemi?
"Yay gecəsində yuxu" tamaşasında hansı daha mərkəzdədir: Sevgi qarışıqlığının daha komik vəziyyətdə təqdim edilməsi? Yaxud hadisələrin qarışıqlığında cırtdanlar hökmdarının yunansayağı tanrı kimi hadisələri öz istədiyi yöndə dəyişməsi?
Antik yunan dramaturgiyasında əsərlərin belə bir özəl və ortaq cəhəti var. "Deus-ex-machina”. Yəni, əsərdə hadisələr o qədər qarışıq bir vəziyyət alır ki, artıq çıxış yolu qalmadığına görə obrazlar yuxudan ayılıb hər şeyin sadəcə röya olduğunu anlayırdılar. Və ya bir tanrı, yaxud obraz ortaya çıxaraq hadisələri yoluna qoyur. 
Buradakı obrazlar da qarışıq vəziyyətə düşdüklərindən haradansa bir kömək umurlar. Amma burada hadisələri qarışıq vəziyyətə Oberon salıb və bu hadisələri xaosdan çıxarmaq da onun boynuna düşür. Belə nəticəyə gəlmək olar ki, İntibah dövrü reallığı Şekspiri hər şeyi tanrının əlinə verməyə icazə verməyib və o tanrısını Oberonun timsalında elə səhnənin içində yaradıb. Qısası, Şekspirə görə heç nə sakral olaraq baş vermir, hər şeyi gözümüzün önündə qarışdıran biri var və o qarışıqlıqdan da bizi o çıxara bilər. Və o, bunu komik bir situasiyanın simgəsi altında göndərir. Bu yozumu özüm üçün fərziyyələrdən biri saydığıma görə tamaşada mərkəzə çəkmədim. Sadəcə,  maraqlı bir yozum kimi düşünülməsi üçün yazdım. 
Amma ikinci bir sual da doğur:
Təlxəyin  Teseyə – Orxan Adıgözələ istehzası  üstündə həbs olunması gülməlidir sizcə?
 Bu bizim günümüzün reallığı ilə səsləşmirmi? Real həyatda üzüldüyümüz situasiyalara səhnədə gülməyi bacarırıqsa özümüzü günahlandırmalıyıq, yoxsa, tamaşanı seyrçini əyləndirmək üçün düzənlədiyinə görə və bizi rahatlatdığına görə yaradıcı heyətə təşəkkürümüzü bildirməliyik?
Bəlkə bu heç komediya yox faciədir ? 
Hər halda bu suallar üzərində düşünməyə dəyər.         
Bu sualların kölgəsində isə tamaşa Elvinin "Könlünüzə gələni dilinizə gətirin” mövzusunda olan monoloqu ilə bitirdi. Onun monoloqunun həqiqət dərəcəsi yuxarı idi və tamaşanın finalı üçün əsl tapıntı idi. Amma mən tamaşanın ideyasını başqa yerlərdə axtardığıma görə bu monoloq mənə mərkəzdən qaçma kimi göründü.  Hər halda problemləri öz yozumumdan və ortaya çıxan tamaşa prizmasından araşdırmağa, yazmağa çalışdım.       
Nəticədə: ƏSA Teatrının "Yuxum”-u mənə görə teatral prosesdə, yolda yalnız irəliləyişin göstəricisi idi. Və bundan sonra da ƏSA-nın tamaşaçıları razı salacağına əminəm.
 
Emin Əliyev
Tələbə-teatrşünas

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008